Laçın Şəhəri
Günü
Tarixi ədalətin bərpası və yeni inkişaf
mərhələsi
Azərbaycanın dövlətçilik tarixində
Laçın rayonunun xüsusi yeri var. Qarabağ və Şərqi
Zəngəzurun mühüm hissəsini təşkil edən
bu qədim diyar həm təbii-coğrafi mövqeyi, həm də
strateji əhəmiyyəti ilə seçilir.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi
Laçın şəhəri adlandırılıb və
şəhər statusu alıb, 1930-cu ildə isə ayrıca
inzibati rayon kimi formalaşıb. Ərazisi 1835 kvadratkilometr
olan rayon 72 min hektar yaylaq və 34 min hektardan artıq zəngin
meşə massivinə malikdir. Bu resurslar Laçını Azərbaycanın
həm iqtisadi, həm də ekoloji cəhətdən önəmli
bölgələrindən birinə çevirir.
Tarixi boyunca Laçın Azərbaycan xalqının mədəniyyətində,
iqtisadiyyatında və siyasi həyatında mühüm rol
oynayıb.
Lakin XX əsrin sonlarında baş verən
işğal rayonun taleyində ağır fəsadlar
yaratdı, əhalinin öz yurd-yuvasından didərgin
düşməsinə səbəb oldu. 1992-ci il mayın 18-də
Ermənistan silahlı qüvvələri Laçın
rayonunu işğal etdi. Bu hadisə təkcə hərbi
baxımdan deyil, həm də strateji və siyasi baxımdan
ölkə üçün böyük fəlakət idi.
Çünki bu işğal nəticəsində Ermənistanla
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti
arasında coğrafi əlaqə yaradılırdı.
İşğal dövründə Laçının
əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən
artıq hərbi və mülki şəxs həlak oldu və
ya itkin düşdü. Rayonun infrastrukturuna, sosial və mədəni
obyektlərinə ağır zərbələr vuruldu - 217 mədəniyyət
müəssisəsi, 101 təhsil ocağı, 142 səhiyyə
müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə məntəqəsi,
133 idarə və istehsal müəssisəsi
dağıdıldı və talan edildi. Ən
ağrılı məqamlardan biri isə 54 dünya əhəmiyyətli
və 200-dən artıq yerli əhəmiyyətli tarixi abidənin
vandalizmə məruz qalması oldu.
Bununla yanaşı, işğalçı tərəf
beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq
Laçında qeyri-qanuni məskunlaşdırma siyasəti həyata
keçirdi. Ermənistan hökuməti əsasən Suriyadan və
digər ölkələrdən gətirilən erməni əsilli
qaçqınları Laçında yerləşdirərək
demoqrafik tərkibi dəyişməyə cəhd göstərdi,
rayonun təbii resurslarını talan edərək iqtisadi
qazanc mənbəyinə çevirdi.
Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsində
qazandığı qələbə nəticəsində
imzalanmış üçtərəfli bəyanata əsasən,
Laçın rayonu 1 dekabr 2020-ci ildə Azərbaycana təhvil
verildi. 2022-ci ilin 26 avqustunda isə Laçın şəhəri,
Zabux və Sus kəndləri də tam şəkildə nəzarətə
götürüldü. Bu tarixdən etibarən hər il 26
avqust “Laçın Şəhəri Günü” kimi qeyd
olunur. Prezident cənab İlham Əliyevin 2023-cü ildə
imzaladığı Sərəncama əsasən
işğaldan azad olunmuş bütün ərazilər
üzrə şəhər günləri təsis edildi ki, bu
da həmin torpaqların tarixi yaddaşımızda xüsusi
yerini təsdiqləyir.
Laçının azad olunması uğrunda
döyüşlərdə iştirak edən 8418 hərbi
qulluqçu “Laçının azad olunmasına görə”
medalı ilə təltif edilib. Bu, təkcə hərbi qəhrəmanlığın
deyil, həm də dövlətin öz igid oğullarına
verdiyi dəyərin göstəricisidir.
