Qayıqçı baba
Hekayə
Müqəddər Gəmiçi / Mukadder Gemici (1974) -
türk nasir, dramaturq, rejissor. 1974-cü ildə doğulub. Bir
sıra sənədli filmlərin, mədəniyyətlə
bağlı proqramların müəllifidir. "Dərgah"
dərgisində çap olunan hekayələrilə nasir kimi
diqqət çəkib. "Nuhun qızı", "Qar məqamı"
və digər kitabları işıq üzü görüb.
Çağdaş türk ədəbiyyatında yeni nəsilə
mənsub uğurlu imzalardan hesab olunan M.Gəmiçinin
yaradıclığı üçün xarakterik olan hekayələrdən
birini oxucularımıza təqdim edirik.
Müqəddər Gəmiçi
Evlərinə gəlib-gedən adamlardan deyildi
Qayıqçı baba, amma sanki onlarda qalırdı. Məsləhət
alınacaqdısa, "Qayıqçı babadan da soruşaq
bir..." deyər, qışda odundan, zəhmətlə
bişirilən yeməkdən, faraş meyvə-tərəvəzdən
Qayıqçı babanın payını ayırar,
"Kaş bunlardan özü də yeyəydi", - deyib
heyifsilənərdilər.
Kimdi bu Qayıqçı baba, harda
yaşayırdı, necə bir adamdı - uşağa
çox maraqlı gəlirdi bunlar. Onunla bağlı hər
sualının cavabı "Vaxtı gələndə bilərsən"
olurdu. Oyun oynayıb tərləmiş, portağal yemiş,
qardan adam düzəltmiş, çardaqdan üzüm dərmiş,
şalvarının balağı qat-qat
açılmış, nəhayət, deyilən vaxt gəlmişdi.
Bu gün öyrənəcəkdi; anası
günortadan sonra onu küçədən
çağırıb: "Axşam Qayıqçı
babagilə gedəcəksən", - deyərək
yaxşıca çimizdirmişdi. Atası işdən evə
gələnəcən, əynində bayramlıq paltarı, pəncərə
önündə gözləmişdi uşaq.
Evə girmədi atası, tələsirdi,
tanışlarla uzaqdan salamlaşdı; küçələrdən
elə keçib getdilər, sanki qovan vardı. Xeyli getdilər.
Dəniz görünəndə sevindi uşaq. "Hə, gedək,
- dedi atası, - az qalıb". Yoxuşu qalxıb sonra
üzüaşağı gedəndə uşağa elə gəldi
ki, qanadları çıxıb.
Qrafinin boğazından daşan su kimi
yayılmış sarmaşıq çiçəyinin
bürüdüyü bir hasarın önündə
dayandılar. Dəniz görünmürdüsə də,
qoxusu duyulurdu. Atası həyəcan içində sağa-sola
baxdı. Dərindən nəfəs aldı, kim bilir, nə
vaxtdan bəri budanmadığı üçün uzanıb
yerə dəyən sarmaşıq çiçəyinin
budaqlarını kənara çəkib, sınıq-salxaq
qapını itələdi, içəri girdilər. Əvvəlcə
quyunu gördü uşaq, bir də quyunun başındakı
çiçəkləmiş nar ağacını.
"Gözlə burda, mən bir baxım...", - dedi
atası. Ayaq səsləri gah uzaqlaşır, gah
yaxınlaşırdı bu anlarda.
Adını eşitdi: onu
çağırırdılar. Atasının bir az əvvəl
gözdən itdiyi tərəfə getdi, ağacların,
sarmaşıq kollarının dövrələmə kölgə
saldığı cığırla irəlilədi.
Yarpaqların arasından günün şəfəqləri hərdənbir
görünüb-yox olurdu. Narın köpüklü
dalğalar qarşıladı uşağı.
Taxta oturacaqda üzübəri əyləşmiş
yaşlı kişi onu gözləyirdi. Atası da onun
yanındaydı. "Gəl görək, balaca kişi", -
dedi həmin adam. "Qayıqçı baba səni
çağırır, gəlsənə, - bunu isə
atası dedi. - Elə hey maraqlanıb soruşurdun ha..."
Topa-topa qoyulmuş torların arasından keçib
Qayıqçı babaya yaxınlaşdı. "Əlindən
öp babanın", - dedi atası, uzadılan əli nazik,
quru dodaqlarıyla öpdü uşaq. "Maşallah,
maşallah..." - deyən yaşlı kişi,
başını tumarladı uşağın.
