Unudulmaz Fikrət müəllim
Fikrət Qoca 90
Xalq şairi Fikrət Qocanın xatirəsinə
Ədəbiyyata, poeziyaya maraq göstərməyə
başladığım ilk zamanlarda - hələ ötən əsrin
70-ci illərində televiziya ekranından Fikrət Qocanın
öz şeirlərini səsləndirdiyini tez-tez eşidirdim.
Hər dəfə də bu şeirlərin fərqli cazibəsi
məni özünə çəkirdi. Sonralar nəşr
olunan şeir kitablarını əldə etdim və beləcə,
Fikrət Qoca poeziyasının daimi oxucusuna çevrildim.
Mən Fikrət müəllimi sərbəst
şeirimizdə Rəsul Rza yolunun davamçısı
sayıram. Onun şeirlərinin təhkiyəsi olduqca orijinal və
ürəyəyatımlıdır. Sərbəst vəzndə
yazılan bu şeirlər daxili ritmi, ahəngi ilə həmişə
seçilirdi. Buna görə də onları əzbərləmək
də asan və zövqlü idi. Gənc yaşlarımda Fikrət
müəllimin "Cəsarət" və "Risk"
şeirlərini əzbərləmişdim. Sonralar onun
özünün də iştirak etdiyi məclislərdə dəfələrlə
bu şeirlərdən parçalar, ayrı-ayrı misralar
söylədiyim də olmuşdu. Onun sovet illərində
yazdığı "Cəsarət" şeiri həqiqətən
də o dövr üçün cəsarətli və qeyri-adi
nəzm nümunələrindən sayılırdı:
Cəsarətsiz iclasları
açılmamışdan bağlayın.
Cəsarət təqaüdə çıxmaz,
sən onu öz övladının gözlərində
görəcəksən.
Yuxularına girəcək,
qarşısında diz çöküb hönkürəcəksən.
Cəsarəti öldürə bilmərik sən, mən.
Cəsarətimiz təqaüdə
çıxsaydı,
Əhalimiz xalq olmazdı,
Torpağımız - Vətən.
Fikrət müəllimin şeirləri öz
aurası, orijinal üslubu ilə həmişə fərqlənirdi.
Onun böyük Hüseyn Cavidin nəşinin vətənə
gətirilməsi münasibətilə hələ ötən
əsrin 80-ci illərinin əvvəllərində qələmə
aldığı şeir o vaxtlardan dilimin əzbəri idi:
Tale, nə gözəl gündü bu,
sən insafa gəldin.
Qırx ildi gəlirdin, gəl, a Cavid,
səfa gəldin...
İllər külək oldu,
yollar çiçək oldu,
insan mələk oldu,
gördün - vəfa gəldin...
Həsrət onu mərd yıxdı ki,
O, insafa gəldi
Ey ayrılıq oğlu, bu Araz sahilinə
sən səfa gəldin!
...2004-cü ildən - mən Azərbaycan
Yazıçılar Birliyinin katibi seçiləndən sonra
- sevimli Xalq şairimiz Fikrət Qoca ilə mütəmadi
görüşməyə başladıq. Birgə
çalışdığımız dövrdə onu daha
yaxından tanımaq, daxili zənginliyinə bələd olmaq
imkanı qazandım. Mən Fikrət müəllimin bir
çox üstün insani keyfiyyətlərinin şahidi
olmuşam. Onun gənc yaşlarımda eşitdiyim o gur səsi
artıq yox idi. 1980-ci illərin ortalarında ağır xəstəliyə
mübtəla olmuş, lakin Ümummilli lider Heydər
Əliyevin dəstəyi ilə Moskvada əməliyyat edilərək
sağlamlığına qovuşmuşdu. Buna görə o, hər
zaman Ulu öndərə öz dərin minnətdarlığını
bildirirdi.
Fikrət müəllimin gözəl yol
yoldaşlığı vardı. Onunla birlikdə dəfələrlə
səfərlərdə olmuşduq. İstər xarici ölkələrə,
istərsə də respublikamızın ayrı-ayrı
bölgələrinə səfərlərimizdə hər dəfə
onun yeni insani məziyyətlərini müşahidə edir,
duzlu zarafatları sevən mükəmməl yol yoldaşı
olduğunu görürdüm. İtaliyada Fikrət müəllimin
kitabı çapdan çıxmışdı. Bununla əlaqədar
birlikdə Milana getmişdik. Daha sonra
Qırğızıstana, Türkiyənin müxtəlif
şəhərlərinə, eləcə də ölkəmizin
müxtəlif bölgələrinə səfərlərimiz
olmuşdu. Bu səfərlər zamanı Fikrət müəllimlə
bağlı unudulmayacaq xeyli xoş xatirələrim var.
