"Ürəkdən gələn
hekayəni yalnız insan yaza bilər"
Rejissor, ssenarist, prodüser Nurlan Həsənli: "Sən
öz dünyanı gətirirsən, süni intellekt o
dünyanı açmağa və zənginləşdirməyə
çalışır"
Müsahibimiz rejissor, ssenarist, prodüser Nurlan Həsənli
Qafqaz Universitetində, Türkiyənin Mərmərə
Universitetində, Macarıstanda Budapeşt Texnologiya və
İqtisadiyyat Universitetində təhsil alıb. Müxtəlif
beynəlxalq festivallarda və vörkşoplarda iştirak edib.
"Pişiyi qurtar", "Limit sonsuzluğa
yaxınlaşanda", "Bir ata haqqında", "Erkən
hisslər", "Onlar", "İnsanlar və
sürünənlər" kimi qısametrajlı filmlərin
rejissorudur.
Nurlan Həsənli ilə söhbəti təqdim
edirik.
- Nurlan bəy, gəlin söhbətimizə kino təhsilinizlə
başlayaq. Türkiyə və Macarıstanda təhsil
almısınız. Azərbaycan kinosunda hansı
çatışmazlıqlar sizi xarici ölkələrdə
kino təhsili almağa vadar elədi?
- Düzünü desəm, Azərbaycanda incəsənət
üzrə təhsili dərindən
araşdırmamışam, ona görə də konkret
müqayisə aparmaqda çətinlik çəkirəm.
Amma uşaqlıqdan kinoya böyük marağım olub.
Əmimin videokaset kirayə verən mağazası vardı və
bu mənə çoxlu film izləmək imkanı
yaratmışdı. Amma kinoya ciddi marağım bakalavr təhsilimin
birinci kursunda - siyasi elmlər fakültəsində oxuyarkən
başladı. Həmin vaxt mən Türkiyənin yeni
dalğa filmlərini kəşf etdim. Bu filmlər mənə
göstərdi ki, kino yalnız uzaq ölkələrin hekayələrini
deyil, bizim insanımızı, ətrafımızı,
yaşadığımız çətinlikləri də
danışa bilər. O filmlərdən aldığım
ilhamla ilk ssenarilərimi yazmağa başladım. Yazdıqca
hiss etdim ki, nəsə çatışmır və məhz
o çatışmayan şeyi anlamaq marağı məni
kinoya daha dərindən bağladı. Beləcə kino təhsili
almağa qərar verdim. Türkiyədə oxumağımın
əsas səbəbi oranın dövlət təqaüdünü
qazanmağım idi, amma eyni zamanda Türkiyə yeni
dalğasından aldığım təsir də məni bu
ölkədə oxumağa həvəsləndirirdi. Daha sonra
orada olduğum müddətdə Erasmus Dəyişim
Proqramı ilə Macarıstanda da bir semestr təhsil aldım,
orada kino və incəsənət fəlsəfəsi üzrə
dərslər aldım. Yəni xaricdə oxumaq qərarım
daha çox təsadüflərin, marağımın və
müəyyən imkanların üst-üstə düşməsi
idi. Mənim üçün əsas məqsəd o
çatışmayan hissi anlamaq, kinonu həm nəzəri, həm
də praktik olaraq öyrənmək idi.
- Prodüser kimi də fəaliyyət
göstərirsiniz. Bu gün bir çox özəl sektorlar
film barəsində seçici davranırlar. Hətta bir qismi
baxış sayı çox olduğuna görə komediya
janrına daha çox üstünlük verir. Sizin bu
mövzuya yanaşmanız necədir?
- Hələ ki prodüser kimi sadəcə öz filmlərimi
istehsal etmişəm. Amma hazırda üzərində
çalışdığım digər müəlliflərin
də işləri var. Suala gəldikdə isə təəssüf
ki, bu gün mədəniyyətimizin böyük hissəsi
marketinq üzərində qurulub. Əslində, demək olar
ki, mədəniyyətimizin özü artıq marketinqdir.