Qayıqçı babanın ayaqlarının
yaxınındakı mis qazanın içində balıqlar o
yana-bu yana üzürdülər. Uşağın
gözü onlardaydı. Gümüş kimi
parıldaşırdı balıqlar.
"Vaxt gəlib çatdı, eləmi?" - deyən
Qayıqçı baba uşağa baxıb gülümsədi.
"Elədir, - deyə cavab verdi atası. - Dörd
yaşı düz dörd ay dörd gün əvvəl tamam
olub". Qayıqçı baba uşağın əlindən
yapışdı. "Balıq tutaqmı səninlə?"
Uşaq həvəslə başını tərpətdi.
"Getdik onda... Ya Allah!" - deyib ayağa qalxdı
Qayıqçı baba.
Rəngi getmiş qayığı uşağın
atasıyla birlikdə dənizə sarı basdılar.
Atası uşağı qucağına alıb qayığa
mindirdi. Qarmağı, balaca bir boş vedrəni
uşağın böyrünə qoydu. "Görək sənin
qismətində nə var: balığın
böyüyümü, kiçiyimi..." - dedi Qayıqçı
baba. Yol boyunca mətləbi anlatmışdı atası, amma
uşaq yenə də bir anlıq təşviş
keçirdi. Əllərini qoynunda çarpazladı.
Qayıqçı baba əllərində lələk-qələm
kimi tutduğu avarları: "Ya Allah...", - deyərək
çəkməyə başladı. Sanki dalğaya
qarşı avar çəkmirdi, ağ bir kağıza
yazı yazırdı. Su heç müqavimət göstərmədən,
qayığa yol verir, o da üzüb gedirdi. Dodaqları
boş durmurdu Qayıqçı babanın avarı hər
çəkəndə başqa-başqa kəlmələr
çıxırdı ağzından: "Ya Rəhman...",
"Ya Rəhim...", "Ya Məlik..."
Sahili seyr edirdi uşaq: get-gedə uzaqlaşan evləri,
ağacları, adamları, atasını görürdü...
Hamısı kiçilib yox olmaqdaydı düşən
axşamın rəngləri arasında. Uşağa elə gəldi,
özləri də yoxa çıxacaqlar dənizin qoynunda.
Günəşin üfüqə əyildiyini, axşamın
rənglərinin dünyanı boyadığını
gördü. Qayıqçı baba oxuduqca avarlar suya
dalıb-çıxırdı. Yaşlı kişinin lap
axırda "Ya Baqi...", "Ya Varis...", "Ya Rəşid...",
"Ya Sabur..." deyib avarları buraxdığını
gördü uşaq. Göyün bir-birinə calanan rənglərini
izləyirdi gözlərilə; qayığa yeni minəndə
baxdığı mavi buludlar dağılmaqda, sanki səmaya
sarımtıl-boz bir çarşab sərilməkdəydi.
Quşlar bir qaraltı kimi uçub keçirdilər,
hansı quşlar olduğunu seçə bilmirdi uşaq.
Qayıq xeyli irəliləmiş, səma əməlli-başlı
saralıb, baxdıqca adamı özünə çəkən,
şirin bir dalğınlıq verən rəngə
boyanmış, irili-xırdalı bütün binalar
görünməz olmuşdu; üfüq cizgisini günbəz
və minarə nişan verirdi. Minarədən səs
ucaldı: "Tanrı uludur, Tanrı uludur..." Qayıqçı baba
dodağının altında "Allahu əkbər... Allahu əkbər..."
- dedi. Bir qarabatdaq uçub gəldi yanlarına,
Qayıqçı baba tərəfdə dənizin səthinə
elə rahatlıqla qondu, sanki kresloda oturmuşdu.
"Şübhəsiz, bilirəm, bildirirəm, Tanrıdan
başqa yoxdur tapacaq..." Qayıqçı baba da ara vermədən
pıçıldadı: "Əşhədü ən la
ilahə illallah..."
Neçə dəqiqə çəkdi bu qiyabi
deyişmə - uşaq bunu bilmədi. Yalnız şəhər
yox, sanki bütün yerüzü sükuta qərq olmuşdu.
Dənizin üzərindəki hər şey bir kölgəydi
artıq. Yenə də asta-asta avar çəkməyə
başladı Qayıqçı baba. Avarların suya toxunanda
çıxardığı səsə qulaq verdi uşaq.
Qayığın ortasında, uşaqdan azca aralıda bir
şam yandırdı Qayıqçı baba,
uşağın qucağına isə namnazik bir kitab qoydu.
"Bəsmələ"ni bilirsən? - soruşdu
uşaqdan, o isə başını tərpətdi.
