Ənənəvi
sufi-mistik düşüncə çağdaş təqdimatda
Azərbaycan ədəbiyyatının klassik ənənələri,
ədəbiyyatda kök salmış sufi-mistik
düşüncələr müasir ədəbiyyatda
birbaşa ifadə olunmasa da, əsrlər boyu xalqın ruhuna
hopmuş bu ideyaları sətiraltı formada özünü
göstərməyə davam edir. Bu da təbii haldır.
Çünki ədəbiyyat həyatı, insanın
dünyagörüş və düşüncələrini bədii
lövhələrlə əks etdirən sənətdir. Biz Azərbaycan
ədəbiyyatının tarixinə baxanda görürük
ki, yüz illər boyu xalqın sənətkarları sufi
düşüncə və ideyalarını öz əsərlərində
əks etdirib. Hətta Azərbaycan sufi ədəbiyyatının
kuliminasiyası Məhəmməd Füzuli hesab olunur ki, uzun
müddət Azərbaycan ədəbiyyatı Füzulinin
orbitindən çıxa bilməyib. Buna əsasən deyə
bilərik ki, xalqın ruhuna hopmuş sufi düşüncələri
asanlıqla ədəbiyyatı tərk edə bilməz.
Hazırda açıq və birbaşa şəkildə bu
düşüncələr ifadə olunmasa da, müəlliflər
özləri belə fərqində olmadan əsərlərində
sufizmdən nişanələr qoyurlar. Lakin Zərəngiz
Şıxlı öz yaradıcılığında
birbaşa və məqsədli şəkildə bu
ideyaları əks etdirir. Fəqət qeyd etmək
lazımdır ki, onun düşüncələri klassik sufi
ideyaları ilə səsləşsə belə, yeni
yanaşmadan xəbər verir. Sanki klassik sufi-mistik
düşüncə bu müəllifin
yaradıcılığında reformasiya keçirib. Buna
görə də onun "Hamı üçün"
kitabının diqqətlə oxunması və qiymətləndirilməsi
lazımdır.
Kitabda klassik sufizmdə olduğu kimi, insanın "məni"
onun ruhu hesab olunur. Ən önəmli və müsbət cəhət
isə ruhun təhlilidir. Belə ki, əsrlərdir, insan
oğlu ruh haqqında düşünsə də, bu
mövzuya müxtəlif əsərlər həsr etsə də,
ruh hələ də açılmamış sirr olaraq
qalmağa davam edir. XXI əsrdə elmin yüksək
inkişafına baxmayaraq, elm özü də ruh haqqında dəqiq
və konkret fikir söyləyə bilmir. Bu baxımdan kitabda
ruh haqqında müəllifin özünəməxsus fikirləri
əks etdirilməklə bərabər, İslam dinində
ruhun dərk edilməsi haqqında mövcud olan fikir də
olduğu kimi çatdırılıb. Qurani-Kərim də
göstərilir ki, "Səndən Ruh barədə
soruşsalar, de ki, Rəbbimin işidir, o təfəkkürə
sığmaz məfhumdur". Həqiqətən də belədir.
Çünki insanın əqli yalnız fiziki aləmi qavramaq
gücünə qadirdir. İnsan yalnız duyğu
analizatorlarına birbaşa təsir göstərən
qıcıqları hissi idrak vasitəsi ilə qavraya bilir.
Lakin metafiziki aləmi - irrasional olanı qavramaq insan
üçün mümkünsüzdür. Əgər bu
mümkün olsaydı, əsrlərdir ayrı-ayrı dinlər
və insanlar vəhdətə çatmaq üçün
müxtəlif yollar axtarmazdı. İnsanın ağlı onu
bu dünyaya bağlayan bir vasitədir. İnsan
ağlının ağası olmağı bacarmalıdır,
əks halda nəsf ağla, ağıl isə insana hökm edəcəkdir.
Bu baxımdan Nizami deyir:
Qəlbin qulu ol ki, sultan olasan,
Ağlın ağası, canın padşahı olasan.
Bütün bunlardan belə nəticəyə gələ
bilərik ki, insanın ağlı metafiziki aləmi qavramaqdan
aciz olduğu üçün bu aləmin bir parçası
olan ruhu dərk etmək mümkün deyil. İnsan yalnız
onu qəlbi ilə hiss edə bilər. Bəlkə də, buna
görədir ki, əsrlərdir, insan oğlu ruh haqqında dəqiq
bir fikir söyləyə bilmir.
