Milli Kitabxana yeni sərgilər təqdim edib

 

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul edilib.

Qərarın qəbul edilməsi Azərbaycan xalqının milli sərvəti olan muğamın artıq bəşəri musiqiyə çevrildiyini təsdiqləyir. Bu tarix muğamsevərlər, habelə ömrünü bu qədim sənətin yaşadılmasına və təbliğinə həsr edənlər üçün xüsusi əhəmiyyət daşıyır.

Qoca Şərqin ən qədim musiqi janrlarından olan muğam əsrlər boyu tədqiqatçıların diqqətini cəlb edib və bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm obyekt kimi dəyərləndirilir. Azərbaycan xalqının qədim irsi sayılan muğam tarixən enişli-yoxuşlu mərhələlərdən keçsə də, nəsildən-nəslə ötürülərək qorunub saxlanılıb.

Müstəqillik dövründə muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında mühüm rol oynayır.

Milli Kitabxanada bu əlamətdar gün münasibətlə “26 avqust – Beynəlxalq Azərbaycan Muğamı günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, dövri mətbuat materialları, kitablar tam mətnləri ilə təqdim olunur.

Ənənəvi kitab sərgisində isə Azərbaycan muğam dəstgahının tarixi kökləri, muğamların təsnifatı, inkişaf mərhələləri, instrumental muğamlar və onların ifaçılıq nəziyyətləri, Azərbaycanın musiqi xəzinəsi, Qarabağ xanəndəlik məktəbi və tanınmış xanəndələr, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolu və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgilərin əsas məqsədi Azərbaycan muğam sənətinin zəngin irsini təbliğ etmək, gənc nəslin bu qədim sənət haqqında daha geniş məlumat əldə etməsinə şərait yaratmaq və milli musiqimizin dünyada tanıdılmasına töhfə verməkdir.

Milli Kitabxanada Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Şıxəli Qurbanov-100” adlı ənənəvi  kitab sərgisi açılıb.

Sərgidə görkəmli alim-dramaturq, ictimai xadim Şıxəli Qurbanovun bədii əsərləri, kommediyaları, şeirləri, həyat və yaradıcılıq yolu, elmi-ədəbi irsi  haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan Şıxəli Qurbanov 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil aldıqdan sonra Azərbaycan ədəbiyyatı kafedrasında aspirant, eyni zamanda rus ədəbiyyatının tədrisi üzrə müəllim işləyib.

 1956-cı ilin iyununda “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1958-ci ilin yanvarından Pedaqoji İnstitutda baş müəllim, dosent vəzifələrində çalışıb. 1961- 1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Ədəbi əlaqələr şöbəsinin müdiri işləyib.1964-cü ildə filologiya elmləri doktoru elmi adını alıb. Müxtəlif ictimai-siyasi vəzifələrdə çalışıb.

1958-1961-ci illər ərzində bir sıra səhnə əsərləri “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb.

1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb.

 Onun lirik şeirlər, poema, hekayə və tənqidi məqalələri mətbuatda müntəzəm çap olunub.

Şıxəli Qurbanov bir sıra orden və medallara, həmçinin 1967- ci ildə   “Üzeyir Hacıbəyov adına Respublika Dövlət mükafatı”na layiq görülüb.

 

525-ci qəzet .- 2025.- 27 avqust (¹152).- S.6.