I Əbülhəmidi
öldürən Krım işğalı
Çox sevdiyim və bu günlərdə
dördüncü dəfə oxumağı nəzərdə
tutduğum üçün yatağımın yanına
qoyduğum kitabın bir səhifəsində iqtisadçı
Roger Babsondan sitat gətirilmişdi. Tanımadığım
bu adamın ömür boyu qulağıma sırğa edəcəyim
cümlələrini ilk dəfə oxuyanda gülümsəmişdim.
Deyir ki: "Mövcud problemlər altında əzildiyimi hiss
edəndə bunun öhdəsindən gəlməyin yolunu
tapdım. Gedirəm kitabxanaya, gözlərimi yumuram və
tarix rəflərinin önündə təsadüfü bir
kitaba əlimi uzadıram. Gözlərimi açmadan
kitabın bir səhifəsini açıram və bir saata qədər
oxuyuram. Oxuduqca dünyanın həmişə acı, kədər
içində olduğunu, sivilizasiyanın uçurumun
eşiyində olduğunu daha yaxşı anlayıram. Tarix səhifələri
müharibə, yoxsulluq, xəstəliklər, zülm hekayələri
ilə doludur. Bunları oxuduqca bu günün şərtlərinin
dünəndən çox daha yaxşı olduğunu fərq
edirəm. Bu, məni mövcud sıxıntılara fərqli
yöndən baxmağa, dünyanın daha yaxşı yönə
getdiyinə inandırır". Dünyanın daha
yaxşı yönə getdiyini iddia edə bilmərəm,
amma Babsonun dediyindən çıxardığım bir
başqa həqiqət də var. Tarixi abidələri gəzdikcə,
saraylara, qəsrlərə getdikcə yüz illər, min illər
öncəni araşdırdıqca ciddi bir aydınlaşma ilə
üzləşirsən. Məsələn, hətta
ağlına gətirməyə qorxduğun ölüm belə
mümkün və adi görünməyə başlayır
gözündə. Düşünürsən ki, bu boyda
imperatorluğu 15-20, hətta Sultan Süleyman kimi 46 il idarə
edən bir hökmdar ölübsə, sən niyə bu fikirdən
dəli kimi qaçırsan? Əmin olursan ki, bütün təkəbbürlər,
yekələnmələr, hər şeyin sonsuza qədər
sürəcəyinə inananların nağılları,
adlar, mükafatlar, ordenlər, medallar, adının
başındakı titullar, vəzifələr, statuslar
hamısı boşunadur, çünki ölümü bir
gün hər canlı dadacaq. Bu, pessimistlik deyil, bu dərkdir,
idrakdır və həyat da elə bu nöqtədən
başlayır.
Məscid yerinə imarət
Yolum Fatehədir; Hobyar Məhəlləsində I
Əbdülhəmidin türbəsinə. 1776-1777-ci illərdə
inşa edilib. Əslində, sultanın istəyi bu ərazidə
bir dənə də məscid tikdirmək idi, ancaq
yaxınlıqda Yeni məscidin olduğunu görüb şəhərin
ən izdihamlı səmtində olan böyük məbədin
yaxınlığında imarət tikilməsinin daha xeyirli
olacağını düşünür və məscid
fikrindən daşınır. İmarətin yanına mədrəsə,
çeşmə, kitabxana, səbil əlavə etdirir.
Binanın əsasını memarbaşı Mustafa Ağa qoyur,
digər memarlıq işlərini Bəylərbəyi məscidini
inşa edən Tahir Əfəndi tamamlayır. Məşrutiyyətin
ilk illərində bu imarət Vəqiflər naziri Xeyri Əfəndi
tərəfindən dağıdılaraq yox edilir. Yerində
isə bu gün gördüyümüz bircə dənə
bu türbə qalır. Əslində, türbənin
içində Sultan I Əbdülhəmid yatmasa, böyük
ehtimal onun da axırına çıxardılar.
