Böyük
Qayıdış naminə Kəlbəcər və Ağdərədə
atılan uğurlu addımlar
Avqustun 21-də Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinə
səfər etmələri ölkənin ictimai həyatında
daha bir mühüm hadisə kimi yadda qaldı. Səfər
çərçivəsində Prezident və birinci xanım
4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində
iştirak etdilər. Bildirildi ki, bu yaşayış
kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə
807 ailənin köçürülməsi nəzərdə
tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304
ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla
807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli
26 binanın inşası planlaşdırılır.
Binaların 1-ci mərtəbəsində məişət və
ticarət obyektləri yaradılacaq. Yaşayış kompleksində
sakinlərin rahatlığı və asudə
vaxtlarının səmərəli təşkili
üçün idman meydançaları, velosiped yolları
salınacaq, istirahət guşələri, söhbətgahlar,
uşaqlar üçün oyun guşələri inşa
olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və
yüksəksürətli internetlə təchiz ediləcək.
Ərazidə, həmçinin geniş miqyasda
yaşıllıq zonalarının salınması nəzərdə
tutulur.
Prezident İlham Əliyev həmçinin Kəlbəcər
şəhər parkının təməlini qoyub. Şəhərin
müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək
yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə
edəcək. Bu sahənin təxminən 9 hektarında
yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni
həyatında baş verən tədbirlərin təşkili
üçün xüsusi zonalar, idman və sağlamlıq
guşələri, həmçinin uşaqlar
üçün əyləncə və ekstremal macəra sahələri
yaradılacaq.
Layihəyə əsasən, parkın ərazisində
yerüstü avtomobil dayanacağı, relsli xizək yolu,
restoranlar, kafelər, amfiteatr və digər zəruri
infrastruktur obyektlərinin inşası da nəzərdə
tutulur. Bir sözlə, burada həm şəhər sakinlərinin,
həm də qonaqların asudə vaxtlarını mənalı
və rahat keçirmələri üçün hərtərəfli
şərait təmin olunacaq. Dağlarla əhatələnmiş,
əsrarəngiz təbiəti ilə seçilən Kəlbəcər
şəhərində inşa olunacaq bu yeni istirahət mərkəzi
bölgənin gözəlliyinə yeni rəng qatacaq və
turizm potensialını daha da gücləndirəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın rayona səfərləri çoxsaylı təməlqoyma
mərasimləri və infrastruktur obyektlərinin
açılışı, yerli sakinlərlə
görüşlərlə yadda qaldı. Bütün bunlar
işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa
və quruculuq işlərinin nə qədər əzəmətli,
genişmiqyaslı olduğunu, kompleks məzmun
daşıdığını göstərir.
Cəmi 5 ilə yaxın müddətdə azad
edilmiş ərazilərdə xeyli dəyişikliklər
baş verib. Şuşa, Füzuli, Laçın, Xocalı
şəhərlərinin, Zəngilanın Ağalı,
Laçının Zabux və Sus, Tərtərin Talış
kəndlərinin sakinləri artıq öz doğma evlərinə
qayıdıblar.
Müzəffər Ali Baş Komandanın "Əziz
kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!"
sözlərini eşitmək qürur verir. Bu sözlər səslənərkən
doğma yurdlarına qayıdan insanların üzlərindəki
sevinci görməmək mümkün deyildi. "Biz ədaləti
bərpa etdik, haqqımızı bərpa etdik və
bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan
xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz
doğma torpağına bağlıdır və bütün
çətinliklərə baxmayaraq, işğal
dövründə biz nəinki inamımızı itirməmişik,
hər birimiz - bütün xalq hər gün bu müqəddəs
günü yaxınlaşdırırdı", - dövlət
başçısı sakinlərlə görüşdə
vurğulayıb.
Həqiqətən də bu gün Kəlbəcər
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilir. İnsanlar "Böyük
Qayıdış" Proqramı çərçivəsində
Kəlbəcərə köçürülür və
proses gələcəkdə də davam edəcək. Prezident
bəyan edib ki, şəhərdə dörd
yaşayış kompleksinin inşası nəzərdə
tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq və
onlar lazım olan bütün digər infrastruktur layihələri
də icra edilib: "İşıq, su, təbii qaz çəkilib,
yollar salınıb, minalardan təmizləmə işi
aparılıb. İndi Kəlbəcər şəhərində
gözəl məktəb tikilir və gələn il istifadəyə
veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli
uşaqlar modul tipli məktəbdə oxuyacaqlar".
