Böyük Qayıdışın
Kəlbəcər mərhələsi
Azad olunan şəhər və kəndlərimiz
yüksək səviyyədə müasir standartlar əsasında
yenidən inşa edilir
Azərbaycan dövləti işğaldan azad
edilmiş ərazilərdə sürətli və geniş bərpa-quruculuq
işlərini davam etdirir. Şəhər və kəndlərimiz
yüksək səviyyədə müasir standartlar əsasında
yenidən inşa edilir. Eyni zamanda, Böyük
Qayıdış Proqramına uyğun olaraq 30 ildən
artıq yurd həsrəti çəkən
insanlarımız öz dədə-baba
ocaqlarına qayıdırlar. Azərbaycan dövlətinin əsas
hədəflərindən biri məhz uzun illərdir
qaçqın həyatı yaşayan, əzab-əziyyət
görən insanlarımızın köçünü
sürətləndirmək, rahat həyat şəraitini təmin
etməkdir. Artıq azad olunmuş bir çox şəhər
və kəndlərimizdə məskunlaşma həyata
keçirilib.
Böyük Qayıdışın növbəti
ünvanı isə Kəlbəcər oldu. Azərbaycan
Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinə
səfər edərək bir çox yeni tikililərin
açılışını etdi, təməllərini
qoydu, eyni zamanda, yerli sakinlərlə görüşdü.
Dövlət başçısı Toğanalı-Kəlbəcər-İstisu
avtomobil yolunda görülən işlərlə tanış
olub, Kəlbəcər şəhərində 4-cü
yaşayış kompleksinin, 3-cü yaşayış
kompleksinin, Kəlbəcər şəhər parkının təməlini
qoyub. "Balland-Kəlbəcər balı, arı və
arıçılıq məhsulları
mağazası"nın, Kəlbəcər rayonunun Vəng kəndində
"AzərEnerji" ASC-nin "Aşağı Vəng",
"Nadirxanlı" və "Çaykənd"
kiçik su elektrik stansiyalarının
açılışında iştirak edib.
Dövlət başçısı Kəlbəcər
şəhərində 1-ci yaşayış kompleksinin ərazisində
fərdi və çoxmərtəbəli evlərdə
yaradılan şəraitlə tanış olub, buraya
köçən sakinlərlə görüşüb.
Prezidentin azad olunmuş ərazilərə mütəmadi səfərləri,
görülən işlərlə yerində
tanışlıq, sakinlərlə görüşü,
onlara mənzillərinin açarlarını şəxsən
təqdim etməsi uzun illər köçkün həyatı
yaşamış insanlarımızın ikiqat sevincinə səbəb
olur.
Kəlbəcər mühüm strateji əhəmiyyət
kəsb etməklə Azərbaycanın ən böyük
rayonudur. Ecazkar təbiəti, flora və faunası, təbii sərvətləri,
zəngin su ehtiyatları ilə yanaşı, Kəlbəcər
həm də ən qədim insan məskənlərindən
biri kimi tanınır. Buradakı mağara düşərgələrində
aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai
insan icmasının ilk əmək alətləri həm də
bu yerlərdə yaradılıb. Eyni zamanda, sənaye əhəmiyyətli
yataqları xüsusilə əhəmiyyət kəsb edir.
Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və
üzlük daşlar, inşaat materialları yataqları
mövcuddur.
Ermənistan 1990-cı illərin əvvəllərində daxili qeyri-sabitlikdən, hakimiyyət
böhranından istifadə edərək ard-arda şəhər
və kəndlərimizi ələ keçirirdi. Kəlbəcər
rayonu 1993-cü il aprelin 2-də işğal olunub.
İşğal nəticəsində rayonun 53 min nəfərdən
çox əhalisi öz dədə-baba yurdundan didərgin
düşüb, 511 dinc sakin öldürülüb, 321 nəfər
əsir götürülüb və itkin düşüb.
İşğal nəticəsində onlarla tarixi-mədəniyyət
abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116
kitabxana, 43 klub, 42 mədəniyyət evi,
tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə,
yüzlərlə inzibati bina, minlərlə mənzil,
yüzlərlə maşın, texnika və sair talan edilib,
dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti
Ermənistana daşınıb.
İşğaldan azad olunduqdan sonra Kəlbəcərə
səfər edən Prezident İlham Əliyev buradakı erməni
vəhşiliyi ilə bağlı deyib: "Baxın,
görün, şəhər ermənilər tərəfindən
tamamilə dağıdılmışdır. Vəhşi ermənilər
başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri
də dağıdıblar. Bütün binalar
dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz
yaşayırdılar. Buradan çıxanda o binaları da
yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni
faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı
illərin əvvəllərində bu torpaqları
işğal edərkən bizim şəhər və kəndlərimizi
dağıtmışdılar. 2020-ci ildə biz bunları
buradan qovanda da gedə-getdə ağacları kəsib,
yandırıb, binaları dağıdıblar".
