Tanrıya dalmaq məqamında -
Ustad şair Məmməd İsmayılın unudulmaz xatirəsinə
Avqustun 20-si sabahın
gözü yenicə açılmışdı. "Real
TV"də "Xəbərlər"ə baxırdım.
Peşəkar telejurnalist Kamran Qasımov ustad şair, təpədən
dırnağacan İNSAN, türkçülüyə və
türk dünyasına olan ümman sevgisini böyük qəlbində
yana-yana bəsləyən, həm də bu mənada Ziya
Göyalp, Mehmet Akif Ərsoy, Məhəmməd Hüseyn Şəhriyar,
Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Məmməd
Araz, Zəlimxan Yaqub kimi azman söz ustadları ilə eyni
sırada vüqarla boy göstərən Məmməd
İsmayıl haqqında qısa və ləyaqətli (bəli,
məhz bu kəlməni xüsusi vurğulayıram - ləyaqətli!)
bir sujet təqdim etdi. Və son cümlə: "Məmməd
İsmayıl Tovuzun Əsrik kəndindəki qəbiristanlıqda
dəfn olunacaq". Mir Şahinə ürəkdolusu
"Sağ ol!" dedim.
Bütün varlığımla
sarsılmışdım. Ustadın müalicə olunduğu
klinikalardan birində çarpayıda uzanıb nəzərlərini
sonsuzluğa dikən görkəmi gözümün
önündə canlandı. Məmməd bəy mərd-mərdanə
son yolçuluğa hazır olan qüdrəti,
ölümün hədələrinə belə məhəl
qoymayan kişiliyi ilə sanki deyirdi: "Sizə bir xəzinə
əmanət edirəm. O xəzinədən bəhrələndikcə
mən yaşayacağam". Bəli, Azərbaycan var olduqca Azərbaycan
ədəbiyyatı da var olacaq və Məmməd
İsmayıl böyüklüyü həm Azərbaycan, həm
də bütövlükdə Türk dünyası ədəbiyyatında,
sazın-sözün meydanında öz əzəmətini
daim qoruyub saxlayacaq.
Mənim telejurnalist taleyimdə Məmməd
İsmayılın xüsusi yeri, həm də üzərimdə
haqq-sayı var. Yəqin çoxları etiraf edər ki, bu
"xüsusi yer" və "haqq-say" məsələsinin
ünvanı təkcə mən deyiləm. O, zamanında
doğrudan-doğruya inqilabi işlərə imza atan "Gənclik"
jurnalının ətrafına kəsərli qələmi,
ictimai mövqeyi olan, dürüst yazarlar toplamışdı.
300 min tirajla nəşr olunan bu jurnalın qəlbi Azərbaycan
xalqının mütləq əksəriyyətinin nəbzi ilə
eyni vurudu. Sovet-kommunist rejiminin qadağalarını
qırıb atan bu jurnal respublikanın ictimaii-siyasi həyatına
tamami ilə yeni nəfəs verdi. Vaxtı ilə həmin
jurnalın əməkdaşları, eləcə də bu nəşr
orqanı ilə sıx əməkdaşlıq edənlərin
bir çoxu bu gün müasir Azərbaycan ədəbiyyatının, mediasının və teleradio məkanının
vazkeçilməz isimləridir.
Məmməd İsmayıl Az.TV-nin sədri olarkən,
öz sözləri ilə desək,
"haralılığından, kimliyindən asılı
olmayaraq istedadlı, ancaq istedadlı jurnalistləri irəli
çəkirdi". O, "Gənclik"dəki yeniləşmə
işini teleradio şirkətində də davam etdirmək istəyirdi.
Qısa zamanda bir çox yeniliklərə imza atdı da.
Televiziyada ilk səhər proqramının
yaradıcısı da o idi. Məmməd İsmayıl həm
də teleşirkətin peşəkar özəyini Xalq Cəbhəsi
fəallarının qərəzli münasibətindən və
şər-böhtanlarından qoruyurdu. Ona görə də
çox keçmədi, Xalq Cəbhəsi rəhbərliyində
təmsil olunanların Məmməd İsmayıla münasibəti
180 dərəcə dəyişdi. Onlar tez-tez sədrin
otağında görünür, "rəhbər göstərişlər"
verirdilər. Teleşirkətdə bir çox redaksiyaların
başına "bayraqdar cəbhəçilər"
keçməyi bacarmışdılar. Onlar tez-tez "yaramaz
jurnalistlərin", "Heydər Əliyevin
adamları"nın ad və soyadları olan siyahıları
sədrin stolunun üstünə qoyurdular. Mən də
"qovulmağa layiq" hesab edilənlərdən biri idim.
Ustad 2007-ci ilin aprelində mənin haqqımda, həm də
bir çox başqa məsələlər barədə etdiyi
qeydlərdə belə yazırdı: "Səyyad
Ağbabalı verilişlərin birində Naxçıvan Ali
Məclisinin sədri Heydər Əliyevlə bağlı bir xəbər
və bir sujet efirə vermişdi. Səhərisi aləm
bir-birinə dəydi. Cəbhəçi fəallar tələb
edirdilər ki, o, tamamilə televiziyadan
uzaqlaşdırılsın. Doğrudur, mən buna yol vermədim.
