Kənddən şəhərə
urbanizasiya, yoxsa fərdi rifah axtarışı?
Azərbaycanın regionlarından paytaxt Bakı şəhərinə
əhalinin axını neçə onillikdən bəri davam
edən prosesdir. Bu onilliklər ərzində regionların
iqtisadi inkişafı, paytaxtla region arasında qeyri-bərabər
inkişafın minimuma endirilməsi, əhalinin rayonlardan iri
şəhərlərə köçünün
qarşısını almaq məqsədilə dövlət tərəfindən
bir çox layihələr həyata keçirilsə də,
proses səngimək bilmir. Əksinə, ildən-ilə kənd
təsərrüfatında geriləmə müşahidə
olunur, insanlar torpaqdan uzaqlaşıb yalnız bir istiqamətə
- Bakıya üz tuturlar, nəticədə isə bölgələr
boşalır.
Bəs buna səbəb nədir - urbanizasiya, vətəndaşların
fərdi rifah axtarışı, yoxsa ölkədə sosial və
iqtisadi balansın pozulması?
Regionlarda yeni idarəetmə formalarının tətbiqi
amili
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə
görə, bu gün ölkə əhalisinin çox hissəsinin
paytaxta axınının başlıca səbəbi iqtisadi
fürsətlərin, pul qazanmaq imkanlarının Bakıda
olmasıdır. Onun fikrincə, paytaxtda karyera qurmaq
imkanları bölgələrə nisbətən daha
rahatdır, ona görə də hamı Bakıya üz tutur:
"Regionların sosial-iqtisadi inkişafı ölkənin
mono-iqtisadi sabitliyinin təmin edilməsində, işsizlik
probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin
artmasında mühüm amil hesab olunur. Regionların
sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması
üçün ilk növbədə idarəetmə
forması ilə bağlı problemlərin aradan
qaldırılmalı, yeni idarəetmə formaları tətbiq
edilməli, inzibati ərazi vahidləri dəyişdirilməlidir".
Sahibkarlar üçün başlıca əngəl -
yüksək kredit faizləri
Ekspert hesab edir ki, Azərbaycanda sahibkarlar
üçün ən effektiv güzəşt mexanizmləri
olan kredit siyasəti yumşaldılmalıdır:
"Sahibkarların bazarda mövqelərinin güclənməsini
əngəlləyən əsas nüans kredit faizlərinin
yüksək olmasıdır. Bu sahədə müəyyən
güzəştlər edilməlidir. Əhalinin rayonlardan iri
şəhərlərə köçünün
qarşısının alınması üçün
regionlarda yeni iş yerlərinin açılması istiqamətində
daha mühüm addımlar atılmalıdır. Şəhərləşmə
prosesinin davamlı və daha effektli olması üçün
başqa regional mərkəzlərin yaradılmasına və inkişaf
etdirilməsinə, Gəncə, Şəki, Lənkəran
kimi şəhərlərin regional cazibə mərkəzlərinə
çevrilməsinə ehtiyac var. Bu baş verərsə, kənd
təsərrüfatında olan problemlərin həlli də
mümkün olar. Kənd təsərrüfatı ilə məşğul
olan əhalinin ən azı yaxın 100-120 kilometrdə
malını sata bilməsi üçün bazar
olmalıdır. Bu zaman kənd təsərrüfatı ilə
məşğul olmaq daha rahat olar. Azərbaycanda isə vəziyyət
elədir ki, məsələn, Qazaxda yaşayan və kənd
təsərrüfatı ilə məşğul olan şəxs
məhsulunu məhz Bakıya gətirməyi
düşünür. Bu isə təqribən 500 kilometr yol
deməkdir. Bu problem həllini tapmalıdır, regional cazibə
mərkəzləri yaradılsa, yəqin ki, kənd təsərrüfatı
ilə məşğul olanların sayı da artar".
