"Sən Tovuza
qayıt, mən Dəlidağa..."
Görkəmli şairimiz, Azərbaycan ədəbiyyatının
və Türk dünyasının böyük söz adamı
Məmməd İsmayılın 86 yaşında haqq
dünyasına qovuşduğu xəbərini mətbuatdan
aldım. Məmməd İsmayıl vəsiyyətinə
görə, Tovuz rayonunda, öz doğma Əsrik kəndində
dəfn edildi.
Məmməd İsmayıl 1975-ci ildə Moskvada
SSRİ Yazıçılar İttifaqı nəzdindəki
ikiillik Ali ədəbiyyat kursunu bitirmişdi. Onun burada tərcüməçiləri
və dostları var idi. Mən Moskvada
yaşadığımdan ümumi dostlarımız da çox
idi. Rusiyanın müasir
görkəmli şairləri, yazıçıları,
ictimai xadimləri, söz-sənət adamları onunla dostluq
edirdilər. Yuri Kuznetsov, Aleksandr Kuşner, Mixail Sinelnikov,
Gennadi Kalaşnikov, Vladimir Boyarinov, Maksim Zamşev, Sergey
Karatov, İnna Rostovseva, Leonid Zelyonıy, Viktor Qofman, Lola
Zvonaryeva, Xurşidə Xanrakulova, Yevgeni Landin, Evgeni Taqan və
başqaları Məmməd İsmayılın parlaq bir şəxsiyət, istedadlı
şair olduğundan həmişə ürəkdolusu
danışardılar. O, ədəbi mühitə gəldiyi
ilk gündən şeirlərində xalqımızın
sözünü, dərdini, ağrı-acısını dilə
gətirib, şeirləriylə minlərlə insanın qəlbinə
yol tapa bilmişdi.
Mən Məmməd İsmayılı 1977-ci ildən
gənclik illərindən, hələ Bakıda M.F.Axundov
adına Aərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı
İnstitutunda oxuyan vaxtlardan tanıyırdım. Mənin bir
şeirimi də tərtib etdiyi "Azərbaycan" poeziya
almanaxında çap eləmişdi. Şeirlərimi çox
bəyənirdi. İkimiz də atasız
böyümüşdük, sonra da hər ikimizin bəxtinə
qürbətdə yaşamaq düşdü. Mən Moskvada,
o, Çanaqqalada yaşayırdı. Sıx-sıx
görüşməsək də, arabir məktublaşar,
bir-birimizdən hal-əhval tutardıq. Bir dəfə növbəti
dəfə Bakıya gəlişimdə məni baş
redaktoru olduğu "Gənclik-Molodost" (1988-1992-ci il)
jurnalının redaksiyasına dəvət elədi, yeni
şeirlərimi gətirməyimi istədi. O dövrdə Məmməd
İsmayılın rəhbərlik etdiyi jurnalın tirajı
az qala rekord saya - 300 minə çatırdı. Mən
redaksiyaya gəldim, Məmməd müəllimin
otağında Məmməd Aslanın oturduğunu
gördüm. Səmimi görüşdük. O, mənim
redaksiyaya gələcəyimi Məmməd Aslana deyibmiş və
birlikdə görüşməyimizi qərara
alıbmış. Həmin dövrdə tələbə
yoldaşım Səfər Alışarlı da "Gənclik" jurnalında
çalışırdı. Məmməd müəllim
qonşu otaqdan Səfər Alışarlını da dəvət
elədi. Məmməd Aslan, Məmməd İsmayıl, Səfər
Alışarlı və mən Məmməd müəllimin
otağında qonaq elədiyi çaydan içib doyunca
şirin-şirin söhbət elədik. Sonra Məmməd
müəllim mənim gətirdiyim bir neçə şeirimi
Səfər Alışarlıya verib, yaxın nömrələrin
birinə salmağı tapşırdı. O şeirlərin
biri - "Tütünçü qız" adlı şeir Məmməd
müəllimi təsirləndirmişdi. Amma o şeirlər
çap olunmadı. Sonralar Məmməd müəllim Moskvada
mənə deyəndə ki, yadındamı sənin şeirlərini
çap elədik? Mən Məmməd müəllimə
şeirlərin çap olunmadığını bildirəndə,
o təəcübləndi və çox məyus olduğunu
gördüm. Bu günə kimi şeirlərin çap
olunmamağının səbəbini bilmədim...
Həmin şeir beləydi:
Tütünçü qız
Çoxdan görüşmürdük,
qarşılaşmışıq,
Məni salamladın həmin səslə sən.
Bilirəm sözün çox, sinən doludur,
Bilirəm köhlənmiş kaman üstəsən.
Əlinin qabarı qarsdı əlimi,
Qadınsan, qadında belə əl olmaz.
Mən sənə dağların gülü
demişdim,
Belə çiçək olmaz, belə gül olmaz.
Sinif yoldaşına "müəllim" - deyib,
Yaman uzaq etdin özündən məni.
Qınaq atəşinə tut məni indi,
Haqqın var, güllələ gözündən məni.
Çəkdiyin şələlər belini əyib,
Odur boy-buxunun qısalı qalıb.
Tütün yarpaqları fata yerinə,
Şəvə tellərindən asılı qalıb.
Baxtın açılmayıb, yazan pis yazıb,
Axır bu taleylə barışmalısan.
