Qarabağda izim qaldımı?!
Dünya bir pəncərədir,
Hər gələn baxar, gedər...
Hara gedər, atam balası, hara gedər? İnsan bu
dünyanın əzəlliyini özündən, gözəlliyini
gözündən keçirməmiş hara gedər?!
İnsanın bu torpağın üstündə iməkləməyi,
bu torpağa dirsəklənib ayağa qalxmağı, addımlamağı,
zümrüd meşələri seyr etməyi, uca dağlara
söykənib çölün-düzün təmiz
havasını ciyərdolusu içərisinə çəkməyi
var. İnsan oğlu bu dünyanı dərk etməmiş, bu
dünyanın iç üzünə bələd
olmamış, bu dünyanın astarını üzünə
çevirməmiş hara gedər? Dünyanın vərdişi
də, gərdişi də insanın içindən
keçir - dünya elə insanın özüdür...
İnsan öz ömrünü mənalı yaşayanda
gözəl olur. Bunu mən 70 yaşını qeyd etməyə
hazırlaşdığımız dostum-qardaşım, Azərbaycan
Jurnalistlər və Azərbaycan Yazıçılar birliklərinin
üzvü, Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomuna layiq görülən Salman Alıoğlunun
ömrünün görünən və yaşanan
anlarının qısa xronikasına diqqət yetirəndə
bir daha şahidi oldum. Şahidi oldum ki, əsl insan dünəni
ilə fəxr etməli, bu gününü şərəflə
yaşamalı, sabahını düşünməlidir...
...Salman müəllimin baxdığı bu pəncərənin
şüşələri adi şüşə deyil və
adi olmadığı üçün adi zərbələrdən
də dağılan deyil. Ona görə ki, o, vicdanının
gözü ilə bu pəncərədən baxır. O, pəncərənin
şüşəsi haqdan, ədalətdən, insanlıqdan
yapılmışdır. Adını unutduğum
yaradıcı şəxslərdən birinin dediyi kimi,
haqqın, ədalətin, vicdanın yaşa dəxli yoxdur.
Vicdan ölmür ki, haqq-ədalət korşalmır ki,
insanlıq dəbdən düşmür ki... Adətən, hər
hansı bir şəxs haqqında yazı hazırlanarkən
onun tərcümeyi-halı barədə məlumat verilir. Mən
də bu "klassik" metoddan istifadə edərək əsərimin
qəhrəmanını oxucularımızla, qısa da olsa,
tanış etmək istəyirəm.
Babayev Salman Alı oğlu (Salman Alıoğlu) 1
sentyabr 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində
anadan olub. Əliağalı kənd orta məktəbini, sonra
isə Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirib. Ağdam rayon "Lenin yolu" qəzetində
ədəbi işçi vəzifəsində işləyib.
1990-cı ildə "Qarabağ" qəzetində
publisistika şöbəsinin müdiri vəzifəsinə təyin
olunub. 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin orqanı olan "Respublika" qəzetində
jurnalist fəaliyyətini davam etdirib. 1996-cı ildə
"Respublika" qəzetinin Qarabağ bölgəsi üzrə
xüsusi müxbiri təyin olunub və uzun illər həmin vəzifədə
çalışıb.
1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin,
2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür. 1971-ci ildən dövrü mətbuatda
çıxış edir. Salman müəllimin indiyə kimi 5
mindən artıq məqaləsi 25 adda qəzet və
jurnallarda dərc edilib. O, jurnalist fəaliyyəti ilə
yanaşı, bədii-publisistik yaradıcılıqla da məşğul
olur. İndiyədək Qarabağ mövzusunda və müharbə
faciələrinə həsr olunan "Müharibə",
"Ayrılıq olmayaydı", "Bura Vətəndir",
"Göz yaşı qurumur", "Yeri görünən
insan", "Gözü yolda qalan var" adlı 6 kitabı
nəşr edilib. "Müharibə" kitabı 1995-ci ildə
bu mövzuda yazılmış əsərlərin müsabiqəsində
ikinci yerə layiq görülüb. Prezident İlham
Əliyevin bu il media nümayəndələrinin təltif
edilməsi haqqında Sərəncamı ilə Salman
Alıoğlu "Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu" ilə təltif edilib.
