Gerçək-yalan
arasında... büsbütün Şair
"Ey Füzuli, intihasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, həqq adilə
qılsan ibtida"
Yüzlərlə, onlarla və tək-tək.
Yenə də yüzlərlə, onlarla və yenə
də tək-tək.
Şeir və şairlər də fərddən şəxsiyyətə
aparan yolu keçirlər. Hər ikisində son olaraq ədəbiyyat
cəmləşir, başqa sözlə, xalqın ruhu,
xalqın dünyagörüşü. Kəmiyyətcə ədədi
artan, keyfiyyətcə həndəsi azalan silsilədə
yüzlərlə, onlarla ad seçmək, imza ayırmaq
mümkündür, amma yüzlərin, onların arasında tək
- tək adlar, imzalar var ki, mənsub olduğu xalqın, millətin,
qövmün adına qeyri-rəsmi elçi statusunu,
haqqını qazana bilər. Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev, Mirzə Cəlil, Sabir, Üzeyir
bəy, Səməd Vurğun - ən mürəkkəb,
qarışıq XX əsrin millət - insanları.
Bu gün də ədəbiyyatımızın
seçilən və sevilən adları var ki, onların hər
biri xalqın adına qarşı hər cür qərəzi,
soyuqluğu silə biləcək qədər
güclüdür, Azərbaycan adına olan hörmətin və
ehtiramın halallığına söykəkdir, Azərbaycan
ziyalılığının modeli anlamındadır.
Çox olmasa da, adlar sadalamaq mümkündür, amma millətin
siması deyə yada düşən, ilkin fikrə gələn
bir ad var ki, bu ad çəkiləndə subyektivlik
hökmü əlinin dalını qoyur yerə...
Bəxtiyar Vahabzadə - şair, müəllim,
dramaturq, akademik... bütün bu təyinlər çoxdan
bir-birinə qarışıb, bir-birində itib, vətəndaş
sözü məhəlli çərçivəsindən
çıxıb, türkçü də demək düz
deyil ona - Bəxtiyar Vahabzadənin Türk Dünyasına mənsubluğunu
da vaxtdan soruşmaq olmur. Ancaq Millilik adında bir
anlayış var ki, Bəxtiyar Vahabzadə onu - kimliyi- pasportu
kimi həmişə özü ilə gəzdirib.
Ömrün qüruba əyilən çağının
Yoxuşa dirənib ömür karvanım,
Özümə yük olub mənim öz canım
peşmanlığındasa, canı qınamağa da
qıymırsan:
Hər gün bir təzə dərd çıxdı
qarşıma,
Bir gecə yatmadım köhnə dərdlə mən...
Yaşın ixtiyar çağının dərdləri
ovudacaq məlhəmi, olsa-olsa, ibadətdi:
İlahi, hökmünlə qaldır göylərə,
İslam bayrağını, türk millətini.
Ürək dolusu "Amin" dediyində bu səsin
üsyan, etiraz notlarınıda xatırlayırsan və
böyüyə qayıtmağı qəbahət bilən
düşüncə etiraz istəyini də boğa bilmir qəbahətə
sürükləyən bu misralara:
Millətim bədbəxtsə, mən hansı haqla,
Mən hansı ürəklə bəxtiyar olum?
Siyasətlərin-rəyasətlərin dolaşıq
dövranında, baş-ayaq zəmanədə milləti millət
mərtəbəsində saxlayan Bəxtiyar şeiri olub:
Millət millət olur xeyri-şərilə...
Millətin simasını itirmək qorxusunu
sovuşduran azadlıq, mübarizə ruhunu millətə
ağsaqqal xəbərdarlığı aşılayıb:
Xalq yanmasa, dönüb millət olammaz!
Ağsaqqal xəbərdarlığı məişət
müdrikliyindən millət fəzilətinə
körpüydü.
Külfətdə tirəlik - didişmədirsə,
Millətdə tirəlik - fəlakətimiz.
Əlbəttə, şeirin, ədəbiyyatın cəmiyyət
həyatında, insanların düşüncəsində,
xalqın ruhunda dərin və əsaslı keyfiyyət dəyişikliklərində
başlıca və həlledici stimul olmasına,
şüurları manipulyasiya gücünə sadəlövh
inam vaxtı çoxdan keçib.
Zora təslim olan torpaq
Qaytarılmaz söz gücünə.
