Sözü yaşatmaq, sözdə
yaşamaq...
Söz yaşadır, sözdə yaşayanların
ömrü sözlə tarixləşir və zaman-zaman xatirələrdə
də yaşadılır, tarix də yaşadır. Şərt
odur ki, söz dürüst söz olsun. Dürüst söz
deyənlər tanıyanların da, tanımayanların da
sözdaşı kimi ehtiramlarla əhatələnir.
Sağlığında özü, son nəfəsindən
sonra - ruhu. Əvəz Allahyar oğlu Rzayev belə ömür
yaşadı - sağlığında özü bir sevgiyə
ünvan olmuşdu, son nəfəsindən sonra bu ünvan
ruhudur...
Əvəz Allahyar oğlu Rzayev jurnalist idi, redaktor idi,
el-obanın da, özünün də ötən-keçən,
itkin düşən zamanlarının acılarla
yazılmış tarixlərinin, gözlənilən qələbələrinin
ruh carçısı idi.
Onun ömrü hələ də qəzet səhifələrində
- tarixdə yaşayır, yaddaşlardadır...
Əvəz müəllimin ömrü doğulduğu
torpağın tale yazısına çox bənzəyir. Bu
ömür çətin, keşməkeşli, yurd itkisinin
göz yaşlarıyla yoğrulmuş, lakin heç vaxt
ümidini itirməyən bir ömürdür.
Əvəz Allahyar oğlu 1938-ci ildə Zəngəzur
elinin dilbər guşələrindən biri olan Zəngilan
rayonunun Orta Yeməzli kəndində kolxozçu ailəsində
anadan olmuşdu. Uşaqlıq illəri çox məşəqqətli
keçmişdi. Erkən yaşlarından qardaş itkisiylə,
sonra valideyn itkisiylə, mərhumiyyətlərlə,
yoxsulluqla üzləşsə də, ağrılar onu əyə bilmədi. Ruhən
möhkəmləndi Əvəz, qəlbi böyüdü,
ruhu mətinləşdi...
Uşaqlıqdan gördüyü bu acılar, sanki
onun qələmindən axan sətirlərin mayasına
çevrildi. Əvəz müəllimin ilk yazılarında
da bu ağrıların izləri vardı. Elə bil o,
sözlərlə yurduna qayıdırdı, itirdiklərini qələmi
ilə axtarırdı. Həyatının ən sərt illərində belə yazırdı....
1954-cü ildə Kilətağ kənd orta məktəbini
bitirdi, bir müddət kənddə kolxozda dizinfektor işlədi.
1955-ci ildə xətrini əzizləyənlərin məsləhəti
ilə Bakı şəhərində "Qızıl Şərq"
mətbəəsində mürəttiblik peşəsinə
yiyələndi, bir müddət mürəttib işlədi.
O illərdə şəhər mühiti gənclərin
maraq dünyasını da işıqlandırırdı, niyyətlərinin
yolunu da, maraqlarına da işıq salırdı. Bəzən
düşüncələrdə titrəyişlər də
yaradırdı. Belə titrəyişlər torpaqla
bağlı olurdu; çoxu şəhərin
qaynarlığını sabahlarının rəvanlığı
bilirdi. Bu qaynarlıqdan kəndə - torpağa həvəsiyənlər
də olurdu. Belə həvəs ötərgi həvəsə
bənzəmirdi - illəri belə ömürləşdirmək
niyyətinə dönürdü. Əvəz Allahyar oğlu Zəngilana
qayıtdı, ruh cana qayıdan təki qayıtdı...
Sözə bələdliyinin nəticəsiydi ki, rayon
qəzetində maraqlı, oxunaqlı məqalələri dərc
olunurdu. Bəyənilirdi.
Rayonda nəşr olunan "Stalinçi", "Zəngilan
kommunisti" qəzetlərində maşinistka-mühasib,
1956-cı ilin dekabrından 1962-cı ilin mayınadək Zəngilan
rayon xalq məhkəməsində katib işlədi.
1962-ci ilin mayında Zəngilan rayon komsomol komitəsində
ümumi şöbə müdiri vəzifəsinə irəli
çəkildi. 1963-cü ilin sentyabrına kimi burada işlədi.
