Ekoloji tarazlığın
qorunması həyati əhəmiyyətli vəzifəyə
çevrilib
AZƏRBAYCANDA BU İSTİQAMƏTDƏ
ÖNƏMLİ LAYİHƏ VƏ PROQRAMLAR HƏYATA
KEÇİRİLİR
İndiki dövrdə ətraf mühitin mühafizəsi
və ekoloji tarazlığın qorunması bütün
dünya ölkələrinin qarşısında duran əsas
məsələlərdən biridir. Azərbaycanda bu sahəyə
xüsusi diqqət yetirilir. Yaşıllıqların
salınması və artırılması həm ekoloji
baxımdan, həm də şəhərsalma və
insanların sağlamlığı baxımından
mühüm əhəmiyyət daşıyır.
Yaşıllıqlar atmosferin oksigenlə zənginləşdirilməsində,
tozun və zərərli qazların udulmasında mühüm
rol oynayır. Şəhərlərdə ağacların və
parkların salınması havanın keyfiyyətini
artırır, temperatur fərqlərini azaldır və səs-küyün
qarşısını alır. Bakı kimi böyük şəhərlərdə
yaşıllıqlar həm də istilik adalarının təsirini
azaltmağa kömək edir.
Azərbaycan dövləti yaşıllıqların
artırılması və ətraf mühitin qorunması
istiqamətində bir sıra proqramlar həyata keçirir.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"
sənədində ətraf mühitin qorunması və
yaşıllıqların genişləndirilməsi əsas hədəflərdən
biri kimi müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
mütəmadi olaraq ağacəkmə aksiyaları
keçirilir. Eyni zamanda, "Yaşıl dünya naminə həmrəylik
ili" çərçivəsində ölkə üzrə
müxtəlif bölgələrdə
yaşıllaşdırma layihələri həyata
keçirilir.
Yaşıllıqlar yalnız ekoloji deyil, həm də
estetik və sosial baxımdan dəyərlidir. Parklar, xiyabanlar,
bağlar şəhər sakinlərinin istirahət etməsi,
fiziki aktivliyi və sosial ünsiyyəti üçün
şərait yaradır. Bakı, Gəncə, Sumqayıt və
digər şəhərlərdə yeni parkların
salınması və mövcud yaşıllıq ərazilərinin
bərpası bu istiqamətdə mühüm
addımlardır.
Bununla belə, bəzi hallarda yaşıllıq ərazilərinin
tikinti məqsədilə məhv edilməsi, ağacların
qanunsuz kəsilməsi kimi neqativ hallara da rast gəlinir. Bu
cür hallar ictimai narazılıq doğurur və ekoloji fəsadlara
səbəb olur. Ona görə də, yaşıllıqların
qorunması yalnız dövlətin deyil, cəmiyyətin də
üzərinə düşən məsuliyyətdir.
Azərbaycanda yaşıllıqların
salınması ekoloji tarazlığın qorunması, iqlim dəyişikliyi
ilə mübarizə, şəhər həyatının
keyfiyyətinin yüksəldilməsi baxımından həyati
əhəmiyyətə malikdir. Bu sahədə həyata
keçirilən dövlət siyasəti, ictimai təşəbbüslər
və fərdi məsuliyyət birgə şəkildə davam
etdirilərsə, ölkəmiz daha yaşıl, sağlam və
dayanıqlı bir gələcəyə doğru irəliləyəcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildirilib ki, 2027-ci ilədək dənizkənarı sahil
parklarının 266,8 ha, 2040-cı ilə qədər 985,9 ha,
hibrid "yaşıl dəhliz"lərin 2027-ci ilə kimi
303,9 ha, 2040-cı ilə kimi isə 361,6 hektara
çatdırılması planlaşdırılır.
