Cümhuriyyət
epoxasının fədakar tədqiqatçısı
Cümhuriyyət dönəmi tarixinin,
qurucularının, görkəmli şəxsiyyətlərinin
görünməyən, araşdırılmayan yönlərini,
İstiqlal məfkurəsinin ideoloqu Məhəmməd Əmin
Rəsulzadənin və onun məsləkdaşlarının
mübarizəsini, ictimai-siyasi fəaliyyətlərini, tale
yollarını ilk mənbələr, arxiv sənədləri,
mötəbər qaynaqlar əsasında tədqiq və təbliğ
edən görkəmli alimlərimizdən biri də fədakar
tədqiqatçı-alim, unudulmaz dostumuz, tarix elmləri
doktoru, professor Nəsiman Yaqublu idi. Onun mənalı
ömür yolunun, dolğun elmi fəaliyyətinin ən bariz
göstəricisi üç dildə (Azərbaycan, türk və
rus dillərində) nəşr etdirdiyi çoxsaylı elmi,
publisistik məqalələri, iyirmidən çox
monoqrafiyası və tərtib etdiyi kitablardır. Həmişə
harasa tələsərdi... zamanı həyatın ən dəyərli
sərvəti hesab edərdi. Öncədən müəyyənləşdirilmiş
hədəfə doğru təmkinlə, əzmkarlıqla irəliləməyi
bacarırdı. Elmi yaradıcılığının ana xəttində,
şah damarında Azərbaycan Cümhuriyyəti və onun
qurucularından biri, görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadə
çağlayırdı, döyünürdü. Nəsiman
Yaqublunun fədakar ömrünün sonunadək M.Ə.Rəsulzadəyə
sadiqliyi, Cümhuriyyətə, xalqa, dövlətçiliyə
vurğunluğu eyni, müsavi idi. Məhəmməd Əmin bəy
Nəsimanın şəriksiz idealı idi. Onun nurlu
simasında, fədakar araşdırmalarında böyük
M.Ə.Rəsulzadə təcəlla tapırdı. Ciddi, səliqəli
görkəmi, səlist, rəvan nitqi, dolğun, məntiqli
çıxışları, içdən gələn, təbii,
oxşar xüsusiyyətləri ilə də Məhəmməd
Əmin Rəsulzadəyə çox bənzəyirdi... və
sözün müstəqim mənasında Nəsiman bəy Məhəmməd
Əmin bəyin mənəvi nəvəsi, bəlkə də
məfkurə baxımından ona nəvədən bir köynək
də yaxın idi.
Nəsiman bəylə ilk görüşümüzə
qədər onun sovet rejiminin qəddar repressiyasından bəhs
edən "Ağrılı ömürlər"
(Yazıçı, 1990), "Məhəmməd Əmin Rəsulzadə",
"Xocalı soyqırımı" (Azərnəşr,
1992) adlı kitabları nəşr olunmuşdur. Müəllifin
hər üç kitabında dərk olunması suallar
doğuran, kədər, qüssə, nalə, fəğan
yüklü real mənzərələrlə yanaşı,
sabaha ümid, birliyə çağırış,
döyüş və dönüş əhvali-ruhiyyəsinin
cilalanması, mübarizə əzminin ovxarlanması, vətənin
şərəfi, azadlığı və istiqlalı naminə
böyük mücadiləyə səfərbərlik səslənişləri
zamanında yazılmış tarixi əsərlər idi.
Azərbaycan Televiziyası ilə 1992-1996-cı illərdə
gedən "Yaddaş", "Tarix bizə nə deyir"
verilişlərinin ssenari müəllifi və
aparıcısı idim. Böyük ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin
anadan olmasının 110 illiyi ilə bağlı "Bir kərəm
yüksələn bayraq" (yanvar 1994) adlı verilişin
ssenarisini hazırlayarkən Cümhuriyyətin və M.Ə.Rəsulzadə
irsinin ən gənc tədqiqatçısı Nəsiman
Yaqublu çəkilişə dəvət olundu. Həm şəxsi
görüşümüz, həm də M.Ə.Rəsulzadəyə
həsr olunmuş verlişimiz uğurlu alındı. Nəsiman
bəyin natiqlik qabiliyyəti, mövzuya dərindən bələdliyi,
yeni və zəngin faktları təhlil süzgəcindən
keçirərək təqdim etmək məharəti -
bütövlükdə onun istedadlı şəxsiyyət,
peşəkar tədqiqatçı olmasından xəbər
verirdi.