Marketinqin əsas məqsədi insanları istədiyin istiqamətə
yönləndirməkdir. Bu da istehlak mədəniyyətimizi,
musiqimizi, filmlərimizi, kitablarımızı müəyyənləşdirir.
Mən isə şəxsi olaraq bunun bir hissəsi olmaq istəmirəm.
Özümü "filmi necə satmaq olar", ya da
"populyar film yazmaq üçün hansı qaydalara əməl
etməlisən" kimi müzakirələrin içində
görmürəm. Mənim üçün əsas məsələ
mövcud sistemə uyğunlaşmaq deyil. Ümidim var ki, bu
dünyada başqa bir yol da mövcuddur. Mən inanıram ki, əgər
biz cəsarətli olsaq, səmimi və dürüst davransaq,
ortaya qoyduğumuz işlərin öz
cığırını tapması mümkündür. Bəli,
bazarın tələbləri var, bəzi janrlar daha çox
baxış gətirir. Amma mənim üçün əsas
odur ki, film yalnız rəqəmlərə görə yox, həqiqətən
kiminsə həyatına toxunmaq gücünə görə dəyərli
olsun.
- Süni intellekt artıq həyatımızın bir
parçası olub, hər hansı bir fikir almaq, ideya almaq
lazım olanda bəzən ona üz tuturuq. Sizcə, ssenaristlərin
süni intellektdən istifadəsi nə qədər
düzgündür?
- Məncə, burada əsas meyar niyyət və
yaradıcılıqla olan münasibətdir. İlham
doğuran, təxəyyülü gücləndirən,
araşdırmaya kömək edən hər hansı bir
şeydən faydalanmaq lazımdır: əvvəlki filmlər,
kitablar, musiqilər, səyahətlər, təbii hisslər və
ya süni intellekt... Əsas məsələ isə budur ki, sən
ürəyinə toxunanı seçib öz baxış
bucağında ifadə edəsən. Süni intellekt
hazırda daha çox analiz etməyə, məlumatı tez
tapmağa, istiqamət göstərməyə kömək
edir. Tamamilə yeni, bənzərsiz bir hekayə
formalaşdırmaqda isə hələ kifayət qədər
güclü deyil. Çünki ssenari sadəcə məntiqi
ardıcıllıq və ya süjet qurmaqdan ibarət deyil; o,
müəllifin şəxsi yaddaşı, təcrübəsi,
emosiyaları ilə yoğrulmuş bir dil tələb edir. Yəni
bayaq dediyim "öz baxış bucağını" daxil
etmək. Süni intellekt çoxlu məlumatı tez analiz edə
bilir, fərqli nümunələri müqayisə edib istiqamət
göstərə bilir. Amma ürəkdən gələn hekayəni
yalnız insan yaza bilər. Bu səbəbdən də birlikdə
işləyəndə, əslində, yaxşı nəticə
ortaya çıxır: sən öz dünyanı gətirirsən,
süni intellekt isə o dünyanı açmağa və zənginləşdirməyə
çalışır. Gələcəkdə süni
intellekt daha da yaradıcı ola bilər. Amma o zaman belə,
insanın daxili səsi və bənzərsiz baxışı
əvəzolunmaz qalacaq.
- Tamaşaçının marağına xidmət
etmək daha çox ssenaristi, yoxsa rejissoru düşündürən
məsələ olmalıdır?
- Tamaşaçının marağına xidmət
etmək həm ssenaristin, həm də rejissorun
düşünməli olduğu məsələdir, amma fərqli
mərhələlərdə və fərqli miqyaslarda.
Ssenarist üçün tamaşaçı marağı əsasən
hekayənin özü ilə bağlıdır: süjetin
gedişi, personajların cazibəsi, dramatik gərginliyin
qurulması. Yəni ssenarist tamaşaçını hekayəyə
çəkmək üçün bünövrəni qoyur.
