Maestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib

 

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda Azərbaycanın dünyaşöhrətli dirijoru və bəstəkarı Niyazinin xatirəsinə həsr olunan möhtəşəm konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə sənətşünas Leyla Quliyeva Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.

Bildirilib ki, konsertin məqsədi unudulmaz dirijor və bəstəkar Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etməkdir.

Sonra konsert proqramı təqdim olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova, solistlər Mirələm Mirələmov, Selcan Fermor Hesketh və Güllü Muradova çıxış ediblər.

Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri səsləndirilib.

 

 525-ci qəzet .- 2025.- 22 avqust (№149).- S.6.