Mustafaqulu xan Qacar  

 

 

Mustafaqulu xan qardaşı Cəfərqulu xanın məsləhəti ilə Rzaqulu xana qarşı Ağa Məhəmməd xana hərbi kömək etmək üçün Astrabada yollandı. O, əvvəlcə astrabadlı Abbasqulu bəylə bu barədə xeyli söhbət elədi. Cəfərqulu xanın məktubunu da ona verib, hər şeyi yerli-yataqlı başa saldı. Abbasqulu bəy də qoşun toplanılmasında xeyli köməklik göstərdi, səfərbərlik elan elədi. Mustafaqulu xan az müddətdə Aşağıbaş tayfasından xeyli əsgər yığdı və Astrabad qoşunlarının başçılığı da ona tapşırıldı. Mustafaqulu xan yenə də Cəfərqulu xanın tapşırığına əməl eləyib, Astrabada belə bir şayiə yaydı ki, guya, bu qoşunu zəndiyyələrə vuruşmaq üçün toplayır və Rzaqulu xana kömək etmək məqsədilə Mazandarana gedir. Rzaqulu xan da bu xəbəri eşidib, çox xoşhal odlu, hələ ürəyində qardaşlarına "əhsən", "sağ olun, var olun!" da dedi.

Mustafaqulu xanın qoşunları qərbdən Mazandarana daxil oldu. Rzaqulu xan onların niyyətindən xəbər tutanda artıq gec idi və əlacsız qalıb, təslim olduğunu bildirdi. Və bütün Mazandarana elan olundu ki, bu gündən etibarən İranın həqiqi padşahı Rzaqulu xan yox, Ağa Məhəmməd xandır. Bundan sonra qardaşlar Ağa Məhəmməd xanın hüzuruna gəldilər. Məğlub olmuş xəyanətkar qardaş Rzaqulu xanı Mustafaqulu xanın xahişi ilə (gələcəkdə Mustafaqulu xan özü üçün əl yeri qoymaq məqsədilə bu xahişi edirdi) Ağa Məhəmməd xan öldürmək fikrindən əl çəkdi...

Ağa Məhəmməd xan qardaşı Mustafaqulu xanı etibarlı bir sərkərdə kimi həmişə döyüşlərə göndərirdi. Kiçik qardaş da böyük qardaşının hüzuruna daim qələbə müjdəsi ilə qayıdırdı.

Həmin vaxtlar Ağa Məhəmməd xan inanılmış adamlarından biri olan Hidayətulla xanı Gilana hakim təyin eləmişdi. Lakin çoxları kimi, o da az keçmədən qudurub, cızığından çıxdı, varlanıb harınladı, gücləndi, padşahlıq eşqinə giriftar oldu. Hətta Gilan vilayətinin paytaxtını padşahla məsləhətləşmədən, özbaşına olaraq Rəşt şəhərinə köçürdü. Bu xoşagəlməz xəbərlər, Hidayətulla xanın bu sərsəmləmələri Ağa Məhəmməd xana çatanda onu yanına çağırmağı əmr elədi. Ancaq Hidayətulla xan qorxusundan Tehrana gəlmədi. Ona görə də Ağa Məhəmməd xan onun dərsini vermək üçün Mustafaqulu xanı beş minlik qoşunla Gilan üzərinə göndərdi. Və belə bir fərman da verdi ki, Mustafaqulu xan Hidayətulla xanı məğlub edəndən sonra Gilandakı qoşunlar da ona tabe olsun. Mustafaqulu xan Gilan üzərinə yeridi. Hidayətulla xan məğlub olub, qaçmağa başqa bir yol tapmadığı üçün Ənzəli körfəzini keçib, Xəzər dənizinə çıxdı. Elə bu vaxt dənizdə başlanan qəfil fırtına Hidayətulla xanın gəmilərini suya qərq elədi. Hidayətulla xan da, bütün adamları da dənizin dibindəki heyvanlara yem oldular. Və Mustafaqulu xan yeni qələbə xəbərini tezliklə Ağa Məhəmməd xana çatdırdı...

