BİR DƏFƏ GÖZÜNƏ ŞEİR YAZACAM

 

O ala rənginə heyran qaldığım,

Sirli dünyasına uyub daldığım,

Hər gecə yatanda yada saldığım

Gözünə bir dəfə şeir yazacam.

 

Soracam, nədəndi güləndə bunca

Mərhəmətli, əziz, həlim olunca,

İslansa kədərin qəm yaşlarından

Bəzən qəzəb saçır baxışlarından?

 

Görüm ox kirpiklər dəlsə qəlbimi,

Göz yaşı olarmı onun məlhəmi?

Vəsf edib gözünü söyləyəcəyəm,

Qarası gözümü qaraldan vaxtı,

Ağı ağartsın bu qaragöy baxtı.

 

Bir dəfə gözünə şeir yazacam,

Deyəcəm, batmasın qəmə heç zaman.

Deyəcəm, qoymasın alovu sönə,

Sönsə gözlərində itib azacam.

Bəlkə misralarda baxarlar deyə,

Bir dəfə gözünə şeir yazacam.

 

 

ÖZÜMÇÜN

 

 

Heç nə vermir sadiq dostun yerini,

Könül gəzər qəlbə yaxın birini.

Sevgi kitabını, eşq dəftərini,

Sanırdım ki, bağlamışam özümçün.

 

Fikrim səndə, ağlım səndə qalandan,

Ötürürəm günü-günə yalandan.

Bir az olmayandan, bir az olandan

Yığıb bir-bir saxlamışam özümçün.

 

Gərəkdir ki, bu yükü mən daşıyam,

Yaşım çoxdur, gəl, sevgidə naşıyam.

Hamı deyir, mən dostların xasıyam,

Deyən təkcə saxtaymışam özümçün.

 

 

VAXTDIR

 

 

Yaz dilədim payızımdan

Gördüm, qışım qalan vaxtdı.

On beşinə keçir, dedi,

Ayın tamam dolan vaxtdı.

 

Gözəllərdə nur baxışlar

Bizə bir ömür bağışlar.

Çiçəklərdən gur yağışlar

Ləçəkləri yolan vaxtdı.

 

Geri dönməz o güllü yaz,

Gün boylanar daha az-az.

Hər mizraba dinməz bu saz,

Sarı simdə çalan vaxtdı.

 

Bulanmayan hansı sudu?

Yudu, neçə qanı yudu.

Samur süzür, Araz udur,

Göz yaşıyla dolan vaxtdı.

 

Çox da açıqdır təbinin

gözü bu Qabil Nabinin.

İndi saat əqrəbinin

Ömrümüzü çalan vaxtdı.

 

ALINMIR

 

 

Aldadıram özümü,

Şeirlə, sözlə, zadla.

Qarışdırıb başımı

Başqa adamla, adla

Unutmaq istəyirəm

Səni, amma alınmır.

 

Ən gözəl musiqinin

Notunun biri xaric,

Mənalı şeirlərin

Misrasının biri boş.

Bu dağ, dərə, təbiət

Bahar, payız, yay, ya qış,

Ovutsun istəyirəm

Məni, amma alınmır.

 

Günü-günə satmaqda

Ustalaşmışam daha.

Həyat ölümdən ucuz,

Ölüm həyatdan baha.

Çıxarmışam çoxdandır

Əzrailə satışa

Canı, amma alınmır.

 

Qabil NABİ

525-ci qəzet .- 2025.- 28 avqust (№153).- S.15.