Ədəbiyyatın qeyri-peşəkar
Peşəkarı - Aydın Qacar
Bəzən ədəbiyyata ömrünü həsr
edənlərdən çox, ona ömrünü
qarışdıranlar iz salır. Aydın Qacar da belə
adamlardandır - peşəkar ədəbiyyatçı deyil,
amma ədəbiyyatın içində, onun nəfəsini
daşıyaraq yaşayan bir qələm sahibidir. Onun
yazılarında sənət iddiasından çox, sənət
hissi var; "yaratmaq" ehtirasından çox,
"yaşatmaq" qayəsi görünür. Elə buna
görə də, o, ədəbiyyatın qeyri-peşəkar
Peşəkarıdır - tituldan yox, ruhdan güc alan, sözdən
mövqe yox, mənəvi dayaq quran biridir.
Aydın Qacarın yazılarını bir janra aid etmək
çətin olar, çünki o, yazılarında bir
neçə üslub qatını eyni anda işlədir.
Şəxsi müşahidə və təcrübələrdən
doğan, faktiki həyat materialı olan yazılarını -
Xatirə, tarixi-mədəni hadisələrin içindən
keçən, özünün də şahid olduğu,
bilavasitə yaşadığı mətnlərini - Memuar, fərdi
düşüncə, fəlsəfi ümumiləşdirmə
və subyektiv baxışını təqdim edən bədii
mətnlərini - Esse adlandırmaq olar. Bunları
ümümiləşdirərək onun yazılarına ən
yaxın anlayış "bədii-publisistik
esse-oçerk"dir.
Aydın Qacarın üslubu kənd bulağından su
içmək kimidir: şəffaf, sərin, amma dərinliyində
daşların sərtliyi, yosunların qədimliyi gizlidir.
Sözləri bircə oxunuşda əzbərlənəcək
qədər sadə, amma üzərində
düşündükcə yeni qatlarını açacaq qədər
mürəkkəbdir. Hər sətirdə bir az etnoqraf, bir az
tarixçi, bir az da həyatın özünə
çevrilmiş bir qələm adamının nəfəsi
duyulur. O, mətnlərində həm kövrəkliyi, həm
də cəsarəti eyni anda yaşadır.
Bu günlərdə feysbuk səhifəmdə bir
"Şərur yallısı" videosu
paylaşmışdım. O, videonu yenidən paylaşaraq,
altında "El yallıları" adlı bir memuar
yazdı. Memuarda gəlinən nəticə bu idi: Azərbaycan
mədəniyyətinin daşınmaz abidələri - qala
divarları, məscidlər, körpülər, karvansaralar
olduğu kimi, daşına bilən, amma mənəvi
yükü onlardan az olmayan simvol və rəmzlər də
var. Onlar bəzən sazın köksündə, bəzən
zurnanın nəfəsində, bəzən də bir toy məclisinin
qızğın anında yaşar. Hər kəs öz kəndindən,
elindən şəhərə bir sevda, bir nəfəs, bir ahəng
gətirir. Kimi bayatıları, kimi laylaları, kimi isə
yallıları...
Aydın Qacarın memuarda təsvir etdiyi el
yallıları elə bu daşınan rəmzlərin ən
möhtəşəmlərindəndir. O yallılar ki, kənar
kəndlərdə, düzənlərin ortasında toz-torpaq
içində başlayıb, şəhər toylarında
öz ritmini, öz ahəngini qoruyub saxlayır.
Aydın Qacar yallını "Vətən rəmzi,
Vətən nişanəsi, cəngi" adlandırır. Bu,
təsadüfi deyil. Çünki yallının çevrəsi
döyüşqabağı bir halqadır - qədim türklərin,
Qafqaz xalqlarının birləşmə, güc yığma
ayinlərinin davamıdır. Müəllifin onu
çeçenlərin döyüş yallıları ilə
müqayisə etməsi də tam yerinə düşür.