Ağa Məhəmməd xan Tehran şəhərini dövlətinin paytaxtı elan edəndən bir az sonra, 1787-ci ildə Lütfəli xan Zənd Şirazda baş qaldırdı. İlanın başını elə yuvasındaca əzmək üçün Ağa Məhəmməd xan dərhal Şiraz üzərinə qoşun çəkdi və şəhəri mühasirəyə aldı. Döyüşlər başlandı. Lakin Ağa Məhəmməd xan dəfələrlə güclü hücumlar etsə də, şəhərə girə bilmir, tez-tez uğursuzluqlara düçar olurdu. Elə bu vaxt gözlənilməz və qanqaraldıcı bir hadisə onu Şirazın mühasirəsindən əl çəkib, Tehrana qayıtmağa məcbur elədi. Artıq Talış torpaqlarında hakimlik edən Mustafaqulu xan qardaşının Şiraz ətrafındakı uğursuzluqlarından sui-istifadə edərək ona qarşı çıxmış və Mazandaranı, Gilanı, Astrabadı ələ keçirmişdi. Onun fikri İranın böyük bir ərazisini tutub, özünü bu yerlərin mütləq ağası elan etmək idi. Mustafaqulu xan bir neçə il idi ki, xəbis ürəyində bir fikirlə yaşayırdı ki, nə üçün o da başqaları kimi şahlıq iddiasında olmasın? Axı o, hansı qardaşından əskikdir, bacarıqsızdır? Bu niyyətlə də Mustafaqulu xan talışları tamamilə öz tərəfinə çəkə bilmiş, onlarda Ağa Məhəmməd xana qarşı nifrət oyatmışdı. Və talışlara söz vermişdi ki, əgər onların köməyi ilə qardaşını yıxıb, onun yerində şahlıq taxtında otura bilsə, bu işdə fəal iştirak edən hər bir kəsin öz payını özünə verəcək. Ona görə də Talış əhli onun yolunda ölümə getməyə həmişə hazır idi.

Həmin vaxt Tehranda olan Mustafaqulu xan İranın şimal vilayətlərini də tutmağa hazırlaşırdı. Ona görə də Ağa Məhəmməd xan Qacar onu qabaqlamaq üçün qoşunlarını Şirazdan geri çəkib, Tehrana yola düşdü. Lakin Mustafaqulu xan qardaşının gəlişindən tez duyuq düşüb, Tehranın darvazalarını dərhal bağlatdırdı. Bundan qəzəblənən Ağa Məhəmməd xan güclü hücuma başladı. Və qaçılmaz məğlubiyyətlərini görən Mustafaqulu xanın əsgərləri şəhərin darvazalarını taybatay açıb, Ağa Məhəmməd xanın qoşunlarını içəri buraxdılar. Ağa Məhəmməd xan müqavimət göstərməməyi və təslim olmağı qardaşına təklif elədi. Böyük qardaşının əlindən sağ-salamat qurtara bilməyəcəyini yaxşı dərk eləyən Mustafaqulu xan əlacsız qalaraq İmamzadə Zeyd məqbərəsinə pənah apardı. Elçi göndərib, Ağa Məhəmməddən soruşdu ki, əgər təslim olsa, onunla necə rəftar edəcək? Bilsə ki, ona heç bir xətər gəlməyəcək, üzə çıxıb, təslim olar. Lakin Ağa Məhəmməd xan çörəyi dizi üstündə olan kiçik qardaşının bu nankor hərəkətindən elə qəzəbnak olmuşdu ki, onu heç cür bağışlaya bilmir və heç bir şərtini də qəbul etmək istəmirdi. Ona görə də Mustafaqulu xana müsbət cavab vermədi, bildirdi ki, qan tökmək istəməsə də, lazım gəlsə, məqbərəyə də hücum edəcək. Bu sözlərdən sonra Mustafaqulu xan qorxusundan ümumiyyətlə, məqbərədən kənara bir addım da ata bilmədi.

