Milli Kitabxanada "Bəkir
Nəbiyev-95" adlı kitab sərgisi açılıb
Avqustun 21-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında görkəmli tənqidçi və ədəbiyyatşünas,
akademik Bəkir Nəbiyevin anadan olmasının 95 illiyi
münasibətilə "Bəkir Nəbiyev-95" adlı
geniş kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri Milli
Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Bəkir
Nəbiyevin yaradıcılığından
danışıb. O, akademikin kitabxananın bütün tədbirlərində
iştirakından söz açıb.
Sərgidə Mədəniyyət və Turizm
Nazirliyinin şöbə müdiri, əməkdar mədəniyyət
işçisi Vaqif Bəhmənli ədəbiyyatşünas
alimin Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən
danışıb. Akademikin yorulmaz elmi axtarışları nəticəsində
çap olunan əsərlərinin hər zaman aktual olaraq,
müəllifinə əbədiyaşarlıq gətirdiyini
söyləyib.
Tədbirdə professorlar Məhərrəm
Qasımlı, Qəzənfər Paşayev və Tehran Əlişanoğlu
çıxış edərək, görkəmli akademik
haqqında xatirələrini bölüşdülər.
Sonra Bəkir Nəbiyevin ailəsi adından mərhumun
qızı tibb üzrə fəlsəfə doktoru Leyla
İmanova çıxış edərək Milli
Kitabxananın kollektivinə, tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
Sonda tədbir iştirakçıları alimin
yaradıcılığını özündə əks
etdirən geniş kitab sərgisi ilə tanış olublar.
Sərgidə akademikin Azərbaycan və rus dillərində
çap olunmuş əsərləri, haqqında yazılan və
"Ön söz" yazdığı, redaktoru olduğu
kitablar nümayiş olunub.
525-ci qəzet .- 2025.- 22 avqust (№149).- S.6.