Amma Sözün gücünü inkar etmək, qəbul
etməmək, ona göz yummaq da düzgün olmazdı, ən
azı ona görə ki, xalqın ruhu buna köklənib, ruha
sinəni silmək, birdən silmək, qoparıb atmaq çətindir,
həm də söz yiyəsinin el arasında urvatı, yeri də
şərtdəndir. Bayatılarımızı xatırlayaq;
sanki bəlanı, ağrını, qəmi ruhundan, qəlbindən,
varlığından sıyırıb-silkələyib atmaq və
bundan qəti qəraracan olan adaptasiya dövründə
stimuldur bayatı. Hələ dərketmə, nəqletmə
dövrüdür, hələ diaqnoz qoyulur, nəticə
ümumiləşdirilir.
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
Yazılı ədəbiyyatımızın bir
bayatısı da 1959-cu ildə yazılmışdı. Fəlakətimizin
kökünü, bəlaların himini Bəxtiyar Vahabzadə
"Gülüstan"da aramağa başlamışdı. Bəxtiyarın
qalib ideologiyaya, yad ağalığına
"qaşqabağı"nın səbəbi şair
düşüncəsindən deyildi. Ailəsi sosializmə
"üz göstərməməsi-nin" altını
çəkmişdi, qohum-əqrabanın yurddan qaçaq
düşməsi, ayrılıq deyilən ağrını
lap erkən yaşlarından dadması onu ayıltmışdı...
XX əsrin əvvəllərində bir əyalət şəhərində
şahidi olduğu zülmün ipinin ucu eşilə-eşilə
"Gülüstan"a çıxırdı.
Əslində, əsrin sonunda Meydana aparan yolu da
"Gülüstan"dan başlamışdı bu
xalqın.
"Gülüstan" Bəxtiyarı millətin vəkili
edəndə şairin siyasətə yolunun möhürü
vurulmuşdu.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə əlim yetməyir?
Bəxtiyar Vahabzadənin siyasətçiliyi ilə bu
günün "siyasətçi" anlamı tamam
başqa-başqadır.
İstiqlal üçündü mənim
savaşım,
Sizin savaşınız iqtidar üçün.
Şair bu savaşdan zəfərlə
çıxdı, istiqlalı hər üzünə
qazandı - Azərbaycanın istiqlalını da gördü,
müstəqil respublikanın ali mükafatı -
"İstiqlal" ordeni ilə də təltif olundu. Bu
söz həm də şairin yaradıcılığında
xüsusi tədqiqat tələb edən mərhələyə
ad oldu. İstiqlal, Azadlıq onun
yara-dıcılığından, ədəbiyyatşünasların
çox sevdikləri terminlə desək,
"qırmızı xətt kimi keçir"
Bir məsələni qeyd etməmək olmur. Bəxtiyar
Vahabzadə istiqlal zəfərindən məst olmadı, əlini
ürəyinin üstünə qoyub, papağı yan gəzmədi.
Onun yaradıcılığını, 90-cı illərdən
üzü bu yana izləyənlər təsdiq edərlər:
Bəxtiyar heç vaxt bunca kəskin yazmadı, əvvəlki
mübariz qəzəbin yerini əzici ağrı,
üzücü nigaranlıq tutdu:
Qandal açılsa da qollarımızdan,
Köləlik hələ də beynimizdədir.
Şair aqilliyinin qərarıdır: bu mərəzdən
xilas yolu kürsülərdən keçmir.
Çatdıq istiqlala... Elə o gündən
Mən endim xitabət kürsülərindən.
Masama əyilmiş o vaxtdan başım,
Sözümü qələmə vermişəm bu
gün.
Haqsızlığın, mənəviyyatsızlığın,
tərəzinin gözünü əyən vəziyyətin ən
kritik məqamında Bəxtiyar Vahabzadə yada
düşdü. Qəribədir, əzən də, əzilən
də, döyən də, döyülən də, söyən
də, söyülən də Bəxtiyara üz tutur, onu
öz tərəfində, öz yanında görmək istədi;
sıra yoldaşı kimi yox, həm də Söz kəsən
kimi!
Bəxtiyarsa hər çalınana nə vaxt
oynadı ki?! Şairin qəlbi tərəfkeş
alqışlara susamadı, tərəfsiz və qərəzsiz
yolda oldu:
Atalar düz deyib: "Yerində susmaq,
Yersiz danışmaqdan min qat gözəldir!"
