Yasəmən Qaraqoyunlu- "Yavaş-yavaş bizlərə
ehtiyac qalmır, oturub əsərlərimizi yazsaq, daha doğru
olar"
Bu gün bəşəriyyətin elə bir dönəmindəyik
ki, istəyimizdən asılı olmayaraq, siyasət həyatımızın
bir parçasına çevrilib. Vaxtilə siyasət
çoxumuz üçün uzaq bir anlayış idi - qəzetlərdən
oxunan, televiziya ilə izlənilən, gündəlik həyatla
əlaqəsi olmayan bir mövzu kimi görünürdü bizə.
1988-ci ildən başlayan hadisələr Azərbaycan
xalqını siyasətə çox
yaxınlaşdırdı. Məhz bu tarixdən sonra xalqın
gündəlik yaşamı siyasətdən ayrı
düşmədi. Uzun zaman davam edən 30 illik işğal
dövrü, qaçqın-köçkün həyatı,
torpaq həsrəti, müharibə illərinin
ağrısı və sonunda Vətən müharibəsinin gətirdiyi
Zəfərlə gördük ki, siyasət hər birimizin həyatında
əhəmiyyət kəsb edir. Bu gün regionda baş verən
proseslər fonunda Azərbaycan dünyanın əksər
ölkələrinin diqqət mərkəzindədir.
Bütün bunlar siyasətin təkcə dövlətin deyil,
hər birimizin taleyində nə qədər önəmli
olduğunu təsdiqləyir.
Bugünkü müsahibimizi sosial şəbəkə
üzərindəki yazıları ilə tanıyırdım
və soyadı həmişə maraqlı gəlirdi.
Haqqında apardığım araşdırmadan sonra həmsöhbət
olmaq qərarına gəldim.
Beləliklə, müsahibimiz Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə və Sosiologiya
İnstitutunun elmi işçisi Yasəmən Qaraqoyunludur.
- Yasəmən xanım, uzaq tarixə, kökə
söykənən bir dövlətin adını soyad kimi
götürmüsünüz özünüzə...
- Qərbi Azərbaycanın Dilican dərəsində
yerləşən bölgə həm də Qaraqoyunlu dərəsi
adlanırdı. Dilican dərəsi Qazaxdan başlayıb
Göyçə gölünə qədər uzanan bölgənin
adıdır. Orada yaşayanlar özlərini Qaraqoyunlu hesab
edirlər. Uşaqlıqdan analarımızdan, babalarımızdan
elə hey eşidərdim ki, Qaraqoyunlular toya getdilər, yasa
getdilər, ya bir başqa məclisə
yığışdılar. Nənə-babamın dilindən
Qaraqoyunlu kəlməsi əskik olmurdu. Lakin ötən əsrin
88-ci ilində torpaqlarımızdan qovulduq. Bir gecənin
içində kəndimiz əlimizdən alındı, əhali
hərə bir yerə qaçdı, kim hara
köçdü, harada qaldı bilinmədi. Kəndimizin əhalisi
toplum olaraq bir yerdə məskunlaşa bilmədi. Həmin il
Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi
idim. Baş verən hadisələr mənə dərin travma
yaşatdı. Bir günün içində on yeddi illik həyatım,
torpağım, evimiz, Vətənimiz ermənilər tərəfindən
əlimizdən alındı, ailəmiz hər şeyini
itirmiş qaçqına döndü. O illərdə
özlüyümdə düşündüm ki, Qaraqoyunlu eli
darmadağın oldu, bəs mən onları yaşatmaq, yenidən
birləşdirmək, torpağımıza qayıtmaq
uğrunda mübarizəyə səsləmək, Vətəni
unutdurmamaq üçün nə edə bilərəm? Xeyli
çək-çevirdən sonra Qaraqoyunlu elinin adını
soyad kimi götürmək qərarına gəldim.
Düşündüm ki, o torpağın insanları
davamlı olaraq soyadımı eşitdikcə, öz vətənlərini
unutmaz. Beləcə, Qaraqoyunlu soyadı ilə tanınmağa
başladım. Düzü, ətrafda bu, o qədər də
xoş qarşılanmadı.