Söz mehrləşdiyi ürəyi öz cazibəsinə
salır - ürək sözü yaşada-yaşada
özünü yaşadır. Sözün
ucalığını duyanlar üçün yaşam fəlsəfəsidi
bu: sözü sevdinsə, yaşadacaqsan, yaşadacaqsansa,
söz də səni yaşadacaq. Yüz illərlə belə
olub, indi də belədir. Əvəz Allahyar oğlu sözə
bağlanmışdı, sözün
işığını görürdü, nə
yazırdısa, bu işıqda yazırdı. Bu işıq
onun həyatının axarını dəyişdi - Əvəz
Əliyar oğlunu sözün əsgəri elədi. 1965-ci
ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin
qiyabi şöbəsinə daxil oldu. 1970-ci ildə ali təhsilini
başa vurdu, son nəfəsinə kimi jurnalist ömrü
yaşadı...
Zəngilan işğal olundu. Ruhu Zəngilana
bağlı olanların ruhu üyüşdü...
Əvəz Rzayev 1963-cü ilin sentyabrından
1994-cü ilin martınadək Zəngilan rayonunda
çıxan "Kənd həyatı" qəzetində
xüsusi müxbir, ədəbi işçi, şöbə
müdiri, redaktor müavini və redaktor işlədi.
1993-cü ilin oktyabrın 29-da Zəngilanın
işğalından sonra Ermənilərin elan etmədən
başladığı müharibədə Əvəz Allahyar
oğlunun özü də, sözü də əsgər idi
- döyüşürdü. Zəngilanı müdafiə etmək
mümkün olmadı, Zəngilan işğal olundu. Zəngilanda
da qaçqınlıq tufanı talelər qaraltdı,
ömürlər üzdü... Əvəz müəllim
gündüzlər xəyallarında, gecələr
yuxularında yaşatdığı Zəngilandan uzaqlarda -
Bakıda "Demokratiya", "Azərreklam",
"Arı" , "Qanun keşiyində", "Gələcək" qəzetlərində redaktor, "Kəndin
səsi", "Düzü-düz, əyrini-əyri"qəzetlərində
məsul katib, Azərbaycan Ziyalılar Cəmiyyətinin və
Ziyalılar Universitetinin orqanı olan "Ziyalı" qəzetində
baş redaktor müavini və rektorun köməkçisi vəzifələrində
işlədi.
Ziyalılar Universitetinin jurnalistika və hüquq
fakültələrinin müəllimi oldu. 1997-ci ilin
sentyabrından ömrünün sonuna kimi "Təzə həyat"
qəzetinin təsisçisi və baş redaktoru işlədi...
Əvəz Rzayevin jurnalistikaya gəlişi bir təsadüf
deyildi. "Kənd həyatı" qəzetində
çalışdığı illərdə hər cümləsində
doğma el-obanın nəfəsi vardı, hər sətrində
Zəngilanın çaylarının, dağlarının,
meşələrinin, bulaqlarının səsi eşidilirdi, bərəkətli
torpaqlarının hərarəti duyulurdu.
1980-ci ildən Azərbaycan Jurnalistlər
İttifaqının üzvü olan Əvəz Rzayevin
90-cı illərdəki yaradıcılığı Bakı ədəbi
mühitində daha da püxtələşdi.
"Əmimoğlumun sərgüzəştləri",
"Zəngilan gülməcələri", "Bilməli,
gülməli əhvalatlar", "O gecə", "Mənim
ömür kitabım" kitabları oxucular tərəfindən
maraqla qarşılandı.
Əvəz müəllimin məqalələri tərbiyə
edirdi, düşündürürdü, hərdən
güldürürdü də. Onun
yaradıcılığı, Zərdabi demişkən,
zamanın ayinəsi idi...
Əvəz müəllim "Əmimoğlumun sərgüzəştləri",
"Zəngilan gülməcələri" və "Bilməli,
gülməli əhvalatlar" kitablarında Zəngilanda
gördüyü, eşitdiyi gülməli əhvalatları
peşəkarlıqla qələmə alaraq "eldən
aldığını elə qaytarmağa" nail olub. Məqalələrində,
eləcə də satirik hekayələrində cəmiyyətdə
müşahidə etdiyi nöqsanlar kəskin tənqid olunur,
"buqələmunlar", ucuz şərəf və
şöhrət üçün dostlarını belə
güdaza verənlər, tutduğu yüksək vəzifəyə
layiq olmayanlar, rüşvətxorlar, savadsız məmurlar, mənəviyyatımıza
yük olanlar şirin yumor hissi və satiranın gücü
ilə ifşa olunurdu. Əvəz Rzayev Cəlil Məmmədquluzadə
ədəbi məktəbinin davamçısı idi.