Nəsiman bəyin baza təhsili jurnalistikadır. O,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə
daxil olmuş (1980-1983), təhsilini Sankt-Peterburq Universitetində
davam etdirərək oranı 1986-cı ildə jurnalist
ixtisası üzrə bitirmişdir.
Yaradıcılığında elmi-publisistik üslub
aparıcı rol oynayır. N.Yaqublunun tərtibçilik, mətnşünaslıq
fəaliyyəti xüsusi elmi araşdırmaya
möhtacdır. Onun üslubunda yuvalanmış publisistik pafos
elmi dövriyyəyə gətirdiyi faktoloji yeniliklərə
sözün geniş mənasında ruh verir, onları
canlandıraraq yaddaş materialına çevirmişdir.
Azərbaycan Legionunun komandiri, Azadlıq radiosu Azərbaycan
redaksiyasının və "Azərbaycan" (Münxen,
1951-1952) jurnalının baş redaktoru "Əbdürrəhman
Fətəlibəyli-Düdənginski" adlı
kitabını Nəsiman Yaqublu mənə 29.07.2008-ci ildə
avtoqrafla bağışlamışdır. Əsər bu
mövzuda yazılmış arxiv materiallarının, mötəbər
sənədlərin, nadir fotoşəkillərin, əlyazma
surətlərinin yer aldığı, sistemli tədqiqat
işidir. Ə.Fətəlibəylinin böyük
düşüncə adamı, istiqlal mübarizi Ceyhun bəy
Hacıbəyli ilə məktublaşması, "Azərbaycan"
(Münxen, 1951-1952) jurnalında bərabər əməkdaşlığı,
tərcümeyi-halı, taleyi, hərbi təhsili, vətənpərvərliyi, müharibə dövründə
(1941-1945) Azərbaycan legionunun yaradılmasında və təşkilatlanmasında
xidmətləri, minlərlə insanın faşizmin
ölüm düşərgələrindən xilas edilməsi
əsərin diqqətlə oxunan səhifələrindəndir.
Yalnız bu kitabı vərəqləməklə
müşahidə etmək olar ki, müəllif illərlə
xarici ölkələrdə; xüsusilə Almaniya, Türkiyə,
Rusiya, Azərbaycan və b. ölkələrin arxivlərində
gərgin axtarışlar aparmış, əzab-əziyyətlə,
"iynənin ucu ilə" faktlar, sənədlər
toplayaraq əsərinin elmi siqlətini
artırmışdır.
"Bakının qurtuluşu" (Elm və təhsil,
2010) əsəri Nəsiman Yaqublunun Azərbaycanın
xilaskarlıq hərbi missiyasını yerinə yetirən
Qafqaz İslam Ordusu və onun qəhrəman komandanı Nuru
Paşa həzrətləri haqqında əbədiyyət
dastanı, zəfər abidəsidir. Tarixi söz birləşməsi
olan "Bakının qurtuluşu" - özündə
müstəqillik, azadlıq, suverenlik uğrunda mübarizəni,
qələbəni əks etdirən, Azərbaycan və
Osmanlı türklərinin döyüş meydanlarında birgə
qazandıqları Zəfər bayramıdır. M.Ə.Rəsulzadınin
şəxsən "Qurtuluş bayramı"
adlandırdığı 15 sentyabr yalnız bir kərəm -
1919-cu ildə dövlət səviyyəsində qeyd
edilmişdir.
Milli Şura rəisi M.Ə.Rəsulzadə 15 sentyabr
tarixi günü - Bakının qurtuluşu münasibətilə
"Azərbaycan" qəzetində dərc etdirdiyi "Həqq
yerini tutan gün" adlı məqaləsində bu zəfəri
yüksək qiymətləndirərək yazırdı:
"Azərbaycan türkü mayısın 28-də
istiqlalını elan eyləmiş, sentyabrın 15-də qasiblər
(qəsbkarlar) əlində inildiyən paytaxtını xilas
etmişdir.
