Tarixə qadınla düşən
sindrom
Esse
Tarixin səhifələrində qadın
sözünün necə dəyərsizləşdirildiyini
görmək üçün uzağa getməyə ehtiyac
yoxdur. Troyanın məşhur şahzadəsi Kassandra buna ən
güclü sübutdur. İnsanlığın
yaddaşına qədim yunan mifologiyası ilə daxil
olmuş Kassandra obrazı təkcə bir mif qəhrəmanı
deyil, həm də qadın intuisiyasının tarix boyu necə
dəyərsizləşdirildiyinin simvoludur.
Kassandraya aşiq olan Apollon ona gələcəyi
görmə vergisini bəxş edir. Ancaq Kassandra onun məhəbbətinə
qarşılıq verməyəndə qəzəblənmiş
Apollon onu lənətləyir. Belə ki, bu qızın
söylədiklərinə heç kim inanmırdı.
Kassandra gözünün qabağında gələcək
faciələri görürdü, amma dili qandalda idi,
çünki onun sözünə qulaq asan yox idi.
Gördüyü fəlakətləri öncədən desə
də, səsi ya lağa qoyulur, ya da qulaq ardına vurulurdu.
Onun söylədiyi həqiqətlər başqalarının
gülüş obyektinə, tənə yerinə
çevrilmişdi. Elə bütün fəlakətlər də
bununla başlayır. Kassandra Troyanın məhv
olmasını öncədən bilirdi və bu barədə
insanlara dəfələrlə xəbərdarlıq
etmişdi. Ancaq heç kim ona inanmır, bunun mümkünlüyünü
ağlına belə gətirmir. Nəticə isə
hamımıza məlumdur...
Bu, sadəcə mif deyil; qadının intuisiyasına,
qadının söylədiyi gerçəklərə tarix
boyunca göstərilən münasibətin metaforası, bəşərin
qadına münasibətinin güzgüsüdür. Qadın
həqiqəti görür, hiss edir, xəbərdar edir, amma
onun intuisiyası ya zarafata salınır, ya da "emosional həssaslıq"
adı ilə gözdən salınır. Kassandra sindromu
qadının səsinin eşidilməməsi, həqiqətin
qadın dili ilə deyildiyi üçün kiçildilməsidir.
Psixologiyada "Kassandra sindromu" adətən bir
insanın, xüsusilə də qadının, öncəgörmələrinə,
sezgilərinə və xəbərdarlıqlarına
inanılmaması halını ifadə edir. Bu, yalnız şəxsi
münasibətlərdə deyil, həm də sosial-mədəni
miqyasda təkrarlanan bir mənzərədir: qadın
danışır, amma onun səsi eşidilmir; qadın hiss
edir, amma onun hissləri "emosional həssaslıq"
adı ilə gözdən salınır; qadın bilir, amma
onun bildikləri "cəfəngiyyat" adı ilə
lağa qoyulur. Qadının gücü də, bildikləri də,
söylədikləri də ciddiyə alınmır. Hətta
o dərəcədə ki, zamanla qadın özü də
öz bildiklərinə, özünün hiss etdiklərinə
şübhə ilə yanaşmağa, inamsızlıq
göstərməyə başlayır. Belə bir cəmiyyətə,
belə bir dünyaya nəzər salarkən, insan istər-istəməz
düşünür ki, tək lənətlənən
Kassandra idi, ya onun timsalında bu yer üzünə gəlmiş,
gələcək bütün qadınlar?!
Bu sindromun mahiyyətində "doğru söyləyənin
təcridi" dayanır. Kassandra gələcəyi dəqiq
gördüyü üçün deyil, qadın olduğu
üçün susdurulurdu. Bu, tarix boyu qadınların
intuisiyasına qarşı olan skeptisizmin davamıdır.
İntuisiya qadın təfəkkürünün ən
incə qatlarından biridir. Qadın intuisiyası çox vaxt
gözlə görünməyən, lakin gerçəyi
işarə edən dərin bir zəka kimi işləyir. Bəzən
ağılın, məntiqin hələ izah edə bilmədiyi
məqamları qadın hiss edir, duyur. Ana bir övladına baxaraq
onun xəstələnəcəyini hiss edə bilər. Bir
qadın sevgilisinin yalanını, dostunun xəyanətini
sözsüz də anlaya bilər. Bu, bioloji və psixoloji
kodların qadında daha həssas işləməsinin nəticəsidir.
Lakin ənənəvi patriarxal düşüncə
tarix boyu qadın intuisiyasını "emosional həddindən
artıq reaksiya" kimi təqdim edib, ya "xəyalpərəstlik",
ya da "histeriya" adı ilə damğalayıb. Bu isə
Kassandra sindromunun təkrar-təkrar yaşanmasına səbəb
olub.
Niyə bu sindrom məhz qadınla tarixə
düşdü? Heç bir mif kişi qəhrəmanla belə
bir lənəti bağlamadı; çünki kişi dediyi
zaman "doğru" sayılırdı, qadın dediyi zaman
isə "şübhəli". Elə buna görə də
Kassandra obrazı bütün qadınların susdurulmuş səsinin
təcəssümünə çevrildi. Bu təfəkkürün
mirasıdır bəlkə də bizə "kişi
sözü"nə bunca etimadımız, inamımız.
Halbuki nə yalanlara yuva olub, nə
fırıldaqlıqları pərdələyib o "kişi
sözü"... Maraqlıdır, sözü cinslə
assosiasiya etmək ilk kimin ağlına gəlib, görəsən?
Kassandra obrazı tarixin səssiz şahididir:
qadınlar gördükləri, hiss etdikləri həqiqəti
söyləyib, lakin çox vaxt onlara inanılmayıb.
Əslində, bu mif təkcə keçmişin deyil, həm
də bu günün həqiqətidir. Bu gün belə bir
çox qadın iş həyatında, ailədə və
ictimai aləmdə öz intuisiyasına əsaslanaraq xəbərdarlıqlar
edir, amma səsi ya kiçildilir, ya da lağ obyektinə
çevrilir.
Müasir psixologiya göstərir ki, Kassandra sindromu
yalnız mifoloji deyil, real sosial-psixoloji problemdir.
Qadınların intuisiya və sezgilərinə məhəl
qoyulmaması təkcə fərdi münasibətlərin
deyil, bəzən böyük ictimai fəlakətlərin də
səbəbi ola bilir.
Əgər tarixi götürsək, qadınların
dediklərinə qulaq asılmadığı
üçün çox şey itirilib: başda Troya müsibəti
olmaqla, müharibələr, ailə faciələri, ictimai
böhranlar. Halbuki qadın intuisiyası bir çox hallarda həm
fərdi, həm də kollektiv həyatın xilası ola bilərdi.
Kassandra sindromu qadının səsinin necə
susdurulduğunun rəmzidir. Bu sindromun tarixi qadının
intuisiyasının tarixidir. Qadın sezgisi gələcəyi
duyan, təhlükəni hiss edən, həqiqəti öncədən
söyləyən gücdür. Onun dəyərsizləşdirilməsi
isə bəşəriyyətin özünü həqiqətdən
məhrum etməsidir.
Ona görə də Kassandra sindromunu anlamaq
qadının intuisiya səsinə qulaq asmaqla
mümkündür. Çünki tarix boyu dəfələrlə
sübut olunub ki, qadın intuisiyası susdurulanda, əslində,
gələcək lal edilir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.11.