Regionlarda vergi güzəştlərinin tətbiqinə
ehtiyac var
Regionlarla Bakı arasında iqtisadi fərqin
azaldılması, bölgələrdə sosial tələbatların
ödənilməsi üçün infrastuktur
yaxşılaşdırılmalıdır ki, kənddən
şəhərə gələnlərin sayı azalsın:
"Bölgələrə daha çox investisiya yatırmaq,
dövlətin təşəbbüslərindən başqa,
sahibkarların, iş adamlarının da investisiya
yatırmasına nail olmaq, rəqabət mühitinin
yaxşılaşdırılmasına çalışmaq
lazımdır. Dünya praktikasında iqtisadi inkişafı və
bundan irəli gələrək məskunlaşma səviyyəsini
yüksəltmək üçün bir sıra güzəştlər
tətbiq edilir. Azərbaycanın hər bölgəsi nəyləsə
seçilir, fərqlənir. Bu fərqli cəhətlərdən
çıxış edərək, hər bölgənin
spesifik xüsusiyyətinə uyğun iqtisadi fürsətlər
yaradılmalıdır. Pilot layihələr həyata
keçirilə, vergi siyasətində fərqlilik tətbiq
edilə bilər. O cümlədən yerli əhalinin mədəni
tədbirlərə, informasiya-kommunikasiya texnologiyalarına sərbəst
çıxışı təmin edilməlidir ki, bölgəni
tərk etmək məcburiyyətində qalmasınlar. 21-ci əsrdə
şəhərlə kənd arasında dərin fərqlər
olmamalıdır. Kəndli krediti də, gübrəni də,
texnikanı da, əkini üçün zəruri olan suyu da
asan əldə etməlidir. Onun istehsal etdiyi məhsul ədalətli
qiymətə alınmalıdır".
İri fermer təsərrüfatlarının
yaranmasına dəstək
Ekspertin fikrincə, xırda pay torpaqlarını
paylamaqdansa, iri fermer təsərrüfatlarının
yaranmasına dəstək vermək daha əlverişli
olardı: "Bizdə torpaqların özəlləşdirilməsi
zamanı çox səhv bir yanaşma tətbiq edilərək,
insanlara kiçik pay torpaqları verildi. Əslində
kiçik pay torpaqları kənd təsərrüfatından
qazanc məqsədilə istifadə üçün
yararlı model deyil. Çünki torpaq nə qədər
kiçik olarsa, fermerin qazancı bir o qədər az olur və
kənd təsərrüfatı ilə məşğul olmaq
üçün stimul qalmır. Daha iri fermer təsərrüfatları
yaradılmalı idi ki, bu, digər sahələrin
inkişafına da dəstək olsun. Aqrar-sənaye komplekslərinin
yaradılması da gündəmə gələrdi. Təəssüf
ki, bu, baş vermədi və kiçik pay torpaqlarına sahib
olan fermerlər çox zaman orada çəkdikləri əziyyətin
və xərcin qarşılığını görmədikləri
üçün həmin torpaqlardan istifadə etmirlər. Ona
görə də, torpaqlar və həyətyanı sahələr
boş qalır".
Kiçik bir fermer təsərrüfatına onlarla
dövlət qurumu nəzarət edir
Natiq Cəfərli qeyd edib ki, fermerlərin məhsullarını
bazara çıxarmaq üçün də imkanlar yoxdur.
Onlara uzaq məsafə qət edərək məhsullarını
bazara çıxarmaq sərf eləmir: "Yol xərcləri
artır. Yolda onlar nəqliyyat işçilərinin, icra
hakimiyyətinin maneəsi ilə qarşılaşırlar.
Kiçik bir fermer təsərrüfatına nəzarət edəcək
onlarla dövlət qurumu var. Bu da fermerin işini çətinləşdirir.
Gömrükdə yaşanan problemlər fermerlərin məhsullarını
xarici bazarlara çıxarmasına da əngəl törədir.
