Tarix yazan Sülh
memarı
Azərbaycanın diplomatiya tarixində böyük
önəm kəsb edən - Prezidentin Vaşinqton səfəri
kimi tarixi bir hadisə ilə bağlı təəssüratımı
qələmə almağı bilərəkdən bir qədər
sonraya saxladım. Elə əhəmiyyətli tarixi olaylar var
ki, onları dərhal ifadə etmək, hadisənin
yaratdığı dərin mənəvi və intellektual təəssüratları
tam şəkildə əks etdirmək imkansız olur. Belə
anlar həm düşünmək, həm də bir-birinə
qarışan qürur, fəxarət və həyəcan hisslərini
süzgəcdən keçirərək, obyektivliyi qorumaq və
ucalığın, böyüklüyün dərki
baxımından vaxt istəyir. Tarixi olaylar zamanın
uzağından daha aydın görünür.
Belə bir tarixi əhəmiyyətli səfərə
yalnız emosional yox, eyni zamanda analitik yanaşmaq vacibdir ki,
onun təkcə zahiri yox, mahiyyət baxımından da tarixi
çəkisi doğru qiymətləndirilsin. Tarix yalnız
baş verənlərdən ibarət deyil, həm də
onların cəmiyyətin yaddaşında necə iz
buraxması və gələcək nəsillərə
hansı şəkildə ötürülməsi ilə
formalaşır. Elə bu səbəbdəndir ki,
yaşananların içində yox, bir qədər kənarında
duraraq düşünmək və yazmaq bəzən daha
doğru olur.
Avqustun 8-dən 9-na keçən gecə ailəmlə
birgə zahiri sakitlik içində, amma ürəyimizdə təlaş,
həyəcan və səbirsizliklə ekran
qarşısında əyləşib Azərbaycan Prezidentinin
ABŞ-ın dövlət rəhbəri ilə
görüşünü gözləyirdik. Gözlərimiz
ümid və inamla okeanın o tayına - Vaşinqtona
dikilmişdi. Bu sükuta bürünmüş gözləntinin
içində həm də əvvəlki illərin,
savaşların, sarsıntıların izlərini
daşıyan intizar gizlənmişdi.
Avqustun 8-i gecəsi mənə 5 il əvvəlki son dərəcə
həyəcanlı 8 noyabr axşamını xatırlatdı.
44 günlük Vətən müharibəsinin başa
çatdığı misilsiz Zəfər gününü!
Onda da beləcə sakitlikdə oturub ürək
döyüntüsü ilə nələr baş verəcəyinə
diqqətimizi yönəltmişdik. 8 avqust tarixində də
belə idi. Döyüş səngərlərində bitən
savaşımız diplomatiya masalarında bu gün də davam
edir. Çox şükür, artıq torpaqlarımızda
şəhid qanı axmır, amma ruhumuz hələ o savaş
meydanlarındadır.
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda təkcə
Müzəffər Ali Baş Komandan yox, həm də dünya
səviyyəli bir lider olduğunu sübut etdi. Və bu həqiqəti
dünyanın bir nömrəli fövqəl dövlətinin
prezidenti Donald Tramp da etiraf etdi. İki prezidentin
arasındakı bu dialoq da məhz bunun göstəricisi idi:
Prezident Donald Tramp: Siz böyük lidersiniz...
Prezident İlham Əliyev: Böyük lider mənim
yanımda əyləşib.
Dünyanın ən nüfuzlu və güclü
dövləti olan ABŞ-ın 47-ci Prezidenti Donald Trampın
Prezident İlham Əliyevin həm xarizmatik şəxsiyyətindən,
həm də diplomatik incəliklərlə dolu
davranışlarından dərin təsirləndiyi
açıq-aşkar hiss olunurdu.
İlham Əliyevin son dərəcə dərin məzmunlu
və düşünülmüş fikirlərinə heyran
qalan Tramp, onu yalnız bir dövlət rəhbəri yox, həm
də qlobal səhnədə nümunəvi lider kimi qəbul
etdiyini nümayiş etdirdi. Bu möhtəşəm an Azərbaycanın
və onun müdrik liderinin beynəlxalq arenada qazandığı
ən yüksək hörmət və etimadın bariz göstəricisi
idi.
Elə buna görədir ki, Donald Trampın öz
sözləri ilə desək, Ağ Evin nadir və simvolik rəmzi
açarlarının İlham Əliyevə təqdim
olunması, Prezidentimizin ABŞ lideri üçün nə qədər
əhəmiyyətli və xüsusi qonaq olduğunu bir daha
sübut etdi.
Ağ Evin rəmzi olan bu açarlar təkcə bir məkanın
qapısını açan vasitə deyil, həm də ali
etimadın, ən yüksək dəyərin və
sarsılmaz dostluğun simvoludur. Onlar keçmişdən gələcəyə
uzanan bir körpü, iki xalq arasında qurulmuş hörmət
və əməkdaşlığın fiziki təcəssümüdür.
