Naxçıvan musiqi mühitinin görkəmli yetirmələri

 

(Əvvəli ötən sayımızda)

 

Zəngin mədəniyyəti ilə bəşər tarixinin ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın dünya səviyyəsində qəbul edilən Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində musiqi ilə bağlı təsəvvürlər, musiqi və rəqsin vəhdətindən ibarət olan təsvirlər xalqımızın ilkin musiqi sənətinin, musiqinin xalq həyatında və məişətindəki yerinin göstəricisi olmaqla, musiqinin xalqımızın məişət mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi önəmli rol oynamasından xəbər verir.

XX əsr bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında olduğu kimi, Naxçıvanda da ədəbi-mədəni həyatla yanaşı, milli mədəniyyətimizin inkişafında, xüsusilə musiqi sahəsində sürətli inkişaf mərhələsi olub.

Nəriman Məmmədov yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin, eləcə də Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Nəriman Həbib oğlu Məmmədov 1927-ci il dekabrın 27-də Naxçıvan şəhərində anadan olub. O, kiçik yaşlarından musiqiyə həvəs göstərməyə başlamış, musiqi sahəsində ilk addımlarını da Naxçıvan şəhərində fəaliyyət göstərən pioner və məktəblilər evində (indiki Heydər Əliyev adına Uşaq və Gənclər Sarayı) atmışdı.

Pioner və məktəblilər evində yaradılmış tar dərnəyində, Səfər Rəcəbovun sinfində təhsil alan bəstəkar, daha sonra Naxçıvan şəhər 1 saylı uşaq musiqi məktəbində təhsilini davam etdirmişdi. Hələ usaqlıqdan hiss olunan qeyri-adi musiqiçilik istedadı həm müəllimlərinin, həm də valideyinlərinin nəzər-diqqətini cəlb edib. O vaxt kimsənin ağlına belə gəlməzdi ki, doğma diyara dərin tellərlə bağlanan bu balaca oğlan illər sonra bu yerləri vəsf edən sanballı musiqi əsərləri yazacaq, Naxçıvan torpağı bəstəkar övladının bəstələrində, necə deyərlər, başdan-başa gül açacaqdı. "Naxçıvan", "Araz üzərində Çənlibel Qalası", "Qızlar bulağı", "Çiçəklənən Naxçıvan", "Sirab" kimi təkrarsız əsərlər sənətkarın torpaq, el sevgisindən yaranıb onun yaradıcılığında önəmli yer tutacaqdı.

Musiqi məktəbini uğurla bitirdikdən sonra Nəriman Məmmədov Asəf  Zeynallı adına Bakı Musiqi Texnikumuna (indiki Bakı Musiqi Kolleci) daxil olur. Texnikumda oxuduğu illərdə o, xalq çalğı alətləri üçün "Suita"sını bəstələyir. Hələ musiqi texnikumunda oxuyarkən gənc Nərimanın xalq çalğı alətləri üçün bəstələdiyi suitası görkəmli bəstəkar, dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənir. Bu bəstəkarın incəsənət dünyasına ilk uğurlu addımı idi. Onu da qeyd edək ki, Nəriman Məmmədov ayrı-ayrı illərdə Bakı Musiqi Akademiyasının iki fakültəsini bitirib: musiqişünaslıq üzrə 1956-cı ildə, bəstəkarlıq üzrə (professor C.Hacıyevin sinfi) 1961-ci ildə bitirmişdir. Nəriman Məmmədov nədən və kimdən yazırsa yazsın, öz lirik dünyasına, daxili məninə sadiq qalan bəstəkar, musiqişünas idi. Məhəbbətlə, ilhamla yazdığı müxtəlif janrlı əsərlər onun musiqi istedadından, dərin bilgilərindən irəli gəlirdi.

