Gənclər
Kitabxanasında Şıxəli Qurbanovun 100 illiyi münasibətilə
silsilə materiallar hazırlanıb
Bu gün Azərbaycan ədəbiyyatı və ictimai
həyatında xüsusi yeri olan, milli ruhun və azad
düşüncənin fədakar müdafiəçisi,
görkəmli dramaturq, yazıçı, filoloq-alim, ədəbiyyatçı,
dövlət və ictimai xadim, filologiya elmləri doktoru
Şıxəli Qurbanovun anadan olmasının 100 illiyi tamam
olur. Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında dramaturqun mənalı ömür yolundan və
fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən
elektron məlumat bazası hazırlanaraq istifadəçilərə
təqdim edilib.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Kitabxananın rəsmi saytında yerləşdirilən
elektron məlumat bazasında Şıxəli Qurbanovun həyat
və fəaliyyətinin əsas tarixləri, bir sıra
görkəmli şəxslərin onun haqqında söylədikləri
dəyərli fikirlər, layiq görüldüyü
mükafatlarla yanaşı, Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, Əməkdar elm
xadimi, professor Əziz Mirəhmədovun “Şıxəli
Qurbanov fenomeni” və filologiya elmlər doktoru, professor Ramin
Əhmədovun “Unudulmaz şəxsiyyət: Şıxəli
Qurbanov” kimi məqalələrinin tam mətni təqdim edilir.
Elektron bazada görkəmli yazıçının
müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində
nəşr edilən kitabların, məqalələrinin eləcə
də onun haqqında qələmə alınan kitabların,
dövri mətbuat nümunələrinin siyahıları yer
alır. Şıxəli Qurbanovun 100 illik yubileyi ilə əlaqədar
hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Notlar”,
“Dissertasiya və avtoreferatlar”, “İzomateriallar”, “Elektron
resurslar”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr
də təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən
yazıçının yubileyi ilə əlaqədar
videomaterial da hazırlanıb. Kitabxana əməkdaşları
tərəfindən hazırlanan materialda Şıxəli
Qurbanovun fəaliyyətinin təkcə ədəbiyyat,
dilçilik və teatr sahəsi ilə məhdudlaşmadığı,
onun milli ideyaların, milli bayramların və azərbaycançılıq
düşüncəsinin dövlət səviyyəsində
dirçəlişinin əsas təşkilatçılarından
biri olması diqqətə çatdırılır. Materialda
görkəmli dramaturqun zəngin
yaradıcılığı ilə yanaşı, milli-mənəvi
dəyərlərə və maarifçilik ideyalarına əsaslanan
geniş ictimai fəaliyyətindən də bəhs edilir, məhz
onun sayəsində 1967-ci ildə Novruz bayramının ilk dəfə
rəsmi bayram kimi dövlət səviyyəsində qeyd edilməsi
haqqında məlumat verilir. Materialda Şıxəli Qurbanovun
Azərbaycan ədəbiyyatına, dramaturgiyasına və
ictimai fikrinin inkişafına verdiyi töhfələrlə
yanaşı, müxtəlif illərdə fəaliyyətini əks
etdirən foto və videogörüntüləri də sərgilənir.
“Yazıçı, dramaturq Şıxəli Qurbanov
100” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.
525-ci qəzet .- 2025.- 19 avqust (¹146).- S.9.