Onu meydanlara əl üstə gətirənlər - səbəbini
yüz yerə yaza, min cürə yaza - şairini
qınamağa da qıydı hərdən. Əslində, bu
münasibət də... sevgidəndi. Qınağın
kökü, mayası sevgidi. Xalqın şairə məhəbbətinin
böyüklüyündəndi - "susmağına"
görə suçlanması. Hərə özü kimi sevir:
aqil aqilcəsinə, nadan - nadan kimi! Neyləyək, hələ
ki insan kimi sevməyi öyrənməmişik. Hələ ki
asanla baş girləyirik:
Səsin fəryadını dinləmək asan.
Dərinə getməyə ərinməsək, bilərik
ki, qələmin fəryadı bizə yetmirsə, günah
yazanda deyil, yozandadı və hamımız susanda
"qışqıran", "dişiylə daş
qıran" şairin qınağı üz qızardar:
Dünən boğazımdan asılan zaman,
Bugünkü igidlər, hardaydınız siz?Yaxud
soruşanda ki:
Başımın üstündə cəllad xəncəri,
Zordan çəkinməyib mən haqq istədim.
Qınayıb yurdumu qəsb edənləri,
Qəsbkara qarşı müxalif idim,
Müxalif olmağa indi nə var ki...
- haqlı deyildimi?!
Amma bu yozmaların qısa və qəti cavabı
vardı və bu cavab "özünümüdafiə",
özünü təmizəçıxarma cəhdi deyildi,
"Allahını unudanlara" Zamanın
xatırlatmasıydı:
Dinənin dilini çıxaran zaman
Dedik sözümüzü, dedik qorxmadan.
Varsa insafınız, haqdan dönməyin,
Düşünün dünəni bircə
anlığa.
Dürtüb gözümüzə çox güvənməyin
Bugünkü iznli qəhrəmanlığa.
Münsif haqqını Bəxtiyara O özü verdi -
bir şair ömrünə şahid olmuş Zaman"! Bəxtiyarsa,
hər şeyə rəğmən, millətinin divanəsidi.
Bu divanə sevgi onun gözünü bağlamadı, əksinə,
millətin gözünü açmağa yandı. Şair Bəxtiyar
Vahabzadənin müxalifliyinin mayasında millətini... elə
millətin özündən qorumaq (!) dururdu:
Özünə qısqancdır, öz
övladını
Özgə bəyənməmiş, özü bəyənmir.
Onun etirazının kökü başqadır:
Vəzifə eşqinə, mənsəb eşqinə
Qardaş qardaşına güllə atırsa,
...Vətən övladları biri-birinə
Efirdə, qəzetdə böhtan atırsa,
...Belə azadlığı istəmirəm mən,
Belə azadlığı istəməz Vətən!
Amma şairin "susmağında" utanclar da
günahkardı:
Çadırlarda
Donan körpə balalardan utanıram,
...satqına yox, satqınlığa utanıram.
Onu xəcil edən utanclar da bir deyildi, beş deyildi...
Hərdən qələmi aciz-əlacsız
dönürdü:
İndi adamları öldürmür ölüm,
İndi adamları həyat öldürür.
Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasında, ədəbiyyat
tarixində rolu həm də odur ki, o, Səməd Vurğun ədəbi
məktəbinin fəlsəfi məzmununu yeni çalarla zənginləşdirdi.
Bəli, Bəxtiyar Vahabzadə bu məktəbə mənsubdu,
eyni zamanda, onun yaradıcılığı
bütövlükdə həm də orijinaldır, mərhələdir.
Təkcə ona görə yox ki, bu yaradıcılıq həyat
həqiqətlərini yüksək bədii-estetik, poetik
ustalıqla verməyin kamil nümunəsidir, bu
yaradıcılıq "sadəlikdə
böyüklük" fəzi-lətinə vaqif olmağa
çəkir adamı. Bədiiliyin, xəlqiliyin gücü
ilə yanaşı, fəlsəfəsinin milli təfəkkürün,
bəşəri dəyərlərin zənginləşməsinə
xidmətilə möhtəşəmdir bu
yaradıcılıq.
lll
"Öz hissini dustaq eləyən bəxtiyar
olmaz" - qənaəti ilə bu qədər zəngin fikir
poeziyası yarada bilmək necə mümkün olub?