Bu nadir və müqəddəs hədiyyə, yalnız ən
seçilmiş qonaqlara verilən bir nişanə olmaqla bərabər,
həm də qarşılıqlı inamın, strateji əlaqələrin
və dostluq bağlarının möhkəmliyini ifadə
edir.
Bu anları televiziyada izləyəndə qəlbim
qürur və fəxarət hissi ilə dolmuşdu:
Prezidentimizə qarşı göstərilən bu dərin
hörmət və ehtiram, yalnız rəsmi protokollarla
ölçülməyən, həm də insan qəlbinin ən
incə tellərinə toxunan səmimi bir təqdir idi.
Belə yüksək qiymətləndirmə onun
liderlik keyfiyyətlərinin, müdrikliyinin və xalqına
olan sarsılmaz bağlılığının təcəssümü
kimi qəlbimizdə dərin bir fəxarət hissi
oyadırdı.
Böyük xalqın böyük lideri olur və
düz mütənasib olaraq o lider öz millətinin
ucalığını da dünyada isbatlayır. Prezidentlərin
arasındakı mükalimələr də bunu göstərirdi:
Prezident Donald Tramp:
Xalqınız böyük xalqdır. Bizim şəxsi
tanışlığımızdan əvvəl belə Siz mənim
haqqımda gözəl sözlər söylədiniz. Hətta
bizim seçkilərdə qalib gəlməyimizdən əvvəl.
Prezident İlham Əliyev: Bəli, Sizin qalib
olmağınızdan əvvəl. Bu, mənim səmimi
sözlərim idi. Siz ilk prezidentlik dövrünüzdə
gördüyünüz işlərə görə Azərbaycan
xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə
layiqsiniz. Son bir neçə ay ərzində Siz Asiya, Afrika və
nəhayət Cənubi Qafqaza sülh gətirdiniz.
İnanılmazdır.
Prezident Donald Tramp: Pakistan və Hindistan arasında
qarşıdurma. Bu, ciddi məsələ idi, çünki hər
ikisi nüvə silahına malik ölkədir.
Prezident İlham Əliyev: Kamboca və Tailand.
Prezident Donald Tramp: Bəli, böyük işlər
gördük. Siz də həmin işləri görərdiniz.
Sizin münaqişə də ciddi məsələdir, nə qədər
sürdü döyüşlər - 33, 35 il?
Prezident İlham Əliyev: Bəli, münaqişə
1988-ci ildə başlayıb. Lakin hərbi
qarşıdurmanın fəal fazası 1991-1992-ci illərdə
başlayıb.
Prezident Donald Tramp: Lakin münaqişə həll
edilmirdi.
Prezident İlham Əliyev: Xeyr. Müharibə
1994-cü ildə dayandı və sonsuz, mahiyyətdən məhrum
olan danışıqlar dövrü başladı.
Prezident Donald Tramp: Bu, çox ciddi bir məsələdir.
Prezident İlham Əliyev: Əlbəttə, Siz
möcüzəyə imza atdınız.
Bu dialoqları dinləyəndə siyasi bəsirətlə
və dərin intuisiya ilə anlamışdım ki, Prezident
İlham Əliyev Donald Trampın Nobel sülh mükafatına
namizədliyini ürəkdən dəstəkləyəcək.
Çünki Donald Trampın Nobel Sülh
Mükafatı almaq arzusu onun dünyaya sülh gətirmək
yolunda atdığı addımların
güzgüsüdür.
Hazırkı fəaliyyəti göstərir ki, o, bu nəcib
hədəfə sadiqdir və gerçəkdən də bu
mükafata layiq bir liderdir. Hər addımı, hər qərarı
sülhün inşasına yönəlib və bu arzunun
gerçəkləşməsinə bir addım daha
yaxınlaşdırır.
ABŞ səfəri zamanı Prezident İlham
Əliyevin qazandığı ən böyük uğurlardan
biri 907 saylı düzəlişin icrasının
dayandırılması oldu. Açığı, bu, çox
böyük bir hadisədir. Xatırlayıram,
torpaqlarımız hələ işğal altındaykən,
1992-ci ildə ABŞ Konqresi Azərbaycana qarşı bir qərar
qəbul etmişdi ki, guya biz Ermənistana blokada tətbiq
edirik və buna görə də ABŞ-dan yardım
almağımız qadağan olunsun. Sonradan, Bayden-Blinken
dönəmində də həmin qadağa yenidən canlandırıldı
və bu, Azərbaycan üçün ciddi təzyiq vasitəsi
oldu.
