Rəşad Məcidin 60 illiyinə həsr olunmuş
"Qala adam" kitabı çapdan çıxıb
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru, Əməkdar mədəniyyət
işçisi Rəşad Məcidin 60 illik yubileyi münasibətilə
"Qala adam" (Bakı, "Zərdabi-Nəşr MMC, 2025)
adlı kitab işıq üzü görüb.
Əməkdar jurnalist, "525-ci qəzet"in baş
redaktor müavini Yusif Rzayevin redaktoru olduğu bu kitabda, əsasən,
Rəşad Məcidin bədii-publisistik
yaradıcılığının son beş illik mənzərəsi
əhatə olunub. "Qala adam"da 2019-2024-cü illərdə
müəllifin qələmə aldığı esse, məqalə
və təəssürat yazıları ilə yanaşı,
tanınmış elm xadimlərinin, qələm
adamlarının onun müxtəlif səpkili mətnləri
barədə düşüncələri, ciddi elmi-bədii
yanaşmaları öz əksini tapıb.
"Qala adam" kitabının tərtibatçısı
yazıçı, publisist Nadir Yalçın "Adam necə
qalaya çevrilir?" adlı "Ön söz"də
kitabın ərsəyə gəlməsi və nəşrdə
toplanan mətnlər barədə ümumi fikirlərini
bölüşüb:
"Rəşad müəllim üçün
"beş" ölçü vahididir. O, sevgi şeirlərindən
birində xoşbəxtliyi təcəssüm etmək
üçün belə bir misra işlədir: "Biri
beş eylər..." Digər bir şeirində də
Şuşanı tərənnüm edəndə yazır:
"Biri beş edəndir, güc artırandır..." Elə
bil, beş rəqəmi onun alın yazısında qərar
tutub. "525"dəki "5"lər də bunu təsdiq
edər... 60 illik yubileyi münasibətilə son beş ilin Rəşad
Məcidini "Qala adam"da oxuculara təqdim etməyin zəruri
olduğunu düşündük".
Kitabın ilk bölümündə "Qələmsiz
yazılanlar" yer alıb. Rəşad Məcidin illər əvvəl
"Facebook" hesabında paylaşdığı status-esselərindən
ibarət "Qələmsiz yazılanlar" adlı
kitabı işıq üzü görmüşdü. Həmin
kitabın əməli davamı kimi müəllifin
2019-2024-cü illərdəki status-esselərindən seçmələr
"Qala adam"ın ilk bölümündə cəmləşib.
İkinci bölümdə isə "Qələmsiz
yazılanlar"dan yazılanlar" başlığı
altında Rəşad Məcidin status-esseləri barədə
təəssüratlar cəmlənib. Akademik İsa Həbibbəyli,
professor Asif Hacılı, şair, tərcüməçi,
filologiya elmləri üzrə fəlsəfə doktoru Qismət
Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi
İmdat Avşar və türkiyəli ədəbiyyatşünas
Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap
olunması təşəbbüsünün publisistik fikir
tarixindəki yeri və rolu barədə fikirlərini
bölüşüblər.
Akademik İsa Həbibbəyli "Rəşad Məcidin
statusları və SMS dünyası, yaxud sosial şəbəkə
ədəbiyyatına giriş" adlı məqaləsində
yazır: "Qələmsiz yazılanlar"dakı
mülahizələrindən görünür ki, Rəşad
Məcid bədii-publisist yaradıcılığı ilə
birlikdə elektron mediaya da yüksək tələbkarlıqla
yanaşır. Rəşad Məcidin "qəzetini göstər,
sənin kim olduğunu deyim" aforizmi mətbuat sahəsində
öz məktəbini yaratmış baş redaktorun
jurnalistikada özünəinamını ifadə edirsə,
"saytını göstər, sənin kim olduğunu
deyim" qənaəti də onun eyni dərəcədə
müasir elektron mediaya məsuliyyətli münasibətini nəzərə
çarpdırır. "Qələmsiz yazılanlar" məkanının
əsas ünvanları olan feysbuk və instaqram
haqqındakı qənaətləri onun artıq sadəcə
"istifadəçi" qismində deyil, yaradıcı
statusunda elektron mətbuatın və ədəbiyyatın
içində olduğunu, özünü həmin mühitdən
kənarda təsəvvür etməsinin
mümkünsüzlüyünü göstərir.
