"Həsrətindən"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Xədicə Həmidovadır.
Onunla tanınmış rəssam Elçin İskəndərovun
"Həsrətindən" tablosu haqqında
danışmışıq.
Elçin İskəndərov 10 avqust 1980-ci ildə
Bakı şəhərində anadan olub. Azərbaycan
Memarlıq və İnşaat Universitetinin Memarlıq
fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Memarlıq fəaliyyəti ilə yanaşı, rəssam
kimi də yaradıcılıqla məşğuldur.
Elçin İskəndərovu rəssamlığa həvəsləndirən
rəssam-karikaturçu Bayram Qasımxanlı olub. Həmçinin
rəssamın yaradıcılığına Rembrandt,
Karavacco, Repin, Semiramidski, Kramskoy, Qustav Moro Qustav Klimt və
Sakit Məmmədov da təsir göstərib. Azərbaycanda,
Türkiyədə və Cənubi Koreyada təşkil olunan sənət
sərgilərində iştirak edib. Əsərləri bir
çox şəxsi kolleksiyalarda yer alır.
Rəssamın yaradıcılığında portret
janrı üstünlük təşkil edir. O, daha çox
igid türk qadın və kişi obrazlarına müraciət
edir. Rəssamın yaradıcılığında mənzərə
etüdlərinə də rast gəlinir.
- Söhbətimizə əsərin yaranma tarixçəsindən
başlayaq.
- Elçin İskəndərovun demək olar ki,
bütün əsərləri özünəməxsus yaranma
tarixçəsinə malikdir. O, heç bir əsərini
mexaniki şəkildə icra etmir, hər bir işinə ruhunu
qatır, hər obrazı, xətti və rəngi hiss edir. Rəssamın
özü də vurğulayır ki, insanın ruhunda rəssamlıq
olmalıdır; hər bir yaradıcılıq nümunəsi
insanın daxili aləmini əks etdirməlidir.
Onun "Həsrətindən" adlı tablosu da belə
bir prosesin nəticəsidir. Əsər sifariş əsasında
yaranıb. Maraqlıdır ki, bu əsərdə nə foto, nə
də natura istifadə olunub; Elçin İskəndərov
obrazları tamamilə təxəyyülündən qurub, eyni
zamanda insan bədəninin standart proporsiya qanunlarına riayət
edib.
Mövzunun ruhunu daha dərindən duymaqda və
yaratmaqda rəssama Şəfiqə Axundovanın "Həsrətindən"
əsəri təsir göstərib. Tablonun adı da məhz həmin
musiqi əsərinin şərəfinə verilib. Musiqi sədaları
altında ərsəyə gələn tabloda sanki notlar rənglərə
çevrilib, hər bir hiss və həyəcanın incə
çalarları təsvir edilib.
- Əsərin rəng həlli necədir?
- İlk baxışda qırmızı, sarı və
göy rənglərin üstünlüyü diqqəti cəlb
edir. Elçin İskəndərovun
yaradıcılığında bu rənglərə əsas
ton kimi tez-tez rast gəlinir. Onun ən sevimli rənglərindən
biri isə göy kobalt çalarlıdır. Palitra
özlüyündə kontrast xarakter daşıyır: tarixən
göy rəng soyuqluğun və təmkinin simvolu
olmuşdusa, qırmızı rəng emosiyaların, kəskin
hisslərin və narahat ruhun rəmzi kimi qəbul edilir.
Sarı isə rəssamın əsərlərində
xüsusi çalarlara malikdir. Xüsusən də
qızılı tonların istifadəsi tabloya parıltı və
zənginlik effekti bəxş edir. Beləliklə, sarı rəng
həm ziddiyyəti gücləndirir, həm də əsərə
zərif və dekorativ xarakter qazandırır. Rəssamın
istifadə etdiyi pastoz texnika təsvirə
üçölçülü xarakter verir. Kolorit və qadın
obrazının işlənmə tərzində Sakit Məmmədovun
təsiri hiss olunur. Lakin fərqli olaraq, Məmmədov opalizmə
xas işıltılı palitranı seçdiyi halda, İskəndərov
daha tünd rəng çalarlarına müraciət edir. Bu isə
Van Qoqa məxsus narahat, lakin dərin palitranı xatırladır.
Nəticədə əsərlər həm estetik gözəllik
daşıyır, həm də tamaşaçının
şüuruna emosional təsir göstərir.
Tabloda rənglərin semantik yükü də
vardır. Oğlan obrazı tünd göy tonlarla ifadə
olunaraq onun soyuq, rasional və düşüncəyə
üstünlük verən xarakterini əks etdirir. Eyni zamanda
bu rəng obrazın həsrətdən doğan qəm və
iztirablarını da simvolizə edə bilər.
- Qız isə sarı paltarda təsvir edilib.
- Bu seçim onun istiliyini, işıq saçan təbiətini,
qayğıkeşliyini və hisslərinin güclü
olduğunu göstərir. Sarı rəng həmçinin uzun
həsrətdən sonra qovuşmanın yaratdığı
sevinci, eyni zamanda həsrətdən saralıb-solma motivini də
ifadə edir. Arxa planda göy və sarının
qarışmasından yaranan qırmızı rəng
onların məhəbbətini, sevginin alışan
qığılcımlarını simvolizə edir. Sarı rəngin
üstünlük təşkil edərək göyü
"öz ağuşuna alması" isə qızın
sevgisi və hisslərinin oğlana qalib gəldiyini göstərir.