Dağıdılan imarətin səbilini bu gün Gülhanə
parkının qarşısında görmək olar. Səbili
o vaxt ora aparmağı bacarıblar. Yeri gəlmişkən,
Osmanlıya aid artıq neçənci abidədir ki, çəkib
harasa aparırlar. Buna rəğmən, illərlə, əsrlərlə
daşındığı yerdə belə ilk gündə
olduğu kimi möhkəm qala bilir. Bu gün bir dənə
divarı geri çək, bax gör yerində nə
qalır?!
Türbəyə gəldikdə isə, barok
üslubundadır. XIX əsrdə Von Xammer bu tikili haqqında
belə deyib: "Bu türbə gözəl və zadəganlığa
xas üslubda inşa edilib. Qanuni Sultan Süleymanın gözəl
türbəsini keçməsə də, binanın təzə,
yeni halda olması onu ziyarət olunmalı məkana
çevirib". Haqlıdır.
Dördbucaqlı türbənin tikintisində tamamilə
mərmərdən istifadə edilib. Önündə atrium
var. Kənardan ikimərtəbəli görünən qübbəli
abidədir. İçəri 26 pəncərə ilə
aydınlanır. Abidənin içərisində, divarın
ortasında Məhəmməd Peyğəmbərin ayaq izi
olduğu iddia edilən mərmər daş var. Buna Qədəm-i
şərif deyirlər. Görən kimi öz-özümə
verdiyim ilk sual bu oldu: Bu mərmərin burada nə işi var?
Sonra öyrəndim ki, Qədəm-i şərif Şam
yaxınlarındakı Qədəm kəndindən I
Əbdülməcidin istəyi ilə bu əmanəti
saxlamaqla mükəlləf olan Şeyx Məhəmməd Ziyad
tərəfindən gətirilir. Vəzir Xəlil Həmid
Paşa tərəfindən İstanbulun Samatya bölgəsində
inşa etdirilən Qədəm-i Şərif təkkəsində
qorunmağa başlanır. Daha sonra Sultan Əbdülhəmid
türbəsinə hədiyyə edilir. Onu da deyim ki, bu cür
ayaq izləri Topqapı sarayı, Eyyub Sultan türbəsi və
Misirdəki bəzi türbələrdə də mövcuddur.
İnsanı qoruyan duadır, yoxsa əməllər?
Yenidən abidəyə qayıdaq; türbə
küncləri dairələnmiş dördbucaq şəklindədir.
Girişdə qapının üstündə Ankebut surəsinin
57-ci ayəsi yazılıb. Abidənin atriumundan içəriyə
üç gözlü tağdan keçərək daxil
olunur. Türbənin daxili girişində isə
qapının üstündə xəttat Mehmet Eminin
yazmış olduğu Fəcr surəsinin 27 və 30-cu ayələri
həkk edilib. Türbənin içərisindəki
naxışlar qələmlə işlənib. Peyğəmbərin
ayaq izi dedikləri mərmər şüşə içərisində
mühafizə edilir. Pəncərə və qapılarda
qalın pərdələr var. Türbə
qapısının iç qismində ən üstdə
üç sətirlik Neml surəsinin 30-cu ayəsindəki kərimə
yazılıb. Altında pəncərə
və dolabların üst hissəsi ilə türbəni əhatələyən
zolaqda yazılar mövcuddur. Mərmər üstündə ərəb
hərfləri ilə yazılmış bu cümlələr
Mülk surəsidir. Qübbənin oturduğu daşların
üzərində İsm-i Cəlal, İsm-i Nəbi,
Çahar yar-i Güzin, Həsən və Hüseyn adları
yazılıb. Bundan əlavə, qübbə içərisindəki
dairəyə "Ya alimən, bi-hali, aleyke ittikali"
yazısı dörd dəfə yazılıb. Mənası,
"Ey halımı ən yaxşı bilən, yalnız sənə
söykənir, sənə güvənirəm" deməkdir.
Bu yazıları görmək mənə xeyli şübhəli
göründü. Fikirləşdim ki, bir insan özü
üçün inşa etdirdiyi türbəyə bu qədər
söz yazdırıbsa, ya ədalətsizliyi çoxdur, ya da
eyş-işrət məsələlərində fəal olub.