"Söylə görüm onda". "Bismillah", - dedi
uşaq. Qayıqçı baba da: "Bismillah", - dedi onun
ardınca.
Saralmışdı kitab, kənarları didik-didikdi.
"Aç görüm", - dedi Qayıqçı baba,
uşaq açdı kitabı. Qayıqçı babanın
dodaqlarının yenə tərpəşdiyini gördü
uşaq, amma dediklərini eşitmədi. "Hərflərin
sirri hörmətinə ... Bax bu, Əlifdir, - dedi
Qayıqçı baba. Sən də de..."
Uşaq hərfə baxıb: "Əlif", - dedi.
"Bir yerə toplanmış hərflər hörmətinə...
Bu, Be... - dedi Qayıqçı baba. - Nə oldu bu?"
Uşaq dilləndi: "Be..."
"Ta Ha, Ya Sin, Ta Sin, Ta Sin Mim ilə bizə yönələn
səadətə qovuşmaqda köməyimiz ol... Se... - dedi,
dördüncü hərfi göstərəndə
Qayıqçı baba. - Mən dedikcə təkrarla..."
Uşaq da: "Se..." - dedi. "Pəltək kimi olsun
dilin, - dedi Qayıqçı baba. - Dişlərinin
arasına keçsin... Bax belə..." Dodaqlarını yana
dartıb dilini göstərdi Qayıqçı baba. Uşaq
bir-bir hərfləri dedikcə dodaqları hey tərpəşirdi
yaşlı kişinin. "Kaf Ha Ya Əyn Sad kəm baxan
gözlərdən qoruyar bizi..."
Suya daldı Qayıqçı babanın gözləri,
suyun qaranlığına: bir çuxurda basdırılan
kitablar gördü. Əliflərin, ötrələrin,
nunların, əynlərin üstünün
torpaqlandığını, kitabların çuvallara
doldurulduğunu da gördü... Hərflərin
yandırıldığını, ora-bura
atıldığını, kilo-kilo
satıldığını da... Ürəyi
sıxıldı Qayıqçı babanın. Bədəni əsdi.
At arabalarından zibilxanalara boşaldılan cildlər
gördü. Səs-səsə verən helərin, vavların
çığırtılarını eşitdi. Dillərə
zəncirlər dolandığını gördü
Qayıqçı baba. Dilinə bir acılıq
yayıldı. Siçanların toz basmış kitabların
üstündə gəzişib hərfləri gəmirdiyini, o
hərflərdən mürəkkəb
damdığını, mürəkkəbin dənizi qaraya
boyadığını gördü. Qaranlıqdan qurtulmaq
üçün: "Ya Haqq", - deyib köks
ötürdü. "Kün"dəki Kaf hörmətinə,
qoru məni..."
"İndi də bir az balıq tutaq", - deyib
qarmağa əl atdı. Ucuna yem taxdı, ağzından
çıxan "Ya Nəsib"lə bərabər, havada
yelləyib dənizə atdı. Qarmağın sapını
tutub gözləyəndə uşağa baxaraq: "Gəl
yanıma", - dedi. Uşaq yıxılmaqdan qorxurdu, az qala iməkləyərək
yaxınlaşdı. Qayıqçı babanın
uzatdığı qarmaq sapını tutub gözləməyə
başladı uşaq. Qaralan suya, dağılıb yox olan buludlara,
orda-burda ulduza bənzər işıqları yanan evlərə
baxdı. Əli keyiyirdi yavaş-yavaş. Narahat tərzdə
qımıldandı. "Səbrli olmağa məcburuq", -
dedi Qayıqçı baba. O namnazik kitabı yenidən
açdı, başqa bir yeri göstərdi baş
barmağıyla: "Boş dayanmaq olmaz, balaca kişi. Bu,
Ha..." - dedi uşağa. "Ha" - dilləndi uşaq.
"Boğazını gərməlisən bunu deyəndə...
Bax belə..." Uşaq bacardığı tərzdə təkrarladı.
"Ha Mim Əyn Sin Kaf bizi hifz edən
sığınacağımız olsun, onun
qarşısında dağlar da titrəyər..." Bir
qağayı gəlib qayığın burnuna qondu. Uşaq
diksindi bir anlıq. "Qorxma", - dedi Qayıqçı
baba və hərfləri oxuduqca uşaq təkrarladı.
Qayıqçı baba: "Bu, Nundur", - dedi uşağa,
o isə başını tərpətdi. Uşağa elə gəlirdi
ki, qağayı bayaqdan gözlərini ona zilləyib.
