Bir həyat hekayəti
İlğım
Bikə arxın başına qayıdanda qızı
görmüşdürsə, elə indilərdə
başıalovlu gəlməliydi. Amma anlar, dəqiqələr
ötür, Bikə isə gəlmirdi və gəlin ürəyində
özünün bayaqkı qənaətlərini yalana
çıxarmaq üçün indi döşlərinin
arasını yandıran onluğun Bikənin olmaması barədə cürbəcür fərziyyələr
quraşdırırdı. Fikirləşirdi ki, onluğun Bikənin olub-olmamasını bu dünyada
indi yəqin bir Bikənin özü, bir də Allah bilir. Nə
olsun uşağın qabağınca arxın başında
imiş? Bəlkə onluq bundan bir saat, üç saat, lap
beş saat əvvəl düşüb ora,
palçığın içində öz tapanını -
təzə sahibini gözləyirmiş? Belə olan halda qismətinə
düşmüş bu qazancı öz əli ilə Bikəyə
vermək axmaqlıq deyildimi? Yoxsa Bikə də sarsağın
biriydi və yastı-yastı ona züy tutacaqdı ki, bıy,
ay bacı, mən qızıl-zad itirməmişəm, görəsən, hansı tifil salıb. Gərək
axtarıb sahibini tapaq. Belə yerdə deyiblər ey,
ağlına keçə yamayım. Lap tutaq ki, onluq Bikənindir,
uşağın gördüyü qaraltı da elə o
imiş. Nə olsun? Bir halda ki, onluq Allahın hökmüylə
Bikənin boynundan düşmüşdü və Allahın
buyuruğu ilə bu onluğu bir başqası yox, məhz onun
qızı tapmışdı, deməli, onluq Bikəyə
yox, ona - yəni gəlinə qismət imiş. Bir halda ki, belədir,
onda Allahın buyruğundan çıxmaq olmazdı,
çünki yenə də Allah-Təala özü buyurub ki,
qismətinə təpik atan axmaq adamdır.
Burada gəlin hopbala Şakiri xatırladı,
yadına bu qapıya təzə gəlin gəldiyi vaxtlar ərindən
eşitdiyi bir əhvalat düşdü. Əri
danışmışdı ki, hələ ağlını
itirib hopbala olmamışdan əvvəl günlərin birində
Şakir nə işləsə bağlı Bakıya gedir.
Günorta acır, girir yeməkxanalardan birinə ki,
çörək yesin. Yeməkxananın içində əl
yumaq üçün yer varmış. Deməli, Şakir
yaxınlaşır oraya, əlini yuyanda birdən
görür, paho, brilyant qaşlı bahalı bir üzük
bunun yolunu gözləyir. Kimsə əlini yuyanda unudub qoyub
burada. Şakir də
üzüyü götürüb təpəsi üstə
dala qayıtmaq əvəzinə, yaxınlaşır kassir
qadına ki, bəs a bacı, kimsə bunu unudub qoyub əlyuyulan
yerdə. Hər kimdir
yazıqdır, yəqin qayıdacaq bura. Gəlin köməkləşib
savab bir iş görək. Mən üzüyü verirəm sizə, siz də sahibi gələndə
qaytararsınız ona. Kassir rus imiş. Üzüyü götürür,
qayıdır Şakirə deyir ki, oy, kakoy vı milıy,
xoroşiy çelovek. Obyazatelno otdam. Şakir səhər
yolunu yenə o yeməkxanadan salır, yaxınlaşıb
kassirdən soruşur nə oldu, bacı, üzüyün
sahibi gəlib çıxdı? Kassir gözünə
döndüyüm də bir hay-küy qaldırır ki, gəl
görəsən. Deyir, nə
üzük, mənə şər atırsan? Sonra da zəng
vurub milis çağırır, deyir bu
fırıldaqçını tutun, salın dama. Şakir
yazıq canını zorla qurtarır.
Gəlin nədənsə bu hadisənin
doğruluğuna inana bilmirdi. İnana bilmirdi ki, insan bu qədər
təmiz və bu qədər sadəlövh olsun. Hərçənd
Şakirin taleyi, onun sonrakı həyatı məhz birə bir
sadəlövhlüyün, uşaq ağlının labüd
sonluğu idi.
Şakir yetimçiliklə böyümüşdü.
Öz gücünə gedib Bakıda universitet oxumuşdu.
Deyirlər, o qədər savadlı, bilikliymiş ki, hopbala
olmamışdan əvvəl hamı ona "kəllə
Şakir" deyirmiş. İşi-peşəsi
qalın-qalın kitablar oxumaq imiş. Hamı deyirmiş ki, bu
gədə bilikdən, oxumaqdan havalanacaq. Şakir doğrudan
da havalandı, amma bilikdən yox, sadəlövhlüyünün,
həmin o uşaq təmizliyinin ucbatından. Kənddə
müəllim işləyə-işləyə, alim olmaq
fikrinə düşür bədbəxt. Ayaq açır
Bakıya, gedir bir məşhur professorun yanına ki, bəs mən
elmdə filan, filan yeniliklər eləmişəm. İstəyirəm
mövzu götürəm, müdafiə eləyəm. Həmin
alim də şeytana papuş dikənlərdən imiş.
