Sülh yolunda yeni mərhələ:
Vaşinqton görüşü
Avqustun 8-də Ağ Evdə, Amerika Birləşmiş
Ştatlarının (ABŞ) təşəbbüsü və
vasitəçiliyi ilə "Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis
edilməsi haqqında Saziş" layihəsinin
paraflanması, eləcə də Vaşinqton
görüşünün nəticələrinə dair Birgə
Bəyannamənin imzalanması sülhə gedən yolda
mühüm tarixi hadisədir.
Tərəflər bununla yalnız sülhə deyil,
bütövlükdə regionun yeni inkişaf mərhələsinə
qədəm qoymasına imza atdıqlarını göstərdilər.
Bununla da iki xalq arasında qarşılıqlı
anlaşma, birgə əməkdaşlıq, təhlükəsizlik
və rifahın təmin olunması üçün möhkəm
təməl atıldı.
Qalib tərəf olmağına rəğmən, daim
sülh və əməkdaşlığın tərəfdarı
olan ölkəmiz tərəflər arasında etimadın
möhkəmləndirilməsi, siyasi-iqtisadi münasibətlərin
qurulması, ticarət əlaqələrinin genişləndirilməsi,
nəqliyyat-kommunikasiya xətlərinin bərpası
üçün əməkdaşlığa hər zaman
hazır olduğunu bəyan etmişdir.
Bu baxımdan, bu tarixi sənəd regionun sabit və
çiçəklənən gələcəyi naminə
davamlı sülhə, qarşılıqlı etimada və
uzunmüddətli əməkdaşlığa doğru
atılmış mühüm addımdır.
Başqa sözlə, Birgə Bəyannamə
mövcud postmüharibə dövründə Cənubi Qafqaz
regionunun mürəkkəb geosiyasi reallıqları fonunda
Sülh sazişinə aparan və konkret yol xəritəsini
özündə ehtiva edən önəmli sənəddir.
Onu da qeyd edək ki, hadisələrin bu mərhələyə
gəlib çatması heç də asan və təsadüfi
olmamışdır. Belə ki, illərlə davam edən
münaqişədən sonra əldə edilmiş bu uğur,
əlbəttə ki, Prezident İlham Əliyevin istər 44
günlük Vətən müharibəsi, istərsə də
bir günlük antiterror əməliyyatı zamanı
döyüş meydanında Ali Baş Komandan kimi
qazandığı parlaq Zəfərin məntiqi davamı
olaraq, diplomatiya sahəsində göstərdiyi qətiyyətli
və uzaqgörən siyasətin, sarsılmaz liderliyin yekun nəticəsidir.
Məlumdur ki, sülhü qorumaq, bəzən qələbə
qazanmaqdan daha çətindir. Bu mənada, cənab Prezidentin
bu səfəri yalnız iki ölkə arasında münasibətlərin
yeni səhifəsinin açılması baxımından
deyil, eyni zamanda uzun illərdən bəri ölkəmizi zəiflətməyə
çalışan, onu müəyyən güzəştlərə
vadar etməklə öz milli maraqlarından əl çəkməsini
istəyən və beləliklə, sülh prosesini pozaraq
bölgəni yenidən gərginliyə sürükləmək
niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq
siyasətini açıq şəkildə məğlubiyyətə
düçar etdi.
Müdrik dövlət xadimi İlham Əliyev Azərbaycan
əsgərinin döyüş meydanında
qazandığı parlaq Zəfəri diplomatik sferaya -
danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi.
Beləliklə, qlobal güclərə qələbədən
sülhə keçidin yeni reallığını qəbul
etdirməyi bacardı, beynəlxalq münasibətlərdə
ölkəmizin mövqeyini möhkəmləndirdi.
Bu baxımdan, əldə olunmuş bu uğur təkcə
Zəfərin deyil, eyni zamanda sülhün memarı olan
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
diplomatiyasının qələbə günü kimi tarixə
düşəcək böyük və əlamətdar hadisədir.