Əvəz müəllim şəhid atası idi.
"O gecə" kitabında Zəngilanın müdafiəsində
dəfələrlə fərqlənən, 1993-cü il avqustun 24-də növbəti
döyüş əmrini yerinə yetirməyə gedərkən
yolda maşınına yanacaq dolduranda partlayış nəticəsində faciəli surətdə həlak
olan polis baş leytenantı Faiq Rzayevin döyüşlərdə
göstərdiyi igidliklərdən və onu tanıyanların
xoş sözlərindən bəhs edir. Faiq Əvəz müəllimin
oğlu idi. Yazıçı Əlibala Hacızadənin
yazdığı kimi, Əvəz müəllim "...bu
kitabını əziz Faiqinin xatirəsinə həsr etməklə,
özünün vicdanlı qələmi ilə öz balasının
xatirəsini əbədiləşdirə biləcək əzəmətli,
zamanın, düşmənin dağıda bilməyəcəyi
gözəl bir heykəl yonub hazırlayıb. Qələmin
sehrilə yapılmış heykəlləri isə heç
kim, heç nə uçura bilməz..."
"Mənim ömür kitabım" fədakar
jurnalist Əvəz Rzayevin 60 illik ömrünün
acılı-şirinli xatirələrinə həsr edilib.
Avtobioqrafik kitabdır. Bu kitab həm də bir elin,
torpağın salnaməsidir. Hər
sətrində Zəngilanın torpaq qoxusu duyulur. O, öz
ömrünü yazarkən, əslində,
hamımızın keçdiyi bir yolu - müharibəli, didərginli,
lakin ümidli yolu yazıb. "Hər kəsin öz taleyi, öz qisməti
var" - deyən mübariz yazıçı- publisist gələcəyə
ümidini itirmədiyini, Zəngilana, doğulub boya-başa
çatdığı Orta Yeməzli kəndinə
qayıdacağına inanırdı...
Amansız qədər amansız olan qəfil
ölüm yurdsevər insan Əvəz Rzayevin müqəddəs
arzusunu ürəyində qoysa da, ata-baba torpaqlarımız
Müzəffər Ali Baş Komandan cənab Prezident İlham
Əliyevin sərkərdəliyi ilə, əsgər və
zabitlərimizin qəhrəmanlığı və
xalqımızın birliyi sayəsində azad edildi. Əvəz
Rzayevin, onun sevimli övladı, döyüş dostum Faiq
Rzayevin və bütün şəhidlərimizin ruhları
narahatlıqdan qurtardı...
Mən 1980-ci ilin noyabrın 10-dan Zəngilan rayon
komsomol komitəsində şöbə müdiri işləməyə
başlayandan 1993-cü ilin oktyabrınadək Əvəz
müəllim daxil olmaqla rayon qəzetinin aparıcı
yazarları ustad jurnalist Mürsəl Qocayev, dəyərli
ziyalı və jurnalist Şükür Şükürov
(dünyasını dəyişənə kimi),
tanınmış şair, yazıçı-publisist Salam
Cavadlı və əsərlərini səngərdə yazan
tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik,
istedadlı yazıçı-publisist Lətif
Şüküroğlu ilə müntəzəm
yaradıcılıq əlaqələrimiz oldu. Bu əlaqələr
bu gün də Lətif Şüküroğlu və Salam
Cavadlı ilə davam etməkdədir. Səmimi deyə bilərəm
ki, adlarını çəkdiyim jurnalistlərin hər
birinin, Əvəz müəllimin isə xüsusilə mənim
yaradıcılığımın formalaşıb
cilalanmasında əvəzsiz xidməti olub. Əvəz müəllim
çalışırdı ki, hər həftə mənim
yazılarım rayon qəzetində dərc olunsun. Bundan əlavə,
Əvəz müəllim Zəngilan rayon xalq nəzarət
komitəsinin (RXNK) ştatdankənar şöbə müdiri
kimi hara gedərdisə, mənim də həmin tədbirdə
iştirak etməyim üçün lazımi xahişlər
edərdi. Bildirərdi ki, bir yerdə olanda qanunların
pozulmayacağına inanır, özünü daha
güclü hiss edir və rahatlıq tapır. Mənim bir
neçə dəfə RXNK-nin
qiymətli hədiyyələri ilə
mükafatlandırılmağıma nail olmuşdu. Mətbuat
günündə "Kənd həyatı" rayon qəzetinin
ştatdankənar müxbiri kimi fəxri fərman ilə təltif
olunmuşam.
