Fialə Abdullayeva: "Azərbaycan dilini və mədəniyyətini
Amerikada tanıtmaq mənim üçün böyük fəxr
və məsuliyyət demək idi"
"Azərbaycan Dillər Universitetinin (ADU) dosenti,
filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayeva
ABŞ-nin İndiana Universitetinin dəvətilə 2025-ci ilin
20 may tarixindən etibarən iki aylıq müddətə həmin
universitetin Yay Dil Məktəbində Azərbaycan dilinin ilkin səviyyəsini
tədris etmək məqsədilə bu ölkəyə ezam
olunub. Ezamiyyətin əsas məqsədi amerikalı tələbələrə
Azərbaycan dilinin ilkin səviyyəsini öyrətməklə
yanaşı, Azərbaycan mədəniyyətini təqdim etmək
olub.
Fialə Abdullayeva ilə Amerika səfəri və
İndiana Universitetindəki fəaliyyəti barədə
müsahibəmizi təqdim edirik.
- Fialə xanım, İndiana Universitetində əsas
fəaliyyətiniz nədən ibarət idi?
- Hər şeydən öncə, onu qeyd etmək istərdim
ki, dünyanın təxminən 80-ə yaxın dilinin tədris
edildiyi İndiana Universitetinə dəvət almaq bir dil
mütəxəssisi kimi mənim üçün həmişə
şərəf və hədsiz dərəcədə
böyük məsuliyyət demək olub. Bu universitet tədris
ili ərzində tələbələrə ən çox tələb
olunan rus, ərəb, Çin dilləri ilə yanaşı,
fin, macar, rumın, çex, yapon, türk dillərindən
tutmuş Svahili dilinə qədər müxtəlif struktura
malik dilləri öyrənmək imkanı yaradır. Azərbaycan
dilinin ilkin səviyyəsini mənimsəmək
üçün amerikalı tələbələrə belə
bir şərait adətən Yay Dil Məktəbində təşkil
edilir. Bu yay da Azərbaycan dilini öyrənmək
üçün təklifi dəyərləndirən tələbələrin
qənaətbəxş sayı və əvvəlki müsbət
təcrübəmiz əsasında may ayının son
ongünlüyündən başlayaraq səkkiz həftə ərzində
dilimizi böyük həvəs və maraqla öyrənməyə
can atan bir qrup amerikalı tələbələrlə intensiv
onlayn dərslərimiz uğurla baş tutdu. Azərbaycan
dilinin incəliklərini məhz Azərbaycan mədəniyyətini,
həyat tərzini əks etdirən nümunələr əsasında
öyrətməyə çalışdım. Azərbaycan
dili ilə yanaşı, ölkəmiz, xalqımız və mədəniyyətimiz
haqqında tələbələrin təsəvvürünün
genişlənməsi üçün dərslərdən əlavə,
müxtəlif mövzularda mədəni tədbirlər də
təşkil edildi.
- Bu mədəni proqram çərçivəsində
nələri həyata keçirdiniz?
- Səkkiz həftə ərzində, həftədə
bir dəfə olmaq şərtilə tələbələrə
azərbaycanlıların dünya müstəvisində yeri və
rolu, milli dəyərlərimiz, mətbəximiz, kino və
musiqimiz, ölkəmizdə idmana maraq və dövlət
qayğısı, ən önəmli hadisə ilə
bağlı hər təqvim ilinə uzaqgörən ölkə
başçımız və dövlətimiz tərəfindən
verilən ad və əlaqədar tədbirlər, həmçinin
bir Azərbaycan ailəsi ilə tanışlıq kimi səkkiz
mövzuda təqdimatlar təşkil etdim. Mədəni tədbirlərimiz
universitet ictimaiyyətinə açıq idi. Onu da xüsusi
qeyd etmək istərdim ki, builki təqdimatlarda Azərbaycan
musiqisi, kinomuz və dünya azərbaycanlıları
haqqında İndiana Universitetinin müəllimi Şahyar
Daneşqarla tələbələrin görüşləri
onların rəylərində də ayrıca dəyərləndirilib.
Bakı ilə Bluminqton şəhərləri
arasındakı 8 saatlıq zaman fərqinə baxmayaraq, dərsdən
sonra Bakı vaxtı ilə axşam saatlarında gənc azərbaycanlı
ailəsi ilə, ailədəki uşaqla tələbələrin
səmimi söhbəti də xüsusilə yaddaqalan oldu.