Görünür, cəmiyyət buna hazır deyildi.
Açıq deyəcəyəm, insanlar soyadımı
gülüş obyektinə də çevirdilər. Səbəb
də o idi ki, yaşadığımız sovet dövrü
bizə türk boy və tayfa adlarını, şəcərələri,
nəsilləri unutdurmuşdu.
- Ömrünüzün on yeddi ili o torpaqlarda
keçib. Belə baxanda böyük bir zaman kəsiyi deyil.
Amma həsrətiniz çox böyükdür...
- Çünki o illəri bir an da olsa, unutmadım.
Böyüklərimiz türk
olduğunu heç zaman yaddan çıxarmadılar,
türk törəsinə sarıldılar və həmin gələnəklərlə
yaşadılar. Biz elat mədəniyyəti, saf bir türk
törəsilə yaşayan el-oba idik. Biz heç zaman ermənilərlə
bərabər yaşamadıq, ətrafımızda bir nəfər
belə, erməni olmadı. Biz nə ərəbləşmişdik,
nə farslaşmışdıq. Ata babam kiçik
yaşlarından aşıq Ələsgərin dastan gecələrini dinləyib və ondan eşidib əzbərlədiklərini
sonralar biz nəvələrə danışardı. O,
canlı bir ensiklopediya idi. Milli folkloru, dastan ədəbiyyatını,
nağılları, bayatıları, atalar sözlərini dərindən
bilən biri idi. Onun mənim üzərimdə böyük təsiri
olub. Qaraqoyunlular hər il yaylağa köç edərdi. May
ayının axırında Banu nənəmlə birlikdə o
yaylağa qalxardım. Yaylaqlarımız Murğuz, Cantəpə,
Soyuqbulaq dağları, bir tərəfi isə Göyçə
gölü idi. Köç hərəkət etdikcə, qəribə
duyğular oyanardı məndə. Vətən, millət,
torpağa bağlılıq duyğusu ilə yanaşı, dərin
bir kədər də olardı onların içində. Bəlkə
də zamanın gətirəcəyi bir xəbərdarlıq
olub o kədər. Qaçqınlıq illərində davamlı
olaraq Göyçə gölünü yuxularımda
görürdüm. Göyçə içimdəki bir
acı, niskildir indi. Vətəni yuxuda görmək çox
ağırdır...
- Qonşu dövlətin ərazisində
yaşayırdınız, lakin bu yerlərin əzəli Azərbaycan
torpaqları olduğundan xəbərsiz deyildiniz yəqin ki...
- Bayaq qeyd etdim ki, biz ermənilərlə
yaşamamışıq. Biz onları evimizdə, həyətimizdə
tikinti işləri aparanda gətirib işlədərdik. Və
o zaman həmin işçilər deyəndə ki, niyə
tikirsiniz bu evləri, onsuz da bunlar bizə qalacaq. Biz eşitdiklərimizin
fərqinə varmayıb gülərdik,
amma heç demə, Ermənistanda 88-ci ilə hazırlıq
hələ o vaxtlardan başlayıbmış. Biz tərəfdə
yaşayan ermənilər 60-70-ci illərdə Suriyadan,
Livandan, Türkiyədən köçürülənlər
idilər və onlar Dilican, İcevan, Çəmbərək
rayon mərkəzlərində məskunlaşdırılmışdılar.
SSRİ və Ermənistan rəhbərliyi tərəfindən Avropadan, Fransadan, Amerikadan
böyük imtiyazlar vədi qarşılığında
aldadılaraq köçürülən ermənilər
sonradan buranı tərk etdilər. Biz hər zaman türk
olduğumuzu, öz torpağımızda
yaşadığımızı bilmişik və
kökümüzə bağlı olmuşuq, çünki
sovetlərin İrəvanın 20-ci illərdə
qonşularımıza verdiyindən xəbərdar idik.
Heç zaman bunu nə unutduq, nə də həmin adı qəbul
etdik. Burada bir haşiyə çıxmaq istərdim.