Yaradıcılıq əlaqələrimiz Bakıda da
davam edib. İmkan daxilində dəvət etdiyi tədbirlərdə
iştirak etmişəm, qəzetlər üçün
materiallar hazırlamışam. 1998-ci il mayın 14-də anam
qəfildən dünyasını dəyişəndə onun
böyük ürək sahibi olduğunu bir daha gördüm.
Anamın ilinə bir ay qalanda - 1999-cu il aprelin əvvəlində
məndən anam haqqında məlumatları
hazırlamağı və ona çatdırmağımı
xahiş etdi. Həmin müddətdə təsisçisi və
redaktoru olduğu "Təzə həyat" qəzeti maliyyə
problemlərindən cap edilmədiyinə görə anam
haqqında yazdığı anım yazısını dostunun
redaktor olduğu qəzetin
1999-cu il aprel nömrəsində dərc etdirdi. "Təzə
həyat" qəzeti çap edilməyə başlayan kimi məni
redaksiya heyətinə daxil etdi, anamın topladığım
20-yə yaxın bayatısını və mənim
yazımı dərc etmişdi. Hər nömrədə
yazımı dərc edirdi. Təəssüflər olsun ki, əsən
ölüm yeli dostumu,
elimizin-obamızın layiqli ziyalısını aramızdan
tez apardı...
Mətbuat sahəsindəki uzun illər səmərəli
fəaliyyətinə və yaradıcılıq
uğurlarına görə "Qızıl qələm"
mükafatına, "Kəmaliyyə" və "Nailiyyət"
diplomlarına, Azərbaycan Jurnalistlər Birliyinin "Həsən
bəy Zərdabi" mükafatına, Mətbuat və
İnformasiya Nazirliyinin, Respublika Mətbuat Fondunun, Zəngilan
rayon partiya komitəsinin və icra hakimiyyətinin fəxri fərmanlarına
layiq görülmüşdü.
Əvəz Rzayevin həyat və fəaliyyəti, təsisçisi
və redaktoru olduğu "Təzə həyat"qəzetinin
adı Mediya-Azərbaycan kitabına daxil edilmiş,
KİVİHİ jurnalistlərinin və mətbuat təəssübkeşlərinin
könüllü birliyi kimi ona ölkə daxilində və
xaricdə müstəqil fəaliyyət statusu verilmişdi...
Bu illər həyatın istisini-soyuğunu
görmüş, zamanın vaxtsız əsən küləklərinin
qarşısında heç vaxt əyilməyən, dəyişməyən,
həmişə yaxşıya yaxşı, pisə pis deyən
Əvəz Rzayevin qəlbi həmişə torpaq sevgisi, yurd
istəyi ilə dolu idi. Söhbətlərimizdə
həmişə deyərdi: Zəngilana qayıdan günü
dizin-dizin sürünəcəm, oğlum Faiqin məzarına
sarılacam"...
1999-cu il yanvarın 6-da köçdü dünyadan.
Əvəz Rzayevin sözü ilə əməli
bütöv idi. Həyatın içindən gəldiyinə
görə həyat həqiqətlərini yazmaqdan zövq
alırdı. Həmişə haqqa-ədalətə güvənən,
vicdanının səsinə qulaq asan, gözəgörünməyən
qara qüvvələrə qarşı çox ciddi və kəskin
mübarizə aparan, daim ulu Tanrını özünə
arxa-kömək bilən, ağır zəhmətinə, səmərəli
əməyinə və bacarığına arxalanan,
dünyanı bütün rəngləri ilə görən
Əvəz Rzayev onu aydın dərk edərək
düşündüyü kimi öz rəngində
yaddaşlara köçürürdü.
Yaddaşlarda Əvəz Rzayevə aid olan
yaşarı xatirələr də var...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 26 avqust (¹151).- S.15.