Böyük tarixə
bədii baxış
Türk Mədəniyyəti və İrsi Fondu
"Türk ədəbiyyatının inciləri" kitab
seriyasından Əməkdar incəsənət xadimi, Azərbaycan
Yazıçılar Birliyinin katibi, nasir Elçin Hüseynbəylinin
"Gültəkin xaqan" romanını çap edib.
"Zərdabi" nəşriyyatında işıq
üzü görən kitabın redaktorları Fərid
Hüseyn və Dürdanə İbrahimova-Hüseynbəyli, rəssamı
Seyran Allahverdidir
Nəşrin layihə rəhbəri və ön
sözün müəllifi Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının
Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq
elmləri doktoru, professor Aktotı Raimkulovadır. Kitaba
yazılmış ön sözü oxucularımıza təqdim
edirik.
Türk dünyasının tarixi - bu, əcdadlarımızın
müdrikliyinin, qəhrəmanların igidliyinin və mənəvi
ənənələrin zənginliyinin vəhdət təşkil
etdiyi böyük bir xəzinədir. Bu irs mədəniyyətimizi
inkişaf etdirir, dünyagörüşümüzü
formalaşdırır və gələcəyə gedən
yolda etibarlı bələdçi rolunu oynayır.
Keçmiş mədəni mirasımıza müraciət etməklə
biz yalnız tariximizin şanlı səhifələrini qoruyub
saxlamırıq, həm də yeniliklər yaratmaq
üçün güc və ilham mənbəyi
qazanırıq.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü
və Qazaxıstan, Qırğızıstan və Türkiyə
dövlət başçılarının dəstəyi ilə
yaradılmış Türk Mədəniyyəti və
İrsi Fondu Türk xalqlarının zəngin tarixi irsini və
mədəniyyətini öyrənir, qoruyur və beynəlxalq
aləmdə tanıdır. Fondun fəaliyyətində
prioritet istiqamətlərdən biri Türk
dünyasının çoxəsrlik tarixi və görkəmli
şəxsiyyətlərinin unikal irsinin təbliğidir.
Fond tərəfindən dörd kitab seriyası -
"Türk dünyasının görkəmli şəxsiyyətləri",
"Türk ədəbiyyatının inciləri",
"Türk dünyasının elmi inciləri" və
"Türk dünyasının tarixi inciləri" nəşr
edilir. Azərbaycanın Əməkdar incəsənət
xadimi, istedadlı yazıçı və
Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəylinin
"Gültəkin xaqan" romanı Fondun "Türk ədəbiyyatının
inciləri" seriyasından nəşr olunan növbəti əsərdir.
Əsərin süjeti bizi şanlı Türk tarixinin
qüdrət simvoluna çevrilmiş bir dövrə - Birinci
Göytürk xaqanlığı zamanına aparır.
Romanın əsas ideyası Türk dünyasının
birliyidir. Yazıçı romanda qəhrəmanların
ziddiyyətli xarakterlərini və dövrün
fırtınalı hadisələrini bir araya gətirərək
maraqlı bir bədii-tarixi sintez yaradır.
Əminik ki, bu əsər oxuculara Türk birliyinin
önəmini daha dərindən anlamaqda kömək edəcək,
onların yaddaşında qəhrəmanların parlaq
obrazlarını möhkəmləndirəcək və ədəbiyyatsevərlərdə
Türk dünyasının çoxəsrlik tarixinə
böyük maraq oyadacaq.
Aktotı RAİMKULOVA
Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti
525-ci qəzet .- 2025.- 26 avqust (№151).- S.9.