Azərbaycan-Vyetnam münasibətləri:
əməkdaşlıq və tərəfdaşlıqda yeni
inkişaf mərhələsi
Yaşadığımız dövrdə Azərbaycan
Respublikasının dünya ölkələri ilə
diplomatik əlaqələri durmadan inkişaf edir. Bu istiqamətdə
2025-ci ilin 7 may tarixində Azərbaycan və Vyetnam arasında
diplomatik əlaqələrin daha da dərinləşməsi
baxımından mühüm əhəmiyyət kəsb edən
Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi
Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi
səfəri iki ölkə arasında strateji əməkdaşlığın
yeni mərhələsinin əlamətdar hadisəsi idi. Bu əlamətdar
hadisənin davamı olaraq 2025-ci ilin 26-29 iyul tarixlərində
Bakıda "Vyetnam Günləri"nin say etibarilə
üçüncüsü keçirildi ki, bu dostluq tədbiri
müasir əməkdaşlığın, strateji tərəfdaşlığın
tam məzmununu ehtiva edirdi. Azərbaycanda "Vyetnam Günləri"nin
keçirilməsi Hanoyda Azərbaycan-Vyetnam iqtisadi-ticarət və
elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın 3-cü iclasında qərarlaşdırılmışdı.
Qeyd edək ki, bu tarixi tədbirin keçirilməsində
ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadənin
mühüm rolu və təşəbbüskar fəaliyyəti
vardır. Qeyd edək ki, Şövqi Mehdizadə Azərbaycanla
Vyetnam arasında tarixi dostluq əlaqələrinin müasir mərhələsinin
inkişafında müstəsna xidmətləri olan əsl vətənpərvər
ziyalılarımızdandır.
"Vyetnam Günləri"ndə Azərbaycan-Vyetnam
münasibətlərinin tam simasını ortaya qoymaq məqsədilə
mədəniyyət, incəsənət, musiqi, rəssamlıq,
elm kimi sahələrdə əməkdaşlıqların
müasir mərhələyə qədəm qoyması məqsədi
ilə Vyetnamdan çoxsaylı qonaqlar- musiqiçilər, rəssamlar,
yazıçılar, alimlər, iş adamları və rəsmi
şəxslər Bakıya səfərə gəldilər. Tədbirlər
2025-ci ilin iyulun 26-sı Vyetnam nümayəndə heyətinin
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki
(ADNSU) Vyetnamın xalqının Lideri Prezident Ho Şi Minin
Memorial otağının ziyarət etməsi ilə
başlanıldı. Qeyd edək ki, bu görüşün
tarixi təməlləri vardır. Hələ 70-80-ci illərdə
Vyetnam neft sənayesinin aparıcı mütəxəssisləri
məhz Azərbaycan Sənaye İnstitutunda, indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universitetindəki (ADNSU) təhsil
alaraq ölkələrinə peşəkar mütəxəssislər
kimi dönmüşlər. Memorial otaq 7-8 may 2025 tarixlərində
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş
katibi To Lamın Azərbaycana səfəri zamanı
Vyetnamın PetroVyetnam və SOCAR şirkətinin təşəbbüsü
ilə açılmışdı.
"Vyetnam Günləri"nin açılış
mərasimi Bakının mərkəzində, doğma
İçərişəhərimizdə Qız Qalası
meydanında - konsert və kulinariya proqramı ilə
başladı. Gün ərzində qonaqlara ənənəvi
Vyetnam çayı və qəhvəsinin dequstasiyası,
Vyetnam rəssamlarının əsərləri və hədiyyələr
təqdim edildi. Vyetnam aşpazları, kulinarları Azərbaycan
mətbəxinin ləziz yeməkləri, keyfiyyətli ərzaq
məhsulları haqqında düşüncələrini
paylaşmaqla birlikdə öz milli mətbəx məsələlərində
həssaslıqlarını nümayiş etdirdilər. Qeyd
etdilər ki, Vyetnam mətbəxinin Azərbaycan xalqına tam
ləzzəti ilə təqdim olunması üçün
onlar hazırlanan yemək və içəcəklərin ərzaqlarını
Vyetnamdan gətirmişdilər.
"Vyetnam Günləri"nin açılış
mərasimi axşam saatlarında Qız Qalası meydanında
Azərbaycan Səfirliyi, "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və
Hanoy Ticarət və Turizm Kollecinin birgə təşkilatçılığı
ilə həyata keçirildi. Tədbirdə Azərbaycan
Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov,
energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycan-Vyetnam
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri, millət vəkili Hicran
Hüseynova, qrupun digər üzvləri, millət vəkilləri,
ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
İsa Həbibbəyli, Milli Elmlər Akademiyasının
Vyetnam ədəbiyyatının
araşdırmaçıları və "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri
Rüfət Mahmud, həmçinin şəhərimizin sakinləri
və turistlər iştirak edirdilər.
"Vyetnam Günləri"nin açılış
mərasimində İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin
sədri Rüfət Mahmud iki ölkə arasında münasibətlərin
dostluq və qardaşlıq çərçivəsində
inkişaf etdirilməsinin iki qədim Şərq mədəniyyətinin
biraraya gəlməsi kimi əlamətdar hadisə olaraq qiymətləndirərək,
üçüncü dəfə keçirilən bu tədbirlərin
ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın
gələcək əməkdaşlıqlara yol
açdığını qeyd etdi.