Görünür, burada şair sözü qabağına təyinsiz
ötüşmək olmayacaq və vətəndaş-şair
ifadəsi Bəxtiyarın poeziyasında balıq-su
cütlüyünü yada salırNiyəsini şairin
özünü ittihamlarından görə bildik bəlkə?
Döşəyimin istisi bəs niyə sancmır məni?
Mən ki, bilirəm indi çadır körpələrinin
Soyuqdan əsdiyini.
...Bilmirəm kim utansın indi mənim yerimə?
Qıyardımmı bu zülmü mən öz nəvələrimə?
Nəvələrim deyilmi bəs bu qış gecəsində
Damsız qalan körpələr?
Bu niyənin cavabını Bəxtiyar bilmirsə, biz
haradan biləcəyik?
"Çoxdur günahları ömür yolumun"
Neylərəm bu sözü mənə el desə?
Deyəsən, bu suala cavab vermək
mümkündür.
Daha doğrusu, bu suala hacət yoxdur:
Bəxtiyar elə bəxtiyar şairdir ki, onun milləti
məhz Bəxtiyar kimi şairinin müasiri, xələfi
olduğu, ola biləcəyi üçün özünü
bəxtiyar sayır.
Qaldı günahlara...
Səhvlərdən, günahlardan kim xalidir ki?
Günahlandırmaq üçün haqq qazanıla gərək.
Günahkarı, günahı ayırd etmək bəndə
işi deyil... Bəndələr başqa cür
düşünür. Bəxtiyar Vahabzadənin sənətkarlığı
və şəxsiyyəti haqqında, deyəsən,
bütün gözəl sözlər deyilib. Bütün o
gözəl sözlərin şəhdi isə, bu gün məhəlli
mənsubluqdan çıxarıb şairi:
"Bəxtiyar bütün türk
dünyasının ortaq səsi, sevən ürəyi,
aydın üzü və gözəllik cizgisi, rəmzidir"
(Yavuz Bülənd Bakilər).
lll
Bəxtiyar Vahabzadənin çoxlu şeirləri var
ki, onlar çoxdan xalqın yaddaşına köçüb,
elə bəndləri, misraları var ki, aforizm haqqı
qazanıb.
Bəxtiyar Vahabzadənin dramaturgiyası Azərbaycan
teatr tarixində xüsusi səhifədir və müasirləri
olan dramaturqların yaradıcılığından bu
xüsusi səhifə vətəndaşlıq mövqeyi, vətənpərvər
ruhu ilə - ardıcıl və davamlı tarixi-fəlsəfi
konsepsiyası ilə fərqlənir. "Fəryad",
"Rəqabət", "Özümüzü kəsən
qılınc..." pyesləri ilə Bəxtiyar
tamaşaçını "Sən kimsən?" sualı
ilə baş-başa buraxır, "Özünü,
kökünü tanı" yolunda qoyur.
Bəxtiyar Vahabzadənin poemalarının ədəbiyyatımızda
yeri haqqında danışmağa da ehtiyac yoxdur, sadəcə,
onu demək lazımdır ki, onun bütün poemaları ədəbiyyatımızda
kəmiyyət faktı, statistika göstəricisi yox,
xalqın ictimai-siyasi şüurunun, milli-azadlıq duyğularının
formalaşmasın-da, güclənməsində çox əhəmiyyətli
bədii-fəlsəfi stimul olub və ədəbiyyatımızın
dəyərli nümunələri sırasındadır bu
gün. "Gülüstan" poemasının ictimai-siyasi
dairələrdə və xalqın şüurunda
yaratdığı rezonansı xatırlatmağa ehtiyac yoxdur.
Az sonra "Yollar-oğullar"ın antisovet ruhunu "iyləyib"
tapdılar - bu dəfə "həmkar fəallığı"
ayıqlıq göstərmişdi. Başqa həmkarın
hökmü-nüfuzu şairi xilas etmişdi.
"Ağlar-güləyən"i Bəxtiyar Vahabzadə
Mirzə Ələkbər Sabirə həsr etmişdi.
Hansı qanunda var ki,
Bir xalqın ana dili
Dilim-dilim kəsilə,
Od içində yanasan,
Sənə yasaq edələr
"Yandım" deməyi belə?.....
ox, mən bağırmalıyam,
Yox, mən çığırmalıyam!..
80-ci illərdə yazdığı "Mərziyə"
poeması da "dil, millət" deyə,
"azadlıq" deyə fəryad edirdi. Bəxtiyar "Təzadlar"da
Vyetnamı tutalqa eləmişdi.