Təxminən iki səhifəlik memuarda müəllif
yallının fəlsəfəsini, ritmin sirrini, "unudulan,
amma unudulmayan yallını - milli cəngi" dəqiq və
sadə xalq dili ilə açır. Yallını şəxsi
yaddaşın simvolu kimi oxucunun yaddaşına
ötürür və sonda bir sevgi nəğməsinin - bir
türk şərqisinin sözlərini xatırladır:
"Sev, canım senin olsun".
Çox maraqla oxuduğum essedə, həqiqətən
də, hər şey onun dediyi kimidir. Məncə də,
yallıların min illəri aşan sədası sanki ulu
babaların nəfəsi, daş yaddaşlı mifoloji eposun
musiqili hekayəti kimi qulaqlarda çalınır. Onun duyumu
torpağın nəfəsi, düzümü qədim
nizamın qaydası, ritmi həyatın döyünən
ürəyi, musiqisi dağların əks-sədası,
simfoniyası bir millətin birləşmiş nəfəsi,
cazibəsi isə insanı sehrinə salan əbədi bir
ayindir. Və ən sadə həqiqət budur - sev ki, sənin
olum!
Müəllif bu sözləri yazarkən
özünü gizlətməmiş, əksinə, sətirlərin
arasından boylanmışdı. Bu ifadə təkcə
yallıya, vətənə, dostluğa deyil, elə onun
(ümumiyyətlə, insanın) özünə də aiddir.
Hiss olunur ki, o, sadəcə mövzu barədə fikirləri
deyil, öz varlığını da paylaşır. Bunu Məmməd
Araz haqqında yazılarında da hiss etmişəm (bu barədə
az sonra). Bu, səmimiyyətin ən gözəl
formasıdır və hamıda alınmır.
Haşiyə: "El yallıları" adlı yazısına
yazdığım yuxarıdakı rəyi çox bəyəndiyi
üçün zəng edib, genişləndirməyimi istədi.
Mən də bu minvalla davam edərək digər
yazılarını da dəyərləndirmək istədim.
Aydın Qacar tamamilə başqa sahənin adamı
olsa da, sanki ədəbiyyatla yoğrulub. Saytlarda bir neçə
yazısı yayımlansa da (yayımlanmayanların daha
çox olduğunu düşünürəm), bu məqalədə
"əsərləri" deyə bilmirəm, çünki
o nə publisistdir, nə də yazıçı. Belə deməyimi,
yəqin ki, heç özü də istəməz, amma
"yazıçıyam" deyib ortada dolaşanların
yarısından daha iti, daha dürüst qələmi var.
Söz onun əlində məqsəd deyil, vasitədir. Vasitə
isə gerçəyi göstərmək, insanı
düşündürmək, yaddaşı oyatmaq
üçündür. Yazdıqlarının hamısında
eyni güc - həqiqətin, sadəliyin və bəzəksiz
bir səmimiyyətin cazibəsi var. Ədəbiyyatla "məşğul"
olmaq onun peşəsi olmasa da, ədəbiyyatla
"yaşamaq" onun ruh halıdır.
Aydın Qacarın "Asan deyil sən olmaq, sənsiz
olmaq, Məmməd Araz!" essesi poeziya, insanlıq və vətənpərvərlik
mövzularının dərin emosional qatlarına toxunaraq
oxucunu sanki Məmməd Arazın ruhunun dərindən
qavranıldığı mistik bir səyahətə dəvət
edir. Məmməd Araz poeziyasının yalnız sözlərdən
ibarət olmadığını, onun hər bir misrasında
duyulan kədər, ümman kimi dərin mənalar və mənəvi
işıq olduğunu hiss etdirir.
Maraqlı bir nüans da var ki, bəzən şairin
öz yaradıcılığını oxuyanda oxucu bu qədər
ruhani, duyğulu bir atmosferə düşmür, nəinki onu
Aydın Qacar "dilindən eşidəndə" (Mən mətnləri
müəllifin öz səsindən dinləyirmiş kimi
oxuyuram həmişə. Hətta romanları da).