Onun işi tamaşaçının diqqətini itirməyən,
ardıcıllığı olan bir dünya yaratmaqdır.
Rejissor üçün tamaşaçı marağı daha
çox təqdimat və ifadə tərzi ilə
bağlıdır: hansı vizual üslub seçilir, ritm necədir,
aktyor oyunu, montaj, musiqi... Ssenaristin qaldırdığı
sualları rejissor tamaşaçıya hansı intensivlikdə
çatdırmaq istədiyinə qərar verir. Əslində,
hər ikisi tamaşaçıya xidmət edir, amma fərqli yollarla.
Ssenarist "nə danışacağıq" sualını
həll edir, rejissor isə "necə
danışacağıq" sualını.
Tamaşaçının marağı isə bu ikisinin
harmoniyasından doğur.
- Emil Quliyevlə birgə "Mən burada tək
olmuşam" filminin ssenarisini yazmısınız. Filmdə
ağır psixoloji məqamlar çoxdur. Sizi birləşdirən
ortaq psixoloji məqamlara görəmi belə bir film ərsəyə
gəldi?
- Mən həm ssenarist, həm də rejissor kimi
çalışsam da, bunlar tamamilə fərqli peşələrdir.
Ssenarist olaraq əsas məqsədim mənə gələn
ideyanı anlamaq, rejissorun, ya da prodüserin nəyi və necə
anlatmaq istədiyini hiss edib, onu ən yaxşı formada ifadə
etməkdir. Bunun üçün mütləq şəkildə
eyni psixoloji təcrübəni yaşamaq və ya eyni
düşüncəni paylaşmaq vacib deyil. Əsas şərt
iş prosesində sərbəstliyin olması, fikir mübadiləsinə
açıq mühitin yaradılmasıdır. Bu həm mənim
istəniləni daha yaxşı anlamağıma kömək
edir, həm də yeni ideyaların yaranması
üçün zəmin yaradır. "Mən burada tək
olmuşam" filmi də bu əməkdaşlığın
nəticəsidir. Bu, yalnız mənim yox, Emil Quliyevin rejissor
baxışının, Nicat Muxtarovun iştirakı ilə
birgə formalaşmış məhsuldur.
- "İnsanlar və sürünənlər"
filmində sürünənləri metafora kimi işlətmisiniz.
Bunun arxasında hansı mesaj var?
- "İnsanlar və sürünənlər"
filmində sürünənlər sadəcə zooloji
varlıq kimi yox, həm də metaforik müstəvidə
işlədilib. Cəmiyyət onların təhlükəli
olduğunu düşünür, amma qəhrəmanlarımız
məhz həmin heyvanlarla yaşayır, onlarla həyatlarını
qazanırlar. Bu, bir tərəfdən insanların "təhlükəli"
adlandırdığı şeylərlə birlikdə
yaşamaq məcburiyyətini göstərir, digər tərəfdən
isə insan və qorxu arasında qəribə bir
harmoniyanı təsvir edir. Burada həm də Adəm, Həvva
və ilan mifinə istinad var. Bizim film alternativ bir
dünyanı təsvir edir: orada günah anlayışı
yoxdur, insanla ilan bir-birinə düşmən deyil, əksinə,
birgə yaşamağı bacarırlar. Hətta bu mühitdə
yeni həyat - körpə dünyaya gəlir.
İnsanın önyarğı ilə "pis" və
"təhlükəli" adlandırdığı şeylər
bəzən onun həyatının ayrılmaz hissəsinə
çevrilə bilər. Əsl məsələ bu münasibəti
necə qura bilməkdədir.
- Bu film Gürcüstandakı CineDOC festivalında təqdim
olunub. Əcnəbi tamaşaçıdan
aldığınız ən maraqlı reaksiya nə idi?