Zərəngiz Şıxlı kitabında göstərir
ki, "heç kim yaratmayıb öz-özünü, nə
bədən üzvlərini, nə ruh xassələrini, nə
xassə xüsusiyyətlərini. Hər bir insan Allah
yaratdığı anadan gəlmədir". Bu fikir sufi-mistik
yolçuluğun başlanğıc nöqtəsini - səbəbini
ifadə edir. Belə ki, hər bir insan öz irsi xüsusiyyətlərinin
daşıyıcısıdır. Genetik kodlarda nəsildən-nəslə
ötürülən xüsusiyyətlər insan şəxsiyyətinin
formalaşmasında həlledici rol oynayan cəhətdir. Vəhdət
arzusu irsi şəkildə ötürüldüyü kimi nəfsi
arzular və hətta günahlar belə irsi şəkildə
ötürülə bilər. Bunu genetik psixologiya elmi də təsdiq
edir. Xalqın əsrlik təcrübəsində - şifahi
xalq ədəbiyyatında da bu fikir öz təsdiqini
tapır. Səmavi dinlərdə də bu məsələ
öz əksini tapıb. Xristianlığa görə, yeddi
böyük günahdan birini edən insanın yeddi nəsli bu
günahdan xilas ola bilmir. Həmçinin, xristianlıqdan
öncə yaşayıb-yaratmış qədim yunan müəlliflərindən
olan Sofoklun "Tiran Edip" əsərində də bu
düşüncə var. Belə ki, Edip öz taleyinə
yazılmış günahdan yayına bilmir. Genetik psixologiya
elmi də göstərir ki, hər yeddi nəsildən bir
genetik kodlar yenilənir. Yəni yeddi nəsil boyunca irsi
xüsusiyyətlər genetik şəkildə
ötürülməyə davam edir. Bu da dediklərimizin təsdiqidir.
Lakin qeyd edmək lazımdır ki, ailənin mənfi keyfiyyətləri
irsi şəkildə ötürüldüyü kimi, vəhdət
arzusu, Allah sevgisi kimi keyfiyyətlərdə irsi şəkildə
nəsildən-nəslə ötürülməyə davam
dir. Hər bir insanın içində həm müsbət, həm
də mənfi bir tərəf vardır. İnsanın
doğru və ya yanlış yola getməsi onun şəxsi
seçimidir. Habil də, Qabil də Adəm peyğəmbərin
övladı idi. Hər ikisində də peyğəmbər
qanı vardı, lakin hər ikisi də öz yolunu özü
seçdi...
Kitabda ifadə olunan aşağıdakı fikirlər
də kifayət qədər diqqətəlayiqdir: "Zaman, məkan,
şərait, mühitin dəyişməsi ilə ruhun xassə
və xassə xüsusiyyətlərinin fəaliyyəti dəyişmir".
Müəllifin bu fikri əslində kainatın iş prinsipini
ortaya qoyur. İlk öncə onu qeyd etməliyik ki, zaman məhfumu
əslində bəşəriyyət tarixi boyu insan oğlunun
yaşadığı hadisələrin
ardıcıllığından ibarətdir. Fəlsəfədə
zaman məhfumuna verilən tərif belədir: "Zaman, hadisələrin
ardıcıllığını,
davamlılığını və dəyişkənliyini
ölçmək və anlamaq üçün istifadə
olunan, həm təcrübi, həm də nəzəri bir
anlayışdır. O, varlığın və dəyişmənin
çərçivəsini təşkil edir". Tərifdən
də məlum olduğu kimi, zaman nəzəri
anlayışdır. Zaman irəli doğru inkişaf edən
üfiqi bir xətt deyil. Kainatda hər şey dövri xarakter
daşıyır. Ən sadə yerdən baxsaq, ilin fəsilləri
belə dövri xarakter daşıyır. İnkişaf
yalnız insana məxsusdur ki, bu inkişafın özü də
dövri xarakter daşıyır. Belə ki, bəşər
tarixinin başlanğıcından hər bir insan eyni
inkişaf yolunu keçir. Doğumundan ölümünə qədər
hər bir insanın keçdiyi yol əslində ümumi xarakter
daşıyır. Müşahidə etdikdə aydın olur
ki, bəşər tarixinin başlanğıcından bu
günə qədər dəyişən insanın
yaşayış şəraitidir, insanın həyat yolunda dəyişən
bir istiqamət yoxdur. Yaşayış şəraitinin dəyişməsi
tələbatları, insanı fəaliyyətə təhrik
edən motivləri dəyişsə də, bu tələbat və
motivlərin özü də bizim həyat şəraitimizlə
bağlı olan istiqamətlədir. Zaman isə insan
oğlunun öz tələbatlarını təmin etmək
üçün göstərdiyi fəaliyyətdə
yaşadıqlarının ardıcıllığından
ibarətdir. Bu baxımdan deyə bilərik ki, zaman insandan kənarda
mövcud deyil. Zaman insanın içərisindədir desək,
yanlış olmayacaqdır.
