Naxçıvan musiqi mühitinin
görkəmli yetirmələri
Zəngin mədəniyyəti ilə bəşər
tarixinin ən qədim sivilizasiya mərkəzlərindən
biri olan Azərbaycanın dünya səviyyəsində qəbul
edilən Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində
musiqi ilə bağlı təsəvvürlər, musiqi və
rəqsin vəhdətindən ibarət olan təsvirlər
xalqımızın ilkin musiqi sənətinin, musiqinin xalq həyatında
və məişətindəki yerinin göstəricisi olmaqla,
musiqinin xalqımızın məişət mədəniyyətinin
ayrılmaz tərkib hissəsi kimi önəmli rol
oynamasından xəbər verir.
XX əsr bütövlükdə Azərbaycanın
ictimai-siyasi həyatında olduğu kimi, Naxçıvanda da ədəbi-mədəni
həyatla yanaşı, milli mədəniyyətimizin
inkişafında, xüsusilə musiqi sahəsində sürətli
inkişaf mərhələsi olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata
keçirilən, sovet dövründə davam etdirilən təhsil-mədəniyyət
siyasətinin genişlənməsi istiqamətində
görülən işlərin nəticəsində muxtar
respublikada professional musiqi sənətinin inkişafında yeni
mərhələnin əsası qoyuldu. Milli musiqi sənətinin
inkişafı, eləcə də musiqi təhsilinin təkmilləşdirilməsi
nəticəsində milli musiqi nümunələrinin
toplanması, yazıya alınması ilə yanaşı,
musiqi məktəblərinin yaranmasına vəsilə oldu. Belə
ki, 1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin
Naxçıvanda əsasını qoyduğu ilk uşaq musiqi
məktəbi, bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə
Naxçıvanda Caz orkestri (1942), Dövlət Konsert
briqadası (1959) fəaliyyətə başladı. Niyazi,
Bülbül, Rəşid Behbudov kimi görkəmli sənətkarların
vaxtaşırı muxtar respublikaya səfərləri burada
musiqi sənətinin, professional musiqi ocaqlarının təsis
olunmasına rəvac verdi. Həmin illərdə
Naxçıvan uşaq musiqi məktəbinin məzunlarının
Bakıda professional musiqi təhsili alaraq doğma
Naxçıvana qayıtması
nəticəsində bir tərəfdən muxtar respublika
musiqiçi-pedaqoq kadrlarla təmin edilir, bir tərəfdən
bu musiqiçilərin sayəsində müxtəlif xarakterli
musiqi kollektivləri yaranır, digər tərəfdən də
konsert proqramlarının təşkili və proqramların
hazırlanması zamanı burada fəaliyyət göstərən
professional təhsilli musiqiçilər bəstəkarlıq fəaliyyətinə
meyl edirdilər. Bütün bunlardan əlavə isə muxtar
respublikada milli musiqi sənətinin inkişafında
mühüm xidmətləri olan, professional musiqi təhsili
görmüş kadrların yaradıcı əməyinin nəticəsində
bəstəkarlıq sənəti də formalaşıb təkmilləşirdi.
Formalaşan baza, görülən işlər nəticəsində
1978-ci ildə Azərbaycan Bəstəkarlar
İttifaqının plenumu Naxçıvanda keçirildi.
Uğurla keçən plenumda qərara alındı ki, Azərbaycan
Bəstəkarlar İttifaqının Naxçıvan
şöbəsi yaradılsın. 1980-ci ilin əvvəllərində
Azərbaycan Bəstəkarlar İttifaqının
Naxçıvan şöbəsi yaradılır və təşkilatın
ilk sədri, görkəmli bəstəkar Ramiz Mirişli
seçildi. Təşkilatın məsul katibi vəzifəsinə
isə bəstəkar və pedaqoq Məmməd Ələkbərov
təyin olundu. Beləliklə, 1980-ci ildən fəaliyyət
göstərən Azərbaycan Bəstəkarlar
İttifaqının Naxçıvan şöbəsi 1995-ci
ildən etibarən Naxçıvan Bəstəkarlar Təşkilatı
kimi formalaşdı.