- Təəssüf ki, fiziki olaraq orada iştirak etməyim
mümkün olmamışdı. Oradakı reaksiyalar mənə
də maraqlıdır.
- Ümumiyyətlə, qısametrajlı filmlərə
daha çox üz tutmağınızın səbəbini
öyrənmək olar? Daha asan başa gəlir deyəmi bu
janra üstünlük verirsiniz?
- Qısametrajlı filmlərə üz
tutmağımın bir neçə səbəbi var. Əvvəla,
qısametrajlı format öyrənmək, özünü
sınamaq və həqiqətən nə istədiyini anlamaq
üçün çox münasib bir seçimdir. Bu janr
sanki laboratoriya kimidir - həm öz yaradıcılıq
imkanlarını yoxlamağa, həm də hekayəni kompakt
formada ifadə etməyə şərait yaradır. Digər tərəfdən,
mən indiyə qədər çəkdiyim filmlərin
hamısını şəxsi imkanlarımla istehsal etmişəm.
Bu da təbii ki, daha böyük miqyaslı layihələrə
girişməyə imkan vermirdi. Ona görə
qısametrajlı film mənim üçün həm praktik,
həm də yaradıcı bir seçim olub. Amma artıq
növbəti mərhələdəyəm. Hazırda mənim
ilk tammetrajlı sənədli filmim - "Həvəskar
fotoqrafın ailəvi portreti" istehsal prosesini başa vurmaq
üzrədir. Layihə "IDFA Project Space", CPH:DOX,
"When East Meets West", "Berlinale European Film Market",
"GoEast Talent Lab", "Jihlava New Visions" kimi
nüfuzlu proqramların dəstəyini qazanıb. Bundan əlavə,
IDFA Bertha Fondu və "Əl-Cəzirə" kanalından
istehsal mükafatı alıb. Film Azərbaycan,
Gürcüstan və Fransanın ortaq istehsalı olacaq. Digər
inkişaf mərhələsində olan tammetrajlı bədii-sənədli
filmim - "Köçəri" isə Azərbaycan
Respublikasının Kino Agentliyinin keçirdiyi müsabiqənin
ikinci mərhələsinə keçib və hazırda
pitçinq üçün hazırlaşırıq. Yəni
qısametrajlı filmlər mənim üçün bir
başlanğıc və öyrənmə mərhələsi
idi. İndi isə daha böyük hekayələri
danışmağa, tammetrajlı filmlərə keçməyə
hazıram.
- Sənədli filmlərdə bəzən qəhrəmanlar
kameradan çəkinir. "Onlar" filminizdə siz bunu necə
aşdınız?
- Düzdür, sənədli filmlərdə tez-tez qəhrəmanların
kameradan çəkinməsi ilə rastlaşırıq. Mənim
üçün bunun əsas həlli kameranı yox, insanı
önə çıxarmaqdır. Yəni əvvəlcə
münasibət qurmaq, güvən yaratmaq lazımdır.
"Onlar" filmində də mənim üçün ilk
addım qəhrəmanlarla vaxt keçirmək, onları dinləmək
və sadəcə bir "rejissor" kimi yox, bir insan kimi
yanlarında olmaq idi. Kamera işə qoşulanda isə
artıq o, yad bir obyekt kimi yox, münasibətimizin bir hissəsi
kimi qəbul olunurdu. Çəkilişlərin çoxunda mən
qəhrəmanlara nəyi necə etməyi demirdim, sadəcə
onların gündəlik axışına qoşulurdum. Bu da
kameranın "gözəgörünməz" olmasına
və səmimiyyətin qorunmasına şərait
yaradırdı. Əsas məsələ qəhrəmanın
özünü rahat və təbii hiss etməsidir.
"Onlar" filmində də çalışdım ki, qəhrəmanlar
özlərini bir film iştirakçısı kimi yox, öz
həyatlarının davamçıları kimi hiss etsinlər.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.12.