Fəxarət ünvanı

 

Zamanın böyük şəxsiyyətlərinin əzəmətini sözün sehrinə çevirmək, onları olduğu kimi qələmə almaq yazıçıdan yalnız peşəkarlıq deyil, həm də vicdan, məsuliyyət və böyük mənəvi güc tələb edir.

Mehriban xanım Əliyeva haqqında yazarkən isə bu məsuliyyət hissi ikiqat artır - çünki onun timsalında biz təkcə müdrik bir xanımı deyil, həm də xalqımızın nəciblik, mərhəmət və zərifliyin simvolunu görürük. Ona dair söylənilən hər bir fikir mənim şəxsi düşüncəmin sərhədlərini aşaraq bütöv cəmiyyətimizin sarsılmaz inamını, ümumi rəyini ifadə edir.

Əvvəldən əminəm ki, bu yazının sonunda qoyulacaq imza yalnız mənim deyil - Vətəni qəlbinin ən ülvi guşəsində daşıyan, onun səadətini arzulayan, dövlətinin hər bir uğuruna öz şəxsi zəfəri kimi sevinən hər bir azərbaycanlının imzası ola bilər. Çünki Mehriban xanım Əliyevanın həyat yolu və fəaliyyəti təkcə bir fərdin taleyindən ibarət deyil, o, bütün xalqımızın ümidlərinin, xəyallarının, mənəvi dəyərlərinin bədii təcəssümüdür; onun simasında millətimizin mərhəməti, ləyaqəti və yenilməz ruhu parlayır.

Mehriban Əliyevanın humanizmə xidmət missiyası təkcə bir sahə ilə məhdudlaşmır. Onun adı işıq saçan bir məfhumdur, insanın qəlbini və düşüncəsini nurlandıran dəyərlər toplusudur. Bu ad sadəcə bir şəxsin kimliyini ifadə etmir, bütöv bir mədəniyyətin, nəsillərdən gələn şərəfli ənənənin, ziyalı obrazının ümumiləşmiş mənzərəsidir. O, keçmişlə bu gün, irs ilə varislik arasında körpüdür.

Mehriban Əliyeva qadını ictimai-siyasi mühitdə tarixi fenomen səviyyəsinə yüksəldən simadır. Azərbaycan qadınına hələ ötən əsrin əvvəllərində seçki hüququ verilmişdi. Bu, təsadüfi qərar deyildi. Qədimdən dastanlarımızda, dini düşüncəmizdə qadın müqəddəs, uca bir varlıq kimi təsvir olunub. Amma tarix boyu bəzi reallıqlar Şərq qadını haqqında yanlış təsəvvürlər yaratmışdı. Mehriban xanım isə öz zəkası, fəaliyyəti, beynəlxalq nüfuzu ilə bu stereotipləri dağıdaraq, qadını layiq olduğu zirvəyə qaldırdı.

O, Şərq qadınının simasında dünyaya mərhəmət, zəka və fədakarlıq rəmzini təqdim etdi.

Mehriban Əliyeva uzun illərdir ictimai müstəvidə idman, sağlamlıq, təhsil, mədəniyyət və milli irsimizə xidmət missiyası ilə çıxış edir.

O, ölkənin müxtəlif bölgələrində həyata keçirilən infrastruktur işlərinə də öz qayğıkeş əllərini uzadıb. Yetimlər analıq nəvazişini, ahıllar övlad təsəllisindən məhrum qalmamağı onun şəfqətində tapıb. Mehriban xanım xalqın doğması, hamının səmimi Mehribanıdır.

Onun gördüyü işlərin sorağı çoxdan  Azərbaycanın sərhədlərini aşıb. UNESCO və İCESCO səfiri kimi, o, uzun illər dünya miqyasında sülh, tolerantlıq və dialoq dəyərlərini təbliğ edib.

Azərbaycanın multikulturalizm siyasəti onun fəaliyyəti ilə daha da möhkəmlənib. Tarixi abidələrin bərpası, məktəblərin inşası, humanitar layihələr dünyanın hər guşəsində ona rəğbət yaradıb.

Bu gün Mehriban xanım Azərbaycanın Birinci vitse-prezidenti kimi ölkənin sosial proqramlarını həyata keçirir, dövlət-vətəndaş münasibətlərini doğmalaşdırır, Prezident İlham Əliyevin etimadını doğruldur.

O, təşkilatçılığı, idarəçilik bacarığı və ən əsası Vətən sevgisi ilə dövlətin dayanıqlı inkişafına misilsiz töhfə verir.

Avqust ayında dünyaya gələn Mehriban Əliyeva adı kimi mehriban, şəfqətli və mərhəmətli bir ömür yaşamaqdadır. O, hər kəsə doğma münasibəti ilə insanların qəlbində xüsusi yer tutub. Onun üçün mərhəmət yalnız hiss deyil, konkret əməl, real iş, faydalı addım deməkdir.

