Rusiyanın Azərbaycan enerji obyektlərinə
hücumu: Bakı hansı addımları ata bilər?
Rusiya artıq xeyli müddətdir ki, Azərbaycana
qarşı qərəzli siyasət aparır, qonşuluq
prinsiplərinə uyğun olmayan hərəkətlər edir.
Moskvanın Azərbaycana yönəlik yanlış siyasəti,
öz səhvlərindən nəticə
çıxarmaması təbii
ki, əlaqələrə mənfi təsir göstərir.
Üstəgəl, Rusiya son günlər münasibətləri
daha da gərginləşdirən və Bakının adekvat qərarlarına
səbəb olacaq addımlar atır. Belə ki, Rusiya artıq
neçənci dəfədir Ukraynada Azərbaycana məxsus
enerji obyektlərinə hücumlar həyata keçirir.
Bakının xəbərdarlıqlarına baxmayaraq,
görünən odur ki, qarşı tərəf radikal
mövqeyində qalır və daha da aqressivləşir.
Avqustun 18-nə keçən gecə növbəti dəfə
SOCAR-ın Odessa vilayətindəki neft bazası İranın
"Şahed" tipli PUA-larının silsilə hücumuna məruz
qalıb. Məlumata görə, bir neçə birbaşa zərbədən
sonra ərazidə yanğın baş verib. Nəticədə
17 ədəd yanacaq çəni, nasosxana binası, operator və
texniki otaqlar, eləcə də çəki məntəqələri
zədələnib, ərazinin hasarı
dağıdılıb. Neft bazasının ümumi tutumu 16
min kubmetrdən çoxdur.
Yada salaq ki, bu, artıq obyektə ikinci kütləvi
hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən
10 "Şahed" tipli PUA buraxılıb, hücumdan sonra
neft bazasında yanğın başlayıb, dizel
yanacağı boru kəmərinə ziyan dəyib,
dağıntılar olub. Hücum nəticəsində neft
bazasının 4 əməkdaşı ağır bədən
xəsarətləri alıb. İlkin araşdırmalar onu
göstərib ki, pilotsuz təyyarənin hücumunun əsas hədəfi
məhz neft anbarı olub.
Bundan əvvəl isə, avqustun 6-da Rusiya onlarla
pilotsuz uçuş aparatı ilə Ukraynanın Odessa vilayətində
Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor
stansiyasına hava zərbələri endirib. Ukrayna Energetika
Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda
hücumun məqsədyönlü şəkildə edildiyi
vurğulanıb. Bu stansiya Yunanıstanın maye qaz
terminallarını Trans-Balkan boru xətti vasitəsilə
Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən
marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və
Azərbaycan qazı buradan təmin olunur.
Ukraynanın energetika naziri Svetlana Qrinçuk həmin
hücumdan sonra vurğulayıb ki, bu, 2027-ci ildə Rusiya təbii
qazından tamamilə imtina etməyi planlaşdıran
bütün Avropaya verilən bir siqnaldır: "Əgər
ruslara bizim enerji infrastrukturumuzu və qaz marşrutlarımızı
cəzasızlıq şəraitində vurmağa icazə
verilsə, o zaman Avropada heç bir infrastruktur obyekti təhlükəsiz
olmayacaq. Cəzasızlıq yalnız terroru genişləndirir".
Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələr
bildiriblər ki, son hadisələr və Rusiyayönlü
informasiya mənbələrində Azərbaycan aktivlərinin
"qanuni hədəflər" kimi qeyd olunması Ukraynada
SOCAR-ın obyektlərinə yeni hücum risklərinin xeyli
artacağını göstərir. Təəssüf ki, həmin
mənbələrin riskli hücumlarla bağlı gözləntiləri,
daha doğrusu, xəbərdarlıqları reallaşır.
Rusiya Azərbaycanın enerji obyektlərini silsilə
hücumlara məruz qoyur.
Azərbaycan Ukraynada müharibə başlayandan bu
ölkəyə humanitar dəstək göstərir,
insanların ən zəruri ehtiyaclarını
qarşılamağa çalışır. Göndərilən
humanitar yardımda da məhz bu detal nəzərə
alınır. Bu gün Ukrayna üçün enerji təminatı
da çox vacibdir. Azərbaycan ötən aydan başlayaraq
ilk dəfə olaraq Ukraynaya təbii qazı tədarük etməyə
başlayıb. Tədarük Trans-Balkan magistral qaz kəməri
vasitəsilə həyata keçirilir. Qaz tədarükünə
dair razılaşma Ukraynanın "Naftoqaz" milli neft-qaz
şirkəti ilə Azərbaycanın enerji nəhəngi
SOCAR-ın Ukraynadakı törəmə şirkəti
"SOCAR Energy Ukraine" arasında imzalanıb.
