Arxitektura, insanın təbiətlə
rəqabət səhnəsidir
İbtidai insan təbiətin mərhəmətinə
sığınırdı
Təbiət özünün yaratdığı
canlılar arasında ən alisi sayılan insanı dünyaya
gətirir, ona, ömür sürdüyü məkandan ibarət
yaşayış mühiti yaradır, son mənzilə yola
düşənə qədər ona öz
qayğısını dayandırmaq istəmir. İnsan öz
valideynləri olan ata və ana tərəfindən həyata gətirilsə
də, təbiətin özünün də təəccübünə
səbəb olmaqla, çünki o, yeganə canlı
varlıq növüdür ki, daim yaradıcı fəaliyyətlə
məşğul olmağa can atır, ona görə də həyat
adlanan bu ədəbi ağacın qönçələri,
çiçəkləri və bəhrələri təsirini
bağışlamaqla, müxtəlif səviyyədəki
idraka malik olmaqla, həm də ali mənşəyini sübut
etmək kimi müxtəlif rollarda çıxış etməli
olur. Təbiət insana öz mərhəmətini göstərməsəydi,
ona həm də mühitə uyğunlaşmaq həvəsi və
sönməz fəaliyyət qabiliyyəti bəxş etməsəydi,
bu bütün canlılardan tam fərqli olan bir varlıq, sərt
şaxtanın və ya qızmar istinin təsiri nəticəsində,
digər çətinliklərə də davam gətirməyib,
məhv olardı. Bir iqlimə öyrənmiş heyvan isə,
adətən əsasən başqa iqlimdə yaşaya bilmir.
İki milyon il bundan əvvəl yaranmağa
başlayan insan nəsli, Yer kürəsinin meydana gəlməsi
isə daha uzun, dörd milyardlıq tarixə malikdir, min illər
ərzində əsasən fasilə vermədən öz
ardıcıl davamına nail olmuş, torpaq üzərindəki
bəşər adlanan toplumun həyatı min illəri bəzəmişdir.
İnsan dözümlülüyü, zəhmətsevərliyi,
həyatına xüsusi məna verən mübarizəsi ilə,
ilk müəllimi olan ana təbiətin özündən, onu əhatə
edən ətraf mühitdən dərs almışdır. Ona
görə də ibtidai insan təbiətin övladı hesab
olunurdu.
İlk insanlar dünyaya gələndə
yaşayışın sərt üzü ilə
qarşılaşmalı olmuş, yalnız təbiətin mərhəmətinə
sığınmaqla ömür sürə bilmiş,
yaşamaq üçün ona şərait yaradan vasitələrdən
də istifadə etmişdir. Ona görə də həyatını
öz tələbatına uyğun qaydada, çətinliklərlə
dolu olsa da, təmin edə bilmişdi. İbtidai insan təbiətin
qoynunda yaşamaqla, bunu ana ağuşu kimi qəbul etmiş,
ağacların çətiri altında, yarpaqlardan ibarət
olan yorğandan istifadə etməklə yatmış, yorulanda
dincini almağı bacarmışdı. Təbiət ona bəzi
yerlərdə daha yararlı sığınacaq növü
olan mağaraları təqdim etmiş, onda məskunlaşan
insan həmin mühitin rütubətinə və
qaranlığına, digər diskomfortuna da dözməyi
bacarmışdır.
Qədim yunan mifologiyasının qəhrəmanı
Prometey insanlara oddan istifadəni bəxş etməklə, əvvəllər
gecələr əsasən əsl köstəbək həyatı yaşayan insan,
artıq bu nemətin köməyi ilə daha yaxşı
yaşayış şəraitinə malik olmuş,
sığınacağını tərk etdikdə, Günəş
işığından və hərarətindən həzz
aldığı kimi, artıq özünün həyat
üçün vacib olan qüvvələrini daha da möhkəmləndirmişdi.
