Mənəviyyatla
yoğrulmuş ömür
Ömür heç kimə sonsuza qədər vəfa
etmir. Gün üstünə gün, ay üstünə ay, il
üstünə il gəldikcə ömür qısalır,
daralır. Amma yaşanan elə ömürlər var ki, illərlə,
yaşla yox,
daşıdığı məna yükü ilə
ölçülür.
Ağaddin Babayev də belə bir mənalı ömür
yolçusu olub. Onun imzası çoxlarına
tanışdır. Hələ Lənkəranın
Şağlaser kənd orta məktəbinin 8-ci sinfində
oxuyarkən Xalq yazıçısı Hüseyn Abbaszadənin
"General" romanının məktəb kitabxanasında keçirilmiş
müzakirəsi barədə bir xəbər yazıb
poçtla "Leninçi" (indiki "Lənkəran"
qəzetinə) göndərir. Qəzetdə çap olunan həmin
xəbər onun taleyində
mühüm rol oynayır. Ordu sıralarında xidmət
etdiyi illərdə də, Bakıda İncəsənət
İnstitutunda oxuduğu
dövrdə də rayon qəzeti ilə müntəzəm əlaqə
saxlayır, müxtəlif
mövzulu yazıları qəzetdə öz əksini
tapır. İş elə gətirir ki, 1990-cı ilin yanvarından Ağaddin Babayev "Lənkəran"
qəzetində tərcüməçi-müxbir kimi işə
qəbul edilir. Eyni zamanda N.B.Vəzirov
adına Lənkəran Dövlət Dram Teatrında ədəbi işçi kimi də
fəaliyyət göstərir.
Ağaddin müəllim bu gün cismən həyatda
olmasa da, yazılarında - şeirlərində, hekayə və
oçerklərində, tərcümələrində
yaşayır. Onun dünya ədəbiyyatından
etdiyi tərcümələr
çox gözəl və təbii
alınırdı.
Ağaddin müəllim sənət və jurnalistika
üçün doğulmuşdu. Bir
var gedib təhsil alasan, hansısa peşəyə yiyələnəsən,
bir də var ki, o sənət üçün doğulasan.
Ağaddin Babayev də sənət
üçün, mənəviyyat üçün doğulanlardan idi.
Bir müddət mərhum
Məqsud Məmmədovun
sponsorluğu ilə "Prizma" qəzeti buraxdılar. Qəzet qısa zamanda oxucuların rəğbətini qazandı. Ağaddin Babayev
APA-nın, eləcə də "Bakinski raboçiy",
"Vışka" qəzetlərinin bölgə
yazarı idi. Azərbaycan
Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri
İttifaqının üzvü olan Ağaddin Babayev iki kitab müəllifidir.
"Lənkəran"
qəzetində Ağaddinlə bir yerdə işləmişəm.
Gülərüz, xoş xasiyyətli idi, heç kimin qəlbinə
dəyməzdi, mülayim, sadə və səmimi idi.
Hamımız ona Ağa deyib müraciət edirdik.
Mənfur xəstəlik ondan əl çəkmək istəmirdi. Gündən-günə
Ağaddin cismən zəifləyirdi. Aldığı
müalicələr də artıq gücsüz idi. Bu il iyunun
21-i sübh azanı vaxtı Ağa
gözlərini bu dünyaya əbədi yumdu və
sözü, sənəti ilə əbədiyyətə
qovuşdu. Şağlaser kəndi rayonumuz belə bir cəfakeş
ziyalını, qələm sərrafını 69
yaşında itirdi...
...Səhərlər, sabahlar açılacaq, lakin
Ağaddin bir daha bu sabahlara oyanmayacaq. Amma o, açılan səhərləri,
insanların gülüşlərini, ailəsinin həyatını
ruhunda hiss edəcək. Asimandan baxacaq yer üzünə. Qədirbilən
oxucular əsərlərini oxuduqca, ruhuna dualar etdikcə
Ağaddin Babayevin müqəddəs ruhu şad olacaq.
Rahat yat, əziz dost! Zaman gələcək nəvələrin, nəticələrin
sənin yolunun davamçıları olacaqlar.
Sehran YƏDULLAOĞLU
525-ci qəzet .- 2025.- 23 avqust (¹150).- S.17.