Genişmiqyaslı quruculuq işləri
Laçını abad diyara çevirib
Laçın rayonu Azərbaycanın həm coğrafi
mövqeyi, həm də siyasi-strateji əhəmiyyəti ilə
seçilən mühüm bölgələrindən biridir.
2020-ci ildə Azərbaycan Ordusunun qazandığı parlaq Zəfər
Laçın üçün də tarixi dönüş
nöqtəsi oldu. 10 noyabrda imzalanmış üçtərəfli
bəyanata əsasən1 dekabr 2020-ci ildə Laçın
rayonu Azərbaycana təhvil verildi. Daha sonra 2022-ci ilin avqustun
26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin
nəzarətə götürülməsi ilə Azərbaycanın
ərazi bütövlüyü tam şəkildə təmin
olundu. Bununla da tarixi ədalət bərpa edilərək 30 ilə
yaxın davam edən ədalətsizlik aradan
qaldırıldı. Bu gün Laçın Azərbaycanın
azad edilmiş torpaqları sırasında yenidən qurulur.
Laçında həyata keçirilən
genişmiqyaslı quruculuq işləri onu abad və
yaraşıqlı bir diyara çevirib. Şəhərin
giriş hissəsindəki körpünün sol istiqamətində
salınan çaykənarı bulvar Laçın sakinlərinin
və qonaqların sevimli istirahət məkanlarından biridir.
Artıq Həkəri çayı üzərində göl
yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda
yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə
çimərlik də fəaliyyət göstərəcək.
Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi
üçün çimərliyin ətrafında əyləncə
mərkəzinin yaradılması nəzərdə tutulub.
Zabuxçay su anbarı istifadəyə verilib. Bununla, Zəngilan
və Qubadlıda 12 min hektardan çox əkin sahəsi
suvarma suyu ilə təmin edilir.
Prezident İlham Əliyev bildirib ki, Laçında
gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı
sahə, yəni yaşamaq üçün,
çalışmaq üçün bütün imkanlar var:
"Belə gözəl, təbii şəraitdə yaşamaq,
özü də öz torpağında yaşamaq, əlbəttə,
əminəm ki, sizin üçün çox xoşdur. Bu,
böyük xoşbəxtlikdir. Biz 30 illik erməni
işğalına son qoyandan sonra dərhal bütün
rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni
vandallığına məruz qalmış kəndlər yenidən
quruldu. Bəylik kəndi də ermənilər tərəfindən
yerlə-yeksan edilmişdi. İndi gözəl
yaşayış məntəqəsi
yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz
vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə
Zabux, Laçın şəhəri. İndi Laçın
rayonunda artıq dörd yaşayış məntəqəsi
bərpa edilib. Amma ümumiyyətlə, bərpa edilmiş
şəhər və kəndlərimizin sayı 15-ə
çatıb. Bütün bunları qısa müddət ərzində
etmişik və işlər davam etdirilir. Azad edilmiş
bütün ərazilərdə genişmiqyaslı işlər
gedir ki, tezliklə bizim vətəndaşlarımız öz
torpaqlarına qayıtsınlar".
Laçın şəhərində istehsalat, xidmət
və tədris müəssisələrinin yaradılması, əhalinin
məşğulluğunun təmin edilməsi də diqqət
mərkəzində saxlanılır. Belə ki, yaxın gələcəkdə
burada ekoloji və səmərəli kənd təsərrüfatı,
tikinti, yüngül və qida sənayesi,
balıqçılıq, tingçilik və digər sosial
xidmət sahələrinin inkişafı nəzərdə
tutulur. Şəhərdə yaradılan Aqro-Sənaye
Parkında ümumilikdə 46 müəssisə fəaliyyət
göstərəcək.
Qeyd edək ki, 2023-cü il mayın 28-dən
başlayaraq Laçın sakinləri öz doğma
yurdlarına dönməyə başlayıblar. Laçın
şəhəri 571 ailəyə qucaq açıb və 2091
laçınlı öz ev-eşiyinə qayıdıb.
Köçürülən ailələrin şəhərdə
vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra
dövlətimizin başçısının göstərişi
əsasında bərpa edilən və ya yenidən tikilən
evlərdə məskunlaşması üçün
bütün şərait yaradılıb. Dövlət
Proqramına əsasən, ötən il rayonun Sus kəndinə
59 ailə və 217 sakinin, Zabux kəndinə 217 ailə və
845 sakinin, Bəylik kəndinə 89 ailənin və 363 sakinin
köçürülməsi təmin olunub. Ümumilikdə
Laçın rayonunda 936 ailə, 3 min 516 nəfər sakinin
daimi məskunlaşması təmin edilib.
Millət vəkili Səbinə Salmanova bildirib ki,
Laçın səfalı yaylaqları, zəngin tarixi, milli-mədəni
irsi ilə Azərbaycan xalqının incilərindən
biridir: "Xatırlayırsınızsa, 1992-1993-cü illərdə
ölkəyə rəhbərlik edən AXC-Müsavat
cütlüyünün məsuliyyətsiz və avantürist
idarəçiliyi nəticəsində Azərbaycanın həm
dövlət suverenliyi, həm də ərazi
bütövlüyü təhlükə altına
düşmüşdü. Bu səriştəsiz siyasətin
davamı olaraq, əsrlər boyu igidlik dastanları ilə
yadda qalan Laçın rayonu 1992-ci ilin mayında Ermənistan
silahlı qüvvələrinin işğalına məruz
qaldı. Həmin dövrün rəhbərliyi xalqı
müdafiəsiz qoyaraq, şəxsi hakimiyyət
maraqlarını milli maraqlardan üstün tutdular. On minlərlə
sakin doğma yurd-yuvasından didərgin düşdü.
