"I Pyotr Minerva ilə"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Cəmilə Məmmədovadır. Onunla məşhur
italyan rəssamı Yakopo Amiconinin "I Pyotr Minerva ilə"
əsərindən danışmışıq.
Yakopo Amiconi 1685-ci ildə anadan olub. O, təkcə
İtaliyada yox, İspaniya, Almaniya və digər Qərbi
Avropa ölkələrində də fəaliyyət göstərib.
Yaradıcılığının ilk illərində dini və
mifoloji səhnələrə üstünlük verib. Lakin sələflərin
baxış bucağı şimal hissəyə meyilləndikcə
onun da yaradıcılığı fərqli istiqamətdə
formalaşıb və Yakopo artıq tanrıları,
onların həyatından bəhs edən sujetləri təsvir
etməyə başlayıb. Onun yaradıcılığı
barokko dövrünün sonu, rokokko dövrünün
ortalarına təsadüf edir. Təhsilinə Venesiyada
başlasa da, yaradıcılığının əsas hissəsini
Almaniyada davam etdirib. Rəssam 1752-ci ildə İspaniyada vəfat
edib.
- Bu əsər Yakopo yaradıcılığının
hansı dövrünə təsadüf edir?
- Əsərin yaranması 1732-1734-cü illərə
təsadüf edir. Tabloda I Pyotr, onun yanında isə
döyüş tanrısı Minerva yer alıb. I Pyotrun
hökmranlığı dövrü mövzusu
günümüzdə də aktualdır. Bu aktuallıq
XVII-XIX əsrlərdə də özünü göstərirdi.
Pyotr və onun kimi tarixi şəxsiyyətlərin
obrazının daha görkəmli şəkildə verilməsi
üçün bir çox rəssamlar, heykəltaraşlar məsləhətləşərək
hərəkət edirdilər.
- Əsərin rəng həlli və kompozisiya
haqqında nə deyə bilərsiniz?
- Burada rəng həlli və kompozisiya çox zəngindir.
Tabloda sarı, çəhrayı, hətta ağ, göy,
mavi, qəhvəyi rəngin tonlarını görürük.
Əsər tünd tonda verilib, bununla yanaşı, qəhrəmanı
daha əzəmətli göstərmək üçün
qaranlıq təsvir edilib.
Əsər alleqorik janrdadır və kətan üzərində
yağlı boya ilə işlənilib. I Pyotrun yanında verilən
döyüş tanrısı Minerva sadə şəkildə
geyinib. Minerva Pyotra heyranlıqla baxarkən, I Pyotr
tamaşaçılara əzmli baxış sərgiləyir.
Bu iki əsas obrazla yanaşı, tabloda iki kiçik mələk
də (bəzən putti də deyilir) yer alır. Onlardan biri I
Pyotra hökmdar tacını verir və sanki onu təbrik edir,
uğurlu mübarizəsində dəstəkləyirmiş
kimi göstərilir. Fondakı gəmilər isə sabit
dayanıb, həmçinin dəniz də dalğalı deyil.
Əsərdə yer alan çalğı alətləri əsgərləri
müharibəyə ruhlandırmaq üçündür.
Onlardan ikisi əsərin sol aşağı hissəsində,
biri isə I Pyotrun ayağının altında yer
almaqdadır. I Pyotrun arxasında təsvir olunan detal yunan
memarlıq xüsusiyyətlərini özündə əks
etdirir. Ümumi kompozisiyada isə dinamizmin mövcud olduğunu
deyə bilərik.
- Tablo hazırda harada saxlanılır?
- Əsərin ölçülərini 231x178 sm-dir və
hazırda Ermitaj muzeyində saxlanılır.
- Bu işi Yakopa Amiconi
yaradıcılığındakı hansı əsərlə
müqayisə etmək olar?
- Yakopo Amiconinin "I Pyotr Minerva ilə" əsərini
"Müğənni Farinelli və dostları" əsəri
ilə müqayisə edə bilərik. "Müğənni
Farinelli və dostları" əsəri 1750-1752-ci illərdə
hazırlanıb. "I Pyotr Minerva ilə" əsəri isə
1732-1734-cü illərdə çəkilib. Hər iki tablo
böyük ölçülüdür. Bu, əsərlərin
oxşar cəhətidir. Digər oxşar cəhəti isə
kətan üzərində işlənilməsidir. Fərqli cəhətlərdən
danışarkən, qeyd edə bilərik ki, "Müğənni
Farinelli və dostları" əsəri portret janrında
yaradılıb, "I Pyotr Minerva ilə" əsəri isə
alleqorik janrdadır. "Müğənni Farinelli və
dostları" əsərində biz daha çox sənətə
üstünlük verən şəxslərin
obrazlarının yaradıldığını
görürük. "I Pyotr Minerva ilə" əsərində
isə tarixi şəxsiyyətlə dini obrazların birləşdiyini
deyə bilərik. Bu iki əsərin rəng koloritində də
fərqli xüsusiyyətlər sadalaya bilərik. "I Pyotr
Minerva ilə" əsərində daha çox barokko
yönümlü rəng tonlarından istifadə edilibsə,
digər əsərdə pastel rənglərə üstünlük
verilib və bütün obrazlar təbiət qoynunda təsvir
edilib. "I Pyotr Minerva ilə" əsərində isə əzmkarlıq
var. Yakopo Amiconin yaradıcılığının hər
iki, yəni rokokko və barokko üslublarında inkişaf
etdiyinin sübutunu bu iki əsərdə göstərə bilərik.
Onu da qeyd etməliyik ki, "Müğənni Farinelli və
dostları" tablosunda rəssamın özü də yer
alıb.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Tabloda sərkərdənin müharibədən qalib
çıxmış obrazını görürük. Bu əsər
Pyotrun gücünü, hakimiyyətinin daima
xatırlanmasını və hər zaman aktual mövzu
olacağını göstərir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 20 avqust (№147).- S.6.