Dünya, insan, tale və sevgi
haqqında düşüncələr
Şair, publisist, ədəbiyyatşünas, Dünya
Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin
üzvü Tural Adışirinlə həmkarıq. O, AMEA
Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni
mühit və folklor" şöbəsinin elmi
işçisidir. Filologiya elmləri doktoru Kamil
Adışirinov kimi bir alimin övladı olması onun elmi
dünyagörüşünün formalaşmasında önəmli
faktordur.
Tural Adışirin hələ 2018-ci ildə nəşr
olunan "Barmaqda üzük yeri" adlı ilk kitabı ilə
oxucuların rəğbətini qazanmışdı. Mahmud
Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında
bu il nəşr olunan, sayca ikinci kitabı isə
"Publisistik və poetik düşüncələr"
adlanır. "Elm və təhsil" nəşriyyatında
işıq üzü görən kitabda müəllifin Azərbaycanın
Şimal-Qərb bölgəsinin folkloruna aid orijinal elmi
araşdırmaları, müasir ədəbi prosesin
ayrı-ayrı nümayəndələri haqqında
yazdığı publisistik məqalələri ilə
yanaşı, poetik düşüncələri də yer
alıb.
Təbii ki, müəllifin araşdırmaları və
müasir ədəbi prosesin nümayəndələri
haqqında yazdığı publisistik məqalələrə
fikir bildirmək niyyətində deyilik. Lakin kitabdakı
şeirlər haqqında bir oxucu kimi fikirlərimi bildirməyi
uyğun görürəm.
Ümumən bu şeirlərdə gənc şairin
dünya, insan, tale, sevgi, ayrılıq, həsrət
qarışıq düşüncələri əks olunur.
Kitabdakı ilk şeir "O xətri, hörməti necə əzim
ki" adlanır. Sevən, amma sevdiyinə qovuşmayan
"lirik mən" özünü gah "duman"a, gah da
"quru güman"a bənzədir:
Yanımdan ötüşmür duman, çən belə,
Özüm də elə bil dumanam indi.
Nəyim qalıbdır ki, bu gündən belə,
Bəlkə də, bir quru gümanam indi.
Bəzən də sevdiyi ilə "söhbətləri
soğulan, sevincləri solan", həsrətdən
çırpınan "lirik mən" özünü tək
qalmış quzuya, sevdiyini ona gətirməyən yolları
gözlərinə sancılan bir oxa bənzədir:
Yollar gözlərimə sancılan bir ox,
Uzanan günləri qəmə bükürəm.
Gecələr üstümə yorğan deyil, yox,
Mən alov örtürəm, atəş çəkirəm.
Nümunə kimi verdiyimiz misralarda ayrılıq əzabı
çəkən aşiqin psixoloji vəziyyəti, haldan-halan
düşməsi bütün həssaslığı ilə
ifadə olunur. Xatirələr sevdiyindən ayrı düşən,
həsrətindən saralıb-solan "lirik mən"in
gözlərində bir ocaq kimi sayrışır. Sevdiyini
düşünür, eyni zamanda paralel olaraq: "Görən
düşürəmmi yadına mən də?" - deyə
düşünür.
Eyni duyğular şairin "Ömrümə həsrətin
köçür" şeirində də davam edir. Sevdiyi tərəfindən
tərk edilən "lirik mən" qəlbinə dolmuş
acı qəhəri boğa bilmir. Yaşadıqları gözəl
anları, ona verilən sözləri xatırlayır.
Artıq hər seyin sonuna gəldiyini bilir, amma sevdiyinin
başqa birisinə gəlin köçməsi ilə
barışa bilmir:
Boğa bilməyirəm acı qəhəri,
Solmuş ümidimi biçib gedirsən.
Mənə söz vermişdin bir yaz səhəri,
İndi başqa evə köçüb gedirsən.
Ürəyinə sahib olanın, evinin sahibi ola bilməməsinə
üzülür. Sevdiyinin başqa evə gəlin
köçməsi ilə barışa bilməyən,
üzülən "lirik mən" kövrək
duyğulara bürünür. Başqa evə gəlin
köçən gözəl qız hələ də onun qəlbinin
sahibidir. Heç nə, heç kim, hətta "sirdaş"
belə onun qəlbini ala bilmir. Özü-özünə
düşüncələrə dalan "lirik mən"in
duyğuları misralarda əks olunur:
Kövrək duyğulardı qəlbimə dolan,
Könlümü sirdaş da ala bilməyir.
Niyə ürəyimin sahibi olan,
Evimin sahibi ola bilməyir.
Hələ də "Xoşbəxtlik içində
keçən günlərdə" yaşayan "lirik mən"
sonda bu qənaətə gəlir ki, "Yüz il axtarsaq da, o
xoşbəxt günləri tapa bilmərik".
