Seyid Əzim Şirvani qəzəllərində ruhun seyri

 

XIX əsr Azərbaycan poeziyasında qəzəl janrının mükəmməl nümunələrini yaratmış Seyid Əzim Şirvaninin (1835-1888) qəzəllərində sevən aşiqlə çəfakeş məşuq bir qütbdə birləşir. Bu qütblərin mərkəzində isə şairin lirik "mən"i dayanır. Seyid Əzimi həm öz müasirlərindən, həm də sələflərindən fərqləndirən məziyyətlərdən biri onun lirik qəhrəmanının konkret ünvanının bəlli olmasıdır. Bəzən lirik növdə yazılan əsərlərin konkret ünvanı məlum olmur, onlar konkretlikdən uzaq olur. Gözəllərin tərənnümü, onların ilahi varlıqla müqayisəsi, ilahi məhəbbətə mübtəla olub sevgiləri ümumi bir kateqoriya təşkil edir. Seyid Əzim poeziyasında bütün bu xüsusiyyət dəyişir.

Onun "Üzündür" rədifli qəzəlində ünvanı tam bəlli olan, şairin hər gün reallıqda rastlaşdığı gözəl bir qadındır. Seyid Əzimi özündən əvvəlki sələflərindən fərqləndirən əsas əlamətlərdən biri də onun qəzəllərində ünvanlı gözəllərin, real şəxslərin olmasıdır.

 

Ey mah, sənə ol ahi-dəmadən nə üçündür,

Ayinəyi-dildə bu kədər, qəm nə üçündür?

 

mətləli qəzəlində şair yaxın adamının ölümünə yas saxlayan bir gözəlin daxili iztirablarını poetik dillə qələmə almışdır. Şeirin lirik qəhrəmanı şairin hər gün qarşılaşdığı peal varlıqdır. Şair onun iztirablarına dözə bilmir, gözəlin qəm-qüssəsi onu sıxır, onun pərişan halı şairi üzür. Ona "batdın yenə bəxtim kimi qaraya" deməklə, gözəllə bir dərddə olduğunu vurğulayır. Gözəlin kədərini dağıtmaq üçün yeri gəldikcə ona məsləhət də verir:

 

Dünyaya gələn getmək üçündür, bu nə qəmdir,

Bir fikr elə gör xilqəti-aləm nə üçündür?

 

- deyən şair insanın bu aləmə nə məqsədlə gəldiyini, həyatın mənasını, bu həyatın əbədi olmadığını ona anlatmaq istəyir. Lirik qəhrəman gözələ məsləhətlər versə də, həm də onun halına acıyır, onun üçün könlünün şəm kimi yandığına, bu həsrətdən gözlərinin qəm yaşı tökməsinin nə səbəbdən olmasını vurğulayır. Sonda şair lirik qəhrəmana "bəs pərdeyi-ceşmində olan nəm nə üçündür", deyir.

Qəzəllərinin birində şair "gün o gün olsun ki, səni məclisi səhbada görüm", deyərək, real aləmdə olan sevgilisini "şərab" məclisində görmək istəyir, o günün tez gəlməsini arzulayır. Burada aşiqin məqsədi məşuqəni hər gün: gecə də, gündüz də, yuxuda olsa belə, onun gül camalını yenə görmək istədiyini deyir:

 

Özgə aləmdir həqiqətdə bu vəhdət aləmi,

Kəsrət ilə aşiqin halı pərişan olmasın.

 

Seyid Əzim Şirvani yaradıcılığında din ayrı-seçkiliyi yoxdur. Onun yaradıcılığında istər müsəlman, istər bütpərəst, istər nəsrani olsun hamı birdir. Aşiq üçün sevgilisinin istər məsciddə, istərsə də kilsədə olmasının heç bir fərqi yoxdur, onun arzusu sevgilisini görməkdir:

 

Məqsədim, şəşəeyi-mahi-cəmalındı sənin,

Xah məsciddə onu, xah kəlisada görüm.