Səməd Vurğunun eyniadlı poeması əsasında yazılmış "Humay" baleti 80-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında səhnələşdirilmişdi. "Humay" baletində muğamlarımızdan məharətlə istifadə edilib. Xalq artisti Cövdət Hacıyevin fikrincə, "Nəriman Məmmədov Humay ilə balet tariximizin yeni parlaq səhifəsini açdı". Maraqlıdır ki, baletin klaviri Moskvada çap edildi. Bəstəkarın yaradıcılığında instrumental musiqi müxtəlif janrlarla təmsil edilir. Onun xüsusilə proqram xarakterli simfoniyaları - Hüseyn Cavidə həsr olunmuş IV simfoniyası, Xocalı faciəsinə həsr olunmuş VII simfoniyası və "Fərhad və Şirin" poeması diqqətəlayiqdir.

"Humay", "Şeyx Sənan" baletləri, 5 musiqili komediya - "Altı qızın biri pəri", "Qız görüşə tələsir", "Məmmədəli kurorta gedir" (T.Bakıxanovla birlikdə), "Olacağa çarə yoxdur", "Pasport", 7 simfoniya (IV - Hüseyn Cavidə, VII - Xocalı şəhidlərinə həsr olunub), fleyta, violin və piano üçün trio, simfonik poema, zərb alətləri və orqan üçün poema, "Azərbaycan" oratoriyası, piano və orkestr üçün 5 konsert, xalq çalğı alətləri orkestri üçün "Dəstgah", "Zərbi-muğam", Azərbaycan şairlərinin sözlərinə bəstələnmiş mahnılar və sair əsərləri onun musiqi sənətimizə dəyərli töhfələridir.

N.Məmmədov bir musiqişünas kimi Azərbaycan muğamlarının notlaşdırılması və tədqiqi sahəsində mühüm xidmətlər göstərib. Tarzən-pedaqoq Əhməd Bakıxanovun ifasından "Rast", "Şur", "Çahargah", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun", "Şahnaz", "Rahab" muğamlarını instrumental şəkildə, xanəndə (Hacıbaba Hüseynov, Yaqub Məmmədov) və sazəndə dəstəsinin ifasından "Çahargah" (Moskva, 1970) və "Rast" (Moskva, 1978) muğam dəstgahlarını vokal-instrumental şəkildə nota salıb.

Ötən əsrin 50-ci illərində şifahi peşəkar musiqinin bilicisi bəstəkar Nəriman Məmmədov muğam dəsgahlarının silsilə şəkildə yazılması işinə başlayır. Bunun nəticəsində müxtəlif illərdə "Bayatı-Şiraz", "Şur" instrumental, "Çahargah" və "Rast" vokal instrumental muğam dəsgahları Moskvada, "Rast", "Şahnaz", "Çahargah",  "Humayun", "Segah", "Zabul" və "Rahab" instrumental muğamları isə Bakıda nəşr olunur. Bu nəşrləri Azərbaycan musiqi irsinin mənimsənilməsində və öyrənilməsində mühüm bir mərhələ saymaq olar. Bütün bunlar bəstəkar-musiqişünas Nəriman Məmmədovun milli musiqimiz qarşısında qiymətli xidmətləridir.

Nəriman Məmmədov həm də gözəl lirik mahnılar müəllifi idi. "Nə zaman darıxmışam", "Döyünən ürək", "Yenə peşman oluram", "Gözüm axtarır səni", "Sənin eşqin, mənim eşqim", "Səndə çoxdan gözüm var", "Kaş güləydi bəxtimiz", "Ulduzun olaydım", "Küsmüşəm, dindir", "Ayrılıq olmasaydı", "Tez səni axtarıram", "Mən səni axtarıram", "Mən səninəm" mahnıları oxunduqca xəyalımızda onun sənətkar obrazı yenidən canlanır. Qeyd edək ki, bəstəkarın mahnılarını bütün dövrlərin ən məşhur müğənniləri oxuyub - Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Flora Kərimova və digərləri. Təbii ki, bu siyahını uzatmaq da olar, ancaq bəstəkarın əsərləri kim tərəfindən oxunursa oxunsun, daim müəllifinin ünvanına gur alqışlar qazandırır. Hər dəfə bu mahnıları dinləyəndə bəstəkar qəlbinin həzin pıçıltıları, kövrək hissləri, zərif duyğuları aydınca hiss olunur.