Kəlbəcərlilər və bütövlükdə
Azərbaycan xalqı üçün həm də ona görə
tarixi bir gündür ki, ölkəmizin ən böyük
rayonu olan Kəlbəcərə artıq həyat
qayıdır. "Əminəm ki, siz burada rahat
yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində
ağır şəraitdə - çadırlarda,
uyğunlaşdırılmış binalarda, uşaq
bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə
yaşamısınız, həyatınız çox
ağır olub", - deyə Prezident vurğulayıb.
Ölkə Prezidenti kəlbəcərlilərlə
görüşündə bir məsələyə də
xüsusi yer ayırıb. Bildirib ki, "Kəlbəcərin
işğalı bizim üçün bütün başqa
yaşayış məntəqələrimizin
işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin
işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan
üçün çox böyük problemlər
yaradırdı. Çünki Ermənistanla ovaxtkı
Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi
bağlantı yaradılırdı. 1992-ci ilin may ayında
Şuşa və Laçının işğal altına
düşməsi artıq o bağlantını
yaratmışdı və o vaxt "Laçın dəhlizi"
adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın
gələcək işğalına yol
açmışdı".
Prezident əlavə edib ki, Kəlbəcərin
işğalı isə çox böyük bir coğrafi ərazi
üzrə Ermənistanla keçmiş "Dağlıq
Qarabağ" arasında coğrafi bağlantı
yaratmışdıvə beləliklə, digər
torpaqlarımızın işğalına yol
açmışdır: "Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan
rəhbərliyi xəyanətkarlıq və satqınlıq
siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir.
Hələ 1992-ci ilin may ayında Şuşa və
Laçının işğal altına düşməsi o
vaxt hakimiyyətə can atan AXC-Müsavat
cütlüyünün xəyanəti nəticəsində
mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək
olar ki, ermənilərə təhvil verilmişdir".
Azərbaycan xalqı bu il 44 günlük Vətən
müharibəsində qazanılmış möhtəşəm
Qələbənin beşinci ildönümünü
böyük tarixi qürurla qeyd edəcək. Beş il öncə
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək
torpaqlarımızı işğaldan qurtardı və ədalət
bərpa olundu. Bu Zəfər təkcə hərbi-siyasi
uğur deyil, həm də xalqımızın iradə
birliyinin, milli qətiyyətinin və ərazi
bütövlüyünə sarsılmaz inamının təcəssümüdür.
Milli Məclisin Regional məsələlər komitəsinin
sədri Siyavuş Novruzov deyir ki, Azərbaycan dövləti Vətən
müharibəsində əldə etdiyi hərbi-siyasi
üstünlüyü davam etdirərək 2023-cü ilin
sentyabrında Qarabağda lokal xarakterli antiterror tədbirlərini
həyata keçirdi. Bu əməliyyat nəticəsində
bölgədə qeyri-qanuni silahlı birləşmələr
tərk-silah olundu, konstitusiya quruluşumuz tam bərpa edildi,
dövlət suverenliyi bütün Qarabağ ərazisində
təmin olundu. O bildirib ki, qələbədən sonra dövlətimizin
qarşısında duran əsas vəzifələrdən biri
işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi,
keçmiş məcburi köçkünlərin doğma
yurdlarına təhlükəsiz qayıdışının
təmin edilməsi və bölgədə dayanıqlı
sülhün bərqərar olunması idi. Son beş ildə
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən ardıcıl siyasət nəticəsində
bu hədəflərin reallaşmasında böyük nailiyyətlər
əldə olunub.