Amma indi vəziyyət tamam fərqlidir. Biz artıq
güclü bir ölkəyik, özümüz
başqalarına yardım edirik, xarici dəstəyə
ehtiyacımız yoxdur. Bu baxımdan, Prezident Trampın 907
saylı düzəlişi dayandırması həm rəmzi,
həm də ədalətin bərpası kimi qiymətləndirilməlidir.
Məncə, bu həm də ABŞ liderinin Azərbaycana
böyük bir siyasi jesti idi.
İlham Əliyev uzun illərdir atdığı
bütün tarixi addımlarla Ulu öndər Heydər
Əliyev siyasi məktəbinin layiqli davamçısı
olduğunu, sözün bütün mənalarında
Atasının Oğlu olduğunu sübut edir!
Onun hər bir tarixi addımında Heydər
Əliyevin uzaqgörənlik, mərdlik və məsuliyyət
kimi mənəvi irsi toplanıb. Vaxtilə ömrünü
xalqına bağlılıqla yaşamış bir atanın
oğlu da bu gün bizə milli qüruru yaşadır.
Vaşinqton görüşündə ABŞ
prezidenti, Ermənistan və Azərbaycan liderləri
arasında imzalanan Birgə Bəyannamə Ağ Evin rəmzi
açarı ilə dünya reallığının
paslanmış qapılarını açdı! Biz o
qapılardan keçib yeni tarixi epoxaya qədəm basdıq.
Azərbaycan Prezidenti həmişə dünyanı
heyrətləndirməyi bacarır.
Türk jurnalistin Vaşinqtondakı görüşdən
sonra Azərbaycan Prezidentinin haqqında heyrət içində
dediyi cümləni xatırlayıram: İlham Əliyev
görüşdən sonra dörd saat boyunca rus, fransız,
ingilis və türk dillərində jurnalistlərin
suallarına cavab verdi.
Azərbaycan lideri özünün mahir diplomatik məharətini
növbəti dəfə ortaya qoydu. Bu, sadəcə informasiya
mübadiləsi deyil, eyni zamanda fərqli mədəniyyətlər
və düşüncə tərzləri ilə
anlaşmanın, siyasi və ictimai mürəkkəbliyi dərindən
analiz edib qiymətləndirə bilmək
bacarığının canlı nümunəsi idi.
Azərbaycanın dövlət rəhbəri Vətən
müharibəsi dövründə dünya mediasına eynən
belə bir ustad dərsini vermişdi. Onda da dünya heyrətlənmiş
şəkildə onun tükənməz enerjisini, obyektiv
cavablarını və lazımi reaksiyasını izləmişdi!
Belə anlar göstərir ki, İlham Əliyev sadəcə
bir dövlət rəhbəri deyil, həm də qlobal arenada
dialoqun və anlayışın təmsilçisidir. Belə
bir təmsilçi ilə beynəlxalq səhnədə
çıxış etmək qürurvericidir!
...Və həmin gecə, ekran qarşısında
tarixə şahidlik etdiyim o saatlarda bir daha anladım: bizim millətimizin
taleyi, yalnız savaş meydanlarında deyil, həm də
diplomatiya səhnəsində yazılır. Azərbaycan
liderinin dünyaya verdiyi mesajı dinləyərkən, mən
həm bir vətəndaş, həm bir insan, həm də bir
yazıçı kimi fəxr etdim. Vaxtilə dünyaca məşhur
"JZL" seriyasında Ulu öndər haqqında
yazdığım kitabım gözümün
qarşısında yeni perspektivlə canlandı:
"İlham Əliyev. Bioqrafiya davam edir..."
O anlarda dərk etdim ki, biz təkcə
torpaqlarımızı azad etməklə kifayətlənmədik,
həm də düşüncə sərhədlərimizi
aşaraq, dünyaya kim olduğumuzu, necə bir iradəyə
sahib olduğumuzu göstərdik.
Avqustun 8-dən 9-na keçən gecə mən bir
daha inandım ki, Azərbaycanın yeni tarixi başlayıb.
Noyabrın 8-də olduğu kimi, avqustun 8-də də
bizim yeni tariximiz yazılmağa başlandı. Bu tarix
sülhün, ədalətin və milli birliyin tarixidir. Və
bu tarixi yazan təkcə bir siyasətçi deyil - o,
xalqının taleyini öz ürəyində daşıyan,
məsuliyyəti yalnız çiyinlərində deyil, ruhunda
daşıyan Müzəffər Liderdir və eyni zamanda da
Sülh Memarıdır!
Bu yazını qələmə alarkən içimdə
bütün duyğuların fövqündə dayanan sonsuz
minnətdarlıq və şükranlıq hiss edirəm.
Bizə qürur, qələbə və sülh
yaşatdığınız üçün Sizə minnətdarıq,
Cənab Prezident!
Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.9.