Salır bunu get-gələ. Deyir, get filan məsələni də
araşdır, nəticəsini öyrən, gəl, nə
bilim, fikirlərin hələ çiydir, əsassızdır,
gərək şübut edəsən və s. və i.a. Bu
yazıq da qayıdıb deyilənləri eləyir. Hər dəfə
təzə-təzə ideyalarla qayıdırmış
professorun yanına. Beləcə, bir il keçir, axırda
dözə bilmir, deyir, ay professor, axı mən yoruldum,
mövzumu təsdiq eləyin, işləyim də. Həmin
professor gözünə döndüyüm də qalın bir
kitabı çıxardıb qoyur ortaya və qayıdır
ki, axmaq oğlu axmaq, mən neçə ildir, gecə-gündüz
bu problemin həlli ilə məşğulam.
Saç-saqqalımı ağardıb bu boyda kitab
yazmışam. İndi sən də mənim kitabımı
oxuyub, gəlmisən ki, filan şey elə, bəhman şey belə?
Dur, burdan elə sürüş ki, heç izin də
qalmasın, yoxsa milis çağıraram.
Şakir o sürüşən sürüşdü,
havalandı, oldu indiki hopbala, başladı kəndin
uşaqları ilə qarğa at çapmağa, eşşəkmindi
oynamağa. Deyilənə görə, o professor da həmin
kitabın hesabına dönüb oldu dünyanın ən
böyük alimlərindən biri. İndi səsi,
sorağı Amerikadan, Fransadan gəlirdi. Dünyanın
müxtəlif ölkələrində neçə-neçə
adam onun elmi məqalələrini oxuyur, bəşər elminə
gətirdiyi ideyalara heyran kəsilirdi. Və heç kimin də
ağlına gəlmirdi ki, həmin o qiymətli ideyaların,
kəşflərin əsl müəllifi filan kəddə
uşaqlarla eşşəkmindi oynayır.
Nə isə, hopbala Şakir, onun qəribə taleyi
öz yerində, amma gəlinin ürəyi səksəkə
içində idi, nanə yarpağı kimi əsirdi.
Gözü qapıda qalmışdı, Bikə hər an
qapını açıb, özünə qarğış
edə-edə həyətə girə bilərdi. "Ay,
bacı, kaş boynum sınaydı, kaş ayaqlarım
quruyaydı" və s. və i.a.
Qızıl onluq Bikənin idisə, həqiqəti
gizlətməklə gəlin günah iş tutmurdu ki? Hər
halda itki itkidir. Adam lap bir manatını itirəndə də əzab
çəkir, onda qalmış qızıl onluq ola. İndi
Bikə də bir Allah bilirdi itirdiyi o onluğa görə nə
qədər əzab çəkirdi. Və sən - bu əzabların
baiskarı istəsən, bircə dəqənin içində
hər şeyi yoluna qoya bilərsən. Amma istəmirsən.
Əlbəttə, burada günaha bənzər nəsə
vardı. Amma gəlinə görə günahın
özü yox, ona bənzər bir şey olduğuna görə
buna göz yummaq, ən pis halda alacağı cəzanın o qədər
böyük və amansız olmayacağına bel bağlamaq
olardı. Bikə kəndə elan eləməyəcəkdi
ki, bəs mən filan yerdə filan şey itirmişəm,
xahiş edirəm, tapan gətirsin. Lap o televiziyada verilən
elanlar kimi: "Filan yerdə içində sənəd və
çoxlu pul olan çanta itirmişəm, xahiş edirəm
tapan qaytarsın. Çantanı qaytaranı mükafat gözləyir". Ay sənin
ağlını yeyim, kimdir o bir çanta pulu qaytaran? Qismətidir
ki, tapıb da. Ağlı olan da qəpik-quruş xatirinə
qismətindən qaçar? Lap tutaq ki, o çantanı
qaytarmamaqla günah eləyir. Nə olsun? Allah özü
buyurub ki, günah əməllər üçün tövbə
qapısı həmişə açıqdır.
Gəlin pilətənin üstündəki
çaydanın dızıltısına qulaq asa-asa bu cür
fikirləşir, düşüncələrinin axarı
ürəyincə olduğuna görə kefi durulur, qəlbindəki
səksəkə, qərarsızlıq tədricən xətircəmlik
duyğusu ilə əvəz olunurdu.
Bikə gəlmədi.
Sonra qayınanası zarıdı. Gəlin bu
zarıltıdan işin nə yerdə olduğunu, əlbəttə
ki, anlamalı idi. Mətbəxin küncündəki yaş əskini
götürüb, dinməz-söyləməz qonşu
otağa keçdi, işini görüb geri qayıtdı.