- Buyurun...
- 1918-ci ildə İrəvan şəhəri Ermənistan
adlandırıldı. Həmin ildə Tiflisdə Azərbaycan,
Gürcüstan, Ermənistan öz istiqlaliyyətini elan etdiyi
dönəmdə Ermənistan haradır, hara olacaq haqqında
heç bir bilgi, təsəvvür yox idi. Çünki nə
belə bir tarix, nə ərazi vahidi, nə də torpaq
vardı. 1918-ci ildə Batum müqaviləsinə əsasən
İrəvan şəhəri və ətrafı ermənilərə
güzəştə gediləndə, həmin ərazi Ermənistan
adlandı. 1919-cu ildə həm daşnaklar, həm Azərbaycan
Xalq Cümhuriyyəti Paris Sülh Konfransına Zaqafqaziya
ölkələrinin sərhədi hara olacaq deyə, memorandum təqdim
etmişdi. Torpaq hərisi olan qonşular tərəfindən
Azərbaycanın, Gürcüstanın, hətta Türkiyənin
çox yerlərinə iddia edilmişdi. Memorandum qəbul
edilmədi və nəhayətdə sovet hakimiyyəti
yaranandan sonra Ermənistan dövləti quruldu və1920-ci ildən
1988-ci ilə qədər davam etdi.
- 1988-ci ilə qədər davam etdi deyirsiniz, amma həmin
dövlət öz ab-havasındadır...
- Fikrinizlə razıyam, amma unutmayaq ki, həmin
dövləti SSRİ yaradıb, həmin quruluş artıq 34
ildir dağılıb, təbii ki, Ermənistanın
coğrafiyası, ərazisi haqqında qanunlar da, özü ilə
birlikdə qüvvəsini itirib, tarixə düşüb. Nədənsə
bunun dərinliyinə varmaq istəmirik.
- Köçkün həyatı yaşamağa məcbur
olanda birinci kurs tələbəsi idiniz. Necə deyərlər,
qanın qaynayan vaxtında olmusunuz. Belə düşünmək
olar ki, Milli Hərəkata qoşulmağınızın səbəbi
bu olub?
- Yox... Orta məktəbdə quzeyli-güneyli
bütün Azərbaycan yazıçılarının əsərlərini
oxumuşdum, çünki filologiya fakültəsinə
hazırlaşırdım. Mirzə Cəlil, Hüseyn Cavid
kimi yazarların ədəbi
yaradıcılığını oxuduqca, artıq bilirdim ki,
ömrümü millət davasına həsr edəcəyəm,
çünki onların təsiri altında idim. Tələbə
vaxtı qaçqın düşməsəydik, Xalq hərəkatı
başlanmasaydı, yenə də bütöv Azərbaycan
uğrunda mübarizə aparacağımı bilirdim. Millətimin
nə istədiyini, kim olduğunu oxuduqlarımdan öyrənmişdim,
necə deyərlər, yolumu cızmışdım. Birinci
kursda ictimai-siyasi xadim Xudu Məmmədovun dəfnində
iştirakımı ilk milli hərəkatım hesab edirəm.
Universitetdə qurulmuş "Yurd" Birliyinə qoşuldum
və sonra öyrəndim ki, birliyin gizli rəhbəri
Əbülfəz Elçibəy olub. Bu birliyin məqsədi
Azərbaycan milli abidələrini bərpa etmək, Xudafərin
körpüsünü qorumaq, milli mədəniyyəti
yaşatmaq idi. Əslində bu, mədəni-kültür hərəkatı
idi, milli özünüdərk prosesi
başlatmışdı. Elə birinci kursda həmin birliyə
qoşuldum. 1988-ci ilin noyabr ayında Meydan hərəkatı
başladı və 17 yaşlı bir yeniyetmə ilk gündən
meydanda oldu. O gündən başlayaraq indiyə qədər
meydandan çəkilmədim və bu yolu davam etdirdim. İstər
tələbəlik illərimdə, istər jurnalist kimi
çalışdığım zamanlarda, istər AMEA-da elmi
fəaliyyətim dövrüdə hər zaman Türk millətinin
davasını aparan bir mövqedə olmuşam. Həm elmi, həm
siyasi fəaliyyətim bu amala xidmət edir.