 

Şair qəzəllərinin bəzisində mifik, dini, əfsanəvi obrazlardan istifadə etməklə özünün poetik fikir yükünü oxucusuna çatdırır. Bəzi qəzəllərində isə seyri-süluk yolu ilə sanki fövqəltəbii qüvvə vasitəsi ilə bu aləmdən ayrılaraq, başqa bir aləmdə olduğunu ruhunun dili ilə gördüklərini danışır:

 

Boynuma saldın o müşkin zülfüvün zünnarını,

Ey büti-tərsa, məni eşqində Sənan eylədin.

 

Seyid Əzim burada oxucusunun yaddaş kodunda yer alan dini rəvayəti poetikləşdirir. Bu beytlə bağlı Qurani-Kərimdə belə bir ayə keçməkdədir. "Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın". Poeziyada ip, sac, tel, tük və sair təsəvvüf terminləri bağlılıq anlamı kəsb edir. Burada zülf vəhdətlə kəsrət arasındakı əlaqəni göstərən vasitə kimi dəyərləri özündə əks etdirir. Bu beytdə zülf öz müstəqim mənasından uzaqlaşaraq irfani məna kəsb edir. Zülf həm də cism ilə can (ruh) arasında əlaqə yaradan bir vasitədir.

Təsəvvüf ədəbiyyatında seyi-sülük gəzmək, səyahət etmək anlamını verir. Təsəvvir elmində səyahət iki mənada anlaşılır, bu real şairin səyahəti də ola bilər, ikinci forması isə şairin xəyalən səyahətidir. Haqqında söz açdığımız səyahətlər hər iki məqamda adi gəzinti deyil, insanı tərbiyələndirici, əxlaqverici bir səyahət formasıdır. Bu səyahət insanın öz daxili dünyasından ilahi varlığın vüsalına doğru hərəkətidir. Poeziyada gerçəkləşən bu səyahət, şair ruhunun varlıq aləmindən ayrılaraq Allaha doğru olan yolçuluğunun gerçəkləşdirilməsidir.

Seyid Əzimin "Genə gəldim" rədifli qəzəli məzmun baxımından şairin təsəvvüf ideyalarını özündə təzahür edən gözəl qəzəllərindən birdir. Şair bu qəzəlində təsəvvüfün mərhələ və məqam təlimlərindən istifadə etməklə gözəl poetik əsər yaradıb. Sufi fəna-fillah halına yetişmək, həqqi-mütləqə qovuşmaq üçün müxtəlif çətinliklərlə rastlaşır və onları dəf etməkdən ötrü müəyyən mərhələ və məqamlardan keçərək, mərifət əhlinə, hal əhlinə çevrilir. Son anda fənaya qovuşub, həqqi mütləqə çatır və bununla da o, öz əvvəlki halından çıxaraq, başqa bir yolun yolçusu olur.

 

Canan yoluna verməyə can mən genə gəldim,

Bu Kəbə ara olmağa qurban genə gəldim.

 

Qəzəlin mətlə beytində aşiq ilahi varlıq yolunuda özünü qurban vermək üçün yenidən gəldiyini etiraf edir. Bu gəlişinin səbəbi ilə Kəbə zinətlənəcək, onun gəlişi ilə Kəbənin yeni bir təravət alacağını deyir.

Təsəvvüf poeziyasının özünəməxsus rəmzlər dili var, bəzi şairlər bu dili "quş dili" adlandırıblar. Seyid Əzim də bu dili özünəməxsusluqla işlədərək, söz içərisində söz yarada bilmişdir. Qəzəldə "can" sözü müxtəlif anlamları özündə ehtiva edir. İşlənmə məqamından asılı olaraq bu cinas ifadənin məzmun və fikir yükü dəyişir. Əgər bəzi yerlərdə "can" sözü "qurban olmaq, fəda olmaq, can vermək, ölmək mənalarında işlənirsə, bəzi məqamlarda "ruh" mənasında işlənir. Şair bu qəzəlində ruhun müxtəlif varlıqlarda təcəlla edib dönüşündən söz açır. Deməli, şair ruhunun artıq bu aləmə bir dəfə gəldiyini, amma onun hər hansı bir varlıqda-insanda təzahür edə bilməyib yenidən öz aləminə döndüyünü etiraf edir.