Daha sonra çay dəmlədi və qayınanasının
qulpuqırıq fincanına çay süzüb, təzədən
yan otağa qayıtdı.
Arvad tamam üzülmüşdü, hay-hayı gedib,
vay-vayı qalmışdı. Bir vaxtlar kəndin ən
xanım-xatın arvadlarından olan qayınanası indi quruyub
qaxaca dönmüşdü. Gəlin bilirdi ki, arvad son günlərini
yaşayır, tezliklə Qurban kişi kimi yanını
qatlayacaq. Və indi, kürəyini divara söykəyib, sidik
iyi verən, gündə azı
iki dəfə islanan döşəkçənin
üstündə oturmuş bu qarının ruhu tezliklə
yeni, görünməz ömrünü yaşamağa
başlayacaq.
Gəlin ruhun ölməzliyinə inanırdı. Bunu
ilahi bir inam kimi bilirdi və indi də yüz faiz əmin idi
ki, Qurban kişinin incik ruhu bu dəqiqə, lap elə bu an həyətin,
yaxud evin hansısa bir yerində dayanıb onları seyr edir.
Amma gəlin onun qiyafəsini, görkəmini heç
cür təsəvvürünə gətirə bilmirdi.
Görəsən, o ruhundamı belə azca donqar, boynu azca
bükük idi? Odamı təsbehini aramsız
şaqqıldadırdı? Bəlkə heç o ruh deyilən
şeylə insanın bu dünyada görkəmi arasında
heç bir oxşarlıq, bənzəyiş olmur. Bəlkə
Qurban kişinin ruhu bu həyətdə beli azca donqar, boynu azca
bükük qoca kimi yox, ora-bura uçuşan kəpənəklərin
görkəmində dolaşırdı. Hər halda bu
dünyada hələ heç kim bir kimsənin ruhunu görməmişdi.
Amma ruh deyilən şey, əlbəttə, var idi. Gəlin
buna hava, su kimi inanırdı. Və gəlin ona da
inanırdı ki, Qurban kişinin ruhu gec-tez onları
bağışlayacaq, bu həyətdə, bu ocaqda qoyub getdiyi
adamların - oğlunun, gəlinin
iztirablarına son qoyacaq, haqq dünyasına qovuşanda macal
tapıb yerini nişan verə bilmədiyi amanatı hansı
bir yollasa - ola bilsin ki, deyə bilmədiklərini kiminsə
yuxusuna söyləyəcək, yaxud ərininmi,
özününmü qulaqlarına lap nağıllarda
olduğu kimi qeybdən səs gələcək - onlara
çatdıracaqdı.
Hərdən gəlinə ilə gəlirdi ki,
qayınanasının ətəyindən bu sayaq bərk-bərk
yapışmağı, canını dişinə tutub onun sərsəmləmələrinə
dözməyi də Qurban kişinin hər gecə yuxusuna gələ
biləcək ruhunu özündən küsdürməmək,
incik salmamaq üçündür. Yoxsa gündə ən azı bir dəfə
arvadın altını təmizləmək, həftədə
bir dəfə vannaya qoyub çimizdirmək, Allahın verən
günündə neçə dəfə "Qoymayın,
öldürdü!" oyununun tamaşasına durmaq bu qədər
xoş idimi ki, baldızı bu qapıya hər dəfə
ayaq basanda, "Anama baxmırsan, götürüb aparacam"
deyəndə ürəyi ayaqlarının altına
düşürdü? Bu qorxu son ümidin də sönəcəyindən,
son imkanın, şansın da əldən
çıxacağından yaranan qorxu idi. Ona görə də
baldızının, eltisinin hər hücumundan sonra gəlin
daha da yardımcanlı olurdu, qayınanasını min dillə
dindirirdi. Oğlunu çağırıb
qayınatasının ruhuna yasin oxutdurmağı da ki öz
yerində.
Bəlkə də dünyada heç bir
ölünün ruhuna bu qədər yasin
oxunmamışdı. Amma...
Görəsən, o sarsaq fikir gəlinin ağlına
hardan gəlmişdi?
Bir axşam eyvanda oturub, şor-çörək yeyə-yeyə
həyətdə çiçəklənmiş alça,
gilas ağaclarına baxa-baxa bu qarışıq, çalxanan
zamanda adam kimi yaşamağın çətinliyi,
kasıbçılığın əzabı barədə
düşünür, ürəyindən qara qanlar
axırdı. Gəlin fikirləşirdi ki, bu il həyətin
meyvəsini lap son dənəsinə qədər satsalar belə,
yenə də ən yaxşı halda
qıtlığını çəkməyəcəkləri,
doyunca yeyəcəkləri elə bu şor və çörək
olacaq. Nə vaxtsa eşitmişdi ki, kasıbın
başına lap bir vedrə qızıl tök, fərqi
yoxdur, kasıb elə kasıbdır. Görəsən,
doğrudanmı belə idi?
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 26 avqust (¹151).- S.14.