Millət vəkili qeyd edib ki, bu il avqustun 8-də
Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycanın
regionda dayanıqlı sabitliyini təmin etmək istiqamətində
atdığı ən mühüm tarixi addımlardan biri
oldu. Bu Bəyannamə 44 günlük müharibədən
sonra yaranmış yeni reallıqları beynəlxalq hüquqi
müstəvidə təsbit etməklə yanaşı,
bölgədə qarşıdurmaların birdəfəlik
aradan qalxmasına zəmin yaratdı. Birgə Bəyannamə
yalnız Azərbaycanın suverenliyini möhkəmləndirmədi,
həm də "Böyük Qayıdış" prosesinə
əlavə hüquqi təminatlar verdi. Çünki məhz
sülhün bərqərar olması azad edilmiş torpaqlara
qayıdan əhalinin təhlükəsizliyi və rifahı
üçün əsas şərtdir.
"Bu mənada Prezident İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və
Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət
kəsb edir. Səfər "Böyük
Qayıdış" Proqramının ardıcıl mərhələsi
olmaqla yanaşı, Qələbənin beşinci
ildönümündə ərazilərimizdə gedən
inkişafın, dövlət siyasətinin mərkəzində
vətəndaş rifahının dayandığının
parlaq göstəricisidir. Kəlbəcərin təbii sərvətləri
və zəngin su ehtiyatları, Ağdərənin isə
strateji mövqeyi bölgənin iqtisadi və siyasi əhəmiyyətini
artırır. Burada görülən işlər yalnız həmin
rayonların deyil, bütövlükdə Azərbaycanın
inkişafına xidmət edir. Bu səfər çərçivəsində
xüsusi əhəmiyyət daşıyan layihələrdən
biri Murovdağ tunelinin tikintisidir. Azərbaycanın ən
mürəkkəb dağ massivlərindən birində
inşa olunan bu nəhəng mühəndis qurğusu həm
Qarabağ bölgəsinə gedən yolu xeyli qısaldacaq, həm
də Kəlbəcərin digər rayonlarla birbaşa əlaqəsini
təmin edəcək.Ümumiyyətlə, Qələbədən
ötən beş ildə Kəlbəcər və Ağdərə
rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri
həyata keçirilib. Müasir yollar, elektrik stansiyaları,
sosial obyektlər istifadəyə verilmiş, kəndlərin bərpasına
başlanılıb. Prezident və birinci xanımın səfər
zamanı bu layihələrin açılışında
iştirak etməsi dövlət rəhbərliyinin azad
olunmuş torpaqlara daim xüsusi diqqət göstərdiyini bir
daha nümayiş etdirdi", - deyə Siyavuş Novruzov
bildirib.
Onun dediyinə görə, "Prezident İlham
Əliyev Kəlbəcər şəhər sakinləri ilə
görüşündə Ermənistanla sülh müqaviləsinin
müəllifinin də Azərbaycan olduğunu, o bəndlərin
tərtibatında da bizim mövqeyimizin hər zaman əsas
götürüldüyünü bildirib: "Bu sənədin
paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan
qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim
tarixi diyarımız olan Naxçıvanla quru
bağlantısı da təmin edildi... Biz indi Naxçıvan
Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik.
Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə
tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə
götürüb və bu, bizim növbəti tarixi
uğurumuzdur. Kəlbəcər şəhər sakinləri
ilə görüşdən sonra isə dövlətimizin
başçısı və birinci xanım Ağdərə
rayonunun Kolatağ kəndində fərdi evlərin və
infrastrukturun, Ağdərə rayonunun Vəngli kəndində
fərdi evlərin və infrastrukturun bərpası sahələrində
görülən işlərlə tanış olub, burada Vəngli
və Kolatağ kəndlərinin sakinləri ilə
görüşüblər, onlarla söhbət ediblər".
Millət vəkili qeyd edib ki, Kəlbəcər və
Ağdərə bu gün qələbənin, təhlükəsizliyin,
sülhün və dirçəlişin birgə təcəssümünə
çevrilərək Azərbaycanın gələcək
inkişaf yolunun canlı simvoluna dönüb. Bütün
bunlar bir daha təsdiq edir ki, Azərbaycan qarşıya
qoyduğu hədəfləri uğurla yerinə yetirir, bu yolda
inamla irəliləyir. İşğaldan azad olunmuş ərazilərimiz
"Böyük Qayıdış" layihəsi çərçivəsində
gələcəkdə dünyanın ən inkişaf
etmiş bölgələrindən birinə çevriləcək.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 26 avqust (№151).- S.11.