Böyük
Qayıdışın
gerçəkləşməsi üçün əzmlə
görülən işlər
"Bu nəhəng proqram çərçivəsində
Ağdam tam təchizatlı böyük bir şəhərə
çevrilməkdədir"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdış, Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, uğurla davam
etdirilir. Avqustun 22-də Ağdam rayonunun Xıdırlı kəndinə
növbəti köç karvanı yola salındı. Bu dəfə
doğma kəndə köç edənlər respublikanın
müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələr oldu.
Həyata keçirilmiş mərhələdə
Xıdırlı kəndinə 68 ailə - 252 nəfər
köçürülüb. Doğma yurda qayıdan sakinlər
hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər. Onlar, həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi
Zəngəzurda, ora köçürülən
keçmiş məcburi köçkünlərlə
yanaşı, bu bölgədə aparılan layihələrin
icrasında çalışan, həmçinin
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil,
mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, ümumilikdə, 50 mindən çox insan
yaşayır.
Xıdırlı kəndi Ağdam şəhərinin
şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə
yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma
mərasimində Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən
ərazisinin sahəsi 417 hektardan çoxdur.
Kənddə zəruri müasir sosial infrastruktur, o
cümlədən inzibati və xidmət binaları tikilib.
Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin,
tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin,
təhsil və səhiyyə işçilərinin müvəqqəti
yaşayışı üçün qonaq evinin, məişət
xidməti obyektinin, emalatxananın, tam orta məktəbin,
körpələr evi-uşaq bağçasının
inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən
20 faizi yaşıllıqlardan ibarətdir. Kənddə məskunlaşan
əhali üçün tələbata uyğun körpələr
evi-uşaq bağçası da inşa olunub. 120 yerlik binada
qrup otaqları, musiqi otağı, idman zalları balacaların
ixtiyarına verilib. Burada uşaqların özlərini rahat və
qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi
ilə yüksək səviyyədə məşğul olmaq
üçün zəruri şərait mövcuddur. Uşaq
bağçasının ətrafında yaşıllıq
zolaqları salınıb, idman və oyun meydançaları,
söhbətgahlar yaradılıb. Binanın damında Günəş
panelləri quraşdırılıb.
Kənddə 528 şagird yerlik tam orta məktəb də
istifadəyə verilib. Məktəbin təməli 2024-cü
ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və
Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən
qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən
idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb
binasında 21 sinif, 2 məktəbəqədər
hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi
hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt
zalları, yeməkxana və digər sahələr
yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki
bazası şagirdlərə biliklərə yüksək səviyyədə
yiyələnmək üçün hərtərəfli
şərait yaradır. Məktəbin ərazisində həm
şagirdlərə, həm də əhaliyə xidmət
göstərəcək qaçış zolağı olan
geniş idman meydançası, oyun və istirahət sahələri
inşa edilib.
Millət vəkili Hikmət Babaoğlu deyir ki,
Ağdam qurulur, əvvəlkindən daha əzəmətli,
daha möhtəşəm, daha böyük, daha müasir bir
Ağdam olacaq: "Azərbaycan Prezidenti Ağdam şəhərinə
səfəri çərçivəsində bir sıra
açılışlarda iştirak edir. Eyni zamanda uşaq
bağçalarının, yeni yaşayış komplekslərinin,
yeni otellərin, məktəblərin və digər tikililərin
inşa olunması prosesi ilə tanış olur".
H.Babaoğlunun fikrincə, nəhəng Böyük
Qayıdış proqramı çərçivəsində
Ağdam tam təchizatlı böyük bir şəhərə
çevrilməkdədir. Bu şəhərin müəllifi
tarixi Zəfərimizin, Böyük
Qayıdışımızın müəllifi Prezident
İlham Əliyevdir. Şübhəsiz ki, Ağdam şəhəri
və Ağdam rayonu Azərbaycanın mədəni həyatında,
musiqi həyatında, ictimai-siyasi, elmi həyatında müstəsna
xidmətləri olan, inkişaf etmiş rayonlarımızdan
biri olub. Eyni zamanda Ağdam rayonu Aran Qarabağın ən
inkişaf etmiş mərkəzlərindən biri kimi kənd
təsərrüfatı, aqrar sənaye və
bütövlükdə iqtisadiyyat mərkəzlərimizdən
biri olub. Ona görə də, Böyük Qayıdış
çərçivəsində Ağdamın tarixi
şöhrətinin özünə yenidən qaytarılmasına
şahidlik edəcəyik. Azərbaycan Prezidentinin səfəri
zamanı tanış olduğu obyektlərin, otellərin,
iş yerlərinin, yaşayış komplekslərinin, məktəblərin
vəziyyəti ilə tanışlıq bir daha onu göstərir
ki, Ağdam tamamilə yenidən yaradılır və Azərbaycana
faktiki olaraq yenidən qazandırılır".