Mənim uzun illər əvvəl Mehriban xanım haqqında yazdığım “Missiya” kitabımda da bu mövzuya toxunulub. Sözügedən kitabımın ön söz müəllifi Şeyxülislam Allahşükür Paşazadə Mehriban xanım Əliyevanın fəaliyyətini səciyyələndirərkən onu dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanım kimi xarakterizə etmişdir: “Mehriban xanım Əliyevanın müasir dünyamıza bəxş etdiyi ən böyük dəyər - onun Sara Xatun, Tomris, Aləmşahbəyim, Natəvan, Nabat xanım kimi Azərbaycan tarixi və mədəniyyətinin görkəmli xanımlarının müstəsna keyfiyyətlərini özündə birləşdirməsi və yeni, daha mükəmməl şəkildə beynəlxalq miqyasda nümayiş etdirməsidir. Bu, dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanımın azərbaycançılıq məfkurəsi uğrunda yorulmaz təbliğatı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda mübarizliyinin bariz nümunəsidir. Məhz bu məziyyətlər Mehriban xanım haqqında söz söyləmək istəyən hər bir şəxsin düşüncələrinin ana xətti ola bilər. Mehriban xanım Əliyevanın yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir və bir Şeyxülislam kimi mənim üçün çox önəmlidir ki, qloballaşan dünyamızda müsəlman qadını haqqında yanlış düşüncəni ortadan qaldıran, qadını islami dəyərlərdəki ucalıq zirvəsinə yetirən qüvvə Allahın bir neməti olaraq bizim birinci xanımımızın xarakterində cəmləşmişdir. Mehriban xanım bu gün dünyamızın xilası kimi görünən tolerantlığı, millətlər və dinlərarası dialoqu, multikulturalizm prinsiplərini daima diqqət mərkəzində saxlamaqla Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırır. Tarixi dəyərləndirmək özü də bir tarixdir. Şadam ki, Mehriban xanım haqqında kitab yazmaq fikri uzun illərdən bəri tanıdığım qələm sahibi, millət vəkili Hüseynbala Mirələmova nəsib olmuşdur. Mehriban xanım Əliyeva kimi bir şəxsiyyət haqqında kitab yazmaq - onun tarixi missiyasını dərk etmək deməkdir”.

Hörmətli Şeyximizin dediyi kimi, bu tarixi missiyanın dərin idrakına varmaq və bunu kitab şəklində əbədiləşdirmək yazıçı kimi qürurlandığım məqamlardandır. Yeri gəlmişkən, yeni qələmə aldığım “Sara Xatun” pyesini də Mehriban xanım Əliyevaya ithaf etmişəm.

Mehriban xanımın düşüncəsinə görə, xeyriyyəçilik fəlsəfəsinin əsası ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir.

Bu məsələdə Azərbaycanın birinci xanımı üçün mənəviyyatın qanunları əsasdır. Mənəviyyat qanunlarına görə isə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividentlər və səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarətdir. Bəzən sadəcə adi insani diqqət və iştirak belə şəxsi ianəyə, şəxsi töhfəyə çevrilə bilər. İnsanın xeyirxah əməlləri isə hökmən bizim həyatımızda yaxşılığın sayının artmasına gətirib çıxaracaqdır...

Onun içindən gələn fədakarlıqla gördüyü işlər küll halındadır, cəmiyyətin demək olar ki, bütün sahələrinə aiddir, bu sahələrdə müşküllərin həllinə, uğura doğru aparan qüvvədir.

Bu mənada Mehriban xanım Əliyeva öz adı, əməlləri, zəkası, intellekti, gündən-günə güclənən beynəlxalq nüfuzu ilə qlobal dünyamızda Şərq qadını haqqındakı yanlış düşüncəni ortadan götürən, qadını epos təfəkkürümüzdəki, islami dəyərlərdəki ucalıq zirvəsinə yetirən, insanlığın baş tacı edən qüvvədir...

Müasir tariximizin ən güclü qadınının ən ümdə vəzifəsi Mehriban olmaqdır. Öz adı ilə, şəxsiyyəti ilə cəmiyyətə ümid, inam, mərhəmət, xeyirxahlıq nuru saçmaqdır. Onun mənəvi dünyasındakı bu keyfiyyətləri daşıdığı ictimai-siyasi statuslar üzə çıxarmayıb. Mehriban xanım cəmiyyətin sıravi bir üzvü statusunda da Tanrının və taleyin onun üçün müəyyən etdiyi müqəddəs missiyasını yəqin ki, yenə eyni tərzdə yerinə yetirəcəkdi.

Mehriban xanım Əliyeva haqqında yazmaq həm şərəfli, həm də çətindir. Bu çətinlik əsla  yaradıcılıqla bağlı deyil, əksinə, bu, böyük bir yaradıcı məmnuniyyətdir. Mehriban xanım haqqında yazmaq ona görə çətindir ki, o özü çətin işlər görür, özü çətin işləri üzərinə götürür, çətin işlərə çiyin verir.

O, bu yurda və yurdun insanlarına, ümumən, insanlığa sevgisi ilə hər kəsin doğmasına çevrilib, bütün Azərbaycan ailələrinin rəğbəti, məhəbbəti qədər problemlərini, qayğılarını da ürəklə paylaşdığı ən əziz bir adamı olub. Bu yurdun kimsəsizi Mehriban xanımı özünə kimsə bilir, valideynlərin tənhalığa tərk etdikləri körpələr ana nəvazişini, ana şəfqətini onun sevgisində tapır, övladlarından naxələflik görüb ömrün ixtiyar çağlarını ahıl evlərində keçirən yaşlılarımız onun varlığı ilə ovunur, övlad təsəllisini Mehriban xanımdan aldı.

O, nəcib əməlləri, dünyaya və insanlara yaxşılıqlar gətirən gözəl işləri ilə insanlara bu qədər doğmalaşıb.

Onun həyat yolu ehtişamlı bir bioqrafiyadır və bu bioqrafiya davam edir. Azərbaycan var olduqca Mehriban Əliyevanın   şərəfli ömrü xalqımız üçün qürur və fəxarət ünvanı olaraq qalacaq.

 

Hüseynbala MİRƏLƏMOV

yazıçı-publisist

525-ci qəzet .- 2025.- 26 avqust (¹151).- S.7.