Millətimin dərdini ünvanlayıb özgəyə,
Başqasının yasında öz ölümə
ağladım.
60-cı illərin sonunda
Mənim sərvətimə cahan göz dikdi,Sərvətim,
dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi,
Əmək bizim oldu, bəhər özgənin.
("416").
- deyənin başını
sığallamırdılar.
Qənbər Hüseynlinin xatirəsinə həsr
etdiyi "İki qorxu" poeması Zamanın - insanı
riyakara döndərən Zamanın və İnsanın faciəsinə
həm ağıdır, həm ittiham...
Və nəhayət, ən yaxın tariximizin, şərəfli
tariximizin şərəfli səhifəsinə, həm də
qanlı səhifəsinə istiqlal aşiqinin Söz abidəsi
- "Şəhidlər" poeması... Elə bir azərbaycanlı
tapmaq çətindir ki, "Şəhidlər"dən
heç olmazsa 3-4 bənd əzbər bilməsin. "Şəhidlər"
Bəxtiyarın "millət birliyi", "milli-lik
anlayışı" arzularını cücərdən vətən
oğullarının qeyrətinə bəstələdiyi himn
oldu. Bizi 20 Yanvar faciəsindən illər ayırdıqca bir
daha əmin olursan: "Şəhidlər" təkcə ona
görə dildə-ağızda əzbərə çevrilmədi
ki, xalq ağrısını, qəzəbini, əzmini ifadə
edirdi, həm də ona görə ki, "Şəhidlər"i
o ağır vaxtlarda, faciəli günlərdə xalqın
yanında, xalqı ilə birlikdə olan, xalqın vəkili
olmuş vətəndaş-şair yazmışdı. Bu
haqqı qazanan insan!
Gedən oğulların, axan qanların,
Əvəzi su səpdi yanan qəlbimə.
Bu dəfə şair "zamanı və məkanı
dəyişməklə sözünü demək
üsulu" haqqında düşünmədi - Azadlıq
millətin qanından su içmişdi artıq!
Qoy qələm azad olsun.
Ürəyimin sözünü
Mən yazmaq istəyirəm,
Qələmin mübarək, ustad!
Mövzuya baxıb "mübarəkbadlığı"
qınamağa tələsirsiz? Nə deyə bilərəm,
amma əvvəl bu sözləri dinləyin, sonra...
Ələmlər bəstəsiyəm,
Mən arzumun səsiyəm.
Mənə dərman neyləsin,
Mən arzu xəstəsiyəm.
lll
Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş
mahnılar türk musiqi dünyamızın, musiqi mədəniyyətimizin
inciləri sırasındadır. Şəfiqə xanım
Axundovanın musiqisi ilə Bəxtiyarın şeirindən -
"Nədən oldu?" nəğməsindən Əli Kərimin
vəsiyyəti görünür, yəni belə "möcüzələr"
ayılda bilər insanı. Və onlarla belə
"möcüzə"... yaranıb musiqi ilə Bəxtiyar
şeirinin birliyindən.
Şeirlə mahnının möcüzəsilə
Ayılmağa
çox dəli bir ümidim var...
(Ə.Kərim)
Bəxtiyarın da belə bir... xahişi var:
Dəfn edin siz məni"Zabul-Segah"ın Mayəsinə,
Deyirəm, bəlkə məni bir gün
oyandırdı muğam.
Bəxtiyarın muğama sevgisi təkcə bu beytə
sığmayıb. Bəxtiyar muğama abidə ucaldıb,
muğamı xalqa sevdirib.
O, ürək yanğısı, göz yaşları,
bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı
muğam.
Xalq təfəkkürünün güzgüsü
olan muğam - "Çahargah",
"Bayatı-Şiraz","Segah", "Şur",
"Qatar", "Humayun"... öz fəlsəfəsini Bəxtiyar
qələminə etibar etdi.
Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə
qandırdı muğam.
Şairin bir sıra qəzəlləri də muğam
üstündə oxunur. Klassik qəzəl ustadlarının
yaradıcılığı fonunda Bəxtiyarın qəzəlləri
sadəliyi ilə seçilir. Bu qəzəllərdə ərəb-fars
tərkibləri yoxdur.
Gülü də sevdirən bizə ətirdi,
Gəl hikmət axtaraq söz gülzarında.