Mayısın 28-i Azərbaycan Cümhuriyyət tarixində
ibtida günü isə, sentyabrın 15-i o ibtida qədər
qiymətdardır. Sentyabrın 15-i vaqe olmasa, yəqin ki,
mayısın 28-nin ibtidası bir səneyi-dövriyyəni
görmədən intəhayə varar, gedərdi".
Azərbaycan türkləri üçün 28 May -
İstiqlal bayramı qədər əziz və dəyərli
olan 15 Sentyabr - Bakının qurtuluşu da misilsiz tarixi əhəmiyyət
kəsb edir. Milli İstiqlalımız bərpa olunduqdan sonra
yazılmış çoxsaylı məqalələr və
kitablar arasında N.Yaqublunun "Bakının
qurtuluşu" əsəri özünəməxsus məziyyətlərilə
yüksək dəyərə və zamanla səsləşən
aktuallığa malikdir. Kitabda dövrün ictimai-siyasi və
hərbi prosesləri haqqında məlumat verilir, yeni
Cümhuriyyətin yaranmasından bəhs olunur, Qafqaz İslam
Ordusunun, Nuru Paşanın şücaətindən, igidliyindən
söz açılır, Bakının qurtuluşu nümunələr
əsasında təhlil olunmuş və dəyərləndirilmişdir.
Əsərdə "Azərbaycan" (1918-1920) qəzetindən
M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.B.Yusifbəyli,
Ə.M.Topçubaşov, M.H.Hacınski, H.B.Ağayev,
Ü.Hacıbəyli, C.Hacıbəyli və b. haqqında
materiallar təqdim olunmuş, Ə.Cavad, M.Hadi,
Ümmügülsüm, A.Şaiq, Ə.Əfəndizadə və
b. şeirlərindən nümunələr verilmiş,
C.Cabbarlının "Bakı müharibəsi", M.B.Məhəmmədzadənin
"Bakı uğrunda müharibə" adlı itmiş
dramlarının afişası, mövzu ilə əlaqədar
seçmə məqalələr dərc edilmiş, Azərbaycan
mühacirlərinin Bakının qurtuluşu barədə yazdıqları
tarixi məqalələrə kitabda yer verilmişdir.
Nəsiman Yaqublu yaradıcılıq, araşdırma
sferası geniş olan, ensiklopedik düşüncəyə,
bilgiyə malik elm adamlarındandır. O, ensiklopedik nəşrlər,
toplular hazırlamaq, yaratmaq sahəsində zəngin tədqiqatçılıq
arsenalından bəhrələnməyi, mənəvi
varidatını oxucu masasına səxavətlə
ünvanlamağı sevən, zəhmətkeş, fədakar tədqiqatçıdır.
Onun "Məhəmməd Əmin Rəsulzadə
Ensiklopediyası" (2013, 504 s.) nəşrin ənənəvi
strukturundan fərqli olsa da, böyük ictimai-siyasi xadimin həyat
və yaradıcılığının tədqiq edilməmiş
məqamlarına, cizgilərinə, bütün
örtülü, nəşrlərdən kənarda qalan məqamlara
aydınlıq gətirilmişdir. Əminliklə demək olar
ki, N.Yaqublu Cümhuriyyət qurucusu M.Ə.Rəsulzadənin ən
yaxın məsləkdaşlarından belə onu daha mükəmməl
öyrənmiş, tədqiq və təbliğ etmişdir.
Faktoloji yenilikləri ilə gündəmdə yerini bərkidən
Ensiklopediyada M.Ə.Rəsulzadə və dövrün tarixi
şəxsiyyətləri, ictimai-siyasi hadisələri ilə
bağlı bütün suallara cavab tapmaq mümkündür.
Nəsiman Yaqublunun yazıb hazırladığı
digər ensiklopedik toplu "Cümhuriyyət qurucuları"
(2018, 504 s.) adlanır və milli istiqlalımızın elan
edilməsinin bir əsrlik yubileyinə həsr olunmuşdur.
Kitabda Azərbaycanın altmış nəfərədək
görkəmli dövlət adamları, ictimai-siyasi xadimləri,
Cümhuriyyət qurucuları haqqında ilk qaynaqlar əsasında
müfəssəl məlumat verilmişdir. Müəllif
kitabı hazırlayarkən Azərbaycan, Türkiyə, Rusiya,
Polşa, Almaniya dövlət arxivlərindən, şəxsi
fondlardan, dövrün mətbuat orqanlarının
materiallarından səmərəli bəhrələnmiş,
məxfi sənədlərin foto-surətlərini, nadirəyə
çevrilmiş şəkillərin müəyyən bir
qismini əsərinə daxil etmişdir.