Ümumiyyətlə, Bakı şəhərinin gələcək
inkişaf mənzərəsi geniş, təbii və
açıq yaşıl məkanları, mühəndis
kommunikasiya infrastrukturu obyektlərini özündə ehtiva edən
çoxfunksiyalı hibrid "yaşıl dəhliz"lər
vasitəsilə mərkəzlər arasında
qarşılıqlı əlaqənin yaradılmasını
özündə ehtiva edir. Bu baxımdan həm şəhərdaxili,
həm də şəhərxarici hibrid dəhlizlərin
yaradılması nəzərdə tutulur.
Hibrid "yaşıl dəhliz"lər gəzinti məsafəsində
yerləşən ictimai yaşıllıqların
sayını artırmaq və yaşıllıqların az
olduğu ərazilərdə yaşıl məkanların sahəsini
genişləndirmək üçün tətbiq olunan vasitədir.
Bu, eyni zamanda piyada gəzinti, velosiped və digər
aşağı sürətli mobillik vasitələri (məsələn,
elektron skuterlər) ilə hərəkəti təşviq edən
yaşıl zolaqlar şəbəkəsi yaratmaqla şəhərdə
əlaqələndirmənin gücləndirilməsi
üçün tətbiq olunur. Bu dəhlizlər ictimai nəqliyyat
- avtobuslar və tramvay xətləri ilə inteqrasiya olunaraq
şəhər daxilində nəqliyyatın
əlçatanlığının artırılmasına da
müsbət təsir göstərə bilər. Hibrid
"yaşıl dəhliz"lər, həmçinin hibrid
parklar Bakını sosialyönümlü bir şəhərə
çevirməyə imkan verəcək.
Paytaxtda uzun illər müəyyən ərazilərdə
kəskin, pis qoxulara səbəb olan bataqlıqlara
çevrilmiş göllər ətrafında da müxtəlif
yaşıllaşdırma layihələri nəzərdə
tutulub.
Məsələn, Xocəsən gölü və Xocəsən
Nəbatat Parkının bərpası təklifinin davamı
kimi Xocəsən-Lökbatan hibrid "yaşıl dəhliz"inin
inkişafı nəzərdə tutulur.
Eyni zamanda Bibiheybət ərazisi daxil olmaqla Bakı
bulvarının uzunmüddətli perspektivdə
uzadılması, Böyükşor, Xocəsən, Zığ
və Bülbülə göllərinin ətrafının
yaşıl istirahət zonalarına çevrilməsi də
planlaşdırılır. Şəhərdə əlçatan
yaşıllıqların sayının artırılması
hədəfinə və baş planın təkliflərinə
uyğun olaraq, Xocəsən gölü ətrafında təxminən
500 ha ərazidə geniş ictimai parkın salınması ətrafda
sıx məskunlaşmış yaşayış məntəqələrinə
xidmət edəcək və gölün ekoloji təmizlənməsinə
təkan verəcək. Uzunmüddətli perspektivdə
Lökbatan ilə Xəzər dənizi arasındakı
bataqlıq əraziləri daxil etməklə park cənuba
doğru genişləndirilə bilər. Baş plan çərçivəsində
nəzərdə tutulan xüsusi ehtiyat zonalar 2040-cı ildən
sonrakı dövrdə Bakı şəhəri ərazisində
keyfiyyətli ictimai yaşıllıqların
yaradılmasını təmin edəcək. Buna nümunə
olaraq, Bakı hipodromunu misal gətirmək olar. Bakının
mərkəzində yerləşən bu ərazi aktiv istifadədən
çıxdığı zaman ictimai yaşıllığa
çevrilə bilər.
Ümumilikdə baş plan çərçivəsində
ekoloji vəziyyətin və ətraf mühitin
sağlamlaşdırılması ilə bağlı üçmərhələli
yanaşmanın tətbiqi təklif olunur. Bunlar Bakı
göllərinin yenidən fəal istifadəsi, şəhər
və region daxilində yaşıllıqların və
açıq məkanların, əlaqələndirici
"yaşıl dəhliz"lərin artırılması,
Abşeron yarımadasının mədəni
landşaftının qorunması və aktivləşdirilməsidir.
Bakının davam edən iqlim dəyişikliyinə
qarşı dayanıqlılığını artırmaq
üçün "Mədəni Landşaftların
Mühafizə Zonası"nın yaradılması da təklif
olunur.