Biz necə qayıdan ötən illərə,
bu ağır günahda kim kimə şərik.
Xoşbəxtlik içində keçən günləri
Yüz il axtarsaq da, tapa bilmərik.
"Görüş romantik münasibətlərin bir
mərhələsi" olsa da, bunu hər görüşə
aid etmək olmur. Bəzi görüşlər sevənləri
birləşdirmək yerinə, daha da uzaqlaşdırır. Hər
görüşdə bir az yadlaşır, çünki
artıq münasibətlər kimi görüşlər də
soyuqlaşıb. "Lirik mən" qərarını verir.
Bəlkə "isitməyən soyuq görüşlər"dənsə,
gözəl günlərin xatirəsində qızınmaq
daha yaxşıdır:
Bizli də, bizsiz də ötdükcə zaman,
Məhəbbət yolunda lap çaşırıq
ki...
Hər görüş bir az da yaxın olmaqdan,
Hər görüş bir az da yadlaşırıq
ki...
Bəlkə nəzərlərdən yayınaq daha,
Bəlkə heç düşməyə duyuq
görüşlər.
Gedək xatirəylə qızınaq daha,
Bizi isitməyir soyuq görüşlər.
Kitabda diqqətimi çəkənlərdən biri də
Turalın"Qadınlar dünyanın cəfakeşidir"
şeiridir. Bəllidir ki, əlinə qələm alıb
şeir yazan hər şairin mütləq qadın haqqında
yazdığı bir şeiri var. Çünki qadın ona
verilən bütün xüsusiyyətləri ilə
başdan-başa sözdür, şeirdir, rəsmdir.
Turalın qadınlar haqqında yazdığı şeiri bu
baxımdan çox diqqətçəkəndir:
Dan düşər, gecənin başı ağarar,
Qaranlıq çəkilər aydın səhərlə.Hər
kişi qəlbində işıqlı nə var,
Bağlıdır qadınlı xatirələrlə.
Nə qədər gözəllik varsa dünyada,
Qadın əməlidir, qadın işidir.
Qadınlar həyatın dayaq nöqtəsi,
Qadınlar dünyanın cəfakeşidir.
Qadın "yaradıcıdır,
yaradılmış deyil". Qadın anadır,
gücdür, sevgidir, mərhəmətdir. Həyatın dayaq
nöqtəsidir. Almanlarda belə bir söz var: "Siz bizə
ağıllı və ismətli qadınlar verin, biz sizə gələcəyi
bəxş edək!" Qadın həm də gələcəyimizdir.
Gələcəyimiz qadınların qucağında
böyüyür, - deyə bilərik. Bu cəhətdən
Turalın "qadınları həyatın dayaq nöqtəsi"
adlandırması çox uğurludur.
Poeziya sözlərlə dərdləşməkdir,
söhbət etməkdir. Şair də bütün istəklərini,
arzularını, demək istəyib deyə bilmədiklərini
sözlərlə ifa edir. Tural Adışırın
"Söz-şair başında bir qızıl
tacdır" şeirində söz və şairlər
haqqındakı fikirlərini ifadə edir:
Söz-şair başında bir qızıl tacdır.
Şair-sözdən göyərib qalxan
ağacdır.
Sözdür kökü də, budağı da,
Sözdür meyvəsi, yarpağı da.
Turalın həyat, ölüm, tale haqqındakı
şeirlərində təzə və dəyərli fikirlərə
az rast gəlinmir. Onun "Bu dünyanın qapısı"
şeiri fikrimizə gözəl nümunədir:
Ürəyimə daman hansı duyğudur?
Ovcumdaca oxu, alın yazımı.
Həyat sanki bir qarışıq yuxudu,
Qarışıqdı yozanların yozumu.
Həyat haqqında düşüncələrini
oxucularla paylaşan şair, minillərdir təfəkkürümüzdə
və dilimizdə qəlibləşmiş fikirlərə,
"Alın yazısı"na, insanın ovcuna yazılan tale
xətlərinə, "həyat haqqındakı
qarışıq yozumlara" doğulmaq, ölmək,
reinkarnasiya (ruhun ölməzliyi) məsələsinə
toxunur. Mən fatalist olduğum üçün, "alın
yazısı"na, insanın ona yazılan taleyi yaşamasına
inanıram. Tural da "bundan öncəki həyatda kim
olmuşuq", "harada ömür
sürmüşük?" - kimi suallara cavab axtarır.
Şairin toxunduğu məsələlər dərin və fəlsəfidir.
Bura qədər harda ömür
sürmüşük?
Bəlkə, elə yox olmaqdı doğulmaq?