Yaranmış münbit zəmində Səfər Rəcəbli,
Nəriman Məmmədov, Məmməd Məmmədov, Məmməd
Ələkbərov, Ramiz Mirişli, Rəşid Məmmədov,
Vahid Axundov kimi gənc, istedadlı musiqiçilərdən
ibarət ilk bəstəkarlar yetişib. Nəzərə alaq
ki, bu sənətkarların bir qismi professional çərçivədə
bəstəkarlıq təhsili almamışdı. Amma
onların böyük təşəbbüskarlığı
ilə ilk bəstələrin yaranması bir tərəfdən
Naxçıvanda bəstəkarlıq sənətinin təşəkkülünü
gerçəkləşdirir, digər tərəfdən də
istedadlı musiqiçilərin bəstəkarlıq sənətinə
olan marağını artırmaqla doğma diyarda musiqi sənətinin
inkişafına öz töhfəsini verirdi.
Əsası Ulu öndər Heydər Əliyevin siyasi
fəaliyyətinin birinci dövründə qoyulan milli
inkişaf strategiyası muxtar respublikanın da mədəni
inkişafına öz töhfəsini verdi.
Yaradılan şəraitin bəhrəsidir ki, müstəqillik
illərində Naxçıvan Muxtar Respublikasında fəaliyyət
göstərən uşaq musiqi məktəblərinin sayı
xeyli artmış, fəaliyyətləri genişlənmişdi.
Odur ki, onlar həm respublika, həm də dünya səviyyəli
festivallarda, müsabiqələrdə uğurla iştirak edirlər.
Naxçıvan musiqi mədəniyyətinin
inkişafında, formalaşmasında Bəstəkarlar Təşkilatının
da özünəməxsus yeri və rolu olub. Naxçıvan
Muxtar Respublikası Bəstəkarlar Təşkilatı
müstəqillik illərində daha da uğurlu fəaliyyət
yolu keçib. Muxtar respublikanın mədəni tərəqqisi
naminə əzmlə çalışan Bəstəkarlar Təşkilatı
Naxçıvanda musiqi sənətinin yaşadılması,
inkişafının əsas yükünü üzərinə
götürməklə yanaşı, Naxçıvanın mədəni
həyatında da fəal iştirak edib, milli mədəniyyətimizin
qorunması və yaşadılması sahəsində əməli
fəaliyyət göstərib. Bu gün Naxçıvan bəstəkarlıq
məktəbinin görkəmli yetirmələrindən Ramiz
Mirişli, Nəriman Məmmədovun adları xüsusilə
vurğulanır.
Ramiz Mirişli Naxçıvan torpağının
yetirdiyi istedadlı bəstəkarlardandır. O, 1934-cü il
aprelin 16-da Naxçıvan şəhərində anadan olub.
Naxçıvan şəhərindəki orta məktəbi
bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində
(1952-1954), Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında (1956-1962) bəstəkarlıq
ixtisası üzrə ali musiqi təhsili alıb. Əmək
fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan
Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan
Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif
musiqi məktəblərində müəllim işləmişdi.
O, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Şirkətində musiqi baş
redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində,
həmçinin 1987-1995-ci illərdə Azərbaycan Dövlət
Filarmoniyasında mahnı və rəqs ansamblının bədii
rəhbəri kimi çalışmışdı. Ramiz
Mirişli 1978-ci ildə Azərbaycan Bəstəkarlar
İttifaqının Naxçıvan şöbəsi
yaradılandan 1998-ci ilədək 20 il müddətində təşkilata
rəhbərlik etmişdi. Onun rəhbərliyi ilə həm
Naxçıvanda təşkilatın uğurlu fəaliyyəti
olmuş, həm də muxtar respublikada fəaliyyət göstərən
digər mədəniyyət təşkilatları, musiqi
birlikləri ilə əməkdaşlıq qurulmuşdu. O,
Naxçıvanda musiqili kadrların yetişməsi və
formalaşması istiqamətində çox iş
görüb.