İbtidai insan həm də təbiətin
yaratdığı bol ərzaq ehtiyatlarından - bitki meyvələrini
və köklərini toplamaqla, heyvanları ovlamaqla, balıq
tutmaqla öz qidalanmasını təmin edə bilmişdi.
Əlbəttə, bu qidanın əldə edilməsi
ağır zəhmətlə və müəyyən təhlükə
ilə müşayiət olunurdu, qida maddələrini təbiət
yarımfabrikat kimi təqdim etsə də, mədənin tələbatını
ödəmək prosesi həm də tər tökmək və
fiziki yorğunluqla mükafatlanırdı. Lakin bu zəhmət,
onda meydana gələn və çətinlikləri də dəf
etməyə qadir olan həyat
qığılcımının sönməsinə imkan
vermirdi.
İlk insan təbiətdən daim mərhəmət
umsa da, özü də fəaliyyətsiz dayanmamış,
primitiv yollarla da olsa, yaşayış şəraitini hərtərəfli
qaydada yaxşılaşdırmağa
çalışmışdı. Bu məqsədlə onlar
daha yaxşı şəraitə sahib olmaq üçün
miqrasiya etmiş, əvvəlki yurd rolunu oynayan və o qədər
də yaxşı olmayan məkandan uzaqlaşmış və
nisbətən daha əlverişli mühit
axtarışlarını heç vaxt kəsməmişdir. Həmin
insanları vətənindəki ağır şəraitdən
xilas olmaq üçün oranı tərk edib, Avropaya və
Amerikaya yollanan immiqrantlara bənzətmək olardı. Bu məsələdə
ilk icmaların yaranması da mühüm rol
oynamışdır, tək fərdi şəkildə əvvəlki
mühitdən uzaqlaşmaq həyatın məhvi ilə nəticələnə
bilərdi, axı ona təhlükə törədən cəhətlər
də heç də az deyildi. Afrikanın şimali-şərqində
meydana gələn ilk insan dəstələri oradan
çıxıb, Asiya, sonra isə Avropa qitəsinə
yayılmağa, oraları məskunlaşdırmağa
başlamışdı. Mərkəzi Asiyada yaşayanlar
sonrakı macəra axtaranlar nəsli kimi o vaxtlar quru olan və
iki qitəni ayıran Berinq boğazından keçərək,
yeni materiklərə - Amerikalara köç etmişlər.
Onların bu ağır və cəsarətli səfərlərinə
həsəd aparmaq olardı. Şimali Amerikadan onlar həm ətalət,
həm də axtarış məqsədinin təsiri
altında Mərkəzi Amerikaya və ikinci qitə sayılan
Cənubi Amerikaya istiqamət götürmüş, sonralar
Kolumbun tədqiq etdiyi Yeni Dünyanı, adlandırmasında səhvə
yol verdiyinə və bu torpaqlara Hindistan hesab etdiyinə görə,
hindu adlanan çox saydakı tayfalar bu nəhayətsiz əraziləri
məskunlaşdırmışdılar.
Bu ilk tədqiqatçılar, onları sərgərdanlar
da adlandırmaq olardı, daşıyıcı nəqliyyat
növünə və ya minik heyvanına malik deyildilər,
ancaq öz ayaq əzələlərinin onlara sədaqətlə
xidmət edəcəyinə ümid edirdilər və onun
köməyi ilə nəsilbənəsil
ağlasığmayan uzaq məsafələri qət edə
bilmişdilər. Onları indiki vaxtda Meksikadan Kanadaya və
geri səfər edən monarx kəpənəklərinə bənzətmək
olardı. Kəpənəklər, köçəri
quşlar və nəsli artırmaq üçün şirin
su axtaran bəzi balıq növləri uzaq məsafələri
öz instinktlərinə uyğun olaraq qət edirdilər. İnsan
isə bəzi instinktlərə malik olsa da, həmin tiplərə
məxsus olan instinktin mühüm növlərindən məhrum
idi. Lakin onda axtarış həvəsi çox güclü
idi və bunun hesabına o, vikinqlərdən və Kolumbdan
çox-çox, bəlkə də min illər əvvəl
iki yeni qitəni kəşf və fəth edə bilmiş,
orada məskunlaşmağa və gələcəkdə
öz sivilizasiyasını yaratmağa nail olmuşdu.