Görkəmli bəstəkarın yaradıcılığından qırmızı xətt kimi keçən və ona böyük şöhrət gətirən üç musiqili komediyası Azərbaycan musiqisinin qızıl fondunu bəzəyir. "Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" musiqili komediyaları Azərbaycan Dövlət Musiqili Komediya Teatrında uğurla tamaşaya qoyulub. Bəstəkarın böyük şairimiz Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında yazdığı "Humay" baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uğurla səhnəyə qoyulub.

N.Məmmədov Ə.İsazadə ilə birlikdə Azərbaycan xalq yaradıcılığının örnəklərini toplanıb nəşr edilməsində böyük xidmətlər göstərməklə "Azərbaycan xalq mahnıları və oyun havaları" məcmuəsini tərtib etmişdi. O, elmi məcmuələrdə çıxan bir sıra mühüm məqalələrin müəllifidir.

Nəriman Məmmədovun heyranedici, çoxşaxəli bəstəkarlıq yaradıcılığı vardır. O, yeddi simfoniya yazıb. Bəstələdiyi 7 konsertindən dördü fortepiano ilə simfonik orkestr, 7-ci konserti isə fleyta ilə orkestr üçün yazılıb. Fortepiono üçün yazdığı konsertlərin ikisi Moskva radiosunun fondunda saxlanılır. Nəriman Məmmədov bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər, instrumental əsər-kvartet, trio və sonata bəstələməklə yanaşı, öz yaradıcılığında mahnı janrına da xüsusi yer ayırmışdı. 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılıb. Bəstəkar öz mahnılarının mətnləri üçün əsasən şairlərdən R.Rza, B.Vahabzadə, F.Qoca, R.Heydər, R.Muxtar, N.Kəsəmənli, R.Abdullayev, M.Urud və X.Vəfanın sözlərinə müraciət edib.

N.Məmmədov Azərbaycan Respublikası (1982) və Naxçıvan Muxtar Respublikasının (1974) Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti (2005) fəxri adlarına layiq görülüb. O, 1961-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilmişdi.

Qayğıkeş müəllim, görkəmli bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Nəriman Məmmədov ömrünü musiqi mədəniyyəti tariximizə xidmətdə başa vurdu. 2015-ci ilin aprel ayının 6-da dünyasını dəyişdi, mənalı ömrünün son gününədək yazıb-yaratdı. Özündən sonra xalqımıza ölümsüz əsərlər buraxdı. İllər keçsə də, o dəyərli incəsənət xadimi hər zaman mahnıları, müxtəlif əsərlər ilə xatırlanacaq. Bu gün bizim sevərək dinlədiyimiz mahnılar bəstəkarın mənalı ömrünün akkordları, musiqi xəzinəmizin dəyərli inciləridir. Yoxluğu Azərbaycan bəstəkarlıq mühitində, mədəniyyət dünyamızda da hiss olunmaqdadır. Naxçıvan torpağının bəstəkar oğlu musiqiyə xidmətləri və zəngin fəaliyyəti ilə öz adını əbədiləşdirib.

Naxçıvan musiqi məktəbinin Ramiz Mirişli və Nəriman Məmmədov kimi görkəmli nümayəndələrinin yaradıcılıq fəaliyyətləri mənəvi dəyərlərimizin, eləcə də milli musiqimizin inkişafına, təbliğinə təkan verib. Görkəmli musiqi xadimlərinin bəstəkarlıq sahəsində əldə etdikləri nailiyyətlər bu gün də onları yaşadır. Belə ki, dövlətimiz tərəfindən vaxtaşırı yubileyləri keçirilir, adları əbədiləşdirilərək müxtəlif müəssisələrə, musiqi məktəblərinə verilib. Onların həyat və yaradıcılıqları tədqiqatçıların diqqət mərkəzindədir. Bu sənətkarların hər biri haqqında tədqiqatlar aparılıb, kitab, monoqrafiya, məqalələr yazılıb. İnamla deyə bilərik ki, bundan sonra da onların həyat və yaradıcılıqları ardıcıl tədqiqata cəlb ediləcək, daha geniş araşdırılaraq yeni-yeni monoqrafiyaların, kitabların, məqalələrin ərsəyə gəlməsinə yol açacaq.

 

Aysel NOVRUZOVA

AMEA Naxçıvan Bölməsi İncəsənənət Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.23.