Aydın Qacar essedə həmçinin şəxsi
dostunun, yol yoldaşının üzərindən insanın
yaşadığı ağrıları, məhdudiyyətləri
təkliyi, kədəri, ümumiyyətlə, həyatın
mürəkkəbliyini göstərir. Burada bəyənilən
məqamlardan biri Məmməd Araz poeziyasının təbiət
elementləri, dağlar, qayalar, duman və çay kimi
obrazlarla zənginləşdirilməsi və şeirin
özünün vətən coğrafiyası ilə səsləşməsi,
bir-birinə toxunmasının təqdimatıdır. "Məmməd
Araz qayası"na aid nağılvari hissələr,
dağların, dumanın dili ilə danışmaq cəhdi,
sözün vətənlə, yer üzünün taleyi ilə
birləşməsinin təsviri, poetik dilin və təbiətin
insan ruhu ilə səmimi dialoqudur.
Məmməd Araz poeziyası insanları həm
düşündürür, həm də qoruyur, onlara mənəvi
dayaq verir. Aydın Qacarın ifadəsi ilə desək, Məmməd
Araz sözü "sal qaya kimi" hərəkət etdirir,
dirildir, oyadır. Bu sözlərin ruhumuzdakı təsiri onun
heç də ölümünün bizim üçün son
olmadığını göstərir.
Aydın Qacarın Məmməd Araz haqqında
yazdığı "Dünyamız əyib yükün,
düzəlmir ki düzəlmir..." adlı ikinci essesi Məmməd
Araz poeziyası və dünyagörüşü barədə
dərin düşüncələri, şairin
yaradıcılığından və milli ruhdan ilhamlanan həssas,
səmimi analizi kimi oxunur.
Esse oxucunu həm Məmməd Araz poeziyasının
içinə salır, həm də həmin misraların
arxasında dayanan tarixi, ictimai ağrını sadə və
doğma dillə izah edir. Essenin gücü ondadır ki,
müəllif hər fikrini şairin misrası ilə bağlayır,
sonra o misranı həyatın reallığı ilə
üz-üzə gətirir.
Məsələn, Məmməd Arazın məşhur:
"Dünya düzəlmir ki düzəlmir, baba!"
misrası burada təkcə poetik deyim kimi yox, həm də
bugünkü sosial ədalətsizliklərin rəmzi kimi təqdim
olunur. Müəllif yazır ki, "milyonçu qəpik,
kasıb çörək davası" hələ də
davam edir, "əyan yükü düzəltmək istəyən
də yoxdu". Bu, misranın yalnız şeir kimi deyil,
zamanın bəlgəsi kimi işlədiyini göstərir.
Başqa yerdə Məmməd Arazın: "Bir
ümidin ətəyindən tutub da fırlan"
misrasını müəllif ümidin itirilməməsi kimi
şərh edir. Ardınca isə realist bir müşahidə
gətirir: "Yıxılan "dünya sənin" deyir,
duran kimi yenə "dünya mənim" iddiasına
düşür". Bu ziddiyyət oxucuya həm insan təbiətinin
eyhamını verir, həm də şairin dediklərinin həyatdakı
qarşılığını göstərir.
Aydın Qacar bu essedə həm ümidini, həm qəzəbini,
həm də sarsıntısını açıqca ifadə
edir. O, poeziyanın insan ruhunu sakitləşdirən, ona
işıq verən qüdrətini sərgiləyir:
"Sıxılmış yay kimi yorğun və həyəcanlıyam
- əmək, iş, qurmaq-yaratmaq istəyirəm, amma məmləkətdə
bu imkanlar həm azalıb, həm də hər kəsə eyni
rəva görülmür. Belə vaxtlarda isə
böyük, dərin bir tənhalıq axtarıram,
özümdə poeziyanın sərinliyini tapmaq, Məmməd
Arazla üz-üzə qalmaq istəyirəm. Çünki
şairin yaradıcılığı mənim
üçün işıq, ümid və qüdrətdir".