Qeyd edək ki, bu səfər bir sıra önəmli
tarixi hadisələrlə də yadda qaldı. Bunlardan biri
ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların
bağlanmasına dair Azərbaycan Respublikasının xarici
işlər naziri və Ermənistan Respublikasının xarici
işlər naziri tərəfindən ATƏT-ə birgə
müraciətin ünvanlanması idi.
Bu müraciət, tərəflərin Vaşinqtonda
keçirilmiş görüşünün nəticələrinə
dair Birgə Bəyannamədə də öz əksini
tapmışdır.
Beləliklə, ölkəmizin Sülh sazişinin
şərtlərindən biri kimi irəli sürdüyü bu
tələb də yerinə yetirilmiş oldu və nəticədə
səmərəsiz Minsk Qrupu tarixə qovuşdu.
Birgə Bəyannamədə region üçün
strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin
(yeni adı ilə "Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu" (TRIPP) yaradılması kimi mühüm
müddəalar da öz əksini tapmışdır.
Xatırladaq ki, bu tələb də Sülh Sazişinin
imzalanması üçün Ermənistan
qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən
biri idi. Belə ki, cənab Prezident İlham Əliyev daim
çıxışlarında da Zəngəzur dəhlizinin
mütləq şəkildə reallaşacağını,
yalnız bunun zaman məsələsi olduğunu vurğulamışdır.
Beləliklə, dövlət
başçımızın müdrik siyasəti nəticəsində
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan
Muxtar Respublikası arasında kommunikasiyaların
açılması haqqında razılaşmanın tələbləri
də sənəddə öz təsdiqini tapmışdır.
Bu həm də dəhlizin reallaşmasında gələcəkdə
yarana biləcək istənilən situasiyaya qarşı
ABŞ-nin əsas qarant olduğunun göstəricisidir.
Qeyd edək ki, 42 kilometrlik bu yol yalnız avtomobil və
dəmir yolu bağlantıları üçün deyil, eyni
zamanda enerji və telekommunikasiya xətlərinin keçidinə
də geniş imkanlar yaradacaqdır.
Avropanı Asiya ilə birləşdirəcək bu
unikal yol regionun enerji və nəqliyyat xəritəsini tamamilə
dəyişəcək, ölkələr arasında ticarət
əlaqələrini sürətləndirəcək və nəticədə
ölkəmiz tranzit ölkə kimi ixrac imkanlarını
artıraraq dünya iqtisadiyyatına daha sürətli şəkildə
inteqrasiya olunacaqdır.
Zəngəzur dəhlizi (TRİPP) Türk Birliyi
ölkələri arasında mövcud münasibətləri
də dərinləşdirərək, Azərbaycanı
Türkiyə və digər Türk dövlətləri ilə
daha da sıx birləşdirəcəkdir.
Beləliklə, Cənubi Qafqazın geoiqtisadi xəritəsini
dəyişdirə biləcək potensiala malik Zəngəzur
dəhlizi (TRİPP) bir növ regionda hökmranlıq etmək
istəyən tərəflərin mənfi təsirini zəiflədərək
mövcud güc balansını da formalaşdıracaqdır.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın dəvəti
ilə baş tutan Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Vaşinqtona səfəri yalnız regionda
davamlı sülh və sabitliyin bərqərar olması
baxımından deyil, həm də Azərbaycan-ABŞ
münasibətlərinin gələcək inkişafı
üçün böyük tarixi əhəmiyyət
daşıyır.
Belə ki, iki ölkə arasında strateji tərəfdaşlığın
gücləndirilməsi məsələlərinin müzakirəsi
və bu məqsədlə "Azərbaycan Respublikası ilə
Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılması haqqında Azərbaycan
Respublikası Hökuməti və Amerika Birləşmiş
Ştatları Hökuməti arasında Anlaşma
Memorandumu"nun imzalanması regionun lider ölkəsi olan Azərbaycanla
münasibətlərin ABŞ üçün nə qədər
önəmli strateji əhəmiyyət
daşıdığını göstərir.