Kəlbəcər rayonunun işğalı o vaxt
üçün Qarabağ müharibəsində Azərbaycanın
ən böyük hərbi-strateji məğlubiyyəti idi.
İşğaldan sonra BMT Təhlükəsizlik Şurası
822 saylı qətnamə qəbul etdi. Qətnamədə
bütün işğalçı qüvvələrin Kəlbəcər
və Azərbaycanın digər işğal olunmuş
rayonlarından dərhal çıxarılması tələb
olunurdu. Həmin qətnaməni məhz Azərbaycan
özü İkinci Qarabağ müharibəsindəki qələbəsi
ilə icra etmiş oldu.
Dövlət başçısı sakinlərlə
görüşdə Kəlbəcərin işğalı
tarixinə toxunaraq deyib: "Kəlbəcərin
işğalı bizim üçün bütün başqa
yaşayış məntəqələrimizin
işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin
işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan
üçün çox böyük problemlər
yaradırdı. Çünki Ermənistanla ovaxtkı
Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi
bağlantı yaradılırdı. 1992-ci ilin may ayında
Şuşa və Laçının işğal altına
düşməsi artıq o bağlantını
yaratmışdı və o vaxt "Laçın dəhlizi"
adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın
gələcək işğalına yol
açmışdı. Kəlbəcərin işğalı
isə çox böyük bir coğrafi ərazi üzrə
Ermənistanla keçmiş "Dağlıq Qarabağ"
arasında coğrafi bağlantı yaratmışdır və
beləliklə, digər torpaqlarımızın
işğalına yol açmışdır. Əfsuslar olsun
ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq
və satqınlıq siyasəti apararaq doğma
diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci
ilin may ayında Şuşa və Laçının
işğal altına düşməsi o vaxt hakimiyyətə
can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində
mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək
olar ki, ermənilərə təhvil verilmişdir.
Mənfur cütlük bundan istifadə edərək
bir ay sonra məhz Şuşa və Laçın faciəsi
üzərində hakimiyyətə gəldi, doğma
diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi.
Kəlbəcərin 1993-cü il aprelin əvvəlində
işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar
rəhbərliyin bəd əməllərinin nəticəsi
olmuşdur".
Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı yaradılan ATƏT-in Minsk qrupu və onun həmsədr
dövlətləri - Fransa, Rusiya və ABŞ məsələni
həll etmək üçün heç bir addım
atmadılar. Əksinə, o zamankı status-kvonu saxlamağa
çalışır, prosesi uzatmaqla, münaqişəni
dondurmağa cəhd göstərməklə Ermənistanın
işğalı davam etdirməsinə rəvac verirdilər.
Eyni zamanda, Ermənistan silahlandırılırdı. Belə
olan halda, təbii ki, münaqişə sülh yolu ilə həll
oluna bilməzdi.
Dövlət başçısının söylədiyi
kimi, "əgər Ermənistana qarşı o vaxt ciddi
sanksiyalar tətbiq edilsəydi, əgər
işğalçı dövlət böyük dövlətlər
tərəfindən cəzalandırılsaydı, əlbəttə
ki, Ermənistan torpaqlarımızı sülh yolu ilə
qaytara bilərdi və əminəm ki, qaytaracaqdı".
Azərbaycan öz torpaqlarını 44 günlük Vətən
müharibəsi nəticəsində işğaldan azad etdi. Vətən
müharibəsi başa çatanda Kəlbəcər,
Laçın, Ağdamın böyük hissəsi hələ
işğal altında idi. Müharibədə
sarsıdıcı məğlubiyyətə
uğramış Ermənistan 2020-ci il 10 noyabr bəyanatı
ilə Kəlbəcər, o cümlədən Ağdam və
Laçını qaytarmaqla bağlı öhdəlik
götürdü. Beləliklə, Kəlbəcər bir
güllə atılmadan azad edildi.
