Cəfərqulu xan
Qacar
Kərim xan Zəndin vəfatından sonra Ağa Məhəmməd
xan Şirazdan qaçıb. Astrabada qardaşlarının
yanına gəldi və Tehran üzərinə hücum etmək
üçün təcili qoşun toplamağa başladı.
Bu xəbər tezliklə Qəzvin, Kaşan, Tehran və
İsfahana hakimlik edən Əlimurad xan Zəndin
qulağına çatdı və o, Ağa Məhəmməd
xanı qabaqlamaq üçün laricanlı Ağ Məhəmmədqulu
xanı və Qara Məhəmmədqulu xanı öz ordusuna
başçı təyin edərək qacar
qoşunlarının üzərinə göndərdi.
Əlimurad xanın bu niyyətindən xəbər
tutan Ağa Məhəmməd xan hamıdan çox etibar elədiyi
kiçik qardaşı Cəfərqulu xanı yanına
çağırtdırdı, yenicə topladığı
qoşununa onun başçılığı barədə fərman
verib, düşmən hücumlarının
qarşısını almağa göndərdi. Qoşunlar
Abbasabad adlanan bir qəsəbə yaxınlığında
üzbəüz gəldilər və ilk həmlələrdən
sonra qacar qoşunları üstün gəlməyə
başladılar. Bir neçə gərgin döyüşdən
sonra qacarlar zəndiyyələri darmadağın edib,
qaçmağa məcbur etdilər. Xeyli əsir alındı,
küllü miqdarda hərbi sursat ələ keçirildi. Zəndiyyə
qoşunlarının başçıları canlarını
birtəhər qurtarıb, geriyə baxmadan dabanlarına
tüpürdülər. Və beləliklə, Tehrana gedən
yollar Ağa Məhəmməd xanın üzünə
açıldı, onun hərbi əməliyyatları
artıq özünün gələcək paytaxtı ətrafında
getməyə başladı. Və elə ilk hücumdaca şəhəri
tutdu.
Qacarların qələbə xəbərini eşidən
Xəmsə mahalının hakimi Zülfüqar xan dərhal
Tehran üzərinə qoşun çəkdi. Ağa Məhəmməd
xan şəhərin müdafiəsini Cəfərqulu xana
tapşırdı, özü isə hərbi manevr edib, Vəraminə
çəkildi, Tehran-Qəzvin yolunu tutaraq Zülfüqar xana
arxadan zərbə vurmağa hazırlaşdı. Cəfərqulu
xan isə Kərəc yaxınlığındakı
döyüşdə Zülfüqar xanın
qoşunlarını artıq məğlub edib, qələbə
xəbərini sevinclə qardaşına çatdırdı.
Ağa Məhəmməd xan da bu hərbi uğura görə
Cəfərqulu xanı Laricana hakim təyin elədi...
Cəfərqulu xan Ağa Məhəmməd xana o biri
qardaşlarından dah çox ehtiram göstərir və məhəbbət
bəsləyirdi. Kiçik qardaşları Rzaqulu xan xəyanətkarcasına
Ağa Məhəmməd xanı həbs edəndən sonra təsadüfi
deyildi ki, Hacı xan Halalxor məhz Cəfərqulu xana məktub
göndərib, kömək istəmişdi. Məktubun əvvəlində
Ağa Məhəmməd xanın böyük qardaş kimi
onların həyatında oynadığı rolu, üstlərində
böyük haqq-sayı olduğunu xüsusilə
vurğulamışdı. Cəfərqulu xanın nəzərinə
çatdırmışdı ki, əgər Ağa Məhəmməd
xan olmasaydı, Qacar qardaşları həmişəlik olaraq
zəndiyyələrin əsiri kimi qalacaqdılar. Hacı xan məktubda
onun böyük qardaşının başına gələnləri,
hərbi köməyə ehtiyacı olduğunu da bildirmiş,
kömək etməyin yollarını da göstərmişdi.
Ağa Məhəmməd xanın məsləhəti ilə Cəfərqulu
xan özününkülərdən - Aşağıbaş
tayfasından qoşun toplamalı və bu işi görmək
üçün o biri qardaşları Mustafaqulu xanı
Astrabada göndərməli idi.