Birinci araşdırdığım qadın məsələləri
oldu. Əgər ayə və surələr türbənin bir,
ya iki yerində yazılsaydı, mütləq ədalət məsələsinə
köklənərdim, amma bu yazıları hər tərəfdə
görüncə, fikrim qadınlara yönəldi. Sən demə,
əlahəzrətin 14-dən çox arvadı olub. Hələ
bunlar adları bəlli olanlardır.
Nəysə, dönək möhtəşəm
memarlığa sahib olan türbəyə. I Əbdülhəmidin
məzarının yanında 29-cu Osmanlı padşahı olan
oğlu IV Mustafa da var. Bu iki sultandan başqa, on səkkiz
şahzadə və xanım sultanlar da burada dəfn edilib.
Şahzadə Əhməd, Şahzadə Süleyman, Şahzadə
Mehmet, Şahzadə Murad, Şahzadə Mehmet Rüştü,
Şahzadə Bəyazid, Şahzadə Əbdülməcid,
Aynı Şah Sultan, Rabia Sultan, Məlik Şah Sultan, Mevhibə
Sultan, Fatma Sultan, Əminə Sultan, Salehə Sultan və digərlərinin
də sandukaları var.
Qeyd edim ki, I Əbdülhəmid Sultan III Əhməd
ilə Rabia Şərmi Sultanın oğludur. 1774-cü ildə
49 yaşında taxta çıxır. Hakimiyyəti 15 il 2 ay
hökm sürür.
Kədərdən iflic keçirən Sultan
Sultanın ölümü digərləri kimi sui-qəsd,
taxtdan endirilmə və bənzər məsələlərlə
əlaqədar olmur. Rusiya ilə Osmanlı arasında baş
verən savaşda Özi qalasının alınmasını,
xalqın qanına qəltan edildiyi xəbərini alması ilə
başlayır. Bu müharibədən daha öncə
Osmanlı Kiçik Qaynarca müharibəsi ilə
Krımın müstəqilliyini tanımışdı. Lakin
Rusiya müqaviləni heçə sayaraq Krıma hücum
etmiş, torpaqlarını öz ərazisinə
qatmışdı. Bu da Osmanlının gücünün
sarsılması demək idi. Bütün bunlar Sultanı kədərə
qərq edir, iflic olur və 64 yaşında vəfat edir.
Ümumiyyətlə, I Əbdülhəmid dönəmində
savaşlar, torpaq itkiləri ilə bağlı xeyli təlatümlər
yaşanıb. Ölkənin daxilində də sakitlik
olmayıb. İstanbulun ən böyük yanğınları
onun dönəminə təsadüf edir. Yanğınların
böyük əksəriyyətinin qəsdən törədildiyi
də deyilir. Məsələn, Samatyada baş verən
böyük yanğın qəsdən törədilmişdi.
Mindən çox ev yanmışdı. İki il sonra baş
verən yanğında isə 7 minə yaxın bina külə
dönmüşdü. Cibali adı ilə tarixdə iz qoyan
yanğın isə İstanbulun gördüyü ən
böyük yanğın idi. Əlli saat davam edən
yanğında 20 min bina yox olmuşdu. Təbii ki, bunu Sultanla əlaqələndirmirəm,
sadəcə I Əbdülhəmid ölkənin ən
çalxantılı dönəmlərində taxta
keçmişdi. Ona görə də bu uğursuzluqlar onun
adı ilə yanaşı sıralanır. Osmanlı getdikcə
tənəzzülə gedir, torpaqlar itirirdi. Bütün bu
uğursuzluqlar və nəhayətdə, Krım məsələsi
Əbdülhəmidin sonunu gətirir. Uzun müddətdir belə
təsirli son nə görmüşdüm, nə də
oxumuşdum. Hansısa xalqın başına gətirilənlərdən
kədərə qərq olan və dözə bilməyib vəfat
edən neçə idarəçi var və ya olub?
Beləcə, Sultan I Əbdülhəmidin
adını beynimin ən hay-küysüz küncünə
yazdım. Ruhu həmişə şad olsun!..
Türkan TURAN
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.21.