"Nun" - dedi, nəhayət. "Kaf, Nun, Ha Mim surələri
hörmətinə..." Qağayı başını
sağa-sola çevirdi. "O da dərs öyrənməyə
gəlib, bir bax...", - dedi Qayıqçı baba. "Amma
o, quşdur axı...", - uşaq dilləndi. "Onun da
öz dili, öz hərfləri var" - dedi
Qayıqçı baba. "Əlif Lam Mim Ra ilə
başlanan surələrin sirri və İsmi-Əzəmin
nuruyla..." Uşaq qarmağın sapını tutan əllərinin
boşaldığının fərqinə vardığı
an hansısa qüvvə qarmağın ucunu aşağı
çəkməyə başladı; qarmağın
sapını bərk tutmağa çalışan uşaq təlaşlı
səslə: "Balıq! - dedi. - Balıq gəlib".
Qayıqçı baba sakitcə qarmağın sapını
ondan aldı: "Görək nə tutmusan?"
Qarmağı çəkdilər, lap ucda çabalayan
balığa dikildi uşağın baxışları.
"Çox balacadır, - dedi Qayıqçı baba, - bunu
buraxaq, böyüsün, sonra yenə tutarsan". Gözlərini
suya zillədi uşaq. "Dilxor olma", - dedi yaşlı
kişi. Sonra qarmağı bayaqkından da bərk yellədib
yenidən dənizə atdı və dilindən eyni kəlmələr
süzüldü. "Biz həmişə sənin göndərdiyin
balıqları yeyirik", - dedi uşaq. Qayıqçı
babanın çox xoşuna gəldi bu. "Nuş olsun! -
dedi. "Sən, əslində, çox böyük adamsan.
Anam belə deyir". Qarmağın ipinin dənizə girdiyi
nöqtəyə dikildi yaşlı kişinin gözləri.
"Yox, - dedi, - biz böyük deyilik..."
Yenidən kitaba çevrildi gözləri. "Bu,
Sin...", - dedi Qayıqçı baba, uşaq da təkrarladı:
"Sin..." "Bu isə Şin... - dedi bu dəfə
Qayıqçı baba. - Qardaş kimidirlər, eləmi?"
"Bəli, - dedi uşaq. - Oxşayırlar". "O hərflər
Mərrix ulduzu qədər alidir, hər cür xeyir əməl
onlarla tamamlanır... Bu, Lam-Əlif, bu da Ye...", - deyib
sonuncu hərfləri də göstərdi, uşaq təkrarladı.
"Gəl qucağıma görüm...", - dedi
Qayıqçı baba. Kitabı kənara qoydu, hər ikisi
birlikdə tutdular qarmağın sapını. "Hiss edirsənmi?"
- soruşdu Qayıqçı baba. Bayaqkına bənzər
bir qüvvə aşağı dartırdı qarmağı.
Budəfəki daha güclüydü amma. Anasından
eşitdiyi nağıllardakı divlər, əjdəhalar
düşdü uşağın yadına, diksindi nədənsə.
"Çəkək görək...", - dedi
Qayıqçı baba. Birlikdə çəkdilər.
"Uskumru!" - uşaq sevincək
dilləndi. "Afərin! - dedi Qayıqçı baba. -
Adını bilirmişsən". "Sən ən çox
bu balıqdan göndərirsən...", - dedi uşaq. Balaca
vedrəni suya salıb doldurdu Qayıqçı baba,
balığı qarmaqdan çıxarıb suya salırdı
ki, fikrindən daşındı: "Bunu sən elə, - dedi
uşağa. - Möhkəm tut". Çırpınan
balığı tutdu uşaq. Diri balığın
sürüşkənliyini ovuclarında hiss etdi, dərhal da
onu vedrəyə buraxdı, həmin an üzünə su
sıçradı. "Hə, di qayıdaq daha", - dedi
Qayıqçı baba. Halbuki uşaq bu "dənizdə
qeyb olmaq" macərasının hələ çox uzun
sürəcəyini düşünmüşdü. Göy
üzünə, ulduzlara baxdı uşaq. Suya
dalıb-çıxan avarların səsini dinlədi. Namnazik
kitabı açıb, bir qarşı sahilə baxdı, bir də
hərflərə, səmaya, günbəzlərin sezildiyi yerə
və... öyrəndiklərini oynadığı misketlər kimi bir minarənin yanında
sıraya düzdü: "Əlif, Be, Te, Se..."
(Seyfəddin Hüseynlinin tərcüməsində)
Müqəddər Gəmiçi
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.20.