Baş planda həmçinin Bakının şəhər
ərazisində yaşıllıqların bərabər
paylanmasına da xüsusi diqqət yetirilib. Planda mümkün
qədər çox əhalinin (əhalinin ən azı 80
faizi) 500 m piyada gəzinti məsafəsində ictimai
yaşıllıqlara çıxışının
olması hədəflənib. Mövcud
yaşıllıqların qorunması ilə yanaşı, bu
hədəfə nail olmaq üçün yaşayış məntəqələri
və yeni inkişaf əraziləri daxilində yeni
yaşıllıqların müəyyən edilməsi
üçün dördmərhələli yanaşmanın tətbiqi
tövsiyə olunur.
Bakının baş planında paytaxtda görüləcək
yaşıllaşdırma işləri çərçivəsində
müxtəlif tipli parkların salınması, həmçinin
yeni element olan hibrid "yaşıl dəhliz"lərin
yaradılması böyük əhəmiyyətə malikdir.
Hər şeydən öncə, sağlam həyat naminə bu
faktorlar önəmlidir. Bununla yanaşı, Bakıda qanunsuz
ağac kəsilmələrinin qarşısının
alınması ilə bağlı tədbirlərin gücləndirilməsi,
cəzaların sərtləşdirilməsi də
labüddür. Ekspertlər də qeyd edirlər ki,
ümumilikdə yaşıllıqların azalmasında
xüsusən antropogen amillərin rolu böyükdür. Bu
baxımdan meşələrin, yaşıllıqların ətraf
mühiti sağlamlaşdırmaqla insan orqanizminə müsbət
təsirini unutmayaraq, aidiyyəti qurumlar Bakının baş
planında nəzərdə tutulan layihələr çərçivəsində
üzərlərinə düşən öhdəlikləri
məsuliyyətlə yerinə yetirərək, Bakını
yaşıl şəhərə çevirməyi məqsəd
kimi qarşılarına qoymalıdırlar.
Nazirlikdən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən meşələrin
qırılması, ağacların qanunsuz kəsilməsinin
qarşısını almaq üçün sərt tədbirlər
görülür: "Meşələrin qanunsuz kəsilməsinin
qarşısının alınması, meşələrə
və yaşıllıqlara qəddar münasibət,
yanğın təhlükəsizliyi tələblərinə
riayət olunması üçün daim müvafiq tədbirlər
həyata keçirilir. Meşələrə amansız
münasibət göstərən, ağacları əsassız
qıran şəxslərə qarşı nazirlik tərəfindən
qəti tədbirlər görülür. Ciddi ictimai nəzarətin
həyata keçirilməsi üçün aidiyyəti şəxslərə
və qurumlara tövsiyələr verilir. Biznes məqsədilə
meşələrdə ağacların qanunsuz kəsilməsi
və oğurlanması hallarının
qarşısının tam şəkildə alınması
üçün ictimai nəzarət və ictimai mühafizə
təşkil olunur. Hazırda qanunsuz ağac kəsmə
faktı ilə bağlı başlanmış cinayət
işi üzrə təqsirkar şəxslərin dairəsinin
tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə
cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir. Bütün fiziki və
hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi
hallarına yol verməmələri tövsiyə edilir və
bu kimi hallara yol verən şəxslər barəsində
qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri
görüləcək".
Azərbaycanda meşələrin ümumi sahəsi 1213,7
min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir.
Meşə ilə örtülü sahələr isə 1021
min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir.
Ölkənin ümumi meşə ərazilərinin 49 faizi
Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi
Talış dağlarının, 2 faizi isə aran
zonasının payına düşür. Ekoloji mühitin əsas
tərkib hissələrindən hesab olunan meşələr
qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin,
səhralaşma proseslərinin genişlənməsinin, bioloji
müxtəlifliyinin azalmasının, atmosferdə qaz
balansının pozulmasının qarşısının
alınmasında əvəzsiz əhəmiyyət kəsb
edir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 28 avqust (№153).- S.14.