Yazıçı öz əsərini çap etdirmək
üçün münasib qəzet, jurnal və nəşriyyat
seçdiyi kimi, Rəşad Məcid də statuslarını
və SMS-lərini yerləşdirmək məqsədilə
elektron medianı süzgəcdən keçirib, özünə
uyğun olan məkanı müəyyənləşdirir".
Digər iki bölmə Rəşad Məcidin
işğaldan azad olunandan sonra Qarabağın dilbər
guşəsi olan, böyük mədəniyyəti
özündə ehtiva edən Şuşaya səfəri ilə
bağlıdır. "Şuşa gör nələr eylər"
bölümündə eyniadlı təəssürat
yazısı öz əksini tapıb. "Şuşa dəftəri"
adlanan digər bölmədə isə daha çox şair Rəşad
Məcidlə tanış olmaq mümkündür. O,
"Şuşa dəftəri" adı altında
Şuşanın bəxş etdiyi müxtəlif ovqatları
özündə əks etdirən silsilə şeirlər qələmə
alıb.
"Oğul Rəşad Məcid, nəvə Rəşad
Məcid" bölməsi şair, publisist Şahanə
Müşfiqin qələmə aldığı maraqlı bir
söhbəti yenidən oxucuların yadına salmaq
üçündür. "Qala adam"ın bu
bölümündə şair, publisist Rəşad Məcidi
onu öz ailəsinin - nənəsinin, xalasının və
anasının gözü ilə bir oğul, nəvə kimi
qismən tanımaq mümkün olur.
Rəşad Məcidin publisistik mətnlərinin yer
aldığı "Ürəkdən gələn
yazılar" bölməsinin adı da təsadüfi deyil.
Yazıçı-publisist Loğman Rəşidzadənin Rəşad
Məcidin yaradıcılığı ilə bağlı
"Ürəklə yazılanlar" adlı məqaləsi
var. Odur ki, müəllifin yazıları da "Ürəkdən
gələn yazılar" adı altında cəmlənib. Bu
yazıların əsas mövzusunu qocaman qələm
adamları ilə bağlı xatirələr, onların
yaradıcılığı ilə bağlı müxtəlif
qənaətlərlə yanaşı, işğaldan sonra
Qarabağın müxtəlif yerlərinə səfər edən
müəllifin təəssüratları təşkil edir.
"60 yaşa yazı hədiyyələri"
bölməsi yubiley yazılarından ibarətdir. Akademik
İsa Həbibbəyli, professor Vilayət Quliyev,
yazıçı, esseist Fəxri Uğurlu, şair Vaqif Bəhmənli,
publisist Sevinc Mürvətqızı 60 illiyə həsr
olunmuş yazılarda Rəşad Məcidin portret cizgiləri
ilə tanış olmaq mümkündür.
"Rəşad Məcidin sözü haqqında"
son beş ildə qələmə alınmış məqalə,
esselər də "Qala adam"da yayımlanıb. Professor
Cahangir Məmmədli, yazıçı-publisist Loğman Rəşidzadə,
Əməkdar jurnalist Əflatun Amaşov, türkiyəli yazıçı
İmdat Avşar, şair, publisist Şahanə Müşfiq,
yazıçı-esseist Türkan Turan, şair Şəfa Vəlinin
qələmə aldığı yazılarda Rəşad Məcidin
bədii yaradıcılığındakı müxtəlif cəhətlər,
onun şeirlərinin poetik məziyyətləri və bu
istiqamətlərin onun publisistik yaradıcılığına
təsirləri barədə fikirlər öz əksini
tapıb.
"Qala adam"ın son bölməsi "60 ilin
söhbəti"dir. "Bir il Ağdam-Bakı qatarında
gecələmişəm" sərlövhəli müsahibədə
işğaldan azad olunandan sonra Laçına və Ağdama
ilk dəfə səfər edən Rəşad Məcid ötən
illərin yada düşən xatirələrini və Zəfərdən
sonrakı hisslərini dilə gətirib.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 19 avqust (№146).- S.9.