Rənglər olduqca parlaq və şuxdur. Realist təsvirə
baxmayaraq, rənglərin dekorativliyi əsərə xüsusi
cazibə qatır. Üzlərdə xətt ön planda olsa
da, ətraf mühit rəng kütlələri ilə qurulub.
Beləliklə, rəng kütləsi həm üz ifadələrini
ön plana çıxarır, həm də obrazların daxili
aləmini açır.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Rəsmin quruluşu sadədir. Kompozisiya yalnız iki
obraz üzərində formalaşdırılıb. Obrazlar
kompozisiyanın mərkəzində yerləşir və tablo
bütövlükdə rənglərin dairəvi şəkildə
tətbiqi ilə sentrik bir quruluşa malikdir. Bu sentriklik
obrazların bir-birini qucaqlaması ilə daha da güclənir:
onlar ətraf mühitdən təcrid olunaraq öz qapalı məkanlarını
yaradırlar. Ətraf ümumiləşdirilmiş pastoz
yaxmalarla verilib. Obrazların üzləri isə daha dəqiq
işlənib, əsas ideya onların ifadəsində cəmlənib.
Rəng kontrastı və fırça vuruşlarının
dinamikliyi əsərə hərəkətlilik gətirir.
Abstrakt fon dalğa effekti yaradır, obrazların özləri
isə hərəkətli pozada verilib ki, bu da kompozisiyanın
ümumi dinamizmini artırır. Perspektiv qanunlarına əməl
olunmayıb, fon mücərrəd rəng kütləsindən
ibarətdir. İkinci dərəcəli elementlərin
olmaması bütün diqqəti əsas qəhrəmanlara
yönəldir. Arxa planda tünd rənglərdən
açıq tonlara keçid isə işıq-kölgə
vasitəsilə obrazları qabardır. Əyri, dairəvi və
dalğavari fırça vuruşları kompozisiyanı
statiklikdən uzaqlaşdırır, əsərə yumşaq
hərəkət bəxş edir. Rənglərin vahid mərkəzə
yönəlməsi tabloya bütövlük hissi
qazandırır.
- Tablo harada saxlanılır?
- Əsər hazırda Türkiyənin Ankara şəhərində
şəxsi kolleksiyada qorunur.
- "Həsrətindən" rəssamın digər
işləri ilə hansı ortaq və fərqli cəhətləra
sahibdir?
- Elçin İskəndərovun
yaradıcılığında müxtəlif üslub və
cərəyanların təsiri hiss olunur. Onun bütün əsərlərində
ümumi cəhət kimi rənglərin parlaq qamması, işıq-kölgənin
kəskin verilməsi və dekorativlik müşahidə olunur.
Xüsusilə geyimlərin təsvirində materialın
teksturasının və ağırlığının
verilməsi diqqəti cəlb edir.
"Həsrətindən" tablosunda ekspressionizmə
xas rənglərin dinamikası, emosiyaların parlaq ifadəsi,
şux rənglərin bolluğu nəzərə
çarpır. Digər əsərlərində isə fovizm,
neosimvolizm, ar-nuvo, kubizm, sürrealizm, futurizm elementləri
müşahidə olunur. Bəzi tablolarında Şərq
ornamentikası və Azərbaycan xalça sənətinə
xas həndəsi motivlər də istifadə edilir.
Qustav Klimt təsiri "Gecə" və
"Yuxu" tablolarında, Karavacco ənənələri isə
"Qırmızının harmoniyası" və
"Sorelle" əsərlərində görünür.
Portretlərində isə rus rəssamı Kramskoyun
kameralı psixoloji yanaşması xatırlanır. Eskizlərində
sadə karandaşla işlənmiş realizm, Rembrandt və
XIX əsr rus rəssamlarının psixoloji dərinliyi hiss
olunur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- "Həsrətindən" tablosunun mahiyyətini
anlamaq üçün həm Şəfiqə Axundovanın
eyniadlı musiqisini dinləmək, həm də rənglərin
oyununa və obrazların jestlərinə diqqət yetirmək
lazımdır. Musiqidə olduğu kimi, tabloda da sevgi, həsrət,
ayrılığın ağırlığı və
qovuşmanın sevinci əks olunub.
Oğlan obrazı sevgilisinə möhkəm
sarılaraq onu buraxmaq istəmir. Bu, ayrılıq qorxusunun və
uzun həsrətin doğurduğu iztirabın simvoludur. Qız
isə sakit, işıqlı siması ilə artıq əmin
bir rahatlığı ifadə edir - onlar bir daha
ayrılmayacaqlar. Qızın saçlarında açılan
güllər qovuşmanın, yenidən doğuluşun rəmzidir.
Göy rəngin soyuqluğu sarı və
qırmızının istiliyi ilə əvəz olunaraq məhəbbətin
qələbəsini göstərir.
Tablonun əsas mesajı budur: həsrət və
ayrılıq nə qədər ağır olsa da, sevgi
qovuşma anında yenidən doğulur. İki aşiq
bütün aləmdən təcrid olunaraq yalnız bir-birlərini
hiss edir, sevgilərinin gücü ilə dünyanı
işıqlandırırlar.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 27 avqust (№152).- S.6.