Bu problemin bir neçə səbəbi var və kompleks şəkildə
həll olunmalıdır. Regionlarda fermerlərin bazara rahat
çıxışının təmin edilməsinə dəstək
göstərilməsinə böyük ehtiyac var".
Bazarın inhisar problemi
İqtisadçı ekspert Akif Nəsirli bildirib ki,
ölkədə özəl biznes zəif inkişaf edib. Ona
görə də məşğulluq bazarındakı vəziyyət
də buna uyğundur. Vəziyyətin
yaxşılaşdırılması üçün ən məqbul
variant sahibkarlığın inkişafına şərait yaradılmasıdır.
Bunun üçün isə mülkiyyət hüquqları təkcə
qanunlarda deyil, reallıqda da təmin olunmalıdır.
Onun sözlərinə görə, ilk növbədə
bazarın inhisarlaşdırılması problemini həll etmək,
əlverişli biznes mühiti yaratmaq və mülkiyyət
hüquqlarına təminat vermək lazımdır. Sahibkarlar
bu hüququn toxunulmazlığına arxayın
olmalıdırlar: "Müstəqil məhkəmələr
lazımdır ki, sahibkarlar öz hüquqlarının
pozulmasını sübut edib, ədaləti bərpa etsin.
Burada yerli və xarici iş adamları arasında yaranan əsas
problemləri aradan qaldırmaq da vacibdir.
İnhisarçılığın aradan götürülməsi,
rəqabət şəraitinin geniş şəkildə təmin
olunması mütləq dərəcədə vacibdir.
Sahibkarlığın inkişafında əsas məqsəd məhz
bundan ibarət olmalıdır".
Regionlarda işsizlik
İqtisadçı ekspert Rəşad Həsənov
hesab edir ki, sürətli axının səbəblərindən
ən əsası işsizlikdir: "Regionlarda iş yeri
yaratmaq üçün iqtisadi siyasət
liberallaşdırılmalıdır. Hər bir bölgənin
resursları müəyyən edilməlidir. Kənd təsərrüfatı
resursları və torpaq ehtiyatları ilə zəngin bölgələrdə
aqrar sektorun dəstəklənməsinə ehtiyac var. Bu yolla
tarazlı inkişaf qoruna bilər. Regionlarda infrastrukturun təkmilləşdirilməsi,
iqtisadi faktorlara əlçatanlığın
artırılması dövlətin prioritet siyasət istiqaməti
olmalıdır".
Paytaxta gələn hər kəs xoşbəxt
yaşamır
Ekspertin sözlərinə görə, güzəran
xatirinə Bakıya üz tutan hər kəsin burada firavan
yaşadığını demək olmaz. Onların
böyük əksəriyyətinin paytaxtdakı həyat
şəraiti acınacaqlıdır: "Qeyri-münasib həyat
tərzi, gərgin iş şəraiti, yorucu şəhər
həyatı sakit mühitdən çıxmış
insanlara çox ciddi çətinliklər yaradır.
Onların evi, ailəsi çox zaman regionlarda qalır. Öz
bölgələrində gəlir mənbəyinin olması həmin
insanlar üçün daha əlverişli ola bilər.
Düşünürəm ki, bu istiqamətdə ciddi
addımlar atılmalıdır. Mövcud yanaşma
inkişafı dəstəkləyə bilməz. Tamamilə
yeni baxış ortaya qoyulmalı, iqtisadi siyasət
liberallaşdırılmalı, sərt mərkəzləşdirilmiş
idarəetmə sistemindən imtina edilməlidir. Ən başlıcası isə
yerli özünüidarəetmə institutları möhkəmləndirilməli,
ədalətli seçki amilləri dəstəklənməlidir,
seçilən idarəedicilər, seçilmiş
orqanların rəhbərləri başa düşməlidirlər
ki, onlar xalqa xidmət etməlidir. Regionlarda iqtisadi inkişada
yalnız bu yolla nail olmaq mümkündür".
Sevinc Qarayeva
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.8.