Ağa Məhəmməd xan havayı qan tökməmək üçün başqa bir yolla hərəkət eləyib, İmamzadə Zeydə yaxınlaşdı. Məqbərənin xidmətçilərini tutdular. Mustafaqulu xana və onun adamlarına ərzaq aparan olmadı. Və Ağa Məhəmməd xan İmamzadə Zeydə hücum elədi. Onun adamları məqbərənin hasarlarını aşaraq ora doluşdular. Mustafaqulu xan müqavimət göstərməyin lüzumsuz olduğunu dərk eləyib təslim oldu.

Ağa Məhəmməd xan Mustafaqulu xanın yanına gətirilməsini, daha doğrusu, onu görmək istəmirdi. Yaxşı bilirdi ki, qardaşı səhvini boynuna alacaq, ağlayıb-sısqayaraq, peşman olduğunu bildirəcək, bağışlanmasını xahiş edəcək. Ola bilsin ki, ürəyi yumşalar və qardaşının günahından keçə bilər. Ağa Məhəmməd xan isə başqalarına bir daha görk olsun deyə, Mustafaqulu xanın cəzasını vermək istəyirdi. Ona görə də əmr elədi ki, qardaşını məhbus kimi ciddi nəzarət altında saxlasınlar. Mustafaqulu xanı tək-tənha bir otağa salıb, hər tərəfdə gözətçi qoydular.

Ertəsi gün Mustafaqulu xan Ağa Məhəmməd xana sifariş göndərdi ki, onun hüzuruna gəlmək, bəzi məsələləri aydınlaşdırmaq istəyir. Ağa Məhəmməd xan sifariş gətirən adama bildirdi ki, qardaşını ancaq bir saatdan sonra qəbul edə bilər. Cəlladı isə hüzuruna çağırıb, əmr elədi ki, bu şəxslə getsin və onun göstərəcəyi adamın gözlərinə mil çəksin. Həm də əlavə elədi ki, əməliyyatdan sonra dustağı onun yanına gətirsinlər.

Həmin adam cəlladla birlikdə Mustafaqulu xanın olduğu otağa getdi. Mustafaqulu xan cəlladı görən kimi işin nə yerdə olduğunu dərhal anladı və kor ediləcəyinə tam əmin olaraq yazıq-yazıq həmin adamdan soruşdu ki, məni kormu etmək istəyirsiniz? Yalvardı ki, Ağa Məhəmməd xana çatdırsınlar ki, onu qəbul eləsin. Həmin adam da bu yalvarıçı səslə deyilən sözləri eşidəndə günahkar adamlar kimi başını aşağı saldı. Bildirdi ki, bunu etməyə onun heç bir ixtiyarı yoxdur. Ancaq əmr icra olunandan sonra şah onu qəbul edə bilər. Mustafaqulu xan yenə də yazıq-yazıq dedi ki, Ağa Məhəmməd xan qəzəbli olanda bu əmri verib. Eybi yoxdur, qardaşım mənə cəza verir-versin, amma heç olmasa, gözümün birini çıxartdırsın...

Lakin öz həyatından qorxan həmin adam (Ağa Məhəmməd xan sonralar onun da gözlərini çıxartdırmışdı) Mustafaqulu xanın sözlərini qulaqardına vurdu, Ağa Məhəmməd xanın əmrinin yerinə yetirmək vaxtı gəlib-çatdığını cəllada bildirdi. Əmrə müntəzir dayanan cəllad dərhal əl-qolunu çırmaladı, güclü əlləri ilə Mustafaqulu xanı iki qatlayıb, dizi üstə oturtdu. Məhbusun tükürpədici bağırtısı cəlladın heç halına da təfavüt eləmədi. O, arxayınlıqla işini görüb qurtardı. Mustafaqulu xan Qacar dünya işığından beləcə məhrum oldu.

Ağa Məhəmməd xan isə tutduğu bu işdən ölənə qədər də peşmançılıq çəkmədi...

 

Vasif QULİYEV

525-ci qəzet .- 2025.- 26 avqust (№151).- S.13.