- Ezamiyyət zamanı başqa hansı tədbirlərdə
iştirak etdiniz?
- Yay Dil Məktəbinin xarici dillərin tədrisi ilə
bağlı müzakirə və təqdimatlarında
iştirak etdim. Bir sıra muzeylərdə Amerika tarixi ilə
bağlı, eləcə də Avropa, Asiya və Afrika incəsənətinə
aid eksponatlarla tanış oldum. Eyni zamanda, İndiana Universitetində
xarici dillərin tədrisinin 75 illik yubileyinə həsr
olunmuş musiqili-mədəni tədbirdə iştirak etdim.
"İpək Yolu" ansamblının ifasında
İndiana Universitetində tədris olunan müxtəlif dillərdə
səslənən mahnılar arasında tədbirə yekun
vuran "Göygöl" mahnısını eşitməkdən
qeyri-adi bir qürur duydum.
- Sizcə, təhsillə, mədəniyyətlə
bağlı bu səfərin ən önəmli yekunu nə
oldu?
- İndiana Universitetində Azərbaycan dilinin tədrisinə
hələ ötən əsrin 80-ci illərindən
başlanıb. Azərbaycan Dillər Universiteti (ADU) ilə
İndiana Universiteti arasında elm, mədəniyyət və
təhsil sahəsində əməkdaşlıq isə bu əsrin
ilk onilliyindən etibarən ADU-nun Beynəlxalq Əlaqələr
üzrə prorektoru dosent Jalə Qəribovanın gərgin zəhməti
sayəsində qurulub. Məhz o zamanlar biz, ADU-nun dil müəllimləri
olaraq İndiana Universiteti ilə ilk dəfə 2008-ci ildə əməkdaşlıq
etmişik. Həmin illərdən bəri Azərbaycan dili
üzrə aparıcı mütəxəssisimiz dosent Səbinə
Əliyeva ilə əməkdaşlıqda ADU-da həyata
keçirilən layihələr çərçivəsində
amerikalı tələbələrə dilin müxtəlif
aspektləri üzrə dərslər keçmişik. 2019-cu
ildən bəri isə İndiana Universitetindən gələn
dəvət əsasında həmin universitetdə ənənəvi,
hibrid və ya onlayn formatda Azərbaycan dilinin tədrisi
hörmətli rektorumuz, akademik Kamal Abdullayevin xarici ölkələrdə
Azərbaycan dilinin tədrisinə və Azərbaycan mədəniyyətinin
təbliğinə verdiyi önəmlə, o cümlədən
ADU-nun təhsil sahəsindəki beynəlxalq siyasətilə
həmahəng irəliləyib. Məhz builki məhsuldar fəaliyyətimizin
də əsas yekunu ABŞ-də Azərbaycan dilinin tədrisini
davam etdirmək, dilimizi və mədəniyyətimizi öyrənmək
istəyənlərə ən ümdə dəyərlərimizi
imkan daxilində təqdim etmək, həmçinin Azərbaycan
Dillər Universiteti ilə İndiana Universiteti arasında elm və
təhsil sahəsində əməkdaşlığın
davamlılığını qoruyub saxlamaq olub.
Qeyd edək ki, dosent Fialə Bəylər qızı
Abdullayeva ötən əsrin 90-cı illərindən bəri
universitetimizdə fəaliyyət göstərir, bu illər ərzində
dilçi və tərcüməçi
hazırlığında yaxından iştirak edib, dərslik
və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi
olmaqla yanaşı, həm də Azərbaycan dilindən
ingilis dilinə 20-dən çox ciddi əsərin tərcüməsi
ilə məşğul olub. O, ADU-da bir sıra beynəlxalq
layihələrdə də böyük həvəslə əməkdaşlıq
edib. Dosent Fialə Abdullayevanın ünvanına ABŞ-nin
İndiana Universitetindən 2025-ci ilin 8 avqust tarixində
göndərilmiş təbrik və təşəkkür məktubunun
məzmunu, eləcə də Yay Dil Məktəbinin direktoru
K.Evansın imzası ilə sertifikat, amerikalı tələbələrin
rəylərini əks etdirən dəyərləndirmə sənədi
bir daha göstərir ki, onun 2025-ci ilin yayında İndiana
Universitetindəki fəaliyyəti ADU-nun qlobal təhsil
mühitində nüfuzunun artırılmasına xidmət
edib.
Şəhla ƏHMƏDOVA
525-ci qəzet .- 2025.- 28 avqust (№153).- S.8.