Doğulmağın növbəsində durmuşuq,
Qəm eləmə, növbəsizdi yox olmaq.
Ömür sürdük günəş altda, kölgədə,
Bəlkə, ölüm göy üzünə
uçmaqdı.
Dar məzara endirilmək bəlkə də,
Bu dünyanın qapısını açmaqdı.
Uşaq yaşlarımda, hələ üfüq nədir,
üfüq xətti nədir bilmədiyim zamanlarda,
göyün yerə bitişik kimi görünən sərhədinə
çatmaq üçün çox qaçmışam.
Çatdım dedikcə, o uzaqlaşıb. Bunları mənə
xatırladan müəllifin kiçikhəcmli "Lövhə"
şeirində diqqətimi çəkən
"üfüq" sözü olur.
Üfüqü şəxsləndirən şair
günəşin batışını
(günbatımını), daha doğrusu, günəşin
üfüqün altında itməsini və gecənin
düşməsini o qədər gözəl, elmli və təsirli
bir şəkildə ifadə edir ki, günəşin
batışı, üfüqdə itməsi və ya yox
olması bir tablo kimi gözümüzün önündə canlanır:
Günəşi zirvədəki
dümağ "duza" batırıb,
yumurta sarısı tək
ağzına atdı üfüq.
Üstündən də gündüzü
İçib sərin su kimi.
Öz güllü yorğanına
Bürünüb yatdı üfüq.
Üfüq Günəşi zirvədəki duza
batırıb, yumurta sarısı kimi ağzına atır,
sonra isə gündüzü sərin su kimi içib,
güllü yorğanına bürünüb yatır.
Şeirdə üfüqün Günəşi zirvədəki
duza batırıb, yumurta sarısı kimi ağzına
atması, "üstündən də gündüzü sərin
su kimi içib, güllü yorğanına bürünüb
yatması" çoxtəbii və canlı təsvir edilir.
Eyni zamanda, üfüqü şəxsləndirməsi,
Günbatımının - Günəşin yuxarı hissəsinin
üfüqün altında yox olmasının təsviri və
s.
Şair həcmcə kiçik şeirdə
üç mərhələyə bölünən
Günbatımını poetik şəkildə təsvir edir.
"Birinci mərhələdə, Günəş
üfüqün altında itdikdən sonra başlayan və
üfüqdən 6 dərəcə aşağı enənə
qədər davam edən mülki alatoranlıqdır". Bu
alatoranlıqda üfüq Günəşi "zirvədəki
duza batırıb, ağzına atır". Yəni Günəş
üfüqün altında itir. "İkinci mərhələ
üfüqdən 6 ilə 12 dərəcə
aşağıda olan dəniz alatoranlığıdır.
İkinci mərhələdə üfüq gündüzü
sərin su kimi içir". Üçüncü mərhələ,
"Günəşin üfüqdən 12 ilə 18 dərəcə
aşağıda olduğu dövr olan astronomik
alatoranlıqdır. Alatoranlıq astronomik alaqaranlığın
ən sonundadır və gecədən bir az əvvəl
toranlığın ən qaranlıq anıdır. Nəhayət,
Günəş üfüqdən 18 dərəcə
aşağıya çatdıqda və artıq səmanı
işıqlandırmayanda gecə başlayır".
Üçüncü mərhələdə, artıq gecədir:
"Üfüq öz güllü yorğanına
bürünüb yatır". Göründüyü kimi,
şair sözlə yalnız insanın mənəvi
dünyasına ayna tutmur, təbiətə, təbiətin
sirlərinə də ayna tutur...
Tural Adışirinin poeziyası haqqında
"Ulduz" jurnalında fikirlərini bölüşən
tanınmış tənqidçi Vaqif Yusifli yazır:
"Birincisi, hər hansı şeirində təzə söz
deməyə can atır. İkincisi, şeirin
qayda-qanunlarına ciddi şəkildə riayət edir, heca
"ərazisindən", onun hüdudlarından kənara
çıxmır, formalaşmış kononlarına əməl
edir, qoşmanı qoşma, gəraylını gəraylı
kimi yazır, şeir dili də təmizdir.
Üçüncüsü, bir sıra ənənəvi
mövzular var ki, Tural onlara müraciət edəndə ənənənin
əsiri olmur, təkrardan, şablondan qaçır". Biz də
"şeirində təzə söz deməyə can
atan", "şeirin qayda-qanunlarına ciddi şəkildə
riayət edən", "təkrardan, şablondan
qaçan" Tural Adışırinə "Yeni kitabın
mübarək olsun!" deyir, uğurlar arzulayırıq!
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
525-ci qəzet .- 2025.- 21 avqust (№148).- S.6.