Həm publisistika, həm də bədii
yaradıcılıqla məşğul olan Salman müəllim
əsərlərində yaxşılığından
qalmayan, ürəklərdə gələcəyə inam
toxumunu cücərdən, haqq-say itirməyən, bütöv
həyatını vətəninin inkişafına həsr edən
insanlara xüsusi önəm verir. Müəllif həmişə
yuxarıya baxıb fikir edənlərlə deyil,
aşağıya baxıb şükür edənlərlə,
aş yoldaşı yox, baş yoldaşı olanlarla həmrəy
olub. Yazıçı-publisist Salman Alıoğlunun
yaradıcılığında Qarabağın
işğalı, qədim yurd yerlərindən didərgin
düşən insanların taleyi, erməni faşizminin qəddarlığı,
qarabağlıların üzləşdiyi haqsızlıq və
30 ilə yaxın Ermənistanın işğalı
altında inildəyən torpaqların harayı və tarixi Qələbə
geniş təsvir olunub. Bunu müəllifin stolumun üstündə
olan "Gözü yolda qalan var" (Bakı, "Maarif",
2019) kitabında çap olunan publisistik məqalələrin sərlövhələrində
də görmək mümkündür - "Qarabağın
göz yaşları", "Xocalı strateji hədəf
kimi", "Xocalı faciəsinə gedən yol",
"Qaradağlı faciəsi: unudulmayan kədər",
"Mənəvi və maddi dəyərlərin nisgilli
ünvanı - Ağdam", "Deportasiya,
qaçqınlıq, məcburi köçkünlük",
"Füzuli - qələbəyə aparan yol",
"Laçın - qeyrət qalamız" və s. Hər
sözünün, hər bir kəlməsinin əvvəli də,
axırı da Azərbaycanın ərazi
bütövlüyünün bərpası, Qarabağın
işğaldan azad edilməsi olan Salman müəllim 30 ildir
haray çəkirdi, dünya ictimaiyyətinə
çatdırmaq istəyirdi ki, Ermənistan ordusu Azərbaycanın
20 faiz torpağını işğal edib, bir milyon
soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Ermənistanın
işğalçı ordusu Azərbaycanda soyqırımı
törədib. Soyqırımı Azərbaycan xalqına
ölçüyəgəlməz dərəcədə
siyasi, maddi və mənəvi zərbələr vurub. XX əsrdə
azərbaycanlılara qarşı terror aktları, deportasiya,
soyqırımı, qətllər, qarətlər dünya
ictimaiyyətinin gözləri qarşısında baş
verib.
Salman müəllimin dedikləri intiqam
üçün deyil, yaddaş üçündür. Müəllifin
yazdıqları laxtalanmış yaddaşların durulması
üçündür, donmuş hafizələrin itilənməsi
üçündür. Tarixinə və taleyinə yadellilər,
işğalçılar, daşnaklar, separatçılar tərəfindən
ağır zərbələr vurulan xalqımız heç
zaman davranışını, qayğıkeşliyini,
insanlığını, mərhəmətini itirməyib,
qisasçılıqdan, etnik nifrətdən, kin-küdurətdən
həmişə uzaq olub. Çox təəssüf ki, vaxtilə
torpaqlarımıza köçürülən şovinist ermənilər
bütün bu insani keyfiyyətlərdən məhrum olublar,
azərbaycanlılara qarşı terroru, təxribatı,
işğalı, soyqırımını iki əsrdən
çoxdur ki, davam etdirirdilər. Düşməni
dayandırmaq lazım idi, azğınlaşan haylara zərbə
vurulmalıydı, onların kirli və məkrli niyyəti,
"miatsum" xəyalları, çirkin xülyaları məhv
edilməliydi. Şəhidlərimizin qisası
alınmalıydı, onların qanı yerdə
qalmamalıydı. Azərbaycan tarixində belə sərrast,
cəsarətli, düşünülmüş, hünərli,
cəsur bir addımı Prezident İlham Əliyev atdı və
bu addım qələbələrin zirvəsini təşkil
etdi. Azərbaycanın II Qarabağ müharibəsində
qazandığı şanlı qələbə Ermənistanda,
bütün erməni cəmiyyətində, hayların diaspor
və lobbiçilərində, bir sözlə, ermənipərəst
qüvvələrdə ağılları başdan
çıxaran təlatüm yaratdı, bir vaxtlar
"miatsum" qışqıran kütlə komaya
düşdü.