Qeyd edək ki, iki ölkə arasında
planlaşdırılan gələcək əməkdaşlıq
təkcə siyasi sahəni deyil, eyni zamanda iqtisadi, ticarət,
enerji, süni intelekt və rəqəmsal infrastruktur, hərbi
və tranzit əhəmiyyətli regional bağlantılar kimi
geniş sferaları əhatə edir.
İlk addım olaraq SOCAR-la ABŞ-nin
"ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq
haqqında Memorandum"un imzalanması oldu. Sənəd,
şirkətlər arasında mövcud olan müsbət əlaqələri
möhkəmləndirməklə yanaşı, Azərbaycan
Respublikasında həm ənənəvi, həm də qeyri-ənənəvi
neft və qaz imkanlarının dəyərləndirilməsi
istiqamətində potensial əməkdaşlıq sahələrini
ehtiva edir.
Bu bir daha sübut edir ki, hazırda dünyanın 14
ölkəsinə mavi qaz nəql edən və Avropanın
enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanla
enerji sahəsində uzunmüddətli birgə əməkdaşlıq
ABŞ üçün olduqca böyük əhəmiyyət
kəsb edir.
Ölkəmiz üçün digər önəmli
strateji qərarlardan biri də 1992-ci ildən bəri ABŞ tərəfindən
haqsız şəkildə tətbiq edilən, keçmişin
mənfi mirası - 907-ci düzəlişin ləğvidir ki,
bu da olduqca önəmli tarixi hadisədir. Bu düzəliş
1992-ci ildə ABŞ Konqresi tərəfindən
"Azadlığa Dəstək Aktı"na əlavə
edilən Birləşmiş Ştatların birbaşa dövlət
yardımını qadağan edən qanunvericilik aktı idi.
Müqayisə üçün qeyd edək ki,
2024-cü ilin statistik göstəricilərinə əsasən,
Azərbaycan ABŞ-dən 20 milyon dollar yardım
aldığı halda, bu göstərici Ermənistan
üçün 92 milyon dollar, Gürcüstan
üçün isə 180 milyon dollar təşkil
etmişdir. Hazırda müharibə şəraitində olan və
işğalla mübarizə aparan Ukrayna hökuməti isə
ABŞ-dən on milyardlarla dollar yardım almaqdadır. Lakin
çox təəssüflər olsun ki, vaxtilə bu şəraitlə
üzləşən Azərbaycan isə bu müddətdə
tamam başqa münasibətlə
qarşılaşmışdı.
Lakin erməni diasporlarının oyuncağına
çevrilmiş öncəki ABŞ hökumətlərindən
fərqli olaraq, Donald Tramp administrasiyası 33 ildir qüvvədə
olan və ABŞ qanunvericiliyinə, demokratiyaya qara ləkə
gətirmiş bu yanlış və ədalətsiz qərarı
ləğv etməklə ABŞ-Azərbaycan münasibətlərində
itirilmiş güvən və etimadı bərpa etdi.
Beləliklə, yüksək liderlik keyfiyyətlərinə
malik Prezident İlham Əliyevin çoxşaxəli
siyasi-diplomatik uğurları nəticəsində bu gün nəinki
sülh prosesində, eyni zamanda Azərbaycan-Amerika münasibətlərində
də yeni və parlaq səhifə açıldı.
Nəticə etibarilə, atılan bu addımlar,
imzalanan sənədlər yaxın gələcəkdə Azərbaycan
və Ermənistan arasında tarixi sülh müqaviləsinin
imzalanmasına və Cənubi Qafqazın gələcək
siyasi-iqtisadi strukturunun formalaşmasına töhfə verəcəkdir.
Bu, yalnız münaqişənin sonu deyil, həm də
haqq-ədalətin zəfəri - yeni əməkdaşlıq,
inkişaf və sabitlik dövrünün
başlanğıcıdır.
Beləliklə, bu gün biz azərbaycanlılar
qürurla deyə bilərik: Azərbaycan qalibdir - həm
döyüşdə, həm də diplomatiyada!
Coşqun MƏMMƏDOV
AMEA Rəyasət Heyətinin elmi katibi
525-ci qəzet .- 2025.- 19 avqust (№146).- S.7.