Bununla belə, onun iş yerini dəyişdirməli oldum".
Əslində bu, ilk belə hadisə deyildi. Ulu öndərin
yubileyi ilə əlaqədar 10 dəqiqəlik bir veriliş də
efirə getmişdi. Məhz həm də bu fakta görə Məmməd
İsmayıl Heydər Əliyevin adamı kimi xarakterizə
edilirdi. Bu məsələ ilə bağlı hətta o vaxt
teleşirkətin önündə piket də təşkil
olundu. O isə çəkinmədən mövqeyini belə
izah etdi: "Uzun illər Azərbaycanı idarə etmiş,
xidmətlərinə görə Siyasi Büronun
üzvlüyünə yüksəlmiş, indi isə
Naxçıvan Ali Məclisinin sədri olan böyük
dövlət adamı haqqında 10 dəqiqəlik bir sujetin
verilməsi normal qarşılanmalıdır. Hətta az
verildiyinə görə söz-söhbət yaranmalı idi.
Tam əksini görürəm. Məni Heydər Əliyevə
xidmət etməkdə günahlandıranlar Surət
Hüseynovun çevriliş girişimi zamanı özləri
onu Bakıya dəvət etdilər".
Bəlkə də yeri deyil, amma yada salmasam da, olmur.
2007-ci ildə "525-ci qəzet"də "Mən
istedadı və həqiqəti qorumağa
çalışmışam" sərlövhəli
yazısına görə Məmməd İsmayıla
"daş atmağa", böhtan yağdırmağa
başladılar. "Bizim işimiz Səyyad Ağbabalı ilə
deyil, ağsaqqaladır" - deyib bütün sərhədləri
aşdılar. Özlərini o qədər unutdular ki, "Məmməd
İsmayılın dövründə saz teleekranı zəbt
etmişdi" kimi sərsəm iddia da irəli sürdülər.
Arzuları o idi ki, Məmməd
İsmayıl onlarla mübahisəyə girişsin. Özləri
xırda bir təpəcik belə olmayanlar başı qarlı
uca dağa daş atmağa çalışırdılar.
Ancaq unudurdular ki, xisləti qüsurlu kəslərin sərsəm
fikirləri ustad üçün milçək
vızıltısı qədər dəyərsizdir...
Məmməd müəllim bir dəfə söhbətlərindən
birində mənə hətta "yaxın dostları"nın
belə onu unutmaqlarından gileyləndi. "Toplum fərdlərin
sayı ilə deyil, mərdlərin sayı ilə
güclü olur. Adamın bir üzü olar" - deyib bu iki bənd
şeiri oxudu:
Olsun yatan baxtım sizə hədiyyə,
Vaxtı oyadanlar baxtı oyatmır.
Adım cərgənizdən silinib deyə,
Bircə əlinizin xınası çatmır.
Vaxtı yox, özünü göstərər saat,
Vaxtı soruşdunmu özünü deyər.
Mənəm diliniz ucundakı ad,
Bir gün dil yanılıb düzünü deyər.
Məmməd İsmayıl bir türk sevgisi ilə
yaşadı, yaratdı, elə o sevgi ilə də Haqq
dünyasına qovuşdu.
Tanrı dağlarından enib gəlibdi,
Bozqırda, Bozqurda dönüb gəlibdi.
O yurddan bu yurda enib gəlibdi,
Hicran sevgisidi türkün sevgisi.
Yaxşı bax, o qala türk qalasıdı,
Bütün qalaların ilk qalasıdı.
Basılmaz, yenilməz Ərk qalasıdı,
Ərkin sevgisidi türkün sevgisi.
Adəmlə Həvvanı gördüyü yaşda,
Başında dərd də var, dərddən savaş
da.
Namusu nəfsindən yuxarı başda,
Börkün sevgisidi türkün sevgisi.
Bir hədisdə deyilir ki, insan var önə baxar,
insan var sona. Sona baxanlar daha üstündür, çünki
görüşləri sona, sonuca aiddir. Önə baxanlar isə
özlərinə görə daha xas adamlardır. Onlar sona
baxmazlar. Nə hacət? - deyərlər. Buğda əkilən
yerdən arpa biçiləsi deyil ki? Elə insanlar da var, nə
önə baxarlar, nə sona - onların yadına nə
ön, nə də son düşər. Onlar Tanrıya
dalıb getmişlərdir. Məmməd İsmayıl da məhz
Tanrıya dalmaq məqamına ucalanlardan idi.
Allah rəhmət eləsin!
P.S. Bu qeydlərlə Məmməd İsmayılın
haqqını verə bilməyəcəyimin fərqindəyəm.
Heç belə bir iddiam da yoxdur. Mən öz qələmimi
ustadın qələminin beş verstliyində saxlamağa
borcluyam.
Səyyad AĞBABALI
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.17.