Bu qara gününün səbəbin, ancaq
Üz tutub Tanrıdan soruşmalısan.
Necə şərik olum sənin dərdinə,
Nahaq qarşılaşdıq, sinif yoldaşım.
Mənim də getdiyim yollar uzaqdı,
Mənim öz işimə qarışıb
başım.
Ürəyin qübarlı, əlin qabarlı,
Bu qismət payına düşüb əzəldən.
Xoş xəbər yerinə, sevinc yerinə,
Qəm, kədər görmüsən bu gözəl
eldən.
Onsuz da kim sənə nə deyir desin,
Mənim gözlərimdə gülsən,
çiçəksən.
Səni gözlərimdə aparacağam,
Sən mənim ruhuma çəkiləcəksən.
Məmməd müəllim hər dəfə Moskvaya gələndə
vaxt ayırıb görüşərdik. 2012-ci ilin
fevralında Məmməd İsmayıl Çanaqqaladan
Moskvaya, dostu və tərcüməçisi Yuri Kuznetsovun
xatirəsinə həsr olunmuş konfrasa gəlmişdi.
Fürsətdən istifadə edib "Ocaq" cəmiyyətinin
sədri və Azərbaycan Yazıçılar Birliyinin Moskva
bölməsinin sabiq sədri Tofiq müəllimlə məsləhətləşib
Məmməd İsmayılla görüş keçirməyi
qərara aldıq. "Moskva Millətlər Ev"inin bir
zalında tədbirimizi keçirə bildik. Unudulmaz,
yaddaşımızda əbədiləşən bir
görüş oldu. Bu görüşdə Rusiya
ziyalıları ilə bərabər, Azərbaycan
ziyalıları, diaspor təşkilatlarının nümayəndələri,
Rusiyada yazıb-yaradan ədiblərimiz, şairlərimiz, teatr
xadimlərimiz toplaşmışdı. Mənə söz
veriləndə üzümü Məmməd İsmayıla
tutub, ona həsr elədiyim şeiri dedim:
Sən Tovuza qayıt, mən Dəlidağa
Nə işimiz var ki qərib ölkədə,
Bizim ki qəlbimiz qəfəsə sığmaz.
Qərib şairlərin günü boran, qar,
Başına bir sevinc yağışı yağmaz.
Günü ayrı düşər, günəş
nurundan,
Qəm-kədər ələnər yolları üstə.
Özü yola salar öz tabutunu,
Vətənə uzanan qolları üstə.
Səbrli yaradıb bizi yaradan,
Bizim yollarımız səbrdən çıxıb.
Bir gün o dağlara yollanasıyıq,
Qürbətdə qazılan qəbrdən
çıxıb.
De, kimlərin ahı tutubdu bizi,
Kimin qarğışına keçmişik, Məmməd?
Ağlımızmı çaşıb qərib
ölkəni,
Özümüzə vətən seçmişik, Məmməd?
O dağlar küsübdü, yaxına qoymaz,
Nankor övladından üz döndəribdi.
Hər gecə yuxuma girir o dağlar,
Oyanıb görürəm söz göndəribdi.
Tutub əllərindən ümidlərimin,
Həsrəti, nisgili qoparım dedim.
Özüm o dağlara gedən deyiləm,
Ruhumu dağlara aparım dedim.
Qapım yoxdu döyə ağacdələnlər,
O evi-eşiyi bada vermişəm.
Ana ocağını, ata yurdunu,
Özüm öz əlimlə yada vermişəm.
Həsrət içindəyən, dərd içindəyəm,
Döyür pəncərəmi qərib küləklər.
Bir quyuya düşmüş Məlik Məmmədəm,
Nə zümrüdquşu var, nə də lələklər.
Dağlar söyləməkdən dilim qabardı,
Dərdlərim Dəlidağ dağından betər.
Düz iyirmi ildir cığırlarımda,
Kəlbəcər həsrəti göyərər, bitər
Qəribin dərdini qərib anlayar,
Ataq bu mönətin daşını qardaş.
Dağlara yön alaq, bizi gözləyir,
Uca tut,uca tut başını qardaş.
Doğma yurd yenədə düşdü
könlümə,
Bir səfərə çıxaq, duraq ayağa.
Götür-qoy zamanı gəlib yetişdi,
Sən Tovuza qayıt, mən Dəlidağa.
Şeirdən təsirlənən Məmməd
İsmayıl ayağa qalxıb mənə:
- Nəsib, sən bu şeiri elə-belə
yazmamısan, sən bu şeiri ürəyinin qanıyla
yazmısan - deyib məmi qucaqladı. Sonra "Mən şair
deyiləm, atam-qardaşım" şeiriylə mənə
cavab verdi.
Məmməd İsmayıl ömrünü sözə,
millətinə və türkçülük ideyasına həsr
etmiş böyük şair, böyük şəxsiyyət
idi. Onun adı, ideyaları və gözəl, bənzərsiz
şeirləri xalqımızın yaddaşında əbədi
yaşayacaq.
Yerin behişt olsun, əziz dost! Şeirimdə
demişdim axı, sən Tovuza qayıtdın, buraxsalar, mən
də Dəlidağa gedəcəyəm, özü də həmişəlik...
Bakı, 20 avqust
Nəsib NƏBİOĞLU
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.16.