Bu sözlərə həm ümidsizlik, həm də
Tanrıdan ədalət, kömək diləmək hissləri
qarışır. Aydın Qacar yazır ki, bu şeirlər
yalnız sadə ifadələr deyil, həm də xalqın,
millətin taleyinin, acılarının poetik əksidir.
Vətənpərvərlik mövzusunda da yazı
çox təsirlidir. "Ayağa dur, Azərbaycan!"
şeirinə toxunarkən müəllif deyir ki, bu nida astaca gəlməyib,
Məmməd Araz onu qışqıraraq yazıb, elə ki,
"otağının divarları da əsib". Bu bənzətmə
oxucuya həmin çağırışın emosional
gücünü hiss etdirir.
Esse Məmməd Arazın "Ya Rəbbim, bu dünya
sən quran deyil" misralarına münasibət də diqqətəlayiqdir.
Müəllif bunu "Allaha şikayət"
adlandırır və dərhal ictimai reallığa
bağlayır: "Gücümüz, sərvətimiz,
qüdrətimiz vətəni qorumağa yox,
özümüzü məhv etməyə yönəldilib".
Burada misra ilə həyatın acı gerçəkliyi
bir-birinə calanır.
Ən təsirli hissələrdən biri isə
"Dilənçi qaçqın" şeirinə həsr
olunub. Məmməd Arazın "İlahi, varımdan yox oldum
bu gün, / mən öz yumruğumdan yıxıldım bu
gün" misrasını müəllif elə təqdim edir
ki, oxucu o illərin köçkünlük
ağrısını, millətin düşdüyü vəziyyəti
bütün kəskinliyi ilə hiss edir.
Beləliklə, Aydın Qacarın yazısı sadəcə
ədəbi tənqid deyil - o, misraların arasından
dövrün səsini, xalqın dərdini eşidən bir
oxucu kimi danışır. Misralar həyatla birləşir,
şeir isə publisistik gücə çevrilir.
"Qarda bir cüt iz açmaq yanğısı - Xizək
- başımda sevda, ayağıma bəla kimi" - bu xatirə
yazısı (təhkiyə ilə yazılan hekayə də
demək olar) Aydın Qacarın özünəməxsus, səmimi
və həm də dərin duyğularla dolu xatirə və
düşüncə ovqatı ilə yazılıb. Xatirədə
əsasən xizək sürməyə olan sevgi, bu idman
növüylə bağlı xatirələr, yaranan yeni
sosial-mədəni reallıqlar, dağlarda yaşanan qəzalar
və bu qəzalara münasibət, eləcə də şəxsi
sağlamlıq və yaşama fəlsəfəsi əks
olunur. Xatirədə xizəkçilik və onun insana verdiyi
ruh yüksəkliyi bədii səhnələrlə təqdim
olunur. Oxucu sanki bir bədii filmə baxır bu səhnələri
oxuduqca. Aydın Qacar uşaqlıqdan başlayan xizəkçilik
sevgi və ehtirasını, bu idman növünün ona verdiyi
fərqli duyğu və enerji mənbəyini böyük həvəslə
təsvir edir. Dağlarda sürüşmə, qarlı
yamaclarda özünəməxsus ahəngdə hərəkət
etmək, dağla təbiətlə iç-içə olmaq
onun üçün yalnız idman deyil, eyni zamanda mənəvi,
bədii ilham mənbəyidir. Müəllif Azərbaycan
dağ-xizək turizminin inkişafından danışır.
Bu yeniliklərin həyatımıza gətirdiyi yeni tərz və
imkanlardan söz açır, bir növ
"Şahdağ" Qış-Yay Turizm Kompleksini təqdim və
təbliğ edir.