- Əbülfəz Elçibəyin hakimiyyəti
dövründə AXC-nin ideologiya şöbəsində
çalışmısınız.
Ətrafındakıların ona nə dərəcədə
sadiq olduğunu bilməmiş deyilsiniz...
- Universitet həyatında aktiv tələbə
olmuşam, sonuncu kursda Güney Azərbaycan problemində
çox aktiv idim. Məqalələr yazır, konfranslar
keçirir, siyasi fəaliyyət göstərir, Güney Azərbaycan
problemlərini hərəkatın içinə gətirirdim.
Bu baxımdan AXC-nin ideologiya şöbəsinə dəvət
olundum.
Sualınıza gəlincə, AXC xalq hərəkatından
gəlmiş böyük bir təşkilat idi. Təşkilatlanma
aşağıdan yuxarıya doğru aparılırdı. Bu
baxımdan təşkilatın daxilində fərqli mənfəət
qrupları, fərqli siyasi baxışlı birləşmələr
olduğundan onlar arasında qarşıdurmalar vardı. Bu,
AXC-yə güclü bir dinamiklik gətirirdi, güc
qazandırırdı. Elçibəy isə güclü və
demokratik lider kimi bu qrupları əlaqələndirirdi, idarə
edirdi.
- Əvvəlki cavabınızda Güney Azərbaycan
yönümlü olduğunuzu vurğuladınız və
90-cı illərin əvvəlində "Bütöv Azərbaycan"
Hərəkatını qurdunuz...
- Həmin vaxtlarda mətbuatda ardıcıl
çıxan məqalələrimdə Güney Azərbaycan
problemi, onu qazanmaq üçün nə etməli kimi məsələləri
qoyurdum və bu yazılarım xeyli oxucu kütləsi
qazanmışdı. Qeyri-təvazökarlıq kimi səslənməsin,
Güney Azərbaycan probleminin Quzey Azərbaycanda təbliğ
edilməsində, siyasi məsələyə çevrilməsində
ciddi rol oynamışam. Düzü, o zaman AXC-nin daxilində mənə
qarşı xeyli etiraz edənlər, mübarizə aparanlar
oldu. Hətta aralarında "Bu xanım Güney Azrbaycandan
ona görə danışır ki, Qarabağ məsələsinin
bizə unutdursun" deyənlər də vardı. Mənim
düşüncəm isə belə idi ki, Qarabağ da,
Güney Azərbaycan da bizim torpaqlardır və hər ikisi
işğal altındadır. Güney Azərbaycan fəal
olmalıdır ki, biz Qarabağı ala bilək. Əgər
onlar fəal olarsa, İran hakimiyyəti Ermənistanın
yanında ola bilməyəcək. Mən bir millət
olmağımızın mücadiləsini aparmışam və
nəticəsi də o oldu ki, Güney Azərbaycan məsələsi
o zaman bütün siyasi partiyaların proqramına daxil edildi.
Bundan sonra Qərbi Azərbaycan uğrunda mübarizəyə
başladım.
- Amma Qərbi Azərbaycan daima gündəmdə duran
problem olub...
