Süni zəka təqlid,
insan isə hiss edir: bəs ruhu kim yaradacaq?
Texnologiya həyatımıza daxil olduqca
üstünlüklər qazandıq, amma fərqinə varmadan
bəzi dəyərlərimizi də itirdik və tədricən
özümüzə yadlaşdıq. Süfrə
başında edilən səmimi söhbətləri
şüşə ekranlar əvəzlədikcə insanlar
susdular. Uzun dialoqların yerini qısa simvollar aldı. Hisslərimizi
danışmaq əvəzinə ya susduq, ya da sosial
platformalardakı "maskalı obrazlar"la
çatdırdıq. Halbuki danışsaydıq, bəlkə
də, hər şey yerində olardı...
Zaman keçdikcə heç kim heç kimi dinləmədi,
anlamadı, duymadı. Amma hamı dinlənilmək və
anlaşılmaq istədi. Bu ehtiyacların
qarşılığında isə avtomatik şablon
reaksiyalar yarandı. Uzaqlıqdan doğan doğmalıq
insanı yad bir varlığa bağlayaraq, tədricən
insanlıqdan uzaqlaşdırdı. Artıq elə məqam gəlir
ki, insan hisslərini daşıya bilmir, onları ruhsuz, dərinliyi
olmayan güzgüyə ? süni zəkanın "soyuq,
cansız dünyasına" etibar edir.
Özünə yadlaşan insan ən dərin
duyğularını dayaz bir alqoritmə tapşırır. Bu
acı reallıq davam edəcək kimi görünür. O
halda sual doğur: sənət hansı astanadadır? Süni zəka
musiqi bəstələyir, şeir yazır, əsər
yaradır. Bir vaxtlar xüsusi istedad tələb edən
yaradıcılıq indi hər kəs üçün əlçatan
olub. İnsanların təxəyyülündə yaratmağa
çalışdıqları obraz və dizaynları alqoritmlər
reallaşdırır.
Məsələn, 2016-cı ildə yaradılan
"The Next Rembrandt" layihəsi süni intellektin sənət
dünyasına gətirdiyi ən məşhur və səs-küylü
nümunələrdən biridir. Bu layihənin əsas məqsədi
niderlandlı dahi rəssam Rembrandtın stilini,
texnikasını və fırça vuruşlarını təqlid
edərək tamamilə yeni bir portret yaratmaq idi və buna nail
olundu da. Tamaşaçı bu rəsmə baxanda onu həqiqətən
də Rembrandtın əl işi zənn edə bilərdi.
"The Next Rembrandt" layihəsi sənət, texnologiya və
yaradıcılıq anlayışlarının yenidən
müzakirələrə səbəb oldu: "Süni
intellektin yaratdığı əsər sənət hesab oluna
bilərmi?" ?sualını ortaya çıxardı.
Həmçinin, "Edmond de Belamynin Portreti"
adlı əsər süni intellektin yaratdığı və
hərracda satılan ilk rəsm kimi tanınır. Fransız sənət
kollektivi olan "Obvious" tərəfindən yaradılan bu
əsər "Generative Adversarial Network" adlanan bir
alqoritmin köməyi ilə 14-cü əsrdən 20-ci əsrə
qədər olan 15 min portretin məlumatlarından istifadə
edilərək yaradılıb. Əsər 2018-ci ildə
432,500 ABŞ dollarına satılıb.
Süni intellektin bəstələdiyi musiqilərə
ən yaxşı nümunələrdən biri "Amper"
adlı layihədir. Bu proqram istifadəçinin verdiyi
göstərişlərə (məsələn, "pop"
"hip-hop) əsasən qısa müddətdə orijinal
musiqi parçaları yarada bilir.