İbtidai insan düşdüyü yeni mühitdə,
onun təklif etdiyi təbii vasitələrdən istifadə
etməklə, öz tələbatını qismən də
olsa, ödəməyi bacarmışdır. Axı onun
yaşadığı kiçik bir ərazinin ətrafında
həyat qaynayırdı, bu mühitdə olan flora və
faundan o, özünə lazım olanları almağı
bacarırdı. İnsanlar daşdan kəsici alətlər,
obsidiandan isə daha sərfəli və xüsusi təyinatlı
iti skalpellər hazırlamışdılar. Nefriti isə onlar
qızıl səviyyəsinə qaldırmışdılar.
Lakin insan ağlı güclü işlədiyindən, əvvəlki
adət olunmuş xammal yoxa çıxdıqda, başqa vasitələri
də işə salmaqdan çəkinməmişdir.
Çinin ərazilərinin çoxunda daş materialı
olmadığından, adamlar bambuk ağacının gövdəsindən
belə bıçaq tipli alətləri hazırlamağı
başlamışdı. Xammal seçiminin çətinliyi və fərqliliyi insanı istehsal məqsədindən
uzaqlaşdıra bilməmiş, o, daim öz tələbatını
ödəmək üçün müxtəlif vasitələrə
əl atmağı özü üçün ağır zəhmət
hesab etməmişdi. Buzlu Qütb zolağında yaşayan
eskimoslar və Qrenlandiya inuitləri təbiətin verdiyi
hazır materialdan istifadə edib, özləri
üçün iqlu adlanan evləri buzlaşmış iri qar
parçalarından tikirdilər və bu tikili, evin sakinlərini
küçədəki sərt şaxtadan müdafiə
edirdi.
İbtidai insanda həm də estetik zövq
işartıları meydana gəlmişdi. Düzəldilən
alətər heç vaxt iri həcmli və kobud olmurdu, əllə
istifadəyə yararlılıq başlıca meyar hesab
olunurdu. Təbiətin təsiri, daha dəqiq deyilsə,
insanın müşahidə qabiliyyəti onda ilk
yaradıcılıq elementlərini meydana gətirmişdi.
Mağaralarda və qayalarda insanlar rəsm çəkməyə
başlamış, müxtəlif
boyalar düzəldə bilmiş, bu ilkin tablolarda əsasən
qorxduqları və övladıqları, bəzən isə
mistik heyvanları təsvir etməyə nail olmuşdular. Beləliklə,
hələ konqitiv qabiliyyətə, özünü dərk
etməyə yiyələnməmiş insan ilk növbədə
təbiəti, gündəlik həyatda gördüklərinin
nümunələrini anlamağa çalışmış və
ona görə də ilk rəngkarlıq işlərində məhz
onların təsviri ilə kifayətlənmişdi.
İnsanın, digər canlılardan - heyvanlardan,
quşlardan və balıqlardan fərqli olaraq, öz
yaşayış mühiti sahəsində təbiətin əliaçıqlıqla
verdikləri ilə kifayətlənməməsi, həyat
şəraitini yaxşılaşdırmaq üçün
cürbəcür vasitələrə, yollara əl atması
da onun yeni qabiliyyətlərə yiyələnməsinin nəticəsi
idi. Mağaranın dar, ağır, cansıxıcı
havasından xilas olmaq istəyən insan Günəşin
işıq saçdığı məkanda yaşamaq naminə
öz əli ilə yeni sığınacaq növlərini
yaratmağa - yer üstündə evlər tikməyə
başladı. İdrak qabiliyyətinə yiyələnən
insan, artıq onu nəyə istiqamətləndirmək
lazım olduğunu da öyrəndi.