Müəllif özü yaşadığı ayaq
sınığı hadisəsi, hadisədən sonra təşkil
olunan tibbi yardımın operativliyi, sığorta xidməti və
xəstəxanada göstərilən peşəkarlıq barədə
geniş məlumat verir. Bu, yeni dövrün insan həyatına
olan qayğısını, müasir xidmət səviyyəsini
əks etdirir. Aydın Qacar uşaqlıq xatirələrindən
söhbət (xizəklə bağlı, həm də velosiped
həsrəti) açır, bugünkü uşaqlarla
keçmiş nəsillər arasındakı fərqləri
müqayisə edir. Bu paralel quruluş vasitəsilə
zamanın, həyat tərzinin dəyişməsini, bəzi
arzu və ehtirasların itirilməsini göstərir.
Yaşın gətirdiyi problemlərə baxmayaraq, müəllif
təbiətlə sıx bağlılığını,
aktiv həyat tərzini, idmana olan sevgisini qoruyur və "həyatı
dolğun, təbiətlə sıx təmasda yaşamaq"
prinsipini əsas deviz kimi önə çəkir.
Elə buradan aydın görünür ki, Aydın
Qacar gündəlik həyatındakı hadisələri və
düşüncələrini ədəbi materiala çevirə
bilir. O, yazılarında həyatındakı məqamları
dəyərləndirməklə bilərəkdən və ya
bilməyərəkdən atalar sözləri, deyimlər, yeni
məntiqli bədii ifadələr yaradır. Təkcə bu mətndə
yaratdıqlarına baxaq: "Yaddaş misilsiz xəzinədir",
"Yaddaşın qəribəlikləri adamı mat qoyur.
İnsan yaddaşında qorunan hansısa hiss, həyəcan,
yaşantı ən gözlənilməz məqamda təkrar
geri qayıda bilir", "...rahatlıq, təmənnasızlıq
adası - "Asan xidmət", "Bolluqda çox şey
adiləşir.", "Zirvənin, dağın, yüksəkliyin
insan təxəyyülünün genişlənməsində
rolu böyükdür. Bu mənada, dağlar mənim mənəvi
dünyamda həmişə canlıdır... Mən
hesabatımı da dağlara verirəm", "...amma
dağlar da ona qalib gəlmək istəyənlərə
qarşı hərdən dağ qədər amansız ola
bilir", "Bu, bir gerçəklikdir ki, bəzən insan,
orta ömürdən hələ beş-on ildə artıq
yaşayandan sonra, ömrün astar üzünə
bürünüb yaşam mücadiləsi verir" və s.
"Qabıllının itirdiyimiz Lomonosovu..." xatirə
yazısı müəllimlik peşəsinin əhəmiyyətini,
hörmətini, müəllimlərin cəmiyyətdəki
mövqeyinin dəyişməsini reallıq prizmasından
ustalıqla əks etdirir. Yazı Səfəralı müəllim
obrazı vasitəsilə kənd həyatının, təhsil
mühitinin tarixi şəklini də təqdim edir. Səfəralı
müəllimin həyat yolu, onun kənddə, daha sonra
Bakıda keçdiyi çətin, lakin fədakar yolu
çox təəssüratlı təsvir olunub. Bu obraz müəllim
peşəsinin qarşılaşdığı maddi çətinliklərə,
ictimai ehtiramsızlığa rəğmən, yüksək mənəvi
dəyəri göstərir. Səfəralı müəllimin
hələ də "Qabıllıdan çıxan alim,
Lomonosov" kimi xatırlanması isə müəllifin
daxilindəki hörmət və ehtiramın, eyni zamanda sədaqətin
göstəricisidir. Bu xatirə təkcə Qabıllı kəndinin
deyil, bütövlükdə Azərbaycan müəllimliyinin
şərəfli tarixini yaşadan qiymətli bir sənəd
kimi qiymətləndirilməlidir.
Aydın Qacarın qələmində yazı bitmir -
yazıdan sonra da oxucunun içində yaşamağa davam
edir. Ədəbiyyat onun üçün peşə deyil, nəfəsdir;
bu nəfəs isə hələ uzun illər sözün
yaddaşında qalacaq.
Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 26 avqust (№151).- S.12.