Zaman və məkan bir-biri sıx bağlı məfhumlardır.
Onları bir-birindən ayrı təsəvvür etmək
mümkün deyil. İnsan bəşər tarixi yaranandan
bugünə qədər yaşanan hadisələrin
ardıcıllığını dərk edərək
hansı zaman daxilində olduğunu dərk edir. Eyni qaydada
duyğu analizatorlarına təsir edən
qıcıqlayıcıların vasitəsi ilə cismani olaraq
hansı lokasiyada olduğunu da qavraya bilir.
Sufi-mistiklərin fikrincə, insan zaman və məkanın
xaricinə çıxa bilər. Biz bunun nümunəsini
Nizami Gəncəvinin "Yeddi gözəl" əsərində
görə bilərik. Əsərin baş qəhrəmanı
Bəhram Gur sufi-mistik yolçuluğun sonunda - əsərin sonunda mağarada yoxa
çıxır. Belə ki, Bəhram Gur vəhdətə
vararaq neytrallıq qazanır, yəni öz müsbət və
mənfi yüklərindən azad olur. Hər bir materiya
kiçik zərrəciklər olan atomlardan ibarətdir. Atomlar
müsbət və mənfi yüklü elektronların cəzbetmə
qabiliyyəti sayəsində bir araya gələrək
materiyanı formalaşdırır. Vəhdət
yolçuluğunun sonunda mistik yolçu neytrallıq
qazanır və Bəhram Gurun timsalında yoxa
çıxır. Bütün bunların
işığında deyə bilərik ki, insan zaman və məkandan
asılı deyil, hətta zaman məhfumu bütövlükdə
insanın daxilində olan nəzəri bir
anlayışdır. Nəticədə bu dəlillər Zərəngiz
Şıxlının "Zaman, məkan, şərait,
mühitin dəyişməsi ilə ruhun xassə və xassə
xüsusiyyətlərinin fəaliyyəti dəyişmir"
fikrini isbat edir. Yəni zaman və məkanın dəyişməsi
insan ruhunun keyfiyyətinə təsir göstərə bilməz.
Müəllifin təklif etdiyi dövrü qanun ideyası da
kainatın dövrülüyü və dövrülükdə
dövrülükdə əbədiliyin olduğunu müdafiə
edir.
Əsərin müsbət cəhətlərindən
biri irəli sürülən yeni ideya və fikirlərin
psixologiya elminin prinsip və qanunlarına əsaslanaraq isbat
olunmasıdır. Xüsusilə, hissi idrakın tərkib hissləri
olan duyğu, qavrayış, təsəvvür haqqında
fikirlərin dolğun şəkildə əks olunması
kitabdakı yeni fikirlərin etibarlılığını
artırır. Bundan başqa, şüur, təfəkkür
amilləri haqqında müəllifin şəxsi fikirləri
ilə bərabər, müasir elmin qənaətlərinin də
əks olunması əsərin yüksək elmi keyfiyyətindən
xəbər verir.
Kitabın diqqət cəlb edən əsas xüsusiyyətlərindən
biri fəlsəfədə yeddi yeniliyin təqdim
olunmasıdır. Müəllifin kitabda fəlsəfəyə
fərqli bir baxış bucağından yanaşması da təqdirəlayiqdir.
O öz əsərində dövrü qanun əsasında
yaradılan varlıqlar əbədidir, canlı təbiət və
cansız varlıqlar əkslik qanunu əsasında
yaradılıb, canlı təbiət və canlı həyat
vəhdət qanunu əsasında yaradılıb fikirləri fəlsəfədə
söylənmiş yeni ideyalardır. Konkret desək, müəllif
fəlsəfə elmində dövrü qanun, vəhdət
qanunu və əkslik qanunu kimi yeni anlayışlar irəli
sürür. Müəllifin əkslik qanunu qədim çində
yaranmış yin-yang fəlsəfəsinin mövqeyini
müdafiə edərək hər şeyin öz ziddi ilə
daim olduğunu deyir. Həmçinin, bu qanunun dialektikanın
qanunlarından olan əksliklərin vəhdəti qanunu ilə
də səsləyir.
Ayna ƏHMƏDLİ
(AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu)
525-ci qəzet .- 2025.- 21 avqust (№148).- S.7.