Nehru Hindistana bahar gətirdi
Qırçınlı, o köhnə hind
paltarında.
Bəxtiyar üçün dəyərlərin mahiyyəti
də zahiri görüntülərdə gizlənmir.
Duyduqca biləmmir nə imiş umduğu məndən,
Bir yol nə olar, duymaya, ancaq bilə könlüm.
Şair Bəxtiyarın insani məziyyətlərini səciyyələndirən
3 məqam:
"1950-ci ildə evim olmadığından toyumu
qonşunun evində eləmişdim. Bu toyda o zamanın elm və
sənət adamlarından yalnız 3 nəfər iştirak
edirdi: Mir Cəlal, Qasım Qasımzadə və Əziz Mirəhmədov.
Toyun tamadası Əziz müəllim idi. O, mənalı, məzmunlu
sağlıqları, incə yumoru, müdriklərdən dətirdiyi
misallarla mənim kasıb toyumu zənginləşdirirdi..."
"Sən sağlığında mənim
üçün ehtiyac idin. Sən o dünyaya köçməyinlə
mənim əlimdən bu ehtiyacı aldın... Niyə biz
insanlar xoşbəxt ikən xoşbəxtliyimizi anlaya bilmir, o
günlərin xoşbəxtliyini o günlər əlimizdən
çıxandan sonaranlayır və buna təəssüflənirik?..
Mən itirdiyim dostlarım, əzizlərim haqqında xatirə
yazarkən, yaxud onları sadəcə yada salarkən,
göyüm-göyüm göynəyir və yalnız o zaman
nə qədər böyük itkilər verdiyimi və indi tək
qaldığımı anlayıram. Təkliyin dəhşətlərini
yaşamaq və anlamaq isə, dünyanın ən
böyük əzablarındandır".
Meşələr sultanı, meşələr
şahı,
Aslanın özü də yalqız olmasın.
...Əziz Mirəhmədovu bu sözlərlə
anırdı Bəxtiyar Vahabzadə.
Görkəmli alim İsmixan Rəhimovu tanımayan, bu
zəngin, maraqlı taleli insanın repressiya olunduğunu bilməyən
yoxdur. Sürgündən qayıdanlara ovaxtkı münasibət
haqqında da çox yazılıb. Belə insanların keçmişində
işıqlı məqamlar özləri üçün
stimuldur, dinləyənlər üçün tanımaq
fürsəti. İsmixan müəllimin bu söhbətini
televiziya ekranından dinləmişdim: Sürgündən
qayıdan İsmixan Rəhimov küçədə Bəxtiyar
Vahabzadə ilə qarşılaşır. Fikirləşir
ki, çoxu kimi, o da görüşməyə ehtiyat edəcək.
Şairsə yaxınlaşır, sevinclə
görüşüb qucaqlaşır... Şairin o andakı rəftarı,
münasibəti sürgündən qayıtmış
"xalq düşməni" üçün çox
şey deməkdi, rəsmi bəraət qərarından da
vacibdi, əhəmiyyətliydi. Üstündən bir
ömür qədər vaxt keçəndən sonra
İsmixan müəllim xatirəsi ilə bir Bəxtiyar
Vahabzadə də tanıtdı onu dinləyənlərə...
Bir epizodsa yaxın illərin yaddaşındandır.
90-cı illərdə Ali Sovetin iclaslarının şouya,
dramatizmlə dolu səhnəyə çevrildiyi vaxtlarda,
"yıxılana" balta çalmağa mahir kəmfürsətlər
zamanında "ətəyində namaz
qıldıqları" insana "dərs keçməyə"
qalxışanda, bircə Bəxtiyar Vahabzadə Kişilik
göstərdi. Göstərdi ki, həmişə haqqı, ədaləti
qoruyub, vəzifəyə əyilməyib!
...Doğrudan da Şairdir - təpədən-dırnağa,
büsbütün Şair! Onu Şair edən, şeirə gətirən...
nə rejimə nifrəti olub, nə qəzəbi, nə də
mübarizə əzmi. Onu Şair edən... sevgidir.
Yox faidəsi, yoxsa əgər canda məhəbbət.
Yüz yol deyək ki, Bəxtiyar azadlıq fədaisidir,
filosofdur, alimdir, xeyri yoxdur, Bəxtiyar, hər şeydən əvvəl,
məhəbbət şairidir.
Sevgi bir oddur ki, düşsə qəlbinə,
Eylər öz-özündən dərbədər səni.