Axı hər bir heyvan və
ya quş özünə yuva qursa da, belə mükəmməl
sığınacaq yaratmağa qadir deyildi. Onlar əsasən təbiətin bəxş etdiyi və
özünün də müəyyən xırda düzəliş
verdiyi bir sığınacaqla kifayətlənməli olmuşdu.
İnsan isə, özünün fərqli olduğunu göstərmək
və təsdiq etmək üçün təbiətə məlum
olmayan sığınacaq növünü yaratmaqla, ondan
bütünlüklə asılı olmadığını
sübut etməyə çalışdı. Tikilən ev
artıq heç də sadə yuva deyildi, daha əlverişli
şəraitə malik olan bir süni məkan idi. Təbiət
özünün bir hissəsi saydığı insanın,
onun qayğısı dairəsindən kənara
çıxıb, öz şəraitini
yaxşılaşdırmasına, əlbəttə ki,
qısqanclıqla yanaşmaya bilməzdi. Ona görə də
insanı ağır sınaqlara çəkən təbii fəlakətlər
baş verirdi, çuğlayan təbii qüvvələr
insanın yaratdıqlarını və özünü hətta
məhv etməyə də girişirdi.
Ev tikmək, insanın yaradıcılıq qabiliyyətinin
inkişafı kimi
İlk anlarda ev tikməyi, sonralar isə icmaların kənd
və şəhərlər salmasını insanın inqilabi
fəaliyyət növlərindən biri və bəlkə də
birincisi saymaq olardı. Baxmayaraq ki, təkərin icad edilməsi
birinci texniki inqilab hesab olunur. Bu ev tikmək praktikası
hansısa həvəs hesabına deyil, həyati tələbat
səviyyəsinin yüksəlməsindən irəli gəlmişdi.
Kiçik ailə və ya icma hətta o qədər də
böyük olmayan mağarada da yerləşə bilərdi,
böyük ailələrə, həcmi genişlənən
icmaya isə daha böyük sığınacaq, süni surətdə
yaradılan və insan əlinin və ağlının bəhrəsi
şəklində tikilən evlər lazım idi.
Yaradıcılıq qabiliyyəti insanı daha böyük işlərə
həvəsləndirirdi, bundan heç vaxt imtina etmirdi.
Böyük filosof Mark Avreli demişkən: "Nə şəhərə
ziyan vurmursa, vətəndaşa da ziyan vurmur. Pətəyə
xeyir gətirməyən, digər arılara da fayda verməyəcək".
İnsan isə yeni icadından özü üçün
yalnız fayda görürdü.
Ev tikmə arxitekturası sosial icma tərəfindən
meydana gəlmişdi, fərdi, ailə, klan və ya ondan
asılı olanlar üçün nəzərdə tutulurdu.
Özü də təkcə adamlar üçün deyil, həm
də onları qida ilə təmin edən heyvanları saxlamaq
üçün tikilirdi. Sığınacaq rolunu oynamaqla
yanaşı, həyatın fiziki funksiyalarının
bünövrəsini müdafiə etmək məqsədini
güdürdü. İnsanlar məskunlaşdığı
yerləri həm də öz ehtiyaclarına
uyğunlaşdırıdı. Dəniz sahilində və
meşə ətrafında yaşayanların həyat şəraiti
fərqli olmaqla, bir-birinə bənzəmirdi.
Sonrakı dövrlərdə isə kommersiya, sənaye
və kənd təsərrüfat fəallığı,
icmadan daha möhkəm olan ailə birliyinə gətirib
çıxardı. Ev tikmə arxitekturasının vacib tələbləri
əvvəllər sadə idi. Bu, elə bir yer olmalı idi ki,
orada yatmaq, qida hazırlamaq və güman ki, işləmək
mümkün olsun. Bu yer müəyyən işığa
malik olmalı və adamı havanın dəyişilməsindən,
əsasən soyuqdan qorumalı idi. Adamın və ev
heyvanlarının içməli su ilə təmin edilməsi
imkanı da vacib məsələ sayılırdı. Su təchizatı
naminə bütün vasitələr işə salınırdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.22.