Həmin vaxtlar Cəfərqulu xanın Rzaqulu xanla
arası bərk dəymişdi. Çünki
qardaşından Gilanın hakimliyini ona verməsini xahiş eləmiş,
lakin Rzaqulu xan bunu qulaqardına vurub, onun istəyini yerinə
yetirməmişdi. Ona görə də Cəfərqulu xan
yaranmış fürsətdən bicliklə istifadə edərək
Rzaqulu xandan tayfanı almaq və gələcəkdə
Ağa Məhəmməd xandan nəsə qopartmaq məqsədilə
kiçik qardaşına qarşı çıxmaq və
böyük qardaşına kömək etmək qərarına
gəldi. Ağa Məhəmməd xanın məktubuna cavab
yazıb bildirdi ki, arxayın olsun, ona kömək etməyə
həmişə hazırdır. Ancaq o, iki daşın
arasında öz şərtini də açıqca irəli
sürdü: Rzaqulu xanı devirəndən sonra Ağa Məhəmməd
xan təkcə Gilanın yox, Mazandaranın da
hökmranlığını ona versin. Lakin Ağa Məhəmməd
xan Mazandaranı yox, Gilanı və Talışı ona verməyə
boyun oldu. Bununla razılaşan Cəfərqulu xan o biri
qardaşı Mustafaqulu xanı yanına
çağırtdırdı, bəzi məsələləri
ona anlatdı, dedi ki, mənim də, sənin də, Murtuzqulu
xanın köməyi ilə Ağa Məhəmməd xanı
taxta çıxarmalıyıq. Bir neçə göstəriş
verib, Mustafaqulu xanı Astrabada yolladı. Özü isə
Laricanda qalıb, Mazandarana hücum etmək üçün
sürətlə döyüşçü toplamağa başladı
və az müddətdə kifayət qədər qoşun
toplayıb, Murtuzqulu xanı başçı təyin elədi.
Bir sıra hazırlıqdan sonra Mustafaqulu xanın və
Murtuzqulu xanın qoşunları Rzaqulu xanın üzərinə
hücuma keçdilər. Cəfərqulu xan isə Laricanda
qaldı və qardaşlarına bildirdi ki, lazım olsa, əlavə
kömək göndərəcək. Lakin o özünü
üzdə elə göstərdi, məqsədi isə
başqa idi. Cəfərqulu xan gözləyirdi ki,
qardaşların hansı qalib gəlsə, onun tərəfinə
keçsin. Nəhayət, məlumat aldı ki, Mustafaqulu xanla
Murtuzaqulu xan qalib gəliblər və Rzaqulu xan İsfahana
qaçıb. Qardaşlar Ağa Məhəmməd xanı
Mazandaranda təntənəli surətdə şahlıq
taxtında oturtdular.
Bir neçə ildən sonra Ağa Məhəmməd
xan Qacar Tehranı özünə paytaxt seçib, iqamətgahını
ora köçürtdü. Cəfərqulu xan isə
Gilanı və Talışı idarə etməklə məşğul
idi. Lakin çox çəkmədən Ağa Məhəmməd
xan qardaşı barədə pis-pis xəbərlər
eşitdi və ondan şübhələnməyə
başladı. Ona çatdırdılar ki, çoxları
kimi Cəfərqulu xanın da ürəyindən
şahlıq iddiası keçir. Yaxın adamları onun
qulağını doldurmuşdular ki, İran səltənətinə
böyük qardaşı yox, Cəfərqulu xanın
özü layiqdir. Və o da belə qərara gəlmişdi
ki, Ağa Məhəmməd xan hansı yolla olursa-olsun,
taxt-tacdan uzaqlaşdırılsın. Ancaq yaxşı bilirdi
ki, qazdan ayıq qardaşını sui-qəsd vasitəsilə
aradan götürmək mümkün deyil, onu taxtdan yalnız
müharibə yolu ilə salmaq olar. Ona görə də Cəfərqulu xan Gilanın və
Xorasanın bir şox tayfa başçıları ilə əlaqəyə
girərək onları Ağa Məhəmməd xana
qarşı yönəltməyə və qoşun
toplamağa başladı. Qardaşının bu pis niyyətindən
agah olan Ağa Məhəmməd xan gizli olaraq Gilana cəsuslar
göndərdi və onlar da gecə-gündüz Cəfərqulu
xanı izləyərək bütün əməllərini
Ağa Məhəmməd xana çatdırırdılar.
Bundan isə Cəfərqulu xanın xəbəri olmurdu.
Cəfərqulu xan bir müddətdən sonra
qardaşının ondan şübhələndiyini artıq
yavaş-yavaş hiss eləməyə başladı.
Yaxşı bilirdi ki, Ağa Məhəmməd xanın əlinə
keçsə, sağ-salamat qurtarmayacaq. Bu tərəfdən də
Ağa Məhəmməd xan qardaşı hücum eləyərsə,
ona qarşı hazırlıq görürdü. Ağa Məhəmməd
xan əvvəlcə istədi ki, özü Cəfərqulu
xanın üstünə getsin, onu ya birdəfəlik aradan
götürsün, ya da dünya işığından məhrum
eləsin. Lakin sonra fikrindən daşındı,
çünki o, ağır döyüşlərdən təzəcə
çıxmışdı, həm də Lütfəli xan Zəndlə
müharibəyə hazırlaşırdı. İndi isə
havayı yerdən itki vermək istəmirdi. Ona görə də
qardaşını hiylə ilə tutmaq qərarına gəldi.
