“Zəngəzur dəhlizinin açılması böyük dövlətlərin də marağındadır”

 

Avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüş Cənubi Qafqazın gələcəyi, regionda yaranmış yeni reallıqların praktiki mərhələyə keçməsi, sülhün və təhlükəsizliyin bərqərar olmasında tarixi hadisə oldu. Bu sammit həm də Zəngəzur dəhlizi üçün yaşıl işıq yandırdı. Tərəflərin – Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) yaradılması müddəası da öz əksini tapdı.

Zəngəzur dəhlizinin açılması rəsmi Bakının əsas tələblərindən biri idi. Prezident İlham Əliyev öz çıxışlarında hər zaman Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, bunun zaman məsələsi olduğunu vurğulayırdı. Bir neçə gün əvvəl Kəlbəcərdə yerli sakinlərlə görüş zamanı da dövlət başçısı bu mövzuya toxundu. Vaşinqtonda sülh sazişinin paraflanmasının faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyduğunu vurğulayan Prezident, bununla bərabər, Naxçıvanla quru bağlantısının da təmin edildiyini söyləyib: “2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək”.

Dövlət başçısı bildirib ki, artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Naxçıvan Muxtar Respublikasında da dəmir yolunu tam müasirləşdiriləcək. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur.

Ümumiyyətlə, Vaşinqton sammitindən sonra Zəngəzur dəhizi ilə bağlı bir sıra addımlar atılıb. Avqustun 22-də isə Türkiyədə bu yolun mühüm bir hissəsinin Qars-İğdır-Aralık-Dilucu dəmiryol xəttinin təməli qoyuldu. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mərasimdə bildirib ki, Naxçıvana qədər uzanacaq polad magistralın uzunluğu 224 kilometr təşkil edəcək. Bu dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq mümkün olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 25-də Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Zəngəzur dəhlizi Türkiyə, Ermənistan və Azərbaycan arasında bir növ barışıq layihəsidir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi layihəsinin həyata keçməsi nəticəsində Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyacaqdır: “Təməli qoyulan 224 km-lik dəmir yolu xətti Türkiyə üçün qürur mənbəyidir. Bu dəhliz ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıya biləcək. Yeni nəqliyyat layihəsinin təkcə ölkəmizə deyil, bütövlükdə regiona da müsbət təsir edəcəyinə əminəm”.

Vaşinqton görüşü ilə həyata vəsiqə alan 42 kilometr uzunluğunda nəzərdə tutulan bu dəhliz Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanın əsas ərazisini Naxçıvan eksklavı ilə birləşdirməyi və daha sonra Türkiyəyə çıxışı təmin etməyi hədəfləyir. Amma Zəngəzur dəhlizi təkcə regional yox, həm də beynəlxalq əhəmiyyətli bir layihədir. Müasir çağırışlar fonunda nəqliyyat-logistik imkanlarının genişləndirilməsi, dəhlizlərin şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Zəngəzur dəhlizinə beynəlxalq dəstək başadüşüləndir. İstənilən halda, dəhliz məsələsində gəlinən nöqtə məhz Azərbaycanın prinsipial, qətiyyətli mövqeyinin nəticəsidir. Azərbaycan həm Ermənistanın, eyni zamanda, bu layihənin əleyhinə olan bəzi qüvvələrin mövqelərinə, açıq bəyanatlarına baxmayaraq, öz qəti mövqeyindən bir addım belə geri çəkilmədi. Bu dəhliz sözsüz ki, bütün Avrasiya regionunun siyasi və iqtisadi xəritəsini dəyişdirəcək, Cənubi Qafqazı Avropa və Asiya ilə birləşdirən regional nəqliyyat şəbəkəsinin bir hissəsinə çevriləcək. Dəhliz açıldıqdan sonra təkcə Naxçıvanla əlaqə bərpa olunmayacaq, həm də Azərbaycan-Türkiyə əlaqələri daha da güclənəcək, türk dünyasının inteqrasiyası dərinləşəcək.