Böyük zəhmət, mükəmməl təcrübə
və peşəkarlıq tələb edən toplama, tərtib
işləri N.Yaqublunun elmi-tədqiqatçılıq fəaliyyətində
mühüm yer tutur. Onun nəşrə
hazırladığı "Nizami Gəncəvi. Unudulmuş
nəşrlər" kitabı böyük Azərbaycan
şairinin 880 illiyinə həsr olunmuş, dünya
nizamişünaslığında müstəsna əhəmiyyət
kəsb edən nadir abidələrdəndir. Nəsiman bəy
ilk dəfə olaraq Nizami haqqında unudulmuş, tədqiqat
işlərində az istinad olunan A.A.Bakıxanov, M.F.Axundzadə,
M.M.Axundov, F.B.Köçərli, M.Ə.Rəsulzadə,
M.Ə.Rəsuloğlu, A.Ziyadxan, M.S.Aran, Ə.Cəfəroğlu,
F.İlqaz və b. yazdığı əsərləri,
Əhməd Atəşin hazırladığı Nizami
biblioqrafiyasını toplayıb cəm edərək tərtibləmiş,
"Nizami Gəncəvinin əbədi yaşamaq haqqı"
adlı irihəcmli (36 s.) kitabına mükəmməl müqəddimə
yazmışdır. "Nizami Gəncəvi. Unudulmuş nəşrlər"
toplusu Azərbaycan nizamişünaslığının tədqiqat
tarixindən bəhs edən ən mötəbər elmi
qaynaqlardan biridir. Professor Nəsiman Yaqublu Azərbaycan
Cümhuriyyəti Şurayi-Millisi rəisinin anadan
olmasının 140 illiyi münasibətilə böyük
sevgi və entuizazm ilə son iki kitabına - "Məhəmməd
Əmin Rəsulzadə. İran yazıları" (Mühacirət
dövrü. Qanun, 2023, 144 s.) və "Məhəmməd
Əmin Rəsulzadə. Mətbuat haqqında" (Qanun, 2024,
244 s.) əsərlərə də geniş müqəddimə
yazmış, böyük ictimai-siyasi xadimin həyat və fəaliyyətinin
az tədqiq olunan yönlərini
işıqlandırmışdır.
N.Yaqublu bütün elmi yaradıcılığı,
ictimai-siyasi fəaliyyəti boyu Məhəmməd Əmin Rəsulzadə
və onun şah əsəri olan Azərbaycan Cümhuriyyəti
haqqında həqiqətləri üzə
çıxarmağa çalışmış, bu istiqamətdə
haqq sözünü açıq deməkdən çəkinməmişdir.
Ötən il onun sosial şəbəkələrdə bir
mübahisəyə aydınlıq gətirdiyinin şahidi
oldum. Dövlət müstəqilliyi bərpa edildikdən sonra
Rəsulzadənin adını ilk dəfə kim nəşrlərdə
düzgün yazmışdır? Böyük çoxluq
1992-ci ildə bir görkəmli alimin kitabına istinad edirdilər.
N.Yaqublu bu mülahizələrə cavab olaraq A.Rüstəmlinin
1990-cı ildə ərəb qrafikasından çevirərək
nəşr etdirdiyi "M.Ə.Rəsulzadə. "Azərbaycan
Cümhuriyyəti" (Bakı: "Elm", 1990, 116 s.)
adlı kitabı və onun müəyyən səhifələrinin
şəklini paylaşaraq mübahisələrə son
qoymuşdur.
Professor Nəsiman Yaqublu Azərbaycan xalqı və
onun Cümhuriyyət tarixi qarşısındakı xidmətlərinə
görə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
(1918-2018)" və "Bakı Dövlət Universitetinin 100
illiyi (1919-2019)" yubiley medalları ilə təltif
edilmişdir. Onun milli tariximizə dair yaratdığı
çoxsaylı elmi tədqiqat əsərləri, mübarizələrlə
zəngin fəaliyyəti, tutumlu, ibrətamiz həyat yolu,
mistik missiyası qədirşünas xalqımızın
yaddaşında əbədi yaşayacaqdır.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.18.