İşğal dövründə Ermənistan tərəfi də
Cenevrə konvensiyaları ilə üzərinə düşən
öhdəlikləri kobud şəkildə pozaraq,
Laçın rayonunda coğrafi adların dəyişdirilməsi,
rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə
çevrilməsi, məqsədyönlü məskunlaşma
siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi
kimi qeyri-qanuni əməllərlə məşğul oldu,
soyqırımları, bir çox digər hərbi cinayətlər
törətdilər. Bütün bunlar isə dünya ictimaiyyətinin
gözü qarşısında baş verdi. Çox təəssüflər
olsun ki, haqdan, ədalətdən danışanlar bütün
bunları da susqunluqla qarşılayırdılar. Azərbaycan
digər məsələlərdə olduğu kimi,
Laçını da işğaldan azad etməklə beynəlxalq
hüququ bərpa etdi".
Millət vəkilinin sözlərinə görə,
işğal dövründə laçınlılar heç
vaxt doğma yurdlarına qayıtmaq ümidini itirməyiblər:
"Onlar illərlə "bir gün mütləq
qayıdacağıq" inamı ilə yaşadılar. Bu
ümid Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
qazandığı tarixi Zəfər sayəsində
reallığa çevrildi. 2020-ci ildə 44 günlük Vətən
müharibəsindən sonra imzalanan üçtərəfli bəyanata
uyğun olaraq, 2020-ci il dekabrın 1-də Laçın rayonu
bir güllə atılmadan, bir damla qan tökülmədən
işğaldan azad edildi. Bu hadisə Azərbaycanın həm
hərbi, həm də siyasi-diplomatik müstəvidə parlaq
qələbəsinin təzahürü oldu".
Səbinə Salmanova qeyd edib ki, işğaldan azad
olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat
yenidən qayıdır, burada sürətli bərpa-quruculuq
işləri aparılır: "Artıq Laçın şəhəri,
Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan
azad edilmiş ərazilərin bir çoxunda keçmiş məcburi
köçkünlərin qayıdışı təmin
olunur. Bu gün Laçın da daxil olmaqla, işğaldan azad
edilmiş digər ərazilərimiz dünyanın ən
gözəl yerlərindən birinə çevrilir.
Bütün bunlar dövlətimizin gücünü və
xalqımızın gələcəyə inamını
nümayiş etdirir. Bu gün biz şəhidlərimizi sonsuz
hörmətlə anır, qazilərimizin qəhrəmanlığı,
əsgərlərimizin şücaəti ilə qürur
duyuruq. Hesab edirəm ki, Laçın Şəhəri
Günü həm də gələcəyə inamın, milli
birliyin, dövlət-xalq həmrəyliyinin təntənəsidir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi
elmlər doktoru Rizvan Nəbiyev deyir ki, 2020-ci il sentyabrın
27-də başlayan və 44 gün davam edən Vətən
müharibəsi, eləcə də 2023-cü ilin
sentyabrında həyata keçirilən birgünlük
antiterror əməliyyatı zamanı Prezident İlham
Əliyevin qətiyyətli liderliyi və müdrik sərkərdəliyi
ilə hərbçilərimizin misilsiz şücaəti nəticəsində
Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata
əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu
Azərbaycana qaytarıldı. İki il sonra - 2022-ci il avqustun
26-da Laçın şəhəri, Zabux və Sus kəndləri
üzərində Azərbaycanın jurisdiksiyası bərpa
olundu. Laçın zəfəri, mürəkkəb dağ
relyefinə malik bu böyük ərazisinin siyasi vasitələrlə
azad edilməsi Azərbaycan Prezidentinin mükəmməl
diplomatik səyləri nəticəsində mümkün oldu:
"Həmin vaxtdan Laçın şəhəri və
bütövlükdə Qarabağ ilə Şərqi Zəngəzur
bölgəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən sistemli yenidənqurma siyasətinin
nümunəsidir. Bərpa konsepsiyası üç əsas
sütuna əsaslanır: siyasi iradə, maliyyə imkanları
və xalqın dəstəyi. Yeni infrastruktur layihələri
dual xarakterlidir, həm mülki, həm də hərbi-strateji əhəmiyyət
daşıyır. Məsələn, Laçın Beynəlxalq
Hava Limanı ölkənin müdafiə və təhlükəsizlik
sisteminə çeviklik və operativlik baxımından əlavə
güc qazandırır. Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 107-ci ildönümü günündə
Prezident İlham Əliyevin dəvəti ilə Laçın
Zirvə görüşündə İslam
dünyasının iki böyük nəhəngi - qardaş
Türkiyə və Pakistanın liderlərinin bir araya gəlmələri
Azərbaycanın regional liderliyinin nümayişi
baxımından da mühüm mesaj idi. Pakistanın bu formata
qoşulması Azərbaycan-Türkiyə strateji müttəfiqliyini
üçtərəfli geosiyasi gücə çevirir. Amma
bu, təkcə siyasi baxımdan deyil, həm də regional
sabitliyin qorunması və ortaq maraqların müdafiəsi
baxımından önəmlidir. Laçın həm
Qarabağ müharibəsində döyüş meydanında
qazanılan Qələbənin diplomatik müstəvidə təsdiqi,
həm də postmünaqişə dövründə gedən
genişmiqyaslı bərpa və inkişaf prosesinin təcəssümüdür".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 29 avqust (№154).- S.7.