Yeri gəlmişkən, Belarus Prezidenti Aleksandr Lukaşenko da Zəngəzur dəhlizi ilə bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi regional nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edəcək və onun qarşısını almaq mümkün deyil: “Təbii ki, bu, İrana xoş gəlmir, amma buna heç kim müqavimət göstərə bilməz”.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı “525”ə deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra Zəngəzur layihəsini irəli sürməklə qlobal miqyasda diqqəti buna cəlb edə bildi. Onun sözlərinə görə, kommunikasiya xəttinin açılması böyük dövlətlərin, güclərin də marağındadır: “İstər ABŞ, istər Böyük Britaniya, Çin, Türk dünyası üçün də çox böyük əhəmiyyət kəsb edir. Bu dəhliz Türk dünyası, Asiya ilə Avropa arasında körpü rolu oynayacaq. Zəngəzur dəhlizinin açılması region ölkələri, eləcə də regiondan kənar qlobal güclər üçün çox böyük iqtisadi dividendlər vəd edir. Asiya ilə Avropa arasında iqtisadi bağlılıq, kommunikasiya qovşağının açılması, daha sərfəli şərtlərlə, daha az məsrəf sərf ediləcək yolun açılması kommunikasiya qovşağından istifadə edəcək ölkələr üçün iqtisadi imkanlar deməkdir. Bu baxımdan Azərbaycanın gündəmə gətirdiyi layihə artıq reallaşmaq üzrədir. Cənab Prezident hər zaman vurğulayırdı ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Biz bilirik ki, dövlət başçısı verdiyi vədlərin hər birini mütləq şəkildə həyata keçirir. Dünyanın əsas gücü olan Birləşmiş Ştatların dəstəyinin faktiki olaraq bu layihənin gerçəkləşməsi üçün qarant rolunu oynadığını deyə bilərik. Zəngəzur dəhlizi tezliklə reallaşacaq. Artıq işlərə başlanılıb. Təbii ki, bura investisiyalar qoyulmalıdır. 8 avqust Vaşinqton görüşündə bununla bağlı da bir çox fikirlər səsləndirildi”.

Deputat layihənin həm də siyasi dividendlərinin olmasına diqqət çəkib: “Siyasi faydası ölkələr arasında münasibətlərin normallaşması, əlaqələrin genişlənməsi, iqtisadi bağlılıqdır ki, bu həm də regional sabitlik, təhlükəsizlik üçün bir qarant rolunu oynayır. Yəni kommunikasiya qovşağının açılması ilə nəhayət ki, Cənubi Qafqaza davamlı, daimi sülh və sabitlik də gələcək ki, Zəngəzur dəhlizi layihəsi həm də bu baxımdan da olduqca əhəmiyyətlidir”.

A.Əlizadə layihəyə qarşı çıxan qüvvələrin hələ də qaldığını söyləyib: “Belə qüvvələrin sabah da olacaqları istisna edilmir. Əslində hətta həmin qüvvələr də bu kommunikasiya xəttinin açılmasında maraqlıdırlar və oradan dividend götürmək istəyirlər. Onların cəhdləri dəhlizin açılmasına qarşı müqavimət deyil, dəhlizə nəzarət uğrunda bir savaşdır. Bu savaşın içində olan ölkələr var. Bizim şimal və cənub qonşularımız bu məsələdə özlərini kifayət qədər narahat hiss edirlər. Çünki xüsusilə ABŞ şirkətinin prosesə qoşulması ilə onların bu məsələdə əsas aparıcı qüvvə olması istəyi arxa plana keçmiş oldu. Ona görə də baş verən inkişafları öz maraqları üçün bir təhlükə hesab edirlər. İstənilən halda, heç bir dövlət bu layihənin qarşısını almaq iqtidarında deyil. Bu, artıq geridönməz bir prosesdir. Layihə mütləq şəkildə gerçəkləşəcək. Zəngəzur dəhlizi açılacaq və bölgəyə, iştirak edən tərəflərə böyük iqtisadi və siyasi dividendlər gətirəcək”.

 

Pərvanə

525-ci qəzet .- 2025.- 27 avqust (¹152).- S.4.