Süni intellektin sənəti bu cür "dekorativləşdirməsi"
müsbət cəhət olsa da, əslində bu, sənətin
dərinliyini və unikal ruhunu itirməsi riskini yaradır bir
nöqtədə. O, insanın düşüncələrini
təqlid edən bir güzgü rolunu oynayır və insan
onun üçün bir məlumat bazası funksiyası
daşıyır. Amma travmalar, kədər və sevgi kimi
hisslər təkrar edilə bilməyəcək qədər
unikaldır. Sənəti yaradan əsas səbəblər
daxili çətinliklər, orijinallıq, fərdi təcrübələr
və travmatik yaşantılardır. Məhz bu xüsusiyyətlər
sənəti ölməz edir. Bütün sənət
növlərinin ruhunda insan nəfəsi, həyəcandan titrəyən
əlin təması, unudulmamaq, iz buraxmaq, əbədiyyəti
arzulayan fanilik duyğusu var. Sənət daxili mübarizələri,
ziddiyyətləri və travmaları incə bir ruha, gözəlliyə
çevirən prosesdir.
"Söz dayanmış zaman formasıdır, ona
görə mən sözümü əbədiyyətə
hesabladım", - deyən Rüstəm Behrudinin bu fikri
zamansız bir fəlsəfi baxışa çevrilib, bu həqiqətləri
xatırladır. Ədəbiyyatı və incəsənəti
ölməz edən bəlkə də bu daxili təlatümlər,
iz qoymaq istəyi və yaşanmış insan hissidir.
Mikayıl Müşfiq həyatdan doymayanda, əsrin
tufanı onu dərdlərlə yaralayanda da bütün bu
çətinliklər və həyəcanlar misralara
köçmüşdü. Yaşamaq ehtiyacı, qalmaq arzusu
beləcə minlərlə şeirdə əbədiləşdi.
Xəlil Rza Ulutürk həbsdə olarkən özünə
ümid və kədərin qovuşduğu bir inamla xitab
edirdi: "Xəlil, sən qayasan, dərdə dözərsən..."
Ələkbər Tağıyev "Sən gəlməz
oldun" mahnısını dərin kədərin və
ağrının qovuşağından süzülən
duyğularla bəstələmişdi. Həmçinin,
şeirlər də ümidin kədərlə birləşdiyi
nöqtədə doğulur.
"Ölə-ölə yazmıram, yaza-yaza
ölürəm", - deyən Məmməd Arazın cismani
çöküşü, xəstəliyinin misralarla ölməzliyə
çevrilməsi onu əbədiləşdirən məfhum
idi.
Süni intellekt isə sadəcə bir təqlidçidir.
Daxili çətinliklər və iz qoymaq qorxusu onu narahat
etmir. O, insan ehtiyaclarını təmin edir. Onu əbədiyyətə
və yaşamağa sövq edən heç bir daxili səbəbi
yoxdur. Bəziləri "Süni intellekt musiqi bəstələyir,
şeir, hekayə yazır, deməli, o da sənət
yaradır", ? deyə düşünür. Amma sənət
sadəcə struktur deyil. Sənət ən dərinlərdə
təcəssüm edən hisslərin ruhudur, izidir. Hər
zaman bir səbəb hisslərin doğulmasına vadar edir; hər
zaman bir ehtiyac insanı yaratmağa meyilləndirir: kədər,
sevgi, nifrət, həsrət və digər duyğular.
Tanrının səxavətlə, əliaçqılıqla,
insan olma hissini yaşamaq üçün verdiyi nemətlər:
insanı insan edən də bu vadarlıqlardır. Süni
intellekt yarada bilər, ancaq insanın daxilində təzahür
edən dərin duyğuları duya biləcək qədər
təsirli ruh yarada bilməz.
Sənət sadəcə iz qoymaq və yaratmaq deyil. Sənət
ölümlə yaşam arasında doğulan melanxoliyanı
varlıqla birləşdirmək mübarizəsidir.
Nəzrin ABBASLI
Naxçıvan Dövlət Universitetinin Jurnalistika
ixtisası üzrə IV kurs tələbəsi
525-ci qəzet .- 2025.- 22 avqust (№149).- S.6.