 

Sonrakı beytdə şair deyir:

Bir gəlmiş idim verməyə can, olmadı qismət,

Getdim, dolanıb bir dəxi, ey can, genə gəldim.

 

Beytin birinci misrasında "can" sözü fəda olmaq, özünü qurban vermək mənasında işlənirsə, ikinci misrada "can" sözü ruh mənasında işlənib. Şair ikinci misrada ruhun yenidən dolanaraq dondüyünü, yenidən bu aləmə gəldiyini deyir.

 

Dərman dedilər dərdi nihanimə dəhanın,

Yox yerdə sanıb dərdimə dərman, genə gəldim.

 

Beytin açılışı: aşiqin gizli dərdinin dərmanını məşuqənin ağzını (dəhanın) bildilər, amma mən yenə dərmanın o "yoxluq" aləmində olduğunu bilərəkdən, yenə gəldim, deyir.

Klassik poeziyada dəhan (ağız) anlamında işlədilən bu ifadə fars sözü olub zahirən danışıq mənası bildirir. Təsəvvüf poeziyasında "yoxluq" mənası kəsb edən (dəhan) bu söz haqqın kəlamı mənasında işlədilir. Dəhan yoxluq aləmində bəzən gizli olan sirlərin faş olması üçün ötürücülük funksiyasını yerinə yetirir.

 

Yüz dəfə xəzan olmuş idi bağü baharım

Bu bağı görüb, fəsli-gülüstan genə gəldim.

 

Bü beytdə dəfələrlə bağ-bağçasının xəzan olduğunu, dağıldığını görən aşiq, bahar fəslində gülüstana dönən bağnı görüb, yenə gəldiyini deyir.

 

Aldım ələ payi-mələxasa dilü canı,

Sandım ki, çıxıb təxtə Süleyman, genə gəldim.

 

Bu beytdə şair bizim yaddaş kodumuzda yer alan "Qarışqa və Süleyman" əhvalatını yadımıza salır. Beytin qısa açılışı belədir: Qarışqa Süleymanın taxta çıxmasını eşidib ona çəyirtkənin budunu hədiyyə aparır, mən isə səni görmək üçün hüzuruna ürəyimi çıxararaq əlimə alıb gəlmişəm. Sevgilinin hüzurunu şair Süleymanın taxtı ilə müqayisə edir, yenə üstünlüyü sevgilisinin məqamına verir.

 

Qəzəlin məqtə beytində şair deyir:

Seyyid, neçə yol gəlmiş idim mülki-cahanə,

Səd şükür tapıb surət-insan, genə gəldim.

 

Bu beytdən belə aydın olur ki, şair insan ruhunun dövr edərək bu aləmə müxtəlif formalarda gələ bilməsinin mümkün olduğunu deyir. Ruhun bu aləmə dönüşünün və insan cismində bərqərar olmazdan öncə hansı vəziyyətdə olası haqqında A.Gölpınarlı yazır: "Onlar bu aləmə gəlməzdən əvvəl nəşir (dağınıq -X.H.) halında idi. Onların hissələri, yəni cüzləri heyvan, bitki və cansiz varlıqlarda təzahür idi. Bu hal hərflərə bənzəyir. Ana və baba yeyib içdikləri şeylərdən onun mayasını toplamış, sonra ana rəhmində tərkibə düşərək, həşr (toplanma - X.H.) edilərək bu aləmə gəlmişdir ki, bu da hərflərin birləşərək kəlmə, kəlmələrin birləşərək söz oluşuna bənzəyir".

Seyid Əzim poeziyası fəlsəfi və irfanyönlü bir poeziyadır. Şair dövrünün bütün elmlərini mükəmməl bilmiş, onlardan yeri gəldikcə şeirlərində istifadə etmişdir. Bu baxımdan şairin "Genə gəldim" rədifli qəzəlinin məqtə beytində demək istədiyi fikir yükü ruhun bu aləmdə insanda təzahü etdiyini, onun insan cismində bərqərar olmasını oxucuya çatdırır.

 

Xuraman HÜMMƏTOVA

Filologiya elmlər doktoru

525-ci qəzet .- 2025.- 20 avqust (№147).- S.7.