Bəxtiyar deyir ki:
Dünyaları öz hökmünə diz
çökdürən hakim,
Bir gözləri ahuya, gözəl dilbərə
möhtac.
60-70-ci illərdə Bəxtiyarın sevgi şeirləri,
məhəbbət etirafları dildən-ağızdan
düşmürdü. Kimin yadında deyil "Bir salama dəymədi",
"Unudam gərək", "Kölgəm qədər",
"Durna qatarı", "Gör necə güclüsən"...
şeirləri?! Bəxtiyarın sevgi şeirləri gənclərin
hisslərinə tərcümanlıq edirdi, etiraf-lara
çiyin verirdi, sənəmlərin qəlbini
ovsunlayırdı, aşiqə təsəlli olurdu, eşqin fəzilətindən
söz açırdı, dünyanı gözəlləsdirirdi...
Sevə bilirəmsə əgər ürəkdən,
Dünyanın ən gözəl adamıyam mən.
Məgər, sən, oxucu, "Bir salama dəyməyən
eşqə ölüm yarasdıranda",
"Ayrıldıq... Ayrılmaq istəmədən biz"
pesmanlığını yaşayanda Bəxtiyar şeirinin
üstünə qaçmadınmı? Məgər
unutmağın çəmini ondan soruşmadınmı?
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulam, təzədən gərək.
Məgər sən də onun kimi, nə vaxtsa məlum-məşhur
əfsanənin acı nəsibinə təəssüflənib
"Leylini Məcnuna, Zeynəbi Zeydə,
Baharın odunu qışa...
versəydilər... - ax, nə gözəl
olardı!" - fikirləşmədinmi? Sonralarsa həyatın
bu suala cavabını da Bəxtiyar şeirində
tapmadınmı?
Çiçəyə isti yox, bahar gərəkdir.
Heç olmayıbmı içində:
"Təbiətin hökmü olsaydı məndə,
Qanqalın ömrünü gülə verərdim"
Kimi bir iddia baş qaldırsın?
"Yaxud necə dəqiq tutub!" - deyə bu
misraları pıçıldamadınmı?
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən böyük ölçü sayardım!
Yoxsa elə bildin ki, "dünyamız dəyişsin"
deyəndə Bəxtiyar özünü fikirləşir?
Mənim gözlərimdə ağlayan dünya
Bu qızın gözündə gülür gör
necə.
...Qız yenə sevinsin, o dəyişməsin,
Dünyamız dəyişib yaraşsın ona.
Yox, qardaş, yox, insan, Bəxtiyar gərdişə
meydan oxuyurdu:
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var, ağladanda gül görüm.
Yox, qardaş, yox, insan, aldanma bu sözlərə:
Yalnız sona çatdıqda ömür, biz bunu
qandıq,
Başdan-başa çarpışmada, qovğada bu
dünya.
Hətta bu qaçılmazlıqda da Bəxtiyarın
Həyata, İnsana, Gözəlliyə məhəbbəti
aşıb-daşır, yaşamaqdan, sevgidən... zövq
almağa, ömrün hər ayının, hər
anının qədrini bilməyə
çağırışı eşidilir.
lll
Deyirlər, hər kəsin taleyi adında
kodlaşır. Bəxtiyara adı ata-ana verməyib, əslində,
ona bu adı Taleləri Yazan verib. Bu adla bahəm qəlbinə
şair qəlbinin dərmanını - dünyanın ən
böyük nemətini qıyıb - Sevgini. Bəxtiyar da ona
yazılmış ömrü bu sevginin gücünə
yaşayıb...
Ömrümüzü arzular gözəlləşdirmir,
ömrümüzü sevgi gözəlləşdirir, arzular
da sevgi olmasa çiçəkləmir.
İndi Bəxtiyar deyibsə də:
"Bir ondan razıyam ki,
Özümdən narazıyam",
çox dərinə getməyin. Bəxtiyar dopdolu bir
ömrü - gerçək-yalan arasında dövr edən həyatı
şair kimi, "eşqdən intihasız zövq bularaq"
yaşayıb.
Hər addımında Yaradanına
sığınıb.
Məgər sevgi
Yaradandan deyil?
Məgər sevə bilmək
səadət deyil?...
...!!!
Südabə AĞABALAYEVA
525-ci qəzet .- 2025.- 28 avqust (№153).- S.10-11.