"Naftoqaz"ın idarə heyətinin sədri Sergey
Koretskinin sözlərinə görə, bu addım
uzunmüddətli əməkdaşlıq üçün yol
açır və ölkənin enerji təhlükəsizliyi,
tədarükün diversifikasiyası sistemində daha bir vacib
elementdir.
Xatırladaq ki, 2025-ci ilin əvvəlindən etibarən
Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmayıb.
Bununla da Moskva üçün Avropaya qaz nəqli yolunda ənənəvi
Ukrayna marşrutu bağlanıb. Bunun əvəzində Azərbaycan
qazı Qərbə və Ukraynaya alternativ enerji mənbəyi
olaraq ortaya çıxıb. Rusiyanın məqsədyönlü
hücumları ilə Azərbaycana təzyiq göstərə
biləcəyini düşünür. Amma yanılır, əvəzində
özü itirir. Demək olar ki, bütün qonşularla gərgin
münasibətdə olan Moskvanın dünyada da müttəfiqlərinin
sayı olduqca azdır. Azərbaycanla münasibətləri
pisləşdirməkdən də itirən Rusiya özü
olacaq.
Yeri gəlmişkən, bir müddət əvvəl yerli
mediada mənbələrə istinadən bu hücumların
davam edəcəyi təqdirdə rəsmi Bakının öz
arsenalındakı silahların Ukraynaya göndərilməsinə
qoyduğu embarqonu yenidən nəzərdən keçirə
biləcəyinə dair məlumat paylaşıldı. Moskva
bu addımlarını davam etdirəcəksə, Azərbaycandan
da adekvat addımların olacağını hesaba
almalıdır.
Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə
bağlı "525"ə deyib ki, Rusiya hazırda Ukraynada
öz hərbi cinayətlərini davam etdirir. Mülki əhalini,
o cümlədən qadınları, uşaqları qətlə
yetirir. Bununla yanaşı, Rusiya Ukraynanı enerji
qıtlığına düçar etmək istəyir.
Deputat xatırladıb ki, Ukraynaya enerji təzhizatı
SOCAR-a məxsus neft bazaları vasitəsilə həyata
keçirilir: "Ona görə Rusiya SOCAR-a məxsus obyektləri
vurur, özünün amansız hərbi cinayətlərini
davam etdirir. Bunun qarşısını almaq üçün
dünya birləşməli və Rusiyanı
dayandırmalıdır. Çünki Rusiyanı Ukraynada
dayandırmasalar, bu cinayətlər digər post-sovet ölkələrinə
qarşı, Avropaya qarşı da davam etdiriləcək.
Rusiya Amerika Birləşmiş Ştatları, Avropa ölkələri
tərəfindən çox ciddi təzyiqlər göstərilməklə
dayandırılmalıdır. Əks halda, bu cinayətlər
genişlənəcək".
Azərbaycanın bununla bağlı hansı
addımları ata biləcəyinə gəlincə, A.Mollazadə
hesab edir ki, Bakı özünün hərbi müttəfiqi
Türkiyə ilə birgə hərəkət etməli, birgə
qərarlar qəbul etməlidir: "Çünki bilirsiniz ki,
"Şuşa Bəyannaməsi" iki ölkəni hərbi
müttəfiqə çevirib və Azərbaycana olan hər
hansı təzyiq eyni zamanda Türkiyəyə qarşı təzyiq
kimi qəbul edilməlidir. Biz bu proseslərdə birgə hərəkət
etməliyik".
Rusiyadan Azərbaycana qarşı hansı təhlükələrin
ola biləcəyinə də toxunan deputat söyləyib ki,
Rusiyanın insanlığa qarşı cinayətləri
hamı üçün təhlükədir: "Hər bir
ölkəyə, hər bir insana qarşı bu təhlükə
mövcuddur. Və bu təhlükədən hal-hazırda
heç kim sığortalanmayıb. Bununla yanaşı,
xatırlatmaq istəyirəm ki, Rusiya dünyaya qarşı
nüvə şantajını da davam etdirir. Nüvə
silahları ilə dünyanı şantaj edir".
Azərbaycanın Ukraynaya qoyduğu silah embarqosunu yenidən
nəzərdən keçirə biləcəyinə dair
fikirlərə də toxunan deputat söyləyib ki, Azərbaycan
bu proseslərdə öz hərbi müttəfiqi ilə birgə
hərəkət etməlidir.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 19 avqust (№146).- S.4.