Arif Əbdüloğlu vəfat edib
Azərbaycan ədəbiyyatının təmkinli və
səmimi səsi, öz yaradıcılığı ilə
milli ruhu və vətən sevgisini qələmə alan
şair, yazıçı və publisist Arif
Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) vəfat
edib.
modern.az-a istinadən xəbər
verir ki, o, ötən gün 86 yaşında
dünyasını dəyişib.
1939-cu ildə Bakının Maştağa qəsəbəsində
ziyalı ailəsində anadan olan Arif Əbdüloğlu
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
təhsil almış, universitet qəzetində müxbir kimi fəaliyyətə
başlamışdır. İlk şeirləri 1960-cı ildə
Xalq şairi Bəxtiyar Vahabzadənin tərtib etdiyi “Aprel
çiçəkləri” almanaxında çap olunmuşdur.
1963-cü ildə Zaqatalada çıxan rayonlararası
"Qırmızı bayraq" qəzetində işə
başlamış, sonrakı illərdə "Sovet kəndi",
"Həyat" qəzetlərində
çalışmışdır. Arif Əbdüloğlu Azərbaycan
Jurnalistlər İttifaqının "Qızıl qələm"
mükafatı, cənab Prezident İlham Əliyevin 21 iyul
2025-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli
"Əmək" ordeni ilə təltif olunmuşdur. Uzun
illər mətbuatda jurnalist kimi çalışan Arif
Əbdüloğlu həm poeziya, həm də publisistika sahəsində
özünəməxsus iz qoymuşdur.
Onun yaradıcılığında vətənə,
doğma torpağa bağlılıq, milli dəyərlərə
hörmət, insan duyğularının sadə və dərin
təzahürləri əsas yer tutur. Xalqın gündəlik
həyatını, Azərbaycanın tarixini və ənənələrini
şeir və nəsr nümunələrində sevgi və
ehtiramla əks etdirən şair, milli ruhun
daşıyıcılarından biri kimi ədəbi ictimaiyyətin
hörmətini qazanmışdır.
Arif Əbdüloğlunun ədəbi irsində
oçerklər, publisistik yazılarla yanaşı, poetik
nümunələr də mühüm yer tutur. Onun 2019-cu ildə
nəşr olunmuş “Vətəndir sevdiyim, sevildiyim yer”, eləcə
də 2024-cü ildə işıq üzü
görmüş “Bütövləşən vətənim”
kitabları oxucular tərəfindən böyük maraqla
qarşılanmış, xüsusilə Vətən
müharibəsi mövzusu, xalq qəhrəmanlarının
igidliyi poetik duyğularla tərənnüm edilmişdir.
Onun yaradıcılığı sadə,
anlaşıqlı dili ilə yanaşı, insanlıq, vətənpərvərlik
və səmimiyyətin harmoniyasını əks etdirir. Arif
Əbdüloğlu yalnız şair deyil, həm də
xalqın səsi, milli-mənəvi dəyərlərin
qoruyucusu kimi ədəbiyyat tarixində öz layiqli yerini
tutmuşdur.
Azərbaycan ədəbi ictimaiyyəti böyük bir
ziyalısını itirmişdir. Arif Əbdüloğlu həm
təvazökar insan, həm də ustad sənətkar kimi
yaddaşlarda qalacaq. Onun qələmi Azərbaycan ədəbiyyatında
uzun müddət yaşayan, əbədi yaşanan səmimiyyət
və vətən sevgisi simvolu olaraq qalacaqdır.
Allah rəhmət eləsin!
525-ci qəzet .- 2025.- 21 avqust (¹148).- S.8.