Yaxşı yadımdadır, Qarsa təyyarə reysi
açılan günlər idi. Bizə ilk reyslə Qarsa
uçmaq təklif olunmuşdu. Təşkilatçılar
Fikrət müəllimin də getməsini istədiklərini
demişdilər. Düzü, əvvəl-əvvəl
düşünmüşdüm ki, bir gündə uzaq yolu
gedib-gəlmək onun üçün yorucu olar. Amma dəvəti
Fikrət müəllimə bildirəndə məmnuniyyətlə
razılaşdı, dedi ki, nə olacaq, iki saatlıq yoldur, gedərik.
Həmin səfərimiz indiki kimi yadımdadır.
Bir dəfə də onunla Qırğızıstana səfərimiz
olmuşdu - Xalq yazıçısı Anarın yubiley tədbiri
ilə əlaqədar Bişkekə getmişdik. Heyətdə
tanınmış incəsənət nümayəndələri,
Xalq artisti Mələkxanım Eyyubova və onu müşayiət
edən musiqiçilər də vardı. Sevilən xanəndəmiz
orada Fikrət müəllimin sözlərinə bəstələnmiş
musiqiləri ifa edir, nümayəndə heyəti də ona
qoşulub birlikdə oxuyurdu. Xüsusən, Fikrət
Qocanın sözlərinə Ramiz Mirişlinin bəstələdiyi
"Küsüb məndən" mahnısı
hamımızın qəlbini riqqətə gətirmişdi:
Sən dönsən də, mən dönmərəm,
Günəş sönər, mən sönmərəm.
Əzabından deyinmərəm,
Var böylə nişanım mənim.
İndi bu cümlələri yazarkən daha bir səfərimizi
xatırlayıram. Böyük şairimiz Almas
İldırımın 100 illik yubileyi ilə bağlı
geniş bir nümayəndə heyətinin tərkibində
Elazığa səfər etmişdik. Bir neçə gün
orada qərib şairimizi anmaq, ona həsr olunmuş tədbirlərdə
iştirak etmək unudulmaz anlar idi. Fikrət müəllim
orada da çox böyük şövqlə, yorulmadan
bütün tədbirlərə qatılırdı.
Fikrət Qoca ustad şair olmaqla bərabər, həm
də çox həssas insan idi. İctimai proseslərə
biganə qalmaz, ölkədə baş verənlərə bədii
və publisistik yazıları ilə münasibət bildirərdi.
O, ədəbi gəncliyə də xüsusi qağyı və
diqqət göstərər, hansısa qəzetdə, ya
jurnalda oxuyub bəyəndiyi mətnin müəllifini mütləq
axtarıb tapar, öz təəssüratını
bölüşərdi. Gənc yazarlara hər zaman dəstək
olar, onların inkişafı üçün əlindən gələni
etməyə çalışardı.
Xalq şairi Fikrət Qocanın zəngin ədəbi
irsi ədəbiyyatımızın çox dəyərli
nümunələrindəndir. Əlamətdar hadisədir ki,
dövlətimizin başçısı cənab İlham
Əliyev onun 90 illik yubileyinin keçirilməsi ilə
bağlı Sərəncam imzalayıb. Bu nəcib addım
unudulmaz şairimizin işıqlı xatirəsini yenidən
yad etmək üçün daha bir fürsətdir.
Fikrət müəllimin vəfatından sonra Ağdaşda
onun xatirəsinə həsr olunmuş böyük tədbir
keçirilmişdi. Sevimli şairimizin həmyerliləri
böyük şövqlə çox gözəl bir tədbir
hazırlamışdılar.
Yeri gəlmişkən, Göyçayda
"Ziyalılar bağı"nda hələ
sağlığında Fikrət müəllimin büstü
qoyulmuşdu. Bir dəfə Göyçaya səfərimiz
zamanı həmin büstü o özü də ziyarət
etmişdi.
Fikrət Qoca şübhəsiz, Azərbaycan ədəbiyyatı
tarixində öz yeri olan çox dəyərli söz
adamı, bənzərsiz şairdir. Onun yoxluğu
xalqımız, ədəbiyyatımız, eyni zamanda
dostları, yaxınları, iş yoldaşları üçün
ağır itkidir. İstər həmişə şeirlərini
sevə-sevə oxumuş bir oxucu, istərsə də xeyli
müddət bir yerdə çalışmış,
ünsiyyətdə olmuş bir adam kimi mən də unudulmaz
Fikrət müəllimi hər zaman böyük ehtiramla yad
edir, haradasa şeirlərini eşidəndə onun televiziya
ekranından öz şeirlərini gur səslə oxuduğu o
illəri xatırlayıram.
Rəşad Məcid
Mətbuat Şurasının sədri
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.15.