Qadın və başlanğıc
Esse
Bir qadın bir insanın həyatında nə qədər
önəm kəsb edə bilər? Bir qadın bir insanı nə
qədər dəyişə, hətta başdan yarada bilər?
Bəzən bir qadının təsiri o qədər
güclü olur ki, onun varlığı insanın
dünyagörüşünü, sənətini, hətta
şəxsiyyətini kökündən dəyişdirir. Bu
cür nümunələr tarixdə, ədəbiyyatda və sənətdə
nadir olmadan rast gəlinir. Ancaq bəlkə də ən diqqət
çəkəni XX əsrin ən böyük sənətkarlarından
biri hesab olunan Salvador Dalinin həyatındakı Qala adlı
qadının rolu idi.
Məhşur rəssamın həyatına nəzər
salarkən onun bir dahiyə çevrilməsinin arxasında təkcə
istedad deyil, həm də bir qadın obrazının
dayandığını görürük. Elena İvanovna
Diakonova - Qala əslən rus əsilli, Dalidən 10 yaş
böyük bir qadın idi. İlk dəfə
qarşılaşdıqları anda - 1929-cu ildə 25
yaşında utancaq, içinə qapanıq gənc Dali
Qalanın qarşısında donub qalmış, hətta qorxudan
özünü boyayla örtmüşdü. Lakin bu
"donma" əslində bir başlanğıc idi: Dali
özünü tanıyacaqdı, amma yalnız Qalanın
aynasında.
Dali sonralar deyəcəkdi: "Qala olmasaydı, DalQ
deyə bir şey olmayacaqdı". Bu etiraf sadəcə bir
aşiqin romantik sözləri deyil, sənətin sirli
mexanizmini açan bir bəyandır. Çünki tarixin ən
böyük sənətkarlarının çoxunun yanında
ya bir qadın sevgili, ya da qadın obrazı var. Sanki kişi sənətkar
üçün ilham pərisi mütləq qadın olmalı
imiş kimi...
Qala, Dalinin həm həyat yoldaşı, həm ilham mənbəyi,
həm də sənətinin qoruyucusu kimi
çıxış etmişdi. Onun varlığı Dalinin
yaradıcılıq enerjisini və ideyalarını
formalaşdırmaqla yanaşı, onun sənət
dünyasına öz imzasını da atmışdı. Qala
olmadan Dalinin əsərlərindəki sürrealizm o qədər
də canlı və dərin olmayacaqdı, şübhəsiz.
O, Dalini təkcə sevgi ilə deyil, həm də sənətkar
kimi tam anlamıyla "yaradaraq" həyatını və
işini yeni istiqamətə yönəltmişdi.
Bəli, bir qadın bir insanın həyatını dəyişə
bilər. Amma Qala və Dalinin hekayəsi göstərir ki, bəzən
bu dəyişiklik sadəcə təsadüfi deyil; o, həm
də qarşılıqlı bir təsirin məhsulu olur. Qala
Dalidə özünü tapdı, Dalini isə sənət
dünyasında ölümsüz etdi.
Qadın yazarlar, şairlər, rəssamlar çox
vaxt təbiətdən, duyğulardan, hadisələrdən və
əşyalardan ilhamlanırlar. Onların qələmində
bir ağac, bir yağış damcısı, bir təsadüfi
baxış asanlıqla poeziyaya çevrilə bilir.
Qadının yaratdığı aləm çoxqatlı,
dolaylıdır: əvvəl duyğuya toxunur, sonra təsvirə
keçir, ardınca sözə və sənətə
çevrilir. Onlar ilhamı ətrafdakı varlıqdan
toplayır və içdən doğururlar.
Amma kişidə bu proses başqa cürdür. Daha
doğrusu, kişidə fərqli bir məntiq işləyir.
Kişi düz xətlə hərəkət edir: o,
istisnasız şəkildə qadın
başlanğıcına çəkilir. Bu, yalnız sevgili və
ya həyat yoldaşı mənasında deyil, arxetipik bir həqiqətdir.
Qadın başlanğıcı - həyatın
qaynağı, doğumun, yaradıcılığın və
hətta Tanrı obrazının ilk əksidir. Kişi sənətkar
bu başlanğıca söykənərək
özünü tamamlayır. Necə ki, Dali üçün
bu başlanğıc Qala idi.
Burada maraqlı bir paradoks da var: kişi sənətkarın
ilhamlandığı qadın çox zaman real qadın deyil,
onun "güzgüdəki obrazı"dır. Yəni
qadın həm var, həm yoxdur. Onun reallığı sevgi
münasibətindədir, lakin sənətkar üçün
qadın daha çox bir simvol, bir güzgüdə əksdir.
Dali Qalaya aşiq oldu, amma o sevgidən daha çox Qalanın
onun dahiliyinə güzgü tutması önəmli idi.
Ədəbiyyat tarixinə gözucu nəzər salmaq
belə, bu istiqamətdə onlarla nümunə ilə
qarşılaşmağımıza kifayətdir. Dante
üçün Beatrice, Puşkin üçün Nataliya, Cəlil
Məmmədquluzadə üçün Həmidə
xanım, hətta Nizami üçün Afaq - qadın
obrazı təkcə eşqin yox, həm də sənətin
hərəkətverici qüvvəsi idi. Qadın
başlanğıcı olmadan kişi sənətkarın yolu
tamamlanmırdı.
Qadınlar yazanda çox zaman öz iç
dünyalarından, duyğularından və təbiətin
sükutundan danışırlar. Onlar üçün insan
ilham mənbəyi sırasında bəlkə də ən
axırıncı sıralardadır. Əgər nə zamansa,
hansısa qadın sənətkar hansısa insandan ilhamlanarsa,
o zaman o da qadın olacaqdır - güzgüdəki qadın...
Məsələn, dünyaca məşhur rəssam Frida da
tarixdə yaradıcılığı ilə yanaşı,
ağrılı eşq macərası ilə də
xatırlanır. Onun Dieqoya olan "xəstəlikli"
eşqi ta illərin o tayından danışılır. Amma
Dieqo Fridanın əsərlərinin ilham mənbəyi deyildi.
Onun yaradıcılığında özünün güzgüdəki
əksi açıq-aydın görünür. Frida hər
zaman özünü, öz ağrılarını çəkirdi,
özündən ilhamlanırdı.
Amma kişilər yaratmaq üçün qadına
möhtacdırlar. Çünki qadın
başlanğıcı yaradıcılığın sirli
kodudur. Dali və Qala hekayəsi bunun təsdiqidir. Qala
olmasaydı, Dalinin əsərləri bəlkə də sadəcə
qəribəlikdən ibarət olacaqdı. Amma o, Qalanın
aynasında özünü dahi kimi gördü və
dünyaya da bu şəkildə təqdim etdi.
İlham pərisinin qadın olması təsadüfi
deyil. Çünki qadın özü həyatın
başlanğıcıdır. Kişi isə daim həmin başlanğıca
- qadının ruhuna, obrazına, gözlərinə -
qayıdır. Qadınsız sənət yoxdur,
qadınsız yaradıcılıq yoxdur. Əslində hər
böyük sənətkarın arxasında bir qadın yox,
bir başlanğıc dayanır ki, o başlanğıc da
qadının varlığıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.11.