Ramiz Mirişli yaradıcılığı boyu
musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif
janrlarda əsərlər yazıb. Operettalar, kamera orkestri
üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar,
kantatalar yazıb, səs və orkestr üçün vokal məcmuələr
hazırlayıb, fortepiano üçün süita və
miniatürlər, teatr tamaşaları və kinofilmlərə
musiqilər yaradıb. Ancaq onu bir bəstəkar kimi xalqa daha
çox tanıdan və sevdirən mahnı
yaradıcılığı olub. Bəstəkar mahnıya
olan sevginin sirrini belə açır: "Mahnı xalq tərəfindən
sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı
bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir
ki, bəstəkarlar ondan nə qədər götürsə
də, azalmır, əksinə, artır. Mənə elə gəlir
ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş
musiqidir. Bu, mükəmməl musiqini yaratmaq
qeyri-mümkündür... Onda cavan oğlan idim. Konservatoriyada
oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə
gedirdik... Şair İslam Səfərli ilə bir məhəllədə
yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram,
evinə çağırıb mənə
"Dalğalar" adlı şeirini verdi. Mən də ona
musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu.
Mahnı hazır olan kimi ürəyimdən keçdi ki, onu
Şövkət Ələkbərova oxusun. Şövkət
xanıma zəng etdim. O da böyük məmnuniyyətlə
təklifimi qəbul etdi. Ancaq o vaxtlar bədii şura
vardı. Şeirdəki "çalxalanır dalğalar"
sözünə görə mahnı birinci bədii şuradan
keçmədi. Dedilər, bu, mahnı sözü deyil. O
sözləri rəhmətlik İslam Səfərli
"mirvari dalğalar" sözləri ilə əvəz elədi.
Mən ona görə sevinirdim ki, ilk mahnımı Şövkət
xanım oxuyacaq" .
Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar
olub. Mahnılarının uzunömürlü
olmasının, daim dillərdə, könüllərdə səslənməsinin
sirri də elə bundadır. Tanınan və sevilən
müğənnilərin əksəriyyəti, xüsusən
də Şövkət Ələkbərova, Zeynəb Xanlarova,
Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva,
Yaşar Səfərov, Elmira Rəhimova və digərləri
Ramiz Mirişli yaradıcılığına müraciət
edib, onun mahnılarını oxuyublar. Sonrakı illərdə
də bir sıra müğənnilər onun həzin, qəlbəyatan
mahnıları ilə şöhrətləniblər.
Ramiz Mirişlini bəstəkar kimi daha çox
tanıdan və sevdirən, əvvəldə deyildiyi kimi, onun
mahnı yaradıcılığı olub. Məşhur Azərbaycan
şairlərinin sözlərinə yazdığı gözəl
mahnılar sənətsevərlərin böyük rəğbətini
qazanıb. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik,
səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən
başlıca cəhətlərdir. Ramiz Mirişlinin
mahnıları görkəmli ifaçıların
repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə
və onun hüdudlarından kənarda müəllifinə
şöhrət gətirib. Bu əsərlər doğma yurda
məhəbbət və milli dəyərlərə ehtiram
aşılamaqla gənc nəslin vətənpərvərlik
ruhunda yetişməsində mühüm əhəmiyyət kəsb
edir.
Azərbaycan musiqi mədəniyyətinin
inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə
qiymətləndirilib. Görkəmli bəstəkar musiqi sənəti
sahəsində qazandığı nailiyyətlərə
görə Azərbaycan SSR (1982), Naxçıvan MSSR (1974)
Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq
artisti (1990) fəxri adlarına layiq görülmüş,
müstəqil Azərbaycan Respublikasının ali
mükafatlarından "Şöhrət" (2004) və
"Şərəf" (2014) ordenləri ilə təltif
olunmuşdu. R.Mirişli 2015-ci il aprelin 17-sində Bakı
şəhərində vəfat edib.
(Ardı var)
Aysel NOVRUZOVA
AMEA Naxçıvan Bölməsi İncəsənənət
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı
525-ci qəzet .- 2025.- 22 avqust (№149).- S.7.