Düzdür, Vətən müharibəsinin ilk
günlərində Azərbaycan Ordusunun Kəlbəcərin
strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin
nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə
imkan verdi. Prezident İlham Əliyev Kəlbəcər istiqamətində
aparılan hərbi əməliyyatlar haqqında
danışarkən deyib: "İkinci Qarabağ müharibəsinin
ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin
şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən
işğalçılardan azad edilmişdir. Murov
dağının ərazisində və ətraf yerlərdə
şiddətli döyüşlər gedirdi, şəhidlər
vermişdik. Ancaq strateji yüksəklikləri
götürdük və bu yüksəkliklər bizə imkan
verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya
infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin
şimal hissəsində strateji yüksəklikləri
götürərək erməni silahlı qüvvələrinin
hərəkətlərini bu istiqamətdə böyük dərəcədə
məhdudlaşdıra bildik və faktiki olaraq onlar
Basarkeçər-Kəlbəcər yolundan istifadə edə
bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum
əməliyyatının tərkib hissəsi idi".
Beləliklə, Kəlbəcərin kiçik bir hissəsi
döyüş meydanında azad edildi. Ancaq böyük hissənin
işğalına Ermənistan kapitulyasiya aktına imza atandan
sonra son qoyuldu.
Kəlbəcərin mürəkkəb coğrafi
relyefi, onun hərbi yolla geri alınması çoxsaylı
itkilər hesabına başa gələ bilərdi. Prezident
İlham Əliyevin müdrik siyasəti, sərkərdəliyi
sayəsində Kəlbəcər, habelə Laçın və
Ağdam bir güllə belə atılmadan Azərbaycana
qaytarıldı.
Dövlət başçısı sakinlərlə
görüşdə bu məqama toxunaraq deyib: "Kəlbəcəri
2020-ci ilin sonunda, - artıq qış
başlamışdır, - hərbi yolla azad etmək
böyük itkilərlə nəticələnərdi. Təbii
ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu
biz o vaxt demək olar ki, məhv etmişdik. Ancaq onların
güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu
bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət
Murov istiqamətindən idi və yenə də deyirəm, biz
böyük itkilər verə bilərdik. Ona görə tarix
bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin
dayandırılması ən düzgün addım idi. Ancaq
bununla bərabər, o vaxt hələ də
torpaqlarımızın bir hissəsi nəzarətimizdə
deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-na qədər bizim
qarşımızda duran əsas hədəf ölkəmizin
suverenliyini tam bərpa etmək idi. O tarixi siz yaxşı
xatırlayırsınız, həm dırnaqarası
Laçın dəhlizini yox etmək və bunu
Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan
sərhədində Laçın istiqamətində nəzarət-buraxılış
məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin
noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli
strateji nöqtələrin götürülməsi, "Fərrux",
"Qırxqız", "Sarıbaba" əməliyyatları
- bütün bunlar şanlı tariximizdir və bütün
bunlar məqsədyönlü siyasətimizin bir hissəsi
idi".
Kəlbəcər 25 noyabr 2020-ci ildə
azadlığına qovuşdu. Lakin ermənilər ərazini
tərk edərkən yenə də təxribatlara əl
atdılar, yanğınlar törədib, minalanma həyata
keçirdilər. Bu, bir daha erməni vəhşiliyinin
sübutu idi. O zaman bu görüntülər, xəbərlər
aparıcı xarici KİV-də də dərc edildi.
Ermənistanda indi də revanşizm meylləri
özünü göstərir, xarici qüvvələr tərəfindən
bu ölkə yeni qarşıdurmaya sürüklənir. Amma
Ermənistan yaxın tarixdən ibrət götürməlidir.
Onu məhvə aparacaq addımlardan çəkinməli, yeni
reallıqlara uyğun hərəkət etməlidir. Hansı
ki, bu gün dünya birliyi, beynəlxalq aləm Azərbaycanın
qələbəsini və yeni reallıqları tam qəbul
edib. Azərbaycan həm müharibədə qalib gələn,
həm də sülhün təminatçı olan dövlətdir.
Prezident bu məqamdan danışarkən deyib: "Azərbaycan
ləyaqətli ölkədir, güclü ölkədir,
heç kimə məsləhət görmürük ki, nə
vaxtsa bizə qarşı hansısa bəd əməllər
haqqında düşünsün. Hər halda son 80 il ərzində
dünyada Azərbaycan qədər tam və mütləq qələbə
qazanan ikinci ölkə olmamışdır. İndi dünyada
gedən prosesləri görürsünüz. Müxtəlif
yerlərdə toqquşmalar, müharibələr, hərbi
cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə
qazanmayıb. Müharibələr davam edir, daha böyük
coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək.
Yəni, bax, bu siyasi məsələlərin inkişafı
bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə
xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə
qazandıq".
Pərvanə
525-ci qəzet .- 2025.- 23 avqust (№150).- S.5.