Millət vəkili Tahir Rzayevin dediyinə görə,
Böyük Qayıdış sürətlə
reallaşdırılır və xalqımız tərəfindən
rəğbətlə qarşılanır: "Bu gün nəinki
Ağdamda, işğaldan azad olunmuş bütün ərazilərimizdə
- Qarabağ və Şərqi Zəngəzur torpaqlarında
möhtəşəm tikinti-abadlıq, bərpa-quruculuq
işləri həyata keçirilir. Ərazilərdə tikilən
məktəblər, xəstəxanalar, mədəniyyət evləri,
ictimai yaşayış binaları, çəkilən yollar,
salınan yollar, tunellər, körpülər iqtisadi
inkişafımızın dayanıqlı və davamlı
olmasından xəbər verməklə bərabər, həm
də dövlətimizin rəhbərinin öz vətəninə
- Qarabağı cənnətə çevirəcəyik vədinə
sədaqətinin, torpaq sevgisinin göstəricisidir. Prezident
işğaldan azad olunmuş ərazilərə 100 dəfədən
çox səfər edib və bu səfərlərin hər
biri yeni təməlqoyma, açılış, işlərin
gedişi ilə tanışlıq və mühüm göstərişlərin
verilməsi, yeni vəzifələrin qarşıya
qoyulması ilə yaddaqalandır, unudulmazdır. 30 mindən
çox sakinin uzun illərdən sonra öz ata-baba
yurdlarına - Füzuliyə, Şuşaya, Zəngilana,
Laçına, Xocalıya, Xankəndinə qayıtması, bu
ərazilərdə yeni, mənalı bir həyatın
hökm sürməsi, yeni müəssisələrin işə
başlaması, iş yerlərinin açılması,
insanların qurub-yaratmaq eşqi, torpağa
bağlılığı daha sevindiricidir, yaddaşlarda əbədi
yaşayacaq bir tarixdir. Ağdam səfəri də bu
baxımdan əlamətdardır. Prezidentimizin son 4 ildə
Ağdama 10 dəfə səfər etməsi bölgəyə
göstərilən böyük qayğı və diqqətin
ifadəsidir. Bu qayğının ən bariz nümunəsi isə
cənab İlham Əliyevin Ağdam işğaldan azad edildikdən
3 gün sonra rayona səfər etməsidir. Həmin səfər
zamanı - noyabrın 3-də Prezidentimiz qətiyyətlə
bildirmişdi: "Dağıdılmış Ağdam şəhəri
erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini
bərpa edəcəyik. Heç kimdə başqa şübhə
olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə
ki, böyük zəhmət tələb edəcək. Amma necə
ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm
ki, azad edilmiş torpaqlarımızın bərpası
işində də birlik, əzmkarlıq göstərəcəyik.
Bütün şəhərlərimizi bərpa edəcəyik,
daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə
qalan tarixi abidələri bərpa edəcəyik və bir daha
gücümüzü göstərəcəyik".
Azərbaycan Prezidenti verdiyi vədə, söylədiyi
sözə hər an sədaqətini nümayış etdirir
və Ağdama bu dəfə səfər göstərdi ki, həqiqətən
də bu şəhər bərpası ilə, yenidən qurulması
ilə dünyanın ən gözəl, nəzərəçarpan
yaşayış mərkəzlərindən birinə
çevriləcəkdir. Hazırda şəhərdə yeni mərkəzi
xəstəxananın, dəmir yol vağzalının,
yaşayış binalarının, daxili yolların tikintisi,
yarımstansiyaların quraşdırılması, kəndlərin
abadlaşdırılması sürətlə davam etdirilir.
Görülən işlər, həyata keçirilən tədbirlər,
ilk növbədə Prezidentimizin işğaldan azad olunan ərazilərə
səfərləri və Böyük Qayıdış
Proqramında qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar verdiyi tapşırıqlar
nəinki Ağdamın, regionun, Azərbaycanın daha xoşbəxt
gələcəyindən xəbər verir".
Millət vəkili Aydın Hüseynovun dediyinə
görə, 30 il ərzində talanmış,
dağıdılmış, viran qoyulmuş, insanları
qovulmuş, öldürülmüş, əsir
götürülmüş və nəhayət düşmən
tapdağından azad edilmiş yurd yerimizdə, Azərbaycanın
ayrılmaz hissəsi olan Ağdam yenidən qurulur.
İşğal dövründə "Qafqazın
Xirosiması" adını almış bir şəhərdən
bəhs edirəm. 44 günlük müharibənin bitməsindən,
Ağdamın azadlığına qovuşmasından 4 ildən
artıq bir vaxt keçir. Bu qısa zaman kəsiyində
Ağdamın əvvəlki görkəmindən daha
yaxşı olması üçün bütün dövlət
qurumları səfərbər olub, uğurlu nəticələr
əldə edilib. İlk növbədə təhlükəsizlik
təmin edilib, minalardan təmizləmə prosesi hələ də
davam edir, paralel olaraq da böyük quruculuq işləri həyata
keçirilir. Prezident İlham Əliyevin şəxsən nəzarət
etdiyi tikinti işləri unikallığı ilə fərqlənir.
Məsələ burasındadır ki, Azərbaycan dövləti
bütün bu işləri öz gücünə, təkbaşına
həyata keçirir: "Ağdamda Böyük
Qayıdış proqramı çərçivəsində
böyük layihələr həyata keçirilir.
Abadlıq-quruculuq işləri görülür, ermənilərin
viran qoyduğu Ağdam yenidən qurulur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 27 avqust (№152).- S.7.