- Elə deməzdim... Qərbi Azərbaycanla
bağlı ilk yazım 2005-ci ildəçap olundu. Yazıda
belə sual qoymuşdum: Qərbi Azərbaycana qayıtmaq
üçün nə etməliyik? Mənim nəzərimdə
bu, sadəcə məqalə deyildi, bir dövlət planı
idi. Məqalədə addım-addım, mərhələli
şəkildə Qərbi Azərbaycan məsələsini
başlatmaq, onu qazanmaq, ora qayıtmaq üçün dövlət
səviyyəsində nələr olmalıdır kimi maddələri
yazdım. Yazandan sonra bir konfrans keçirtdim. Orada da niyə
Azərbaycanda Qərbi Azərbaycan məsələsi
müzakirə olunmur, niyə partiyaların proqramında bu
mövzu əksini tapmayıb, konfranslar keçirilmir, ictimai rəy
hazırlanmır kimi suallar qoydum. Açıq deyəcəyəm,
o zamanlarda Azərbaycanda Qərbi azərbaycanlılara
qarşı münasibət isti deyildi. Cəmiyyət
onları bir klan kimi təsəvvür edirdi. Haqqına demək
lazımdır ki, bu məsələdə Qərbi azərbaycanlıların
öz günahları da vardı. Onlar baş verənləri
millət, Vətən deyil, siyasi klan davası kimi təqdim
etmişdilər. Mən bu fikri düşüncələrdən
sildim və bəyan etdim ki, Qərbi Azərbaycan davası
bütöv Azərbaycanın davasının bir
parçasıdır. Artıq istəyimə nail olmuşam.
Bu gün Qərbi Azərbaycan İcmasının
yaradılması, o torpaqlara qayıdış, həmin ərazilərdən
deportasiya edilmiş azərbaycanlıların
və onların varislərinin ictimai-mədəni birliyinə
nail olmaq dövlətimizin qarşısında ən ümdə
məsələdir. Mənim üçün Azərbaycanın
hər dörd qütbü Vətəndir və bu
bütövlük uğrunda mübarizədə həmişə
varam.
- Milli azadlıq hərəkatı olmasaydı, siyasətə
gəlməsəydiniz, hansı istiqamətdə fəaliyyət
göstərərdiniz?
- Orta məktəb illərindən ədəbiyyatı
çox sevmişəm. Düşünürdüm ki, filoloq
olacağam, bədii əsərlər yazacağam. Amma
dövran elə gətirdi ki, fəlsəfəyə gəldim.
Fəlsəfə tarixi də, ədəbiyyatı da
özündə daşıyır. İndi fəlsəfənin
içində millətimi axtarmağa başlamışam.
Düşünürəm ki, fəlsəfə sahəsində
siyasi fəaliyyət göstərməsəydim, daha uğurlu
ola bilərdim. Elm cəmiyyətdən ayrılıb kitablara
qapanıb gecə-gündüz çalışmaq tələb
edir. Amma Yasəmən Qaraqoyunlu nə edib? Bir tərəfdən
kitab oxuyur, o biri tərəfdən narahat olur ki, ölkəmdə
bu konfrans keçirilmədi və qaçır onu
keçirsin, ay aman, Güney Azərbaycan, Qərbi Azərbaycan,
Qarabağ davası qaldı. Siyasət məni məcbur etdi
ki, davamlı olaraq meydanda qalım, enerjimin, zamanımın
böyük hissəsini siyasi mübarizəyə həsr edim.
Yaşadıqlarım məni buna məcbur etdi. Seçim mənə
qalsaydı, özümü fəlsəfə sahəsində
uğurlu əsərlər yazmağa həsr edərdim. Bu
gün artıq siyasətdən uzaq qalmağa
çalışıram, yazmağa daha çox
üstünlük verirəm. Düşünürəm ki,
artıq yaradıcılıq vaxtıdır. Dövlətçilik
öz yerini alıb, milli məsələlər dövlət
siyasətinin prioritetinə çevrilib. Yavaş-yavaş bizlərə
ehtiyac qalmır və oturub əsərlərimizi yazsaq, daha
doğru olar.
SÖZARDI: Qarşımda savadlı, həqiqətlərin
gözünə dik baxan bir müsahib vardı. Faktlara söykənən
cavabları millətini sevən, tarixini bilən
ziyalılıqdan soraq verirdi. Son olaraq kəndini hər gün
yuxularında görən, Göyçəni içində
bir acı, bir nisgil kimi gəzdirən müsahibimə demək
istəyirəm ki, Yasəmən xanım, nəyi, necə, nə
zaman etmək lazımdır, bunu dövlətimizin
başçısı yaxşı bilir. Təki
inamımız itməsin...
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 23 avqust (¹150).- S.14;15.