Belə bir fərman verdi ki, Cəfərqulu xanı öz
qoşunlarına fərmandeh (baş komandan) qoyub.
Carçılar bu xəbəri ölkənin hər yerinə
yaydılar. Hətta o, Cəfərqulu xana məktubla bildirdi
ki, guya, Lütfəli xanla vuruşmaq üçün fars əyalətinə
getməyə hazırlıq görür və qoşununun
başçılığını da ona etibar edir. Məsləhət
gördü ki, Cəfərqulu xan özü qoşunu ilə
gəlib, şah qoşunları ilə birləşsin və
tezliklə düşmən üzərinə yerisin. Ağa Məhəmməd
xan bunun daha da inandırıcı olması üçün,
hətta qardaşına xeyli miqdarda pul və cəvahirlə bəzədilmiş
qılınc da göndərdi. Cəfərqulu xan doğrudan
da, inandı ki, qardaşının ona böyük ehtiyacı
var və özünün də zəndiyyələrlə
düşmənçiliyi olduğuna görə dərhal
qoşunu ilə Tehrana yola düşdü.
Ağa Məhəmməd xan Cəfərqulu xanı
"çox yaxşı" qəbul elədi.
Özünü elə göstərdi ki, guya, xəstələnib
və onu inandırdı ki, qardaşları içərisində
ən ləyaqətlisi və etibarlısı odur, xətrini
hamıdan üstün tutur. Və onu da qeyd elədi ki,
Lütfəli xan Zəndə ancaq o, qalib gələ bilər.
Böyük qardaşının bu tərifli sözlərindən
qoltuğunun altı qarpızlanan Cəfərqulu xan söz
verdi ki, düşməni tezliklə məğlub edəcək
və Lütfəli xanın başını da gətirib,
Ağa Məhəmməd xanın ayaqları altında atacaq.
Cəfərqulu xanı tam inandırandan sonra Ağa Məhəmməd
xan dedi ki, bu zəhrimar xəstəlik məni döyüşə
getməyə qoymur. Bütün ömrünü atın
üstündə keçirən mən indi atlara minmirəm.
Məcburam ki, Tehranda qalam. Bütün qoşunumu isə sənin
ixtiyarına verirəm. Əlavə nə lazım olsa, deyərsən,
Allah qoysa, bir həftədən sonra yola düşəcəksən.
Ağa Məhəmməd xan bu sözləri deyəndə
Cəfərqulu xanın xəyalı göydə uçurdu,
özünü şahlıq kürsüsündə hiss
edirdi. Fikirləşirdi ki, Lütfəli xan Zəndi məhv
edəndən sonra qoşunları qardaşının üstünə
yönəldəcək və onu asanlıqla taxtdan salacaq. Elə
düşünürdü ki, onunla taxt-tac arasında
uzaqbaşı on-on beş gün vaxt var... Cəfərqulu xan
bu fikirdə ikən bu biri otaqların birində cəlladlar
hazır vəziyyətdə dayanmışdılar. Onunla o
dünya arasında isə bir neçə dəqiqəlik vaxt
qalmışdı.
Cəfərqulu xan Ağa Məhəmməd xanın
qarşısında baş əyərək mürəxxəs
oldu. Qapının arxasında onu gözləyən adamlardan
biri təzim edərək bildirdi ki, bir tikə çörək
yeməyib getsə, şah ondan inciyər. Cəfərqulu xan
razılığını bildirib, həmin adamın
müşayiəti ilə sarayın otaqlarından birinə
keçdi. Və elə bu zaman bir neçə nəfər qəflətən
onun üzərinə atıldı, əl-qolunu
bağlayıb, başqa bir otağa apardılar. Dərhal
ağzına dəsmal tıxayaraq nəfəs yolunu kəsdilər.
Cəfərqulu xan xırıldamağa başladı və
çox çəkmədən gözləri bərələ
qaldı...
Ağa Məhəmməd xan nankor qardaşlarından
birini də aradan belə götürdü. Ona
çatdırıldı ki, verdiyi hökmü yerinə
yetirilib. Ağa Məhəmməd xan cəlladlara əmr elədi
ki, meyiti aparıb, Cəfərqulu xanın adamlarına versinlər
və desinlər ki, o, ürək xəstəliyindən
ölüb.
Bu hadisə 1790-cı ildə olmuşdu.
Ağa Məhəmməd xan Qacar tutduğu bu işdən
peşman olmuş və demişdi ki, gərək Cəfərqulu
xanı öldürməyib, o biri qardaşı Mustafaqulu xan
kimi kor edərdi...
Vasif QULİYEV
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.19.