Açılış tədbirində
çıxış edən Vyetnamın Siyasət İdarəetmə
və İnkişaf Strateji İnstitutunun (IPADS) direktoru
xanım Le Nquyen Thien Nqa, Hanoy Ticarət və Turizm Kollecinin
direktoru Trinh Thi Thu Ha (Vyetnam nümayəndə heyətinin rəhbəri)
təəssüratlarını ifadə edərkən ölkələrimiz
arasında elan olunmuş strateji əməkdaşlığın,
keçirilən tədbirlərin mühüm əhəmiyyətini
qeyd etdilər.
Açılış mərasimində həmçinin
Azərbaycanın tanınmış sənət adamları tədbirin
rənagarəng keçirilməsində yaxından iştirak
edərək sənət körpülərinin inşa edilməsinə
öz töhfələrini verdilər. Vyetnamın milli geyimlərinin Au Zay
(Ao Dai) təqdimatından sonra Vyetnamın tanınmış
ifaçıları Nguyen Dinh Hao, xanım Ngo Huong Diep,
xanım Phan Thi Minh Chau və xalq artisti xanım Fidan
Hacıyevanın iştirakı ilə konsert proqramı
baş tutdu. Saatlarca davam edən, coşqusunu, ünsiyyət hərəkətliliyini
qoruyan tədbirlər çərçivəsində
iştirakçılara Vyetnam mətbəxinin ləziz təamları
təqdim olundu. Bolluq və bərəkətin,
mehribanlığın, mədəni qaynaşmağın
timsalına çevrilmiş tədbirdə qonaqlar səmimiyyətlə
sonuna kimi iştirak etdilər.
"Vyetnam Günləri"nin
qarşılıqlı qonaqpərvərlik ənənələri
əsasında reallaşan tədbirləri çərçivəsində
Azərbaycan Respublikasının Energetika Nazirliyi,
"İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq
üzrə Azərbaycan-Vyetnam hökumətlərarası
komissiya"nın Azərbaycan tərəfindən həmsədri
cənab Pərviz Şahbazovun adından qonaqlara və
iştirakçılara ziyafət verildi.
İştirakçısı olduğum əməkdaşlıq
tədbirləri Vyetnam nümayəndə heyətinin, möhtərəm
qonaqların Heydər Əliyev Mərkəzini, Azərbaycan
Dövlət Televiziyası, Milli Elmlər Akademiyasını,
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyini (ASAN Xidmət), İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzini,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsini,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzini,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzini ziyarət etmələri
ilə davam etdi. Həmçinin Vyetnam alimləri Milli Elmlər
Akademiyası Rəyasət heyətində akademik İsa Həbibbəylinin
qonağı oldular. Azərbaycan-Vyetnam çoxtərəfli
münasibətlərinin elmi əməkdaşlıqlar çərçivəsində
davam etdirilməsi yönündə keçirilən
görüş elmi əməkdaşlıqların gələcək
perspektivlərini müəyyənləşdirdi. Azərbaycan
Milli Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsində Vyetnam ədəbiyyatının,
ayrı-ayrı şairlərin və
yazıçılarının
yaradıcılıqlarının ədəbi əlaqələr
kontekstində öyrənilməsi, kitab və elmi məqalələrin
çap olunması qonaqları olduqca sevindirdi. Əsərləri
dünyada tanınan Vyetnamın tanınmış dedektiv
yazarı xanım Nguyen Dieu Linh, Hanoy universitetinin professoru
Nguyen Van Chien elmi-ədəbi əməkdaşlıqların
inkişaf etdirilməsi yönündə təkliflərlə
çıxış etdilər.
Qeyd edək ki, Hanoy universitetinin professoru Nguyen Van Chien
ikinci dil olaraq rus dilindən istifadə etməklə Azərbaycan
ədəbiyyatından seçmə tərcümə əsərləri
ilə tanınır. Görüşdə vyetnamlı elm və
ədəbiyyat adamları Hanoy universitetində
"Türkologiya", "Azərbaycan ədəbiyyatı"
kafedralarının yaradılması təşəbbüsü
ilə çıxış etdilər. Bu təklifi rəğbətlə
dəstəkləyən akademik İsa Həbibbəyli
yaradılacaq bölümlərin kitablarla təmin edilməsində
və digər məsələlərdə əlindən gələni
əsirgəməyəcəyini söyləyərək
mütəşəkkir düşüncələrini ifadə
etdi.
26-29 iyul 2025-ci il tarixlərində Azərbaycanın
Vyetnamdakı Səfirliyinin təşəbbüsü ilə
gerçəkləşən "Vyetnam Günləri"
Bakı şəhərinə çox sayda dağlar, vadilər,
çaylar və sahil xətləri ilə zəngin olan Şərqi
Asiyanın tarixi, mədəniyyəti, ekzotik təbiəti ilə
seçilən ölkəsi olan Vyetnamın nəfəsini, mədəniyyətlər
qovşağı olan ölkənin ruhunu gətirdi. Azərbaycan
və Vyetnam xalqını həmçinin ruhsal bağlar,
milli mənəvi dəyərlər birləşdirir. Azərbaycan
və Vyetnam xalqını ümumi ortaqlığını
yaradan amillərdən biri əzmkarlıq ruhudur, vətənpərvərlik
ruhu, döyüş ruhu, vətəni üçün
bütün sədləri aşmağa qadir olan milli
mücadilə, milli müqavimət ruhudur. Ümidvaram ki,
xalqlarımızı birləşdirən əzmkarlıq ruhu
ölkələrimizin çoxtərəfli münasibətlərinin
inkişaf etdirilməsində, əməkdaşlıq və tərəfdaşlıq
missiyalarının layiqincə reallaşmasında, gələcək
perspektivlərin yolunun aydınlanmasında hər zaman mənəvi
təməl olacaq.
Sevda MƏMMƏDOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin böyük elmi işçisi
525-ci qəzet .- 2025.- 28 avqust (№153).- S.12.