DÜNYANIN ÖMRÜ
Bu sənət yarışı həyat
yarışı,
Tökülən alnımın təridi, qardaş.
Açılsa qovğadan şairin başı.
Kərənin qırılan yeridi, qardaş!
Məni özü bilər duyub-duymayan,
Anlayıb, anmayıb, sayıb-saymayan,
Uduzar şairlə oyun oynayan,
Əlində taleyin zəridi, qardaş!
Baxma ki, çinardı qəfil budanan,
Baxma ki, öz ömrü gödəkdi yaman.
Tükənmək bilməyən bu vaxt, bu zaman
Hansı bəxtəvərin şeridi, qardaş!?
Yayıl yer üzünə ey şerim-nəğməm,
Əsmə, kəndirimi kəsmə, ey qələm!
Həyatın bir güvənc yeri də mənəm,
Dərdim onun dərdi-səridi, qardaş!
Duy bircə misranın fəlsəfəsini,
"Allah da çox sevir şerin səsini".
Şairdi fırladan yer kurəsini,
Ya şair qəlblinin biridi, qardaş?
Mümkündü, o nadan bir dərman ala,
Hayfını azardan-bezardan ala.
Şeri satmırlar ki, bazardan ala,
Allahın sehridi, sirridi, qardaş!
Kim ki, şairinə qıyır dünyanın,
Barat, o, qəlbinə dəyir dünyanın.
Uzanan ömrüdü şair dünyanın,
Ən yaxşı xeyridi-bəhridi, qardaş!
TAYKEŞ AYAQQABI
(Qərbi Azərbaycandan qovulmuş
soydaşlarımıza)
Bərk-bərk sinəsinə sıxmışdı
onda,
Körpə qız bir taykeş ayaqqabını.
Əlindən almışdı yol
qırağında,
Qaşqın adamların olan tabını.
Ayağı yalındı, başı
açıqdı,
Gözləri dolmuşdu, deyəcəm niyə.
Dərdi çox böyükdü, özü
kiçikdi,
Halı qalmamışdı sakitləşməyə.
Körpə qardaşını
öldürmüşdülər,
Bir ayaqqabısı çıxıb
qalıbmış.
Yanıb o körpə qız, o körpəcə
qız
Qardaş iyisini ondan alıbmış.
Baxıb doğma evə, doğma qapıya,
Bacıdı, harayı yüksəlib göyə.
Üzünü söykəyib ayaqqabıya,
Oxşayıb: "Ay mənim qaqaşım" - deyə.
Yol üstə adamlar ağlaşırdılar,
Unudub özünün malı-mülkünü,
Unudub özünün dərd-əzabını,
Başına yığılıb körpə bir
qızın,
Bir taykeş, bir köhnə ayaqqabının.
Hardasa dinirdi düşmən topları,
O qız da baxırdı baxışında qan
Yadına düşmürdü yuxa paltarı,
Muğayat olurdu ayaqqabıdan.
Yel əsir, qarşıdan qış gəlirdi,
qış,
Nələr düşünürdü körpə
qız, nələr!
Köksünə sıxırdı ayaqqabını,
Qorxurdu qardaşı üşüyə bilər.
Baxın bir uşağın faciəsinə,
Öpürdü bir taykeş ayaqqabını.
Ağlayıb sıxtayır, ovunmayırdı,
Onu geyinmişdi öz sinəsinə,
Soyun, deyirdilər, soyunmayırdı.
O qız od tökürdü gözündən o
gün,
O qızın baxışı qanlı bir
baxış.
Düşdü həmişəlik gözümdən
o gün,
Bu dünya bir taykeş ayaqqabıymış?!
O qız görən harda, hardadı indi,
Bəlkə də tükənib taqəti, tabı?
Yəqin nə dincəlir, nə yatır indi,
Başının altında bir ayaqqabı...
YARAMA TORPAQ TÖKÜN...
Əriməli, yanmalı pərvanələr şam
üçün,
Bu sözlər qanun olsun gərək hər adam
üçün,
Dizinizə döyməyin, qan verən yaram
üçün,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
Gərək bu gün poladdan qolum-qanadım olsun,
Vətənin dar günləri məhşər
saatım olsun!
Vətənin qarşısında bu əsgər
andım olsun:
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
Bəsdi deyib ağladım, yoxdu bir kəsim deyə,
Qoymaram borclu qalıb ruhum tələssin göyə?
Anamın göz yaşları bir yolluq kəssin deyə,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
Bu səs əsgər səsidi, ürəkdən gəlir,
bilin!
Yatmış baxtım, iqbalım, oyanıb
gülür, bilin.
Qoy o qız da durmasın, elə boynu
bükülü,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
Qan itirə-itirə elə bil qan tapmışam,
Allahdan nazil olan Quran, iman tapmışam.
Bütün dərdləri yenən təzə dərman
tapmışam,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
SƏNƏ GÜVƏNƏSİ OLMADI VƏTƏN!
Gətirmə Vətəni yadına, yeri!
Düşmə bir dəhşətin oduna, yeri!
Südəmər uşaqsan, sədəmə dəyər,
Siçan deşiyini satın al, yeri,
Sənə güvənəsi olmadı Vətən!
Demirlər, o gələn qoşunu saxla,
Deyirlər, o dağın qaşını saxla!
Durub boylanırsan nə olub deyə:
Sən də get, birtəhər başını saxla,
Sənə güvənəsi olmadı Vətən!
Dayanıb uzaqdan sərhədə boylan,
Kimdi, fikir vermə, qaçan, qovulan?
Dörd-beş dəmirqara odunu gərək,
Qavırğan isinə bəlkə, ay oğlan,
Sənə güvənəsi olmadı Vətən!
Qələmə yatıbdı yamanın əli,
Qələmə yatarmı yananın əli?
Səninki çənədi, üyüt, tök,
danış,
Niyə dizindədi ananın əli?
Sənə güvənəsi olmadı Vətən!
Əllərin nə silah, nə qurşun tutdu,
Əllərin qəpiyi-quruşu tutdu.
Dərdin çəkiləsi deyil ha sənin,
Səni fələklərin qarğışı
tutdu,
Sənə güvənəsi olmadı Vətən!
A küncə qısılan, a küncdə dinən,
Dönmədi səngərə-sipərə, sinən.
Hərbi tribunal bir qərar verib,
Həmənki qərarı oxuyuram mən:
- Sənə güvənəsi olmadı Vətən!
ŞƏHİD OĞLU
Yol üstə dayandı qəfil bir maşın,
İçindən hərbiçi bir kişi
düşdü.
Bir oğlan uşağı qaçdı qabağa,
Bir atayla oğul belə görüşdü.
İstədi uşağı danlasın ata,
Baxdı qaş-qabaqlı,
bir az da küskün.
Uşaqsa sevindi, həmin küçəyə,
O gün oynamağa gəldiyi üçün.
...Ürəyimdə qəm var,
gözümdə nəm var,
Yaxında, dağlarda atəş səsləri,
Onu səslədilər maşındakılar,
O getdi, uşağın doldu gözləri.
O tanış küçədən yolum düşəndə,
Görürəm vurnuxur uşaq necə də.
Sanır ki, atası bir gün qayıdıb,
Doyunca bağrına basacaq onu,
Elə həmin yerdə, həmin küçədə...
Bir ata köksünü dəldi güllələr,
Ağaran bir gəlin saçlarına bax.
Gəlib o küçədə oynayır hələ,
Maşın dayananda,
adam düşəndə
baxır, yüyürəmmir daha bir uşaq!..
Barat VÜSAL
525-ci qəzet .- 2025.- 28 avqust (¹153).- S.15.