Yazıçı-publisist S.Alıoğlunun
sözünün canı budur ki, kişinin birinci vəzifəsi
vətənini qorumaqdır. İnsan ləyaqətini, şərəfini
və namusunu ifadə edən keyfiyyətlər içərisində
Vətən sevgisi xüsusi yer tutur. Hər bir şəxs
çalışmalıdır ki, həm özü, həm də
övladı hansı peşəni seçməyindən,
harada, hansı vəzifədə işləməyindən
asılı olmayaraq, həm fiziki, həm də mənəvi cəhətdən
vətənini qorumağa qadir olsun və onların qəlbində
vətənpərvərlik dərin kök salsın.
S.Alıoğlunun əsərlərini oxuyanda bir daha əmin
olursan ki, hər bir kəs vətəninə yaxşı
övlad olmalıdır. Yaxşı övladlar yalnız əslinə-nəcabətinə
deyil, bütün xalqa məxsusdur. Əlinə yox, dilinə
güc verənlər, söz verib dilindən asılı
qalanlar, çaxırı içib paxırı açanlar,
hamını öz arşını ilə ölçənlər,
dadandığı yerin dadını qaçıranlar, yuxa
qulağı sulayanlar, bir budaqda oturub min budağı silkələyənlər
S.Alıoğlunun əsərlərinin gülüş hədəfidir.
Onun əsərlərinin qəhrəmanları vətənpərvər,
səxavətli, alicənab, rəhmdil adamlardır. Bu qəhrəmanlar
həyatdan əli üzənlərin, ümidi havadan
asılı qalanların, sabaha inamı öləziyən
insanların qəlbində ümid toxumunu cücərdir,
onların gələcəyə inamlarını
ovxarlayırlar. Bəşəriyyətə xidmət, cəmiyyətin
inkişafına dəstək müəllifin həm şəxsi
həyatını, həm də
yaradıcılığını rövnəqləndirən
ən ali prinsipdir. Vətəninə, el-obasına qəlbən
bağlı olan müəllifin əsərlərinin qəhrəmanlarında
vətəndaşlıq hissi daha güclüdür. Bu qəhrəmanlar
ana yurdun daşını-kəsəyini, adi qanqal özəyini,
tozunu-torpağını, hər saralmış
yarpağını hər şeydən üstün tuturlar.
Dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərə
ehtiram S.Alıoğlunun oxuculara aşıladığı,
tövsiyə etdiyi yüksək hisslərdir. Sevindirici
haldır ki, Salman Alıoğlunun mövzu, məzmun, mündəricə,
hadisələrə yanaşma tərzi ilə seçilən əsərlərində
Qarabağ ruhu, Qarabağın ab-havası qırmızı xətt
kimi özünü bariz şəkildə göstərir.
Salman müəllimin yaradıcılığına hansı
prizmadan yanaşırsan yanaş, fərq eləmir,
tanıyanların və oxucularının gözləri
qarşısında möhtəşəmliyi ilə
seçilən bütöv bir kişi, kamil bir
yazıçı ömrü canlanır. Dostum Salman
Alıoğlu hərdən özünə sual verir: görəsən,
Qarabağda izim qaldımı?! Onu tanıyanlar isə cəsarətlə
deyirlər, bəli, o torpaqlarda izin qalıb. Bu gün
Qarabağın sevincini yaşayan, tez-tez doğulduğu
Ağdama, Kolanı obalarına səfər edən, ata yurdunda
ocaq yandıran Salman müəllimin 70 yaşı tamam olur.
Azad Qarabağda görüşmək arzusu ilə onu səmimi
qəlbdən təbrik edir, möhkəm
cansağlığı, yaradıcılıq uğurları
diləyirəm.
Faiq ŞÜKÜRBƏYLİ,
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 28 avqust (№153).- S.13.