Azadlıqdan sonra Laçında genişmiqyaslı bərpa
və quruculuq işlərinə start verilib. Prezident İlham
Əliyevin rəhbərliyi ilə hazırlanan Baş plan əsasında
şəhərin müasir konsepsiyası
formalaşdırılıb. “15 dəqiqəlik şəhər”
prinsipi əsasında planlaşdırılan Laçında həm
fərdi yaşayış evləri, həm də çoxmənzilli
binalar tikilir, sosial obyektlər, məktəblər, mədəniyyət
və turizm mərkəzləri yaradılır. Rayonun enerji
potensialı da sürətlə inkişaf etdirilir. Güləbird,
Mişni, Alxaslı, Zabux və digər su elektrik
stansiyaları yenidən qurularaq istifadəyə verilib. 2025-ci
ildə açılışı keçirilən
“Aşağı Malıbəyli” və “Mirik” SES-ləri isə
Azərbaycanın “yaşıl enerji” strategiyasına uyğun
olaraq həm təbii qaza qənaət edir, həm də karbon
tullantılarının azaldılmasına şərait
yaradır.
Laçın Beynəlxalq Hava Limanının
inşası bölgənin beynəlxalq statusunu artıran ən
mühüm layihələrdən biridir. 2025-ci ildə istifadəyə
verilən bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən
ən hündürdə yerləşən aeroportu kimi regionun
turizm və logistika imkanlarını genişləndirir. Bununla
yanaşı, Kəlbəcər-Laçın avtomobil yolunun,
çoxsaylı tunellərin və körpülərin
inşası bölgənin nəqliyyat infrastrukturunu
köklü şəkildə dəyişir.
Laçının bərpası təkcə infrastrukturla məhdudlaşmır.
Şəhərdə yeni məktəblər, uşaq
bağçaları, xəstəxanalar, muzeylər və
istirahət məkanları yaradılır. 2025-ci ildə
istifadəyə verilmiş “Laçın İstirahət
Kompleksi” həm yerli əhalinin, həm də turistlərin
ehtiyaclarını qarşılamaq məqsədi
daşıyır. Eyni zamanda, “Hoçazfilm”
yaradıcılıq studiyasının fəaliyyətə
başlaması Qarabağın mədəni irsinin sənədli
və bədii formada əbədiləşdirilməsinə
xidmət edir.
Heyvandarlıq, arıçılıq və
balıqçılıq sahələrində də
mühüm addımlar atılıb. “Həkəri Balıq Təsərrüfatı”
regionda nərəyetişdirmə üzrə ilk təsərrüfat
kimi fəaliyyət göstərir. Bu müəssisə gələcəkdə
həm daxili bazarı təmin edəcək, həm də ixrac
potensialını artıracaq.
Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət
paytaxtı” elan edilməsi isə regionun beynəlxalq mədəniyyət
məkanında yerini möhkəmləndirib. Bu status təkcə
simvolik xarakter daşımır, həm də bölgədə
keçirilən çoxsaylı beynəlxalq tədbirlərin
əsasını qoyur.
Laçında həyata keçirilən layihələr
yalnız iqtisadi və sosial inkişaf məqsədi
daşımır, həm də milli yaddaşın bərpasına
xidmət edir. Laçın bu gün həm tarixi-mədəni
irsin qorunması, həm də müasir inkişaf modellərinin
tətbiqi ilə seçilir.
Azərbaycan dövlətinin strateji hədəfi
Laçını və ümumilikdə Qarabağ-Şərqi
Zəngəzur bölgəsini regionun nümunəvi məkana
çevirməkdir. Prezident cənab İlham Əliyevin ifadə
etdiyi kimi, bu torpaqlar “Azərbaycanın cənnət guşəsinə”
çevrilməkdədir.
Bu gün Laçın yalnız bir coğrafi məkan
deyil, həm də milli dirçəlişimizin, azadlıq
amalımızın və bərpa olunmuş ədalətin
simvoludur. Burada ucalan hər yeni bina, salınan hər bir yol,
açılan hər bir müəssisə
xalqımızın gələcəyə inamının təntənəsidir.
Laçın indi bir daha doğma sığınacaq, ümid
çırağı və milli kimliyimizin əbədi
qalasıdır. O, həm tariximizin
ağrı-acılarını, həm də zəfər
sevincini öz qoynunda yaşadan müqəddəs bir məkan
olaraq gələcək nəsillərə əmanət ediləcəkdir.
Şəfa Qurbanova
Azərbaycan Milli Elmlər Akademiyasının
